Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1363/2025 01.04.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Vüsalə Vahid qızının sədrliyi, məhkəmə iclasının katibi Cəfərova Şəmsiyyə Abdulla qızının katibliyi, iddiaçının nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı (Azərbaycan Respublikası Müdafiə Nazirliyi mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) «vurulmuş maddi və mənəvi zərərin ödənilməsi» tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı (Azərbaycan Respublikası Müdafiə Nazirliyi mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) «vurulmuş maddi və mənəvi zərərin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, vurulmuş mənəvi ziyana görə 300.000 manat məbləğində kompensasiyanın Dövlət büdcəsi vəsaiti hesabına cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyindən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan, xx.xx.2025-ci il tarixdə İddiaçı Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, vurulmuş maddi ziyana görə 51.600 manat və mənəvi ziyana görə 300.000 manat məbləğində kompensasiyanın Dövlət büdcəsi vəsaiti hesabına cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyindən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra, xx.xx.2025-ci il tarixdə İddiaçı Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, vurulmuş maddi ziyana görə 58.288 manat və mənəvi ziyana görə 300.000 manat məbləğində kompensasiyanın Dövlət büdcəsi vəsaiti hesabına cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyindən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1982-ci il tarixdə doğulmuşdur. İddiaçı 2015-ci ildə N nömrəli hərbi hissədə tank bölüyünün baş texniki vəzifəsinə təyin edilmiş, hərbi rütbəsi gizir olmuşdur. Bölük komandiri 2015-ci ildə kapitan Elmir Həsənov, 2017-ci ildə Elçin Mirzəliyev, hərbi hissə komandiri isə Vüsal Ələsgərov olmuşdur. xx.xx.2017-ci il tarixdə hərbi hissə komandiri polkovnik Vüsal Ələsgərov şəxsi heyəti sıraya düzüb hərbi hissənin «Çay postu» adlanan postunda xidmət edən MAXE X9 və gizir Mərhəmət Rəcəblinin xidmət etdikləri tankı erməniyə vermək istəmələri barədə daxil olmuş məlumat əsasında onları postdan götürdüyünü və sorğu-sual etməyə apardığını bildirmişdir. MAXE X9 və gizir Mərhəmət Rəcəblinin erməni hərbi qulluqçularına işləmələri şübhəsi olduğundan xx.xx.2017-ci il tarixdə tank bölüyünün şəxsi heyəti komandir Vüsal Ələsgərovun göstərişi əsasında hərbi hissənin Tərtər rayonu Sarov kəndində yerləşən qərargahına gətirilmişdir. Bölükdə təxminən 25 nəfər MAXE, gizir və zabit heyəti olmuş, onları qərargahın həyətində yerləşən sinif otağına yığmışlar. Bir müddət sonra şəxsi heyəti otaqdan çıxardıb sıraya düzmüş, hərbi hissə komandiri Vüsal Ələsgərov və onunla birlikdə hərbi hissənin kəşfiyyat bölüyünün tanımadığı əsgərləri və hərbi hissə komandirinin müavini Eldəniz ora gəlmişlər. Qanunsuz sorğu-suala və işgəncələrə məruz qalmışdır. 07 may 2017-ci il tarixdə Azərbaycan Respublikasının Baş Prokurorluğu, Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidməti birgə bəyanatla çıxış etmişdir. Bəyanatda göstərilmişdir ki: «Ermənistan Silahlı Qüvvələrinin kəşfiyyat və xüsusi xidmət orqanları tərəfindən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Tərtər rayonu istiqamətində yerləşən bölmələrinə və yaşayış məntəqələrimizə qarşı genişmiqyaslı təxribat fəaliyyətinin həyata keçirilməsinin planlaşdırıldığı barədə əldə edilmiş məlumat əsasında aparılmış tədbirlər nəticəsində müəyyən olunub ki, xalqına, vətəninə və dövlətinə xəyanət yolunu tutan iradəsi zəif, vətəndaşlıq ruhunu və vətəninə bağlılığını itirmiş bir qrup hərbi qulluqçular və digər mülki şəxslər Azərbaycan Respublikasının suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və müdafiə qabiliyyəti zərərinə zidd olaraq düşmən kəşfiyyatçıları ilə məxfi əməkdaşlığa cəlb edilərək müxtəlif vaxtlarda maddi maraqları naminə hərbi sirr təşkil edən məlumatları əldə etməklə düşmən tərəfinə ötürüblər». Sonradan mətbuatda və sosial şəbəkələrdə çoxsaylı hərbi qulluqçuların və onların ailə üzvlərinin şərti olaraq «Tərtər işi» adlandırılan və yuxarıda qeyd edilən bəyanatda nəzərdə tutulmuş cinayət işlərinin gedişində ağır işgəncələrə, qeyri-insani rəftara, qanunsuz və əsassız dindirmələrə və digər qanunsuz əməllərə məruz qalması ilə bağlı şikayətləri yayılmağa başlamış, müxtəlif hüquq-mühafizə orqanlarına və dövlət qurumlarına ərizələr ünvanlanmış, ictimai etirazlar təşkil olunmuşdur. 18 dekabr 2021-ci il tarixdə Azərbaycan Respublikasının Baş Prokurorluğu, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizlik Nazirliyi birgə məlumatla çıxış etmişdir. Həmin məlumatda bildirilmişdir ki, Müdafiə Nazirliyinin Tərtər, Ağdam, Beyləqan rayonları istiqamətində yerləşən hərbi hissələrində yol verilmiş qanunazidd əməllərlə bağlı icraat təzələnmişdir. Bununla da, şərti olaraq «Tərtər işi» adlandırılan hadisələrin yenidən araşdırılmasına başlanılmışdır. Aparılmış istintaq hərəkətləri nəticəsində çoxsaylı hərbi qulluqçular, o cümlədən hazırkı iş üzrə iddiaçı zərərçəkmiş şəxs qismində tanınmış, cinayət işləri baxılması üçün aidiyyəti üzrə Bakı Hərbi Məhkəməsinə göndərilmişdir. Bakı Hərbi Məhkəməsinin 1-1(093)-7/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmü ilə müəyyən edilmişdir ki, X3 xx.xx.2016-cı il tarixdən etibarən Müdafiə Nazirliyinin İ Ordu Birləşməsinin tərkibində olan Tərtər rayonunun ərazisində yerləşən 057 nömrəli əlahiddə kəşfiyyat taborunun xüsusi təyinatlı kəşfiyyat bölüyünün kəşfiyyat qrupunun komandiri vəzifəsində leytenant hərbi rütbəsində həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi vəzifəli şəxs olaraq İ Ordu Birləşməsinin tabeliyində olmuş hərbi hissələrdə düşmənlə əməkdaşlıq etmələrinə şübhə olan hərbi qulluqçuların müəyyənləşdirilərək əvvəlcədən müəyyən edilmiş yerlərdə onlara müxtəlif işgəncələr verməklə, eləcə də həmin şəxslərə qarşı qeyri-insani, ləyaqəti alçaldan hərəkətlər edib həqiqətə uyğun olmayan etirafedici ifadələr almaq yolu ilə gələcəkdə cinayət məsuliyyətinə cəlb edilmələrini təmin etməklə özlərini yuxarı komandanlıq qarşısında qarşıya qoyulan tapşırıqları bacarıqla yerinə yetirən və vəzifələrinin öhdəsindən layiqincə gələ bilən zabit və vəzifəli şəxs kimi göstərmək, həmçinin cinayət törətmiş şəxsləri ifşa etmək və etirafa gətirmək bacarığına malik olmaqla, dövlətin təhlükəsizliyi əleyhinə törədilmiş ağır və xüsusilə ağır cinayət hadisələrinin açılmasında, yəni cinayət törətmiş şəxslərin müəyyən edilməsində xüsusi xidmətlərinin olması görüntüsünü yaratmaq və buna görə nüfuz qazanmaq, gələcəkdə vəzifədə irəli çəkilmək və mükafatlandırılmağa nail olmaq məqsədi ilə yaradılmış mütəşəkkil dəstəyə yuxarı komandanlıq tərəfindən cəlb olunaraq N saylı hərbi hissənin əlbəyaxa döyüş üzrə təlimatçısı, gizir X11, kəşfiyyat müşahidə bölüyünün vizual müşahidə tağım komandirinin müavini, gizir X5, taborun kəşfiyyat bölüyünün baş çavuşu, gizir X15 və qeyriləri ilə mütəşəkkil dəstədə birləşib xx.xx.2017-ci il tarixdən xx.xx.2017-ci il tarixədək olan müddət ərzində mütəşəkkil dəstənin ümumi cinayətkar niyyətinə və əvvəlcədən əldə olunan razılaşmaya əsasən, dəstə tərkibindəki ona həvalə olunmuş funksional vəzifə bölgüsünə uyğun olaraq Müdafiə Nazirliyinin İ Ordu Birləşməsinin tabeliyində olan müxtəlif hərbi hissələrin düşmənlə məxfi əməkdaşlıqda şübhəli bilinən hərbi qulluqçularının cinayət məsuliyyətinə cəlb edilmələri üçün özü və daxil olduğu dəstənin digər üzvləri tərəfindən N saylı hərbi hissənin Tərtər rayonu Şıxarx qəsəbəsində yerləşən inzibati binalarında, N saylı hərbi hissənin Yevlax rayonu Aran qəsəbəsində yerləşən köhnə inzibati binalarında, Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsinin Bakı və Bərdə Qarnizonlarının hauptvaxtlarında, həmçinin Ağcabədi rayonu Sarıcalı kəndində yerləşən N nömrəli hərbi hissəsində (hospital) və ünvan 1 ünvanda yerləşən Silahlı Qüvvələrin Baş klinik hospitalında həyata keçirilən qanunsuz sorğu-sual və saxlanılma proseslərinə mütəşəkkil dəstəyə rəhbərlik edən şəxs tərəfindən cəlb edilərək Azərbaycan Respublikasının qanunvericiliyinin, o cümlədən Cinayət Prosessual Məcəlləsinin, habelə Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.2014-cü il tarixli, 26 №-li qərarı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidməti araşdırmaların və cinayət əlamətləri olan hadisələr üzrə təhqiqatın aparılması Qaydaları»nın, xx.xx.2014-cü il tarixli 72 №-li qərarı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Silahlı Qüvvələrində hüquqi iş üzrə Təlimat»ın və digər rəhbəredici sənədlərin tələblərinə əsasən, yuxarı komandanlıq tərəfindən ilkin təhqiqat aparmaqla bağlı ona həvalə olunmuş prosessual şəxs kimi Cinayət Prosessual Məcəlləsinin 86-cı maddəsinin tələbinə görə təhqiqatçı olaraq təhqiqat aparmaqla cinayət təqibi həyata keçirmək və ya cinayət törətməkdə şübhəli hesab etdikləri şəxsləri çağırıb törədilməsi ehtimal olunan cinayət hadisələri ilə bağlı sorğu-sual etmək kimi faktiki vəzifələrini icra edərkən heç bir halda onlara qarşı fiziki və pisixi zor tətbiq etmək səlahiyyətlərinin olmamasına baxmayaraq, yuxarı komandanlıq qarşısında nüfuz qazanmaq, özünü xidməti vəzifələrini layiqli şəkildə icra edən hərbi qulluqçu kimi göstərmək və gələcəkdə vəzifədə irəli çəkilmək kimi məqsədlərə nail olmaq üçün mütəşəkkil dəstə tərkibində silah tətbiq olunmaqla ağır nəticələrə səbəb olan təkrarən qulluq səlahiyyətini aşmış, düşmən hərbi qulluqçuları ilə əlaqələrinin olmasını etiraf etdirmək, eləcə də şübhəli bilindiyi əmələ görə cəzalandırmaq məqsədilə Müdafiə Nazirliyinin İ Ordu Birləşməsinin tabeliyində olan müxtəlif hərbi hissələrin bir qrup hərbi qulluqçularının xx.xx.2017-ci il tarixdən xx.xx.2017ci il tarixədək mütəşəkkil dəstə tərəfindən əvvəlcədən planlaşdırılmış qaydada Müdafiə Nazirliyinin N və N nömrəli hərbi hissələrinin qeyd edilən ərazilərdə yerləşən inzibati binalarındakı otaqlarda, Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsinin Bakı və Bərdə Qarnizonlarının hauptvaxtlarında, həmçinin Ağcabədi rayonu Sarıcalı kəndində yerləşən N nömrəli hərbi hissəsində (hospital) və ünvan 1 ünvanda yerləşən Silahlı Qüvvələrin Baş klinik hospitalında onların mütəşəkkil dəstə tərkibində törədilməklə həyatı və sağlamlıqları üçün təhlükəli olan zor tətbiq edərək silah və silah qismində istifadə edilən əşyalardan istifadə edib həmin müddət ərzində normal yaşamaları üçün tələb olunan qidadan və digər zəruri şəraitdən məhrum etməklə qanunsuz saxlayaraq, eyni zamanda iradələrini qıraraq onlara müxtəlif bədən xəsarətləri yetirməklə, zərərçəkmiş şəxslərin və onların yaxın qohumlarının cəmiyyətdə mövcud nüfuzunu reallığı əks etdirməyən məlumatların yayılması formasında aşkarcasına alçaltmaqla, «düşmənlə əməkdaşlıq edən hərbi qulluqçu» kimi «vətən xaini» adı ilə «ləkələməklə», bu ada görə onların uzun müddət cəmiyyətdən təcrid, həmçinin qanunsuz və əsassız vəzifələrindən azad olunmalarına, əsassız cinayət məsuliyyətinə cəlb edilmələrinə, eyni zamanda sağlamlıqlarında uzun müddət davam edən fərdi psixi pozuntuların yaranmasına və bu kimi digər ağır nəticələrə səbəb olan ikidən artıq şəxsi adam oğurluğu ilə bağlı olmayan təkrarən qanunsuz azadlıqdan məhrum etmiş, mütəşəkkil dəstə tərkibində törədilməklə yuxarı komandanlıq tərəfindən ilkin təhqiqat aparmaqla bağlı ona həvalə olunmuş faktiki xidməti vəzifələrinin yerinə yetirilməsi ilə əlaqədar dövlət orqanının vəzifəli şəxsi qismində çıxış edən şəxs kimi dəstəyə rəhbərlik edən şəxsin təhriki və göstərişi ilə qanunsuz sorğu sual prosesinə cəlb edilmiş hərbi qulluqçulara bədənlərinin müxtəlif nahiyyəlarinə xüsusi əşya və ya vasitələrdən istifadə edib qəddar, qeyri-insani, ləyaqəti alçaldan rəftara məruz qoymaqla həyat və sağlamlıqları üçün təhlükəli olan zor tətbiq edib sağlamlığa az ağır və ağır zərər vuran xəsarətlər yetirib təkrarən işgəncə vermiş, mütəşəkkil dəstə tərkibində qəsdən şəxsin sağlamlığına insan həyatı üçün təhlükəli olan zərər vurmaqla ağır xəsarət yetirməsi ehtiyatsızlıqdan onun ölümünə səbəb olmuşdur. Hökmə əsasən təqsirləndirilən şəxslər cəmi 46 gün müddətində mütəşəkkil dəstə tərəfindən törədilməklə iradəsinə zidd olaraq əlləri və gözləri bağlı vəziyyətdə dəstə üzvləri ilə birlikdə xidməti silahdan və silah kimi istifadə edilən əşyalardan istifadə edilməklə kobud şəkildə konstitusion hüquqlarının pozulmasında ifadə olunan, yəni İddiaçı və onun yaxın qohumlarının cəmiyyət arasında mövcud nüfuzunu reallığı əks etdirməyən məlumatların yayılması formasında aşkarcasına alçaltmaqla sonuncunu «düşmənlə əməkdaşlıq edən hərbi qulluqçu» kimi «vətən xaini» adı ilə «ləkələməklə» ordu sıralarından qanunsuz və əsassız olaraq təxris olunmasından irəli gələn ağır nəticələrə səbəb ikidən artıq şəxsi adam oğurluğu ilə bağlı olmayan təkrarən qanunsuz azadlıqdan məhrum etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2024-cü il tarixli qərarı ilə təqsirləndirilən şəxslərə Cinayət Məcəlləsinin 341-ci maddəsi ilə verilmiş ittihama xitam verilmiş, təqsirləndirilən şəxslərin hər birinin cəzası 3 ay müddətinə azaldılmışdır. Bakı Hərbi Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü digər hissələrdə dəyişdirilmədən saxlanılmışdır. Beləliklə, iddiaçıya sonuncu həqiqi hərbi xidmətdə olarkən hərbi qulluqçu və prosessual şəxs kimi Cinayət-Prosessual Məcəlləsinin 86-cı maddəsinin tələbinə görə təhqiqat aparmaqla cinayət təqibi həyata keçirmək və ya cinayət törətməkdə şübhəli bildikləri şəxsləri çağırıb törədilməsi ehtimal olunan cinayət hadisələri ilə bağlı sorğu-sual etmək kimi faktiki vəzifələrini icra edən vəzifəli şəxslər tərəfindən ona qarşı təqsirli olaraq hüquqazidd hərəkətləri nəticəsində birbaşa zərər vurulmuşdur. Maddi ziyana görə qeyd edilir ki, İddiaçı ona xəsarət yetirilən zaman müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu olaraq Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin giziri kimi xidmətdə olmuşdur. İddiaçı 2018-ci ilin 09 aprel tarixdən işdən çıxarılıb. Faktiki olaraq 5 illik müqaviləsi xx.xx.2019-cu il tarixə kimi qüvvədə olub. İddiaçı 2018-ci il üçün orta əmək haqqı 1.200 manat təşkil edib. 19 ay (xx.xx.2018xx.xx.2019) x 1200 = 22.800 manat, həmçinin xidmətə 2022-ci ildə bərpa edildiyini nəzərə alaraq əldən çıxmış fayda olaraq 2020 və 2021-ci illər ərzində faktiki gəlirindən olub. 24 ay x 1200 = 28.800 manat. Beləliklə, İddiaçı maddi ziyanın əvəzi olaraq tələb etdiyi kompensasiyanın həcmi 51.600 manat təşkil edir (22.800 + 28.800 = 51.600). İddiaçı işgəncələrə, qeyri-insani rəftara məruz qalması nəticəsində mənəvi zərər çəkmiş, özü və ailəsi stress, sarsıntı keçirmişdir. İddiaçının qonşuları onu «Vətən xaini» hesab edərək ona nifrətlə baxmış, buna görə stres keçirmişdir. Onun dövlətə xəyanət adı altında qanunsuz əməllərə məruz qalması təkcə onun özündə deyil, ailə üzvlərində də iztirab yaşatmışdır. Ailəsinin günlərlə ondan xəbəri olmamış, yaşadığı yerdə olan qonşular və qohumlar arasında onunla bağlı söz-söhbətlər yayılmış, bütün bunlar ona və ailə üzvlərinə mənəvi iztirab, qeyri-müəyyənlik, narahatlıq hissləri yaşatmışdır. Odur ki, iddiaçıya vurulmuş mənəvi zərərin əvəzi ödənilməlidir. İddiaçı ona vurulmuş mənəvi zərəri 300.000 manat məbləğində qiymətləndirir. İddia tələbinin həcminin dəyişdirilməsinə dair ərizədə əlavə olaraq qeyd edilmişdir ki, İddiaçı ona xəsarət yetirilən zaman müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu olaraq Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin giziri kimi xidmətdə olmuşdur. İddiaçı ilə ilk dəfə xx.xx.2004-cü ildə 5 illik müqavilə bağlanmışdır. İkinci dəfə yenidən xx.xx.2009-cu il tarixdə 5 illik müqavilə bağlanmışdır. Üçüncü dəfə isə öz istəyi ilə xx.xx.2014-cü ildə 3 illik müqavilə bağlanmışdır. Bu müqavilə isə xx.xx.2017-ci ildə bitib. Müqavilə bitməmiş İddiaçılə 5 illik müqavilə bağlanması razılaşdırılıb. Təsadüfi deyil ki, İddiaçı müqaviləsi xx.xx.2017-ci il tarixdə bitmiş olsa da, onu hərbidən 09 aprel 2018-ci ildə çıxarıblar. Azərbaycan Beynəlxalq Bankı tərəfindən verilmiş hesabdan çıxarışdan görünür ki, 01 iyul 2017 - 31 mart 2018-ci il tarixləri üçün iddiaçının orta əmək haqqı 1.006 manat təşkil edib (9057 manat : 9 ay). İddiaçının müqaviləsinin müddəti 60 ay olsa da, o, cəmi 4 ay işləyib. Sonradan isə 21 aprel 2022-ci ildə işə bərpa edilib. Faktiki olaraq 48 ay müddətində gəlirindən məhrum olub. 48 ay x 1.006 manat = 48.288 manat maddi ziyan dəyib. Eyni zamanda İddiaçı 4 il ərzində kirayə haqqı, maddi yardım, maaşa əlavə, 13 və 14-cü ödənişlərdən də məhrum olub. Bu da təqribi 10 min manat məbləğində ziyan edir. Beləliklə, iddiacı İddiaçı maddi ziyanın əvəzi olaraq tələb etdiyi kompensasiyanın həcmi 58.288 manat təşkil edir. Tərəflərin iştirakı və izahatları: İddiaçının nümayəndəsi (vəkili) Vəkil məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinin nümayəndəsi X13 məhkəməyə iddia ərizəsinə etiraz göndərmişdir. Həmin etirazda qeyd olunmuşdur ki, İddiaçı Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı «mənəvi ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsindən göründüyü kimi, iddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılmasını və qeyri-insani hərəkətlərə məruz qalmasını əsas göstərərək ona vurulmuş ziyana görə mənəvi ziyanın əvəzi olaraq 300.000 manat məbləğində pulun cavabdeh Maliyyə Nazirliyindən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materiallarından göründüyü kimi iddiaçı Müdafiə Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz olaraq azadlığının məhdudlaşdırılmasının, qeyri-insani rəftara məruz qalmasının hüquqi əsası kimi Bakı Hərbi Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1-1(093)-7/2024 saylı hökmünü əsas gətirib mənəvi ziyanın ödənilməsi tələbi ilə çıxış edərək Azərbaycan Respublikasının Maliyyə Nazirliyini cavabdeh qismində müəyyən etmiş və iddia tələbini ərizəsində qeyd etdiyi kimi hüquq pozuntusunu törədən Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə deyil, Maliyyə Nazirliyinə yönəltmişdir. Aşağıda qeyd olunanlara əsasən hesab edirlər ki, həmin iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1100-cü maddəsinə müvafiq olaraq, Dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. İddiaçıya münasibətdə Maliyyə Nazirliyi heç bir delikt törətmədiyi və iddiaçıya Nazirlik tərəfindən heç bir ziyan vurulmadığı halda, iddiaçının kompensasiya tələbini cavabdeh qismində Maliyyə Nazirliyinə yönəltməsinin heç bir hüquqi əsası yoxdur. İddiaçının tələbi onun barəsində müvafiq hərəkətlərə yol verən Azərbaycan Respublikası Müdafiə Nazirliyinə yönəldilməlidir. Bundan başqa, Azərbaycan Respublikasında ali hüquqi qüvvəyə malik olan Azərbaycan Respublikası Konstitusiyasının 68-ci və 146-cı maddəsinin tələblərinə müvafiq olaraq dövlət, dövlət qulluqçuları ilə birlikdə, dövlət qulluqçularının qanuna zidd hərəkətləri və hərəkətsizliyi nəticəsində insan hüquq və azadlıqlarına dəymiş ziyana görə və onların təminatının pozulmasına görə mülki məsuliyyət daşıyır. Bələdiyyələr, bələdiyyə qulluqçuları ilə birlikdə, bələdiyyə qulluqçularının qanuna zidd hərəkətləri və hərəkətsizliyi nəticəsində insan hüquq və azadlıqlarına dəymiş ziyana görə və onların təminatının pozulmasına görə mülki məsuliyyət daşıyırlar. Burdan da bir daha aydın olur ki, dövlətin adından Maliyyə Nazirliyi deyil, hüquq pozuntusuna yol vermiş aidiyyəti dövlət orqanı və ya bələdiyyələr çıxış edir. Həmçinin Azərbaycan Respublikası Konstitusiyasının 127-ci və 129-cu maddələrinin tələblərinə görə isə hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. Məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Eyni zamanda, Maliyyə Nazirliyinin sözügedən məhkəmə işlərinə cavabdeh qismində cəlb edilməsi və sonrakı prosessual hərəkətlərin (vəsatətlərin, apellyasiya və kassasiya şikayətlərinin verilməsi və s.) onun tərəfindən həyata keçirilməsi cəmiyyətdə və mediada Nazirliyin fiziki şəxslərə zərər vurulmasında təqsirli olması imicini yaratmaqla, Mülki Məcəllənin 23-cü maddəsində qeyd olunan işgüzar nüfuzuna xələl gətirməkdədir. Analoji məhkəmə təcrübəsindən göründüyü kimi (məsələn: yerli icra hakimiyyəti orqanlarının hərəkət və hərəkətsizliyi ilə bağlı iddia tələbləri üzrə məhkəmə işlərində və s.) ziyanı vuran qurum delikt törədən şəxs kimi müəyyən edilməklə, ziyanın əvəzinin ödənilməsi öhdəliyi həmin qurumun üzərində qalır. Həmçinin «Büdcə sistemi haqqında» Azərbaycan Respublikası Qanununa uyğun olaraq hər ilin dövlət büdcəsi üzrə Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilmiş ayırmalar ciddi şəkildə öz təyinatına uyğun olaraq maliyyələşdirilir və onların icra müddəti büdcə ilinin sonunda başa çatır. Maliyyə Nazirliyi Azərbaycan Respublikası Milli Məclisi tərəfindən hər il üçün təsdiq edilmiş dövlət büdcəsinin xərc maddələri üzrə büdcə daxilolmalarının vəziyyətindən asılı olaraq bütün büdcə təşkilatlarını onların şifarişləri əsasında tərtib olunmuş smetalarına uyğun olaraq mütəmadi maliyyələşdirir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» 03 noyabr 2008-ci il tarixli 7 №-li Qərarına əsasən Plenum izah edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. İş materialları əsasında sübut olunur ki, Maliyyə Nazirliyi tərəfindən iddiaçıya qarşı onun hüquq və azadlıqlarını pozan, habelə mənəvi zərərə məruz qalmasına gətirib çıxaran heç bir qanunsuz hərəkətə və ya hərəkətsizliyə yol verilməmişdir, onunla mənəvi zərər arasında səbəbli əlaqə mövcud deyildir. Buna görə də, iddia mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq cavabdeh Maliyyə Nazirliyinə münasibətdə təmin edilə bilməz. Eyni zamanda, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsində müəyyən edilir ki, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Beləliklə, bu maddədə nəzərdə tutulmuş zərər real zərər və əldən çıxmış faydadan ibarətdir. İddiaçı mənəvi zərərə məruz qaldığını bildirsə də, bu zərərin məhz Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən vurulması ilə bağlı heç bir sübut göstərməmişdir. İddia ərizəsindən görünür ki, iddiaçı hüquq pozuntusunun Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən törədildiyini bildirsə də, əsaslı səbəb göstərmədən ona dəymiş mənəvi zərərin Maliyyə Nazirliyi tərəfindən ödənilməsini tələb edir. Qeyd edirlər ki, iddia ərizəsində sadalanan əsaslara münasibətdə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 190-cı maddəsinin müddəaları nəzərə alınmalıdır. Belə ki, həmin maddədə zərər çəkmiş şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə ona vurulmuş ziyana görə müvafiq məbləğdə kompensasiya almaq hüququ müəyyən edilmişdir, (ona qarşı xüsusilə ağır cinayət törədildikdə - üç yüz otuz manat, ona qarşı ağır cinayət törədildikdə - yüz altmış beş manat, ona qarşı az ağır cinayət törədildikdə - əlli beş manat, ona qarşı böyük ictimai təhlükə törətməyən cinayət törədildikdə - on bir manat). İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin 2018-ci il 10 iyul tarixli «Bogdanov və Vasilevski Rusiyaya qarşı» Qərarında ərizəçinin 472 gün qanunsuz olaraq həbsdə saxlanılması ilə əlaqədar ona dəymiş mənəvi zərərə görə 5.000 avro (1 gün üçün təxminən 10 avro) məbləğində pulun kompensasiya qismində ərizəçiyə ödənilməsi nəzərdə tutulmuşdur. Bu baxımından iddia ərizəsində qeyd edilən tələb şişirdilmiş və absurd olmaqla yanaşı, beynəlxalq məhkəmələrin analoji işlər üzrə qəbul etdiyi qərarlarla ziddiyət təşkil edir. Avropa məhkəməsinin qərarında vurğulanmışdır ki, mənəvi zərərin dəqiq məbləğinin qiymətləndirilməsində yerli səviyyədə verilən pul kompensasiyasının sözügedən ölkənin sosial faktorlarının, habelə ərizəçinin həbsdə saxlanma müddəti kimi işin faktiki elementlərinin nəzərə alınması ilə qiymətləndirilməlidir. Mülki Prosessual Məcəllənin 77.1ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə uyğun olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsinə görə tərəflərin tələb və etirazlarını əsaslandırılan halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Bu səbəbdən, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə və mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Müdafiə Nazirliyinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin və üçüncü şəxsin nümayəndələri məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin və üçüncü şəxsin nümayəndələrinin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. İş materialları: Elektron daşıyıcıda təqdim edilmiş Bakı Hərbi Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1-1(093)-7/2024 saylı hökmündən görünür ki, X3 xidmət edərkən yaradılmış mütəşəkkil dəstəyə yuxarı komandanlıq tərəfindən cəlb olunaraq digərləri ilə mütəşəkkil dəstədə birləşib dövlətə xəyanət faktları üzrə təhqiqat apararaq təşkilati sərəncamverici funksiyaları yerinə yetirən vəzifəli şəxs olmaqla əvvəlcədən hazırlanmış plana və vəzifə bölgüsünə uyğun olaraq Müdafiə Nazirliyinin Tərtər rayonunun ərazisində yerləşən N nömrəli hərbi hissəsinin düşmənlə təmas xəttində yerləşən bölmələrinin hərbi qulluqçularının qanunsuz erməni silahlı birləşmələrinin hərbi qulluqçuları və ya xüsusi xidmət orqanlarının əməkdaşları ilə əməkdaşlıq edə biləcəyinə dair şübhələrin olması ilə bağlı sorğu-sual etmək kimi faktiki vəzifələrini icra edərkən heç bir halda onlara qarşı fiziki və psixi zor tətbiq etmək səlahiyyətlərinin olmamasına baxmayaraq, yuxarı komandanlıq qarşısında nüfuz qazanmaq, özünü xidməti vəzifələrini layiqli şəkildə icra edən hərbi qulluqçu kimi göstərmək və gələcəkdə vəzifədə irəli çəkilmək kimi məqsədlərə nail olmaq üçün mütəşəkkil dəstənin rəhbəri tərəfindən aparılmış vəzifə bölgüsü əsasında verilmiş tapşırığa əsasən və əvvəlcədən hazırlanmış cinayətkar plana uyğun olaraq 09 may 2017ci il tarixdə gündüz saatlarında dəstənin üzvləri tərəfindən fiziki və psixi zor tətbiq edilərək işgəncə verilməklə sorğu-sual edilməsi üçün N nömrəli hərbi hissənin Tərtər rayonu Cəmilli kəndində yerləşən atış təlimi mərkəzinə gətirilərək otaqlardan birinə yerləşdirilmiş həmin hərbi hissənin tank bölüyünün texniki vəzifəsində, gizir hərbi rütbəsində xidmətdə olan İddiaçı barəsində düşmənlə əməkdaşlıq şübhəsi faktı ilə bağlı təhqiqatı qanunvericilikdə qadağan olunmayan qaydada aparmalı olduğu halda mütəşəkkil dəstəyə rəhbərlik edən şəxslərin verdiyi tapşırıqlara uyğun olaraq digər dəstə üzvləri xx.xx.2017-ci il tarixdə bir neçə saat müddətində hərbi hissənin Tərtər rayonu Cəmilli kəndində yerləşən atış təlimi mərkəzindəki inzibati binalarda İddiaçı düşmən hərbi qulluqçuları və ya xüsusi xidmət orqanları ilə əlaqələrinin olması ilə bağlı etirafedici ifadələr almaqdan ötrü qəddar, qeyri-insani, ləyaqəti alçaldan rəftar və hərəkətlər, yəni günün müxtəlif saatlarında, müəyyən fasilələr verilməklə, davamlı şəkildə, qeyd edilən yerdə, əllərini arxadan, habelə ətrafda baş verənləri görməməsi üçün əski parçasını gözünün üstünə salıb lentlə bağlamaqla sərbəst hərəkət etməsini məhdudlaşdıraraq bədəninin müxtəlif nahiyələrinə yumruq, sillə və təpiklə dəstə üzvləri çoxsaylı zərbələr vurmuş, digər ağır formada fiziki və psixi zor tətbiq etməklə işgəncə vermiş, əvvəlcədən müəyyən olunmuş cinayətkar məqsədə nail ola bilmədikdə, qanunsuz əməllərini davam etdirərək dəstənin məqsədlərinə xidmət edən həqiqətə uyğun olmayan əlavə məlumatlar almaq, daha çox “vətən xaini” ifşa etmək, habelə törətdiyi əməllərə görə ondan qisas alınmasından ötrü mütəşəkkil dəstənin cinayətkar məqsədlərinə nail olmaq məqsədilə xx.xx.2017-ci il tarixdən xx.xx.2017-ci il tarixədək N nömrəli hərbi hissənin Yevlax rayonu Aran qəsəbəsində yerləşən inzibati binasında vəzifəli şəxs kimi dəstə üzvləri ilə birlikdə xidməti silahlardan istifadə edərək mütəşəkkil dəstə tərkibində silah tətbiq olunmaqla İddiaçı hüquqlarının kobud şəkildə pozulmasında ifadə olunan ağır nəticələrə səbəb olan təkrarən qulluq səlahiyyətini aşaraq qida, su və digər təbii ehtiyacların ödənilməsini məhdudlaşdırıb ac, susuz saxlayıb, habelə gündüz saatlarında günün qızmar vaxtında günəş şüaları altında sıra meydanında əsassız olaraq sıra hazırlığı keçib fiziki hərəkətlər etməsini tələb edib, yemək saatlarında qəsdən vaxtı məhdudlaşdıraraq psixi təzyiq göstərməklə, o cümlədən mütəmadi olaraq etiraf etmədiyi halda saxlandığı yerdən çıxa bilməyəcəyini bildirməklə və şəxsiyyətinin ifrat dərəcədə alçaldılmasında əks olunan psixi iztirablar verilməklə, ümumilikdə 9 may 2017-ci il tarixdən 24 iyun 2017-ci il tarixədək, cəmi 46 gün müddətində mütəşəkkil dəstə tərəfindən törədilməklə iradəsinə zidd olaraq əlləri və gözləri bağlı vəziyyətdə dəstə üzvləri ilə birlikdə xidməti silahdan və silah kimi istifadə edilən əşyalardan istifadə edilməklə kobud şəkildə konstitusion hüquqlarının pozulmasında ifadə olunan, yəni İddiaçı və yaxın qohumlarının cəmiyyət arasında mövcud nüfuzunu reallığı əks etdirməyən məlumatların yayılması formasında aşkarcasına alçaltmaqla sonuncunu “düşmənlə əməkdaşlıq edən hərbi qulluqçu” kimi “vətən xaini” adı ilə “ləkələməklə” ordu sıralarından qanunsuz və əsassız təxris olunmasından irəli gələn ağır nəticələrə səbəb ikidən artıq şəxsi adam oğurluğu ilə bağlı olmayan təkrarən qanunsuz azadlıqdan məhrum etmişdir. Elektron daşıyıcıda təqdim edilmiş Bakı Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının xx.xx.2024-cü il tarixli 1-1(103)-38/2024 saylı qərarı ilə X1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.3, 145.3, 293.3, 341.2.2 və 341.2.3-cü maddələri ilə, X6 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 145.3, 293.3, 341.2.2 və 341.2.3-cü maddələri ilə, X12 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 125, 145.3, 293.3, 341.2.2 və 341.2.3-cü maddələri ilə, X4 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 125, 145.3, 293.3, 341.2.2 və 341.2.3-cü maddələri ilə məhkum edilmələrinə dair Bakı Hərbi Məhkəməsinin 1-1(093)-7/2024 saylı, 04 iyun 2024-cü il tarixli hökmü X1, X6, X12, X4 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 341.2.2 və 341.2.3-cü maddələri ilə təqsirli bilinmələrinə dair hissədə dəyişdirilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 341.2.2 və 341.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlləri üzrə cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi əsası ilə əlaqədar X3, X11, X15, X5 təqsirli bilinərək həmin maddələr üzrə onlara cəza təyin olunmaması, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3 və 66.4-cü maddələrinə əsasən təyin olunmuş əsas və əlavə cəzalar qismən toplamaq yolu ilə X2 qəti olaraq 2 (iki) il müddətinə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər - hakimiyyət nümayəndəsinin funksiyalarını həyata keçirməklə və maddi-məsuliyyət səlahiyyətləri ilə bağlı vəzifələr tutmaq hüququndan məhrum edilməklə 9 (doqquz) il 3 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən X2 Bakı Hərbi Məhkəməsinin 1-1(093)-7/2024 saylı, 04 iyun 2024-cü il tarixli hökmü ilə təyin edilmiş hazırki qərarla endirilmiş cəzaya Şəki Apelyasiya Məhkəməsinin 7-1(107)3/2020 saylı, 13 oktyabr 2020-ci il tarixli qərarı ilə təyin edilmiş 3 (üç) il 1 (bir) ay 20 (iyirmi) gün müddətə azadlıqdan məhrum etmə cəzası qismən toplanılmaqla ona qəti olaraq 2 (iki) il müddətinə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər - hakimiyyət nümayəndəsinin funksiyalarını həyata keçirməklə və maddi-məsuliyyət səlahiyyətləri ilə bağlı vəzifələr tutmaq hüququndan məhrum edilməklə 09 (doqquz) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi, X2 təyin edilmiş qəti cəzaya Şəki Apellyasiya Məhkəməsinin 7-1(107)-3/2020 saylı, 13 oktyabr 2020-ci il tarixli qərarı ilə təyin edilmiş cəzası üzrə çəkilmiş 3 (üç) il 1 (bir) ay 20 (iyirmi) gün müddəti hesablanaraq çıxılmaqla üzərində qəti olaraq 2 (iki) il müddətinə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər - hakimiyyət nümayəndəsinin funksiyalarını həyata keçirməklə və maddi-məsuliyyət səlahiyyətləri ilə bağlı vəzifələr tutmaq hüququndan məhrum edilməklə 6 (altı) il 07 (yeddi) ay 10 (on) gün müddətinə azadlıqdan məhrum etmə cəzasının saxlanılması qərara alınmışdır. Əli Bayramlı şəhər hərbi komissarlığı tərəfindən xx.xx.2001-ci il tarixdə verilmiş AO seriyalı ******* nömrəli hərbi biletin surətindən görünür ki, İddiaçı xx.xx.2002-ci il tarixdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2002-ci il tarixli 232 saylı əmri əsasında Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılmış, tərxis edilmiş və Əli-Bayramlı rayon hərbi komissarlığına göndərilmişdir. N nömrəli hərbi hissənin xx.xx.2002-ci il tarixli 18 nömrəli əmri ilə atıcı vəzifəsinə, xx.xx.2001-ci il tarixli 286 nömrəli əmri ilə tuşlayıcı vəzifəsinə, xx.xx.2002-ci il tarixli 18 nömrəli əmri ilə manqa komandiri vəzifəsinə, xx.xx.2002-ci il tarixli 89 nömrəli əmri ilə tuşlayıcı vəzifəsinə, xx.xx.2002-ci il tarixli 139 nömrəli əmri ilə manqa komandiri vəzifəsinə keçirilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2004-cü il tarixli 83 nömrəli əmri ilə İddiaçı gizir rütbəsi verilmişdir. xx.xx.2004-cü il tarixdən xx.xx.2018-ci il tarixədək gizir kimi həqiqi hərbi xidmətdə olmuşdur. N nömrəli hərbi hissə tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş SQ seriyalı ******* nömrəli şəxsi vəsiqənin surətindən görünür ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2004-cü il tarixli 83 nömrəli əmri ilə İddiaçı gizir rütbəsi verilmişdir. xx.xx.2022-ci il tarixli 053gm nömrəli əmr ilə N nömrəli hərbi hissədə baş çavuş, xx.xx.2023-cü il tarixli 01gm nömrəli əmr ilə N nömrəli hərbi hissədə təminat taqım komandiri təyin edilmişdir. "xxxx" ASC tərəfindən xx.xx.2025-ci il tarixdə tərtib edilmiş İddiaçı məxsus ******************** nömrəli hesabdan xx.xx.2017-xx.xx.2025-ci il tarixlərini əhatə edən çıxarışın surətindən görünür ki, İddiaçı xx.xx.2017-ci il tarixdə 623,04 manat, xx.xx.2017-ci il tarixdə 1.007,43 manat, xx.xx.2017-ci il tarixdə cəmi 1.056,58 manat, xx.xx.2017-ci il tarixdə 406,74 manat, xx.xx.2017-ci il tarixdə 350 manat, xx.xx.2017-ci il tarixdə 738,46 manat, xx.xx.2017-ci il tarixdə 740,03 manat, xx.xx.2018-ci il tarixdə 716,63 manat, xx.xx.2018-ci il tarixdə 1.177,46 manat, xx.xx.2018-ci il tarixdə 752,30 manat, xx.xx.2018ci il tarixdə 1.493,91 manat əmək haqqı ödənilmişdir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununa əsasən bu qəbildən olan işlər üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad edilmişlər. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1096-cı maddəsinin tələblərinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquqi məsuliyyət daşıyır. Qanunvericiliyin qeyd olunan müddəasının tələblərindən görünür ki, mülki hüquqi məsuliyyətin yaranması üçün bir sıra məcburi şərtlərin olması tələb olunur. Həmin şərtlərə borclunun (zərərvuranın) hüquqa zidd davranışı, həmin davranış ilə vurulmuş zərər faktı arasında səbəbli əlaqə və borclunun (zərərvuranın) təqsiri aiddir. Həmin şərtlərdən hər hansı birinin mövcud olmaması mülki hüquqi məsuliyyəti istisna edir. 1100-cü madəsinin tələblərinə əsasən dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. 1101.1-ci madəsinin tələblərinə əsasən qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qətimkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir. 1101.2-ci madəsinin tələblərinə görə təhqiqat, ibtidai istintaq, prokurorluq orqanlarının qanunsuz fəaliyyəti nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərər bu Məcəllənin 1101.1-ci maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmadıqda onun əvəzi qanunla müəyyənləşdirilmiş əsaslarla və qaydada ödənilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 57.1-ci maddəsinin tələbinə görə cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində bu Məcəllənin 56-cı maddəsində nəzərdə tutulmuş şəxslərə vurulmuş mənəvi, fiziki və maddi ziyan ödənilməlidir. Həmçinin, bu şəxslərin əmək və mənzil hüquqları bərpa edilməli, bunlar mümkün olmadıqda isə həmin hüquqların pozulması nəticəsində dəyən ziyanın pul kompensasiyası təmin edilməlidir. 58.1-ci maddəsinin tələbinə görə cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş maddi ziyan əsaslandırılaraq hesablandıqdan sonra kompensasiyası verilməklə tam həcmdə ödənilməlidir. 58.2-ci maddəsinin tələbinə görə fiziki və mənəvi ziyan Azərbaycan Respublikasının qanunvericiliyi ilə digər hal nəzərdə tutulmayıbsa, məhkəmə tərəfindən ədalətli hesab olunmuş məbləğdə ödənilir. «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» Azərbaycan Respublikası Qanununun: 4-cü maddəsinə əsasən cinayət təqibinə xitam verilməsi haqqında qərar çıxarıldıqda vurulmuş ziyanın bu Qanunla müəyyən edilmiş hallarda, miqdarda və qaydada ödənilməsi hüququ yaranır. Bu Qanunun 1-ci maddəsində göstərilmiş əməliyyat-axtarış tədbirlərinin cinayət işi başlamazdan əvvəl keçirilməsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququ belə tədbirlər keçirildikdən dərhal sonra yaranır. 5-ci maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində) hər bir şəxsə məhrum olduğu əmək haqqı, pensiya, müavinət və başqa gəlirlər, vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. 6-cı maddəsinin 1-ci bəndinə əsasən bu Qanunun 5-ci maddəsində nəzərdə tutulmuş hallarda vurulmuş ziyanın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir. 7-ci maddəsinin tələbinə əsasən təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində şəxsə vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. Şəxsin barəsində mənfi fikrin formalaşmasına, onu əhatə edən şəxslərlə münasibətlərin pisləşməsinə gətirib çıxaran və digər mənəvi xarakterli mənfi nəticələr mənəvi ziyan hesab edilir. Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində şəxsə vurulmuş fiziki və mənəvi ziyan mülki qanunvericiliklə nəzərdə tutulmuş qaydada ödənilir. 12-ci maddəsinin tələbinə əsasən fiziki və mənəvi ziyan, Azərbaycan Respublikasının qanunvericiliyi ilə digər hal nəzərdə tutulmayıbsa, məhkəmə tərəfindən ədalətli hesab olunmuş məbləğdə ödənilir. İstintaq və ya inzibati icraat müddətində və ya cəza çəkdiyi dövrdə şəxsə vurulmuş mənəvi ziyanın ümumi məbləği Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məhkəmə tərəfindən müəyyən edilir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşları hüquqlarının pozulmasının müstəql nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarateri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «mənəvi ziyanla» bağlı təcrübəsi göstəririr ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir, həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amilləri – inamsızlıq, narahtlıq, məyusluq hissələrini, stresləri, əzab və əziyyətləri nəzərə alır. Məsələn, Avropa Məhkəməsi «Koinq Almaniyaya qarşı» işdə ərizəçiyə «mənəvi narahatlıq yetirilməsinə», «Artiko İtaliyaya qarşı» işdə «tənhalıq və kimsəsizlik hisslərinə», «Younq, Cames və X7rşı» işdə «alçaldıcı və təhqiredici hərəkətlərə» görə mənəvi zərər ödənilməsi qərarına gəlmişdir. Avropa Məhkəməsinin «Ədalətli kompensasiya tələbləri barədə Praktiki Qaydaları»nın 13-cü bəndinə əsasən, mənəvi zərərə aid Məhkəmənin təyin etdiyi kompensasiya qeyri-maddi zərərə, məsələn, əqli və ya fiziki əziyyətə görə maliyyə kompensasiyasının təmin olunmasına yönəlib. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Konstitusiya Məhkəməsi Plenumunun M.Bağırovun şikayəti üzrə 2008-ci il 30 iyul tarixli Qərarında ifadə etdiyi hüquqi mövqeyinə əsasən, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Təqdim olunmuş sübutların məcmusundan göründüyü kimi, İddiaçı iddia ərizəsində qeyd etdiyi xüsusatlar (zərərçəkmiş şəxs qismində cəlb edilməsi və işgəncəyə məruz qalması, iddia ərizəsində qeyd etdiyi kifayət qədər uzun müddət ərzində əsassız yerə işsiz qalaraq gəlirdən məhrum olması və s.) doğrudur. İddiaçıya yuxarıda qeyd edilən hallarla bağlı həm mənəvi, həmçinin işsiz qaldığı dövr ərzində hər ay aldığı əmək haqqı miqdarında maddi ziyan vurulmuşdur. İddiaçıya vurulmuş maddi ziyanla bağlı məhkəmə qeyd edir ki, təqdim edilmiş sənədlərə əsasən İddiaçı öncələr hərbiçi kimi stabil şəkildə əmək haqqı almışdır. Bununla bağlı ödəniş kartı üzrə çıxarış məhkəməyə təqdim edilmişdir. Həmin çıxarışa əsasən iddiaçının ərizəsində də göstərdiyi kimi xx.xx.2017-ci il tarixdən xx.xx.2018-ci il tarixədək olan dövr üçün orta aylıq əmək haqqının təqribi 1006 manat təşkil etməsi müəyyən olunur. Belə ki, xx.xx.2017-ci il tarixdən xx.xx.2018-ci il tarixədək olan hesaba mədaxil məbləğləri cəmi 9057 manat və faktiki əmək haqqı ödənilən ayların cəmi 9 ay təşkil edir (9057:9≈1006). Odur ki, iddiaçının həqiqətən də orta aylıq əmək haqqının təqribi 1006 manat təşkil etməsi və iddiaçının hərbi biletində olan qeydlərə əsasən onun xx.xx.2022-ci il tarixdə hərbi qulluğa (N nömrəli hərbi hissədə baş çavuş) bərpası nəzərı alınmaqla onun işsiz qaldığı 48 ay müddət üçün itirilmiş əmək haqqı məbləği ödənilməlidir. Lakin, iddiaçının iddiasında göstərdiyi kimi onun kirayə haqqı, maddi yardım, 13 və 14-cü ödənişlərdən məhrum olması ilə bağlı qeyd edilməlidir ki, iddiaçı bu hissədə tələblərini həmin məbləğlərin təqribi 10.000 manat təşkil etməsi göstərsə də, buna dair hər hansı sübut təqdim edilməmişdir. Odur ki, iddia tələbi kirayə haqqı, maddi yardım, 13 və 14-cü ödənişlərdən məhrum olması ilə 10000 manat pulun tutulması hissəsində təmin edilə bilməz. Məhkəmə iddiaçının istintaq orqanının səhvi nəticəsində mənəvi iztirab çəkməsi ilə bağlı dəlillərinə hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli və iddiaçının xeyrinə ona vurulmuş mənəvi ziyana görə ədalətli həddə, 46 gün işgəncəyə məruz qaldığı müddət üçün, yəni 23.000 (iyirmi üç min) manat məbləğində pul vəsaiti tutulmalıdır. Belə ki, hazırki iş üzrə iddiaçının zərərçəkmiş şəxs qismində tanındığı cinayət hadisəsinin ona aid epizodu üzrə təqsirləndirilən şəxslərə elan edilmiş və hökmlə müəyyən edilərək cəzaya səbəb olan ittihamlardan biri zərərçəkmiş şəxsə, hazırki tələb üzrə iddiaçıya qarşı 46 gün müddətində təkrarən işgəncə verilməsindən ibarətdir. Hazırda 2017-ci ildə baş vermiş məlum hadisə ilə əlaqədar hərbçilər tərəfindən törətdilmiş əməllərə hüquqi qiymət verilməsi, törədilmiş əməllərdən zərərçəkən şəxslərə qarşı kompensasiyanın ödənilməsi istiqamətində məhkəmə təcrübəsi formalaşmaqdadır. Nəzərə alınmalıdır ki, vəzifəli şəxs statusunda olmuş şəxslər tərəfindən törədilmiş əməllər Cinayət Məcəlləsinin bir sıra maddələri ilə tövsif olunmuş, bunun nəticəsində də həmin əməllərdən zərərçəkmiş şəxslərə ödənilməli kompensasiyanın məbləği də müvafiq formada differensasiyalaşdırılmaqdadır. Belə ki, vəzifəli şəxslər tərəfindən zərərçəkmiş şəxslərə münasibətdə işgəncə törədilməsi ilə bağlı formalaşmış məhkəmə təcrübəsinə əsasən işgəncə müddəti (günlər) və işgəncənin törədilmə forması nəzərə alınmaqla kompensasiya məbləği formalaşdırılmışdır. Mövcud məhkəmə təcrübəsi nəzərə alınmaqla iddiaçının ona qarşı törədilən cinayət əməlləri nəticəsində mənəvi iztirab çəkməsi ilə bağlı dəlillərinə hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli və iddiaçının təkrarən işgəncəyə məruz qalmaqla qanunsuz olaraq azadlıqdan məhrum edildiyi müddət (46 gün) nəzərə alınmaqla vurulmuş mənəvi ziyana görə ədalətli həddə, (46 gün x 500 manat) yəni 23.000 manat məbləğində pul vəsaiti tutulmalıdır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı vurulmuş mənəvi zərərə görə 23000 (iyirmi üç min) manat, vurulmuş maddi ziyana – itirilmiş əmək haqqına görə 48288 (qırx səkkiz min iki yüz səksən səkkiz) manat olmaqla, cəmi 71.288 (yetmiş bir min iki yüz səksən səkkiz) manat məbləğində pul vəsaiti cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsi ilə Dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı vurulmuş mənəvi zərərə görə 23.000 manat, vurulmuş maddi ziyana – itirilmiş əmək haqqına görə 48.288 manat olmaqla, cəmi 71.288 manat məbləğində pul vəsaiti cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsi ilə Dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İddia qalan hissədə təmin edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı vurulmuş mənəvi zərərə görə 23.000 (iyirmi üç min) manat, vurulmuş maddi ziyana görə 48.288 (qırx səkkiz min iki yüz səksən səkkiz) manat olmaqla, cəmi 71.288 (yetmiş bir min iki yüz səksən səkkiz) manat məbləğində pul vəsaiti cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsi ilə Dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə («Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüsalə Musayeva
Məhkəmə qərarları › İş №2(006)-1363/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1363/2025
01.04.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver