Məhkəmə qərarları › İş №2(006)-1373/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1373/2021

22.02.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1373/2021 22.02.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, məhkəmə iclas katibi Fərəcova Təranə Aydın qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı "alimentin təyin edilməsi" tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi və sonra da iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh onun xeyrinə xx xxxxx 2019-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 175 manat sabit pul məbləğində alimentin, həmçinin öz maddi ehtiyaclarının ödənilməsi üçün xx xxxxx 2019-cu il təvəllüdlü X1 3 yaşına çatana qədər Cavabdeh onun xeyrinə hər ay 100 manat alimentin tutulması barədə qətnamə qəbul etməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, Cavabdeh ilə iddiaçı faktiki nikah münasibətlərində olmuş, rəsmi nikahları olmamışdır. Bu nikahlarından xx xxxxx 2019-cu il tarixdə Emin adlı övladları doğulmuşdur. Ailə quran zaman onlar iddiaçının anasına məxsus evdə yaşamışlar. Cavabdeh hər zaman ailəsinə qarşı laqeyd münasibət bəsləmiş, övladları doğulduqdan sonra da onun ailəsinə qarşı olan laqeyd münasibəti dəyişməmiş və o, sonda aralarında olan mübahisədən sonra evdən çıxıb getmişdir. Hal-hazırda tərəflər ayrı yaşayırlar, cavabdeh isə uşağın saxlanması və onun xərcləri üçün iddiaçıya heç bir maddi yardım etmir. İddiaçı uşağının körpə olması ilə əlaqədar hal-hazırda heç bir yerdə işləmir və uşağın saxlanılmasında, öz zəruri xərclərinin ödənilməsində çox çətinlik çəkir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qismən qəbul edərək izahatında bildirdi ki, o, 550 manat əmək haqqı alır və daha 3 övladı da var. Ona görə də 175 manatı ödəməyə razıdır, amma iddiaçının özü üçün istədiyi 100 manatı ödəməyə etiraz edir. Çünki həmişə iddiaçıya yardım etmişdir, hal-hazırda da edir. Bugünədək uşağının ehtiyaclarını iddiaçının tələb etdiyindən də artıq məbləğdə qarşılayır. Göstərilənləri nəzərə alaraq məhkəmədən iddianın qismən təmin edilməsi barədə qətnamə qəbul etməsini xahiş edir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan 3 saylı Bakı “Asan xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən xx xxx 2019-ci il tarixdə verilmiş AZ-İV seriyalı 285914 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X3 xx.xx.2019cu il tarixdə Bakı şəhərində anadan olmuş, ata qrafasında Cavabdeh, ana qrafasında İddiaçı göstərilmiş və bu barədə doğum haqqında akt qeydləri kitabında xx xxx 2019-cu il tarixdə 2999 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan 3 saylı Bakı “Asan xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən xx xxxxxx 2020-ci il tarixdə verilmiş AZ-İ seriyalı 406441 nömrəli atalığın müyyən edilməsi haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh xx xxxxx 2019-cu il tarixdə İddiaçı doğulmuş X2 atası hesab edilmiş və bu barədə atalığın müyyən edilməsi haqqında akt qeydləri kitabında xx xxx 2019-cu il tarixdə 141 nömrə ilə qeyd edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2-ci hissəsinə görə uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar; 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur; 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir; 84.1-ci maddəsinə əsasən ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər; 84.2-ci maddəsinə əsasən hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən 3 il ərzində keçmiş arvad buna zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdir. 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. “Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası qanununa uyğun olaraq 2020-ci il üçün yaşayış minimumu uşaqlar üçün 170 manat məbləğində müəyyən edilmişdir. “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası qanununa uyğun olaraq 2021-ci il üçün yaşayış minimumu uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə iclasında toplanmış sübutlar əsasında müəyyən edilmişdir ki, tərəflər faktiki nikah münasibətlərində olmuş, bu nikahlarından xx xxxxx 2019-cu il tarixdə X3 adlı övladları doğulmuşdur. Hal-hazırda uşaq iddiaçının himayəsindədir. İddiaçı hazırki iddia tələbi ilə məhkəməyə xx.xx.2020-ci ildə müraciət etmişdir. Məhkəmə qeyd edir ki, iddiaçının himayəsində olan yetkinlik yaşına çatmayan uşağın maddi yardıma ehtiyacı olduğundan onun üçün alimentin tutulması zəruridir. Ona görə də məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək, uşaq üçün alimentin tutulmasının zəruriliyini və qanunla müəyyən edilmiş uşaqlar üçün nəzərdə tutulmuş yaşayış minimumunu nəzərə alaraq hesab edir ki, Cavabdeh xx xxxxx 2019-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün xx xxxxxx 2020-ci il tarixdən başlayaraq xx.xx.2020-ci il tarixədək hər ay 170 manat və xx.xx.2021-ci il tarixdən etibarən hər ay 175 manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulmalıdır. Məhkəmə “uşağın 3 yaşına çatanadək saxlanılması üçün əlavə olaraq 100 manat alimentin cavabdehdən iddiaçının xeyrinə tutulması” hissəsi ilə əlaqədar qeyd edir ki, iddia həmin hissədə qismən təmin edilməli və həmin məbləğ 50 manat müəyyən edilməlidir. Belə ki, iddiaçı cavabdehin daha artıq məbləği ödəmək üçün zəruri vəsaitə malik olmasına dair hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh xx xxxxx 2019-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün xx xxxxxx 2020-ci il tarixdən başlayaraq xx.xx.2020-ci il tarixədək hər ay 170 (yüz yetmiş) manat, xx.xx.2021-ci il tarixdən etibarən hər ay 175 (yüz yetmiş beş) manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulsun. Cavabdeh xx xxxxx 2019-cu il təvəllüdlü X1 3 yaşına çatanadək xx xxxxxx 2020-ci il tarixdən başlayaraq hər ay 50 (əlli) manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulsun. İddia digər hissədə təmin edilməsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Solmaz Mustafayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar