Məhkəmə qərarları › İş №2(006)-138/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-138/2022

09.03.2022 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-138/2022 09.03.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi Rayon Məhkəməsinin hakimi Tağıyeva Natavan Tağı qızının sədrliyi məhkəmə iclas katibi Quluzadə Sevil Zakir qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh-yə qarşı “zaminlik müqaviləsinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı 27 noyabr 2020-ci ildə iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, Rafiq Məcidov (kod 143296) və Azad Atayev (kod 107528) ilə Cavabdeh arasında kredit müqaviləsinə əsasən İddiaçı ilə bağlanmış zaminlik müqaviləsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC 10.10.2010-cu il tarixli çıxarışına görə İddiaçı zamin olduğu öhdəliklərə görə Cavabdeh-yə iddiaçının borcu olduğu göstərilmişdir. Çıxarışa görə Cavabdeh-dən Məcidov Rafiqin (kod 143296) götürmüş olduğu 6100 ABŞ dollarına görə 690,76 ABŞ dolları, yenə də həmin X3 (kod 107528) tərəfindən götürülmüş 4055 ABŞ dollarına götə 1424,94 ABŞ dolları borcunun olduğu qeyd edilmişdir. Beləliklə, adı çəkilən Çıxarışa görə o, adları çəkilən şəxslərə (Rafiq Məcidov və Azad Atayev) Cavabdeh tərəfindən verilən bank kreditlərinə görə zamin kimi 2115,70 (690,76+1424,94) ABŞ dolları borcunun olduğu məlum olmuşdur. Bildirmişdir ki, adları çəkilən Rafiq Məcidov və Azad Atayev adlı şəxsləri tanımır və həmin şəxslərin Cavabdeh-dən götürdüyü kredit öhdəliklərinə görə zaminlik müqaviləsi imzalamamışdır. Buna görə də, zamin kimi öhdəlikləri qəbul etmir. Hesab edir ki, Rafiq Məcidov və Azad Atayev ilə Cavabdeh arasında bağlanmış kredit müqaviləsinə əsasən onunla bağlanmış zaminlik müqaviləsinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxış iclasında iştirak edən İddiaçı iddia tələbinə uyğun izahat verərək onun təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş Cavabdeh-nin nümayəndəsi məhkəmə baxış iclasında iştirak etməmiş və iştirak etməməsinin üzrlü səbəbləri barədə qabaqcadan məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə AR Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə proses iştirakçısının izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan 07.01.2015-ci il tarixli, 4-M-2-0-10-15 nömrəli zaminlik müqaviləsinə əsasən, bir tərəfdən borcalan adlandırılan X1 digər tərəfdən İddiaçı tərəfindən zaminlik müqaviləsinin bağlandığı, zamin kimi İddiaçı üzərinə öhdəlik götürdüyü və bunu öz imzası ilə təsdiq etdiyi görünür. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-6130/2020 saylı, 03.12.2020-ci il tarixli qərardadından görünür ki, İddiaçı Cavabdeh-yə qarşı “zaminlik müqaviləsinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. İddiaçı 09.03.2021-ci il tarixdə həmin qərardaddan şikayət ərizəsi vermiş, həmin qərardadın ləğv edilməsi, iddia tələbinə mahiyyəti üzrə baxılması barədə yeni qərar qəbul edilməsini, əks təqdirdə işin Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-6130/2020 saylı, 12.03.2021-ci il tarixli qərardadı ilə şikayət əsassız olduğundan təmin edilməmiş, şikayət mülki işlə birgə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 4265/2021 saylı, 30.04.2021-ci il tarixli qərardadı ilə İddiaçı tərəfindən verilmiş şikayət təmin edilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-6130/2020 saylı, 03.12.2020-ci il tarixli qərardadı ləğv edilmiş və mübahisəyə baxılması üçün sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsindən ötrü mülki iş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə qaytarılmışdır. İş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4134/2021 saylı, 09.09.2021-ci il tarixli qərardadından görünür ki, İddiaçı Cavabdeh-yə qarşı “zaminlik müqaviləsinin ləğv edilməsi” tələbinə dair mülki iş üzrə məhkəmə-xəttşünaslıq eskpertizası təyin edilmiş və iş üzrə ekspert rəyi təqdim edilənədək icraat dayandırılmışdır. İş materiallarında olan Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən göndərilən 27 yanvar 2022-ci il tarixli, 4/28 №-li ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş mülki işin 88-ci vərəqində Cavabdeh ilə İddiaçı adında olan 7 yanvar 2015-ci il tarixli, 4-M- 2-0-10-15 nömrəli zaminlik müqaviləsində “Zamin: İddiaçı” qrafasındakı imza- İddiaçı tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Beləliklə, məhkəmə baxış iclasında ekspert rəyindən aydın oldu ki, 7 yanvar 2015ci il tarixli, 4-M-2-0-10-15 nömrəli zaminlik müqaviləsi formal olaraq bağlanmış, İddiaçı həmin müqaviləni özü şəxsən imzalamamışdır. Buna görə də, zamin kimi İddiaçı üzərinə heç bir öhdəlik götürməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 390-cı maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər; 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər; 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə, əqd bağlandığı andan etibarsızdır; 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 471.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi zaminlik müqaviləsinin etibarsızlığına səbəb olur. Bu səbəbdən də, 7 yanvar 2015-ci il tarixli, 4-M-2-0-10-15 nömrəli zaminlik müqaviləsi ləğv edilməli, iş üzrə məhkəmə xərci olan ekspertiza tədqiqatının dəyəri olan 126 (yüz iyirmi altı) manat məbləğində pul cavabdehdən tutularaq dövlət nəfinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 101.3 maddəsinə əsasən, ekspertin rəyi məhkəmədə tətqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir; 119-cu maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh-yə qarşı “zaminlik müqaviləsinin ləğv edilməsi” tələbinə dair iddiası təmin edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi təmin edilsin. Rafiq Məcidov (kod 143296) və Azad Atayev (kod 107528) ilə Cavabdeh arasında kredit müqaviləsinə əsasən İddiaçı ilə bağlanmış zaminlik müqaviləsi ləğv edilsin. Ekspertiza tədqiqatının dəyəri olan 126 (yüz iyirmi altı) manat məbləğində ekspertiza xərci cavadeh Cavabdeh-dən tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir)n ay müddətində Nəsimi rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Natavan Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar