Məhkəmə qərarları › İş №2(006)-1387/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1387/2022

12.05.2022 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1387/2022 12.05.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Tağıyev Adil Elçin oğlunun katibliyi, İddiaçı nümayəndəsi (vəkili) Vəkil, Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1na və Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinə qarşı «müqavilələrin ləğv edilməsi» tələbinə dair mülki işə Nəsimi rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1na və Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinə qarşı «müqavilələrin ləğv edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıdan Cavabdeh2 ASC-nin xeyrinə 12649 manat 04 qəpik tutulmasına dair Bakı şəhəri 14 saylı Notariat Ofisinin xüsusi notariusu X6 tərəfindən aparılmış 16 dekabr 2021ci il tarixli icra qeydinin ləğv olunması və ödənilmiş məhkəmə xərclərinin və rüsumunun cavabdehlərdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, 13 noyabr 2015-ci il tarixində X7 Cavabdeh2 ASC ilə kredit müqaviləsi bağlamış və 24 ay müddətinə bankdan 12000.0 manat kredit götürmüşdür. Həmin kreditin təminatı olaraq həmin tarixdə X3 ilə zaminlik, iddiaçı ilə əlavə zaminlik müqaviləsi bağlanmışdır. O zamandan borcalan tərəfindən bankdan aldığı məbləğin geri qaytarıb-qaytarmaması barədə heç bir məlumatı olmamış, nə də bank tərəfindən heç bir zaman bu barədə iddiaçıya hər hansı məlumat verilməmişdir. Eyni zamanda kredit müqaviləsinin müddəti 2017-ci ildə bitdiyi üçün, artıq borcun ödənilməsini düşünmüşdür. Lakin, 2021-ci ildə bank iddiaçının qeydiyyatda olduğu ünvan üzrə 14 saylı Notariat ofisinə müraciət edərək icra qeydinin aparılmasına nail olmuşdur. İddiaçıya bu barədə 2021-ci ilin 27 dekabr tarixində məlum olmuşdur, belə ki, Nəsimi rayon İcra və Probasiya Şöbəsinə dəvət olunaraq iddiaçıya 14 saylı Notariat Ofisinin icra qeydi və icra vərəqəsi təqdim edilmişdir. Hazırda iddiaçıdan banka 12649.04 manat vəsait ödənməsi tələb olunur. Bununla razı deyildir və hesab edir ki, icra qeydi qanunsuz aparıldığı üçün ləğv edilməlidir. Belə ki, hazırki icra qeydi aparılan zaman Bakı şəhəri 14 saylı Notariat Ofisinin xüsusi notariusu X6 tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş “Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın tələbləri kobud şəkildə pozularaq əsassız icra qeydi açılmış və aidiyyəti üzrə göndərilmişdir. Tələbkar icra qeydlərinin aparılması üçün Notariat Ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya, tələbin icra edilmədiyi halda, icra qeydinin aparılacağı barədə müəyyən edilmiş formada bildiriş göndərməmişdir. Qanunvericiliyin tələbinə əsasən, belə bir bildirişin borcluya göndərilməsini və çatmasını təsdiq edən, habelə borcu müəyym edən sənədlər və ya bununla bağlı digər məlumatlar icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə edilməlidir. Eyni zamanda Notariat ofisi də icra qeydi apararkən borcun ödənilməsi barədə borcluya (zaminə) heç bir yazılı bildiriş göndərməmiş, onun hüquqlarını pozaraq borcun mübahisəsiz olub-olmamasını müəyyənləşdirmək üçün heç bir notariat hərəkət etməmiş, əsassız icra qeydi aparmışdır. Halbuki, icra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq edərsə aparıla bilər. Əks halda, yəni tələbkarla borclu arasında bağlanılmış müqavilə üzrə yaranan öhdəliklərə dair mübahisə olduğu halda, icra qeydi aparılmır və bu halda yaranmış mübahisə həllini yalnız məhkəmədə tapmalıdır. Qanunvericiliyin bu tələblərinə baxmayaraq, iddiaçıya 14 saylı Notariat Ofisi tərəfindən heç bir bildiriş göndərilməmiş, habelə iddia müddəti ötürülmüş olduğu halda bank tərəfindən gizlədilmiş, notariat ofisi tərəfindən isə bu mühüm hala əhəmiyyət verilməmişdir. Göründüyü kimi, Bakı şəhəri 14 saylı Notariat Ofisinin xüsusi notariusu X6 və Cavabdeh2 ASC birgə qərəzli və qanunsuz əməkdaşlıq edərək, “Notariat haqqında” Qanunun 76-cı maddəsinin tələblərini, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167-nömrəli qərarı ilə təsdiq edilmiş “Notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın 161, 162 və 170-1-ci bəndlərinin tələblərini və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 02 sentyabr tarixli, 156-nömrəli qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydi əsasında mübahisəsiz qaydada alınmasına əsas pıan sənədlərin” Siyahısı tələblərini kobud formada pozaraq, tam qanunsuz icra qeydinin aparılmasına nail olmuşlar. Halbuki, icra qeydi institutu tələbkarla yanaşı eyni zamanda borclunun da hüquqlarının kifayət qədər qorunmasına xidmət etməlidir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi (vəkili) Vəkil iddia ərizəsinin məzmununa uyğun olaraq izahat verərək, iddianı müdafiə etdi və tələbin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə iddianın rədd olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddiaçının nümayəndəsinin (vəkili) və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş: "Bank of Baku” ASC ilə X7 arasında bağlanmış 13 noyabr 2015-ci il tarixli, MK/73565/54/18 nömrəli kredit sazişindən görünür ki, "Bank of Baku” ASC tərəfindən X4 24 ay müddətinə illik 22 faiz şərti ilə 12000 manat kredit verilmişdir. X1 və İddiaçı X2 bank qarşısındakı öhdəliklərinin vaxtında və lazımi qaydada icra edilməsi üçün eyni həcmdə və birgə məsuliyət daşıyırlar. Bakı şəhəri 14 saylı Notariat Ofisinin xüsusi notariusu X6 tərəfindən təsdiq edilmiş 16.12.2021-ci il tarixli, 8İ-24470 reyestr nömrəli icra qeydinin surətindən görünür ki, Bakı şəhəri 14 saylı Notariat Ofisinin xüsusi notariusu X6 "Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə əsasən təklif etmişdir ki, həmin sənədlər üzrə AZ1069, Bakı şəhəri, Nərimanov rayonu, X12, ev 42 ünvanında yerləşən "Bank of of Baku” ASC xeyrinə ünvan 2a qeydiyyatda olan İddiaçı MK/73565/54/18 nömrəli müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 12649 manat 04 qəpik tutulsun. Bundan əlavə təklif emişdir ki, borcludan İddiaçı tələbkar tərəfindən ödənilmiş 20 manat 00 qəpik (iyirmi manat sıfır qəpik) məbləğində dövlət rüsumu (haqq) olmaqla cəmi 12669 manat 04 qəpik pul tutulsun. Həmin icra qeydi 16.12.2021-ci il tarixdə aparılmışdır. "Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsində göstərilmişdir ki, borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu və ya borclunun tələbkar qarşısında digər məsuliyyətini təsdiq edirsə və tələb etmək hüququnun yarandığı gündən üç ildən çox keçməmişsə, idarə, müəssisə və təşkilatlar arasındakı münasibətlərdə isə bir ildən çox keçməmişsə aparılır. Barəsində icra qeydi verilən tələb üçün qanunla başqa müddət müəyyən edilmişsə, icra qeydi bu müddət həddində verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş "Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın (bundan sonra-Təlimat) 161 -ci bəndinə əsasən borclunun olduğu yer üzrə notarius borcludan pul məbləğlərini tutmaq və ya əmlakı (ipoteka predmeti istisna olmaqla) tələb edib almaq və ya bunun əvəzinə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 529.8-ci maddəsinə əsasən öhdəliyin icrası əvəzinə razılaşdırılmış peşman haqqını almaq üçün "Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin tələblərinə uyğun olaraq tələbkar tərəfindən borcluya bildiriş göndərildikdə və öhdəlik bildirişin verildiyi müddətdə icra edilmədikdə, borcu müəyyən edən sənədlərdə 1 (bir) iş günü müddətində icra qeydi aparır və icra olunması üçün "Elektron notariat” informasiya sistemi vasitəsilə "Elektron icra” informasiya sisteminə göndərir. Notarius tərəfindən borcun mübahisəsizliyi tələbkarın tələbinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 2 sentyabr tarixli 156 nömrəli Qərarı ilə təsdiq edilmiş "Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısı”nda nəzərdə tutulmuş sənədlərlə təsdiq olunması və borclunun həmin tələbdən irəli gələn öhdəliyi icra etməməsinin yoxlanılması ilə müəyyən edilir. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda, icra qeydinin aparılacağı barədə müəyyən edilmiş formada bildiriş göndərməlidir. Bildiriş, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər və ya bununla bağlı məlumatlar (korporativ məlumat mübadiləsinin istifadəçiləri üçün) icra qeydinin aparılması ilə bağlı ərizəyə və ya məlumata əlavə olunur. Tələbkar tərəfindən icra qeydinin aparılacağı barədə bildiriş borcu müəyyən edən sənədlərə və ya borclunun məlumatına (olduğu halda) əsasən tələbkara məlum olan ünvana "Poçt haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərilir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 (beş) gün keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 (üç) gün keçdikdən sonra borclu şəxsə təqdim olunmuş sayılır. Borclunun yaşadığı (olduğu) ünvanda olmaması bildirişin borcluya çatdırıldığını təsdiq edən sənəddə qeyd olunmalıdır. Təlimatın 162-ci bəndinə əsasən İcra qeydi aşağıdakı hallarda aparılır: -əgər təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq edirsə; -tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçməmişdirsə. Həmin Təlimatın 170-1 -ci bəndinə əsasən icra qeydinin aparılması ilə əlaqədar notariusa müraciət edildikdə, notarius icra qeydinin aparıldığı əqd üzrə öhdəliklərin icra intizamını mənfi xarakterizə edən neqativ məlumatı bu Təlimatın 7-ci hissəsinin on altıncı abzasının məqsədləri üçün "Elektron notariat” informasiya sisteminə daxil edir. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda, icra qeydinin aparılacağı barədə müəyyən edilmiş formada bildiriş göndərməmiş və tələbkar belə bir sübutunu məhkəməyə təqdim edə bilməmişdir. Belə ki, bildiriş, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər və ya bununla bağlı məlumatlar icra qeydinin aparılması ilə bağlı ərizəyə və ya məlumata əlavə edilməmişdir. Həmçinin Bakı şəhəri 14 saylı Notariat Ofisinin xüsusi notariusu tərəfindən Təlimatın 162-ci maddəsinin tələbləri kobud şəkildə pozularaq əsassız olaraq icra qeydi açılmış və aidiyyəti üzrə göndərilmişdir. Qanunvericilikdə icra qeydi institutu tələbkarla yanaşı, eyni zamanda borclunun da hüquqlarının kifayət qədər qorunmasına xidmət edir. Belə ki, icra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq edərsə, aparılır. Çünki tələbkarla borclu arasında bağlanmış müqavilələr üzrə yaranan öhdəliklərə dair mübahisə olduğu halda, icra qeydi aparılmır və bu halda yaranmış mübahisə məhkəmədə öz həllini tapmalıdır. Bundan əlavə notariat ofisi borcun ödənilməsi barədə zamin İddiaçı yazılı bildiriş göndərməmiş, onun hüquqlarını pozaraq borcun mübahisəsiz olub-olmamasını müəyyənləşdirmək üçün heç bir notarial hərəkət etməyərək yalnız kredit sazişinə əsaslanmaqla həmin Kredit sazişi üzrə yoxlama aparmadan əsassız icra qeydi aparmışdır. Məhkəmə cavabdeh "Bank of Baku” ASC tərəfindən verilmiş iddia ərizəsinə etirazda iddianın rədd olunması barədə dəlili ilə razılaşmır. Belə ki, iddia ərizəsinə etiraz ancaq formal mülahizələrdən ibarət olduğundan, məhkəmə hesab edir ki, etirazın dəlilləri iddianın rədd olunması üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin; 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1 -ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. İddiaçı Cavabdeh2 ASC-nin xeyrinə 12649 manat 04 qəpik tutulmasına dair Bakı şəhəri 14 saylı Notariat Ofisinin xüsusi notariusu X6 tərəfindən aparılmış 16 dekabr 2021ci il tarixli icra qeydi ləğv edilsin. Ödənilmiş dövlət rüsumu Cavabdeh1 və Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətindən tutularaq İddiaçı ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Anar İbadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar