Məhkəmə qərarları › İş №2(006)-1406/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1406/2021

04.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1406/2021 04.05.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi, məhkəmə iclasının katibi Namazova Çinarə İmaməddin qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili X1, cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “sığorta ödənişinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 17 noyabr 2020-ci il tarixli, M-Li Pİ38281/15 saylı sığorta şəhadətnaməsi üzrə sığorta ödənişinin ödənilməsi vəzifəsinin cavabdeh "xxxx" ASC-yə həvalə edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, mərhum həyat yoldaşı Məmmədov Hakim Ağaməmməd oğlu ilə 20 iyul 2004-ci il tarixdə AZ-1 № 129328 saylı akt qeydi ilə Masallı rayon VVADQ şöbəsində rəsmi nikaha girməklə ailə həyatı qurmuşdur. X11 Ağaməmməd oğlu 2000-ci ilin sentyabr ayından, 2017-cı ilin iyun ayının 26-a kimi (Azərbaycan Respublikası Prezidenti vanında Xüsusi İdarə, Hərbi-Əks-Kəşfiyyat Xidməti, Milli Təhlükəsizlik Nazirliyi, Dövlət Təhlükəsizlik Xidməti) fasiləsiz hərbi xidmətdə olmuşdur. 2017-cı ilin iyun ayının 26-da ehtiyata buraxılmışdır. Mərhum həyat yoldaşı Məmmədov Hakim Ağaməmməd oğlu 25.11.2015-ci il tarixində AC Bankdan hərbi qulluqçu kimi güzəştli şərtlərlə 50.000 (əlli) min manat İpoteka krediti götürərək, ünvan 1 ünvanında 148 kv mənzil almışdır. Məmmədov Hakim Ağaməmməd oğlu 19 aprel 2020-ci il tarixdə Abşeron rayonunda rəhmətə getmişdir, 27 aprel 2020-ci il tarixdə ölüm haqqında akt qeydlər kitabında 283 ilə qeyd aparılmış, 06 may 2020-ci il tarixində Abşeron Rayon Qeydiyyat Şöbəsi tərəfindən AZ-il XV 077124 saylı Ölüm haqqında şəhadətnamə verilmişdir. İpoteka müqaviləsi bağlanarkən eyni zamanda 17 noyabr 2015-ci il tarixdə xxxx ASC ilə həyat sığortasına dair müqavilə bağlanmışdır. Sözügedən müqavilənin 4-cü maddəsinin tələbinə əsasən sığortalının istənilən səbəbdən ölüm halında sığorta ödənişinin həcmi qalıq borc məbləğinin 100%-i həcmində müəyyən olunur. Məhz müqavilənin sözügedən şərti nəzərə alınaraq tərəfindən cavabdeh təşkilata müraciət olunaraq sığorta ödənişinin ödənilməsi xahiş olunmuşdur. Müraciətinə cavab olaraq 07 oktyabr 2020-ci il tarixli məktubla bildirilmişdir ki, Məmmədov Hakim Ağaməmməd oğlunun ölümünə səbəb dəqiqləşdirilməmiş miokard infarktı olmuşdur. Onun ölümü ilə patoloji prosesin başlanması arasındakı təxmini vaxt hissəsi 5 il göstərilmişdir ki, bu hal sığortalının sığorta təminatından öncə xəstə olmasını deməyə əsas verir. Cavabdeh təşkilatın sığorta ödənişinin ödənilməsindən imtinası ilə razılaşmayaraq, bildirir ki, sığorta təşkilatı ilə bağlanmış müqavilənin sığorta təminatı hissəsində istənilən səbəbdən ölüm qeyd edilmişdir. Eyni zamanda qeyd edilməsi zəruridir ki, mərhum sığorta edilən zaman sığorta şirkəti tərəfindən yoxlanılmalı idi. Əgər sığorta müqaviləsinin bağlanmasına maneçilik törədən hal mövcud idisə sığorta təşkilatı müqavilənin bağlanmasından imtina edə bilərdi. Həmçinin, qeyd edilməsi zəruridir ki, mərhumun səhhətində ölüm halınadək ciddi bir narahatçılıq olmamışdır. 5 il öncədən onda problemin mövcud olubolmaması barədə də məlumatı olmamışdır. Göstərilənlərlə yanaşı bildirir ki, bugünədək cavabdeh sığorta təşkilatı sığorta haqqını qəbul etmiş və həmin sığorta haqqının ödənilməsində heç bir gecikmə olmamış, sığorta müqaviləsi üzrə üzərinə götürmüş olduğu öhdəlikləri tam şəkildə yerinə yetirmişdir. Buna baxmayaraq, cavabdeh təşkilat bəhanə edərək sığorta ödənişini ödəməkdən qərəzli şəkildə boyun qaçırır. Əlavə olaraq bildirir ki, mərhum həyat yoldaşı Dövlət Təhlükəsizlik Xidmətində çalışmış və hər il onun səhhətində yoxlanılma aparılmışdır. Əgər səhhətində hər hansı bilinən bir problem olmuş olsaydı ona məlumat verilmiş olardı. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili X3 iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X5 etiraz ərizəsi təqdim edərək bildirmişdir ki, İddiaçı sığorta ödənişinin verilməsi tələbinə dair iddia ərizəsinin dəlilləri və əsasları ilə bağlı qeyd etmək istəyir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. İlk olaraq bildiriri ki, iddiaçının həyat yoldaşı Məmmədov Hakim Ağaməmməd oğlu “xxxx” ASC (irəlidə - Cəmiyyət) ilə 17.11.2015-ci il tarixli, M-Lİ Pİ38281/15 №li İpoteka götürən şəxslər üçün həyat sığortası şəhadətnaməsi bağlayaraq həyatın şəhadətnamə ilə müəyyən edilmiş müvafiq sığorta risklərindən sığorta etdirmişdir. İddiaçı 2020-ci ilin may ayında Cəmiyyətə müraciət edərək həyat yoldaşı H.Məmmədovun ölümü ilə əlaqədar sığorta ödənişinin həyata keçirilməsini xahiş etmişdir. Bu müraciət qeydiyyata alındıqdan sonra H.Məmmədovun sığorta müqaviləsi bağlayarkən Cəmiyyətə səhhəti barədə verdiyi məlumatların düzgünlüyünün yoxlanılması üçün tərəflərindən tibb müəssisələrinə sorğular verilərək cavab alınmışdır. Aparılmış araşdırma yolu ilə məlum olmuşdur ki, sığortalı Hakim Məmmədov onunla sığorta müqaviləsi bağlanarkən səhhəti ilə əlaqədar özünə məlum olanlar barəsində sığortaçıya yalnış məlumat vermişdir. Bu hal sığortaçıya qanunvericiliyin tələblərinə uyğun olaraq sığorta ödənişinin verilməsindən imtina etməyə əsas yaratdığından ödənişin həyata keçirilməsindən imtina edilmiş və iddiaçıya imtina haqqında rəsmi bildiriş məktubu göndərilmişdir. Belə ki, araşdırma dövründə Hakim Məmmədovun yaşağıdığı ərazi üzrə Abşeron Rayon Mərkəzi Xəstəxanasına ünvanlanmış sorğu məktubuna əsasən əldə edilmiş ölüm haqqında tibbi şəhadətnamədə qeyd olunur ki, H.Məmmədovun 19.04.2020-ci il tarixdə dəqiqləşdirilməmiş kəskin miokard infarktından ölümünə səbəb olmuş və sonuncuda əvvəlcədən mövcud olan ürəyin xroniki işemik xəstəliyinin digər formalarından ibarət patoloji prosesin başlaması ilə ölüm arasındakı təxmini vaxt dövrü 5 ildir. Bununla yanaşı Abşeron Rayon Mərkəzi Xəstəxanası X12ndən daxil olmuş məktubdan və ambulator kitabçadan (xəstəlik tarixindən) çıxarışdan görünür ki, “Məmmədov Hakim Ağaməmməd oğlunda ürəyin xroniki işemik xəstəliyi diqnozunun müəyyən edilmə tarixi (xəstəliyin başlama tarixi) 5 il olmaqla, həmin diaqnozla X6 2017-ci ildən dispanser qeydiyyatda olmuş, ürək nahiyyəsindəki ağrılardan və tez yorulmadan şikayətləri olmuş və ambulator müalicə almışdır. Sığortalı H.Məmmədov sığorta müqaviləsinin ayrılmaz tərkib hissəsi hesab olunan ərizə formasında sığortaçıya ərizədə göstərilən xəstəlikləri, o cümlədən ürək xəstəlikləri (ürəyin işemiyası, ürək qüsuru və sair) keçirmədiyini və onun əlamətlərinin müşahidə olunmadığını bəyan etmişdir. Lakin yuxarıda qeyd olunan sənədlərlə sübuta yetirilir ki, H.Məmmədovda sığorta müqaviləsi bağladığı tarixdən əvvəl mövcud olmuş xəstəliyi onun miakard infarktından ölümünə səbəb olmuşdur. Göründüyü kimi H.Məmmədov sığorta müqaviləsi bağlanarkən Qaydaların 9.2.5-ci yarımbəndində göstərilən (“sığorta müqaviləsi bağlanarkən sığortalanma haqqında ərizə formasında göstərilən və özünə məlum olan, sığortaçının müqavilədən imtina etmək, yaxud onu məzmunu dəyişdirilmiş şəkildə bağlamaq qərarına təsir göstərə bilən bütün hallar barədə sığortaçıya məlumat vermək), həmçinin sığorta müqaviləsi bağlandıqdan sonra sığorta riskinin artmasına bilavasitə səbəb olan dəyişikliklər barədə sığortaçıya məlumat vermək vəzifəsini yerinə yetirməmişdir. Bundan əlavə H.Məmmədov ərizə formasını imzalayaraq yalan və yarımçıq məlumat verməyin sığorta ödənişindən imtina üçün əsas olduğu barədə sığortaçı tərəfindən xəbərdar edildiyini sübut təsdiqləmişdir. Beləliklə sadalananlar Qaydaların 6.6, 7.2, 9.2.5 və 18.1.3-cü bəndlərinə, eləcə də Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 911.2, 912.1 və 935.1.6-cı maddələrinə uyğun olaraq sığorta ödənişinin verilməsindən imtinanın qanunvericilikdə müəyyən edilmiş əsasını yaratdığından sığortaçı düzgün olaraq Hakim Məmmədovun ölümü ilə əlaqədar baş vermiş hadisəyə görə sığorta ödənişinin verilməsindən imtina etmişdir. Ona görə də İddiaçı "xxxx” ASC-yə qarşı sığorta ödənişinin verilməsinə dair iddia tələbini təmin etməməyi xahiş etmişdir. Əsaslandırıcı hissə: İddia rədd edilməlidir. 17.11.2015-ci il tarixli, M-Lİ P138281/15 saylı ipoteka götürən şəxslər üçün həyat sığortası şəhadətnaməsinə əsasən iddiaçı ilə «xxxx» Açıq Səhmdar Cəmiyyəti tərəfindən 16.11.2015-ci il tarixdən 16.11.2032-ci il tarixədək 50.000 manat məbləğində sığortalanmışdır. Şəhadətnaməyə əsasən bədbəxt hadisə və xəstəlik nəticəsində sığortalının ümumi əmək qabiliyyətinin daimi tam və qismən itirilməsi hallarında sığorta ödənişinin verilməsinə təminat vermişdir. Müqavilədə əmək qabiliyyətinin tam itirilməsi üzrə müqavilənin qüvvədə olduğu müddətdə sığorta olunanın əmək qabiliyyətinin daimi tam itirilməsi nəticəsində həmin müddət ərzində ssuda üzrə borcun qalığı həcmində, qismən itirilmə üzrə ödəniş cədvəlinə əsasən sığortalıya ödəniş ediləcəyi şərti göstərilmişdir. Abşeron rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 06.05.2020-ci il tarixli, AZ-İİ seriyalı, 077124 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Məmmədov Hakim Ağaməmməd oğlu 19.04.2020-ci il tarixdə dəqiqləşdirilmiş miokard infarktı səbəbindən ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 27.04.2020-ci il tarixdə 283 nömrə ilə qeyd edilmişdir. “Abşeron Rayon Mərkəzi Xəstəxanası” X12 tərəfindən “xxxx” ASC-yə ünvanlanmış 02.06.2020-ci il tarixli məktubdan görünür ki, Abşeron rayonu, Masazır kəndində yaşamış 1970-ci il təvəllüdlü Məmmədov Hakim Ağaməmməd oğlu 2017-ci il tarixdən X6 tibbi qeydiyyatda olmuşdur. 19.04.2020-ci il tarixdə “İ21.9 Dəqiqləşdirilməmiş kəskin miokard infarktı, İ25.8 Ürəyin xroniki işemik xəstəliyinin digər formaları” diaqnozu ilə vəfat etmişdir. H.Məmmədov adına X9 tərəfindən “ölüm haqqında tibbi şəhadətnamə” verilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Abşeron Rayon Mərkəzi Xəstəxanası” X12 X7 ambulator kitabçadan (xəstəlik tarixdən) 22.05.2020-ci il tarixli çıxarışdan görünür ki, Məmmədov X4 Həkim Məntəqəsində ürəyin xroniki işemik xəstəliyi diaqnozu ilə dispanser qeydiyyatda olmuşdur. Şikayətçinin ürək nahiyyəsində ağrı, tez yorulma olmuş, ambulator müalicə açılmışdır. 19.04.2020-ci ildə qəflətən rəhmətə getmişdir. Xəstəyə təyin olunmuş xroniki işemik xəstəliyi diaqnozunun müəyyən edilmə tarixi 5 ildir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Abşeron Rayon Mərkəzi Xəstəxanası” X12 tərəfindən verilmiş ölüm haqqında tibbi şəhadətnamənin surətindən görünür ki, Məmmədov Hakim Ağaməmməd oğlu 19.04.2020-ci il tarixdə dəqiqləşdirilmiş kəskin miokard infarktı səbəbindən ölmüşdür. Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti Hərbi-Tibb Baş İdarəsinin 19.06.2020-ci il tarixli məktubundan görünür ki, 1970-ci il təvəllüdlü Məmmədov Hakim Ağaməmməd oğlunun DTX-nin Hərbi-Tibb Baş İdarəsinə müraciəti qeydə alınmamışdır. “xxxx” ASC tərəfindən İddiaçı ünvanlanmış sığorta ödənişinin verilməsindən imtina ilə əlaqədar 07.10.2020-ci il tarixli cavab məktubundan görünür ki, şirkət tərəfindən 17.11.2015-ci il tarixli, M-Lİ P138281/15 saylı ipoteka götürən şəxslər üçün həyat sığortası şəhadətnaməsi üzrə sığortalanmış Məmmədov Hakim Ağaməmməd oğlu dəqiqləşdirilmiş miokard infarktı səbəbindən vəfat etmişdir ( əsas 06.05.2020-ci il tarixli, AZ-İİ 077124 saylı ölüm haqqında şəhadətnamə). 24.04.2020-ci il tarixdə sığortalının adına tərtib edilmiş TQS 106 formalı ölüm haqqında tibbi şəhadətnamənin ölümə səbəb olmuş əvvəlcə mövcud olan xəstəlik və ya hal hissəsində “ürəyin xroniki işemik xəstəliyinin digər formaları”, patoloji prosesin başlanması ilə ölüm arasındakı təxmini vaxt hissəsində “5 il” qeyd edilmişdir. Bu isə sığortalının sığorta təminatından öncə xəstə olmasını deməyə əsas verir. Qeyd edilənlərə əsasən “xxxx” ASC Məmmədov Hakim Ağaməmməd oğlunun vəfat etməsinə sığorta ödənişi həyata keçirə bilməz. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından göründüyü kimi 17.11.2015-ci il tarixli, M-Lİ P138281/15 saylı ipoteka götürən şəxslər üçün həyat sığortası şəhadətnaməsinə əsasən sığortalanmış Məmmədov Hakim Ağaməmməd oğlu “dəqiqləşdirilməmiş miokard infarktı” səbəbindən vəfat etmişdir. İş materiallarına əlavə edilmiş ölüm haqqında tibbi şəhadətnamədə Məmmədov Hakim Ağaməmməd oğlunun ölümünə dəqiqləşdirilməmiş kəskin miokard infarktının səbəb olduğu, mərhumda əvvəlcədən mövcud olan ürəyin xroniki işemik xəstəliyinin digər formalarından ibarət patoloji prosesin başlaması ilə ölüm arasındakı təxmini vaxt dövrünün 5 il təşkil etdiyi müəyyən edilmişdir. Qeyd edilən hallar həmçinin Məmmədov Hakim Ağaməmməd oğlunun adına açılmış ambulator kitabçadan çıxarışda bəyan edilmişdir. Mülki Məcəlləyə müvafiq olaraq sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır (maddə 833.1). Sığorta müqaviləsi yazılı formada: tərəflərin müvafiq sığorta qaydaları əsasında sığorta müqaviləsi adlanan sənədi tərtib edərək qarşılıqlı imzalaması yolu ilə; müvafiq sığorta qaydaları ilə sığortalının razı olmasını təsdiq etməsi şərti ilə sığortaçı tərəfindən ona sığorta şəhadətnaməsinin verilməsi yolu ilə və icbari sığorta qanunvericiliyində nəzərdə tutulmuş digər qaydada bağlanır (maddə 899.1). Sığorta haqqının miqdarı və ya onun hesablanması və ödənilməsi qaydası könüllü sığortada sığorta müqaviləsi ilə, icbari sığortada isə icbari sığorta qanunları ilə müəyyən edilir (maddə 903.1-903.2). Sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. Sığorta hadisəsi hesab edilən hadisələr və hallar icbari sığorta üzrə icbari sığorta qanunlarında, könüllü sığorta üzrə isə tərəflərin razılaşması əsasında sığorta müqaviləsində müəyyən edilir. Sığorta hadisəsi baş vermə ehtimalına və (və ya) təsadüfilik əlamətlərinə malik olmalıdır (maddə 922). Mülki Məcəllənin 911.2-ci maddəsinin tələblərinə görə sığorta müqaviləsi bağlanarkən sığortalı özünə məlum olan, habelə sığortaçının yazılı surətdə tələb etdiyi və müqavilədən imtina etmək, yaxud onu məzmunu dəyişdirilmiş şəkildə bağlamaq qərarına təsir göstərə bilən bütün hallar barədə sığortaçıya məlumat verməlidir. Bu Məcəllənin 935.1.6-cı maddəsinə görə Məcəllənin 935.2-ci maddəsi nəzərə alınmaqla, sığorta predmeti, həmçinin sığorta olunan şəxs və (və ya) sığorta hadisəsi barəsində sığortalının sığortaçıya qəsdən yanlış məlumat verməsi nəticəsində sığortaçının sığorta riskini qiymətləndirmək, həmçinin sığorta hadisəsinin səbəblərini və (və ya) dəyən zərərin həcmini müəyyənləşdirmək imkanından tam və ya qismən məhrum olması sığortaçıya sığorta ödənişinin verilməsindən imtina etmək üçün əsasdır. “Fiziki şəxslərə təqdim edilən kredit müqavilələri üzrə borcalanın həyatının ölüm halından və əmək qabiliyyətinin itirilməsi hallarından sığortası” Qaydalarına əsasən kredit müqavilələri üzrə borcalanın həyatının ölüm halından və əmək qabiliyyətinin itirilməsi hallarından könüllü sığortası üzrə fiziki şəxslərə təqdim edilən sığorta növünün aparılmasının əsaslandığı, bütün sığortaçılar üçün məcburi olan qayda və şərtləri müəyyən edir (1.1). Qaydalara əsasən, sığorta hadisəsi – sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır (2.0.11). Kənar fiziki təsirlə əlaqədar olan və sığorta olunanın sağlamlığına zərər vuran – bədən üzvlərinin, toxumalarının zədələnməsi ilə sağlamlığının qəflətən və kəskin pozulması halı ilə müşayiət olunan qəfil, gözlənilməz və təsadüfi hadisə bədbəxt hadisə hesab edilir (2.0.12). Bu Qaydalara əsasən sığortaçı sığorta müqaviləsinə əsasən ən azı sığorta olunanın ölməsi, sığorta olunanın xəstəlik və ya bədbəxt hadisə nəticəsində əmək qabiliyyətini tam və ya qismən itirməsilə əlaqədar ona əlillik dərəcəsinin təyin olunması risklərindən sığorta təminatı verir (4.4). Sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində ona sığortalının vəziyyətini bu Qaydaların şərtlərinə nisbətən pisləşdirməyən əlavələr və dəyişikliklər edilə bilər. Bu tələbə uyğun olmayan əlavələr və dəyişikliklər etibarsızdır. Sığortaçı sığorta müqaviləsinin qüvvədə olduğu müddətdə sığorta riskinin artmasına səbəb olan dəyişikliklər barədə məlumat aldıqda sığorta müqaviləsinin şərtlərinin dəyişdirilməsini, o cümlədən sığorta haqqının artırılmasını tələb edə bilər. Sığortalı bu tələblə razılaşmadıqda, sığortaçı sığorta müqaviləsinə vaxtından əvvəl xitam verilməsini tələb edə bilər (7). Sığorta müqaviləsi bağlanarkən sığortalanma haqqında ərizə formasında göstərilən və özünə məlum olan, sığortaçının müqavilədən imtina etmək, yaxud onu məzmunu dəyişdirilmiş şəkildə bağlamaq qərarına təsir göstərə bilən bütün hallar barədə sığortaçıya məlumat vermək; sığorta müqaviləsi bağlandıqdan sonra həmin müqavilənin qüvvədə olduğu müddət ərzində sığorta riskinin dəyişməsinə təsir göstərə bilən səhhəti ilə bağlı hallar barədə bildiyi tarixdən 5 iş günü müddətində sığortaçıya yazılı məlumat vermək sığortalının vəzifələrinə aid edilmişdir (9.2.5 və 9.2.6). Qeyd edilən maddələrin məzmunundan göründüyü kimi sığorta müqaviləsini bağlayan tərəflər öz müqavilə məqsədlərinə nail olmaq üçün lazımi məlumatları əldə etməkdə maraqlı olurlar. Bu səbəbdən də həm qanunvericilikdə, həm də bir qayda olaraq müqavilə tələblərində sığorta müqaviləsi bağlanan zaman tərəflərin zəruri məlumatları vermək vəzifələri müəyyən edilmişdir. Bu məlumatlara sığortaçının müqavilədən imtina etmək, yaxud onu məzmunu dəyişdirilmiş şəkildə bağlamaq qərarına təsir göstərə bilən məlumatlar aiddir. Məhkəmə araşdırması zamanı işin müəyyən edilmiş hallarından göründüyü kimi, cavabdehin iddiaçıya sığorta ödənişinin verilməsindən imtina etməsinin ilk əsası ondan ibarətdir ki, iddiaçının məhrum əri Məmmədov Hakim Ağaməmməd oğlu həyat sığortası müqaviləsi bağlanan zaman özünün xəstə olduğunu, ürəyin xroniki işemik xəstəliyinin digər formalarından ibarət patoloji prosesin başlanması barədə xəbərdar olmasına baxmayaraq bu hallar barədə sığortaçıya məlumat verməmişdir. Cavabdeh imtinasını Mülki Məcəllənin 911.2 və 935-ci maddələri ilə əsaslandırmışdır. Məhkəmə işin müəyyən etdiyi hallarına Azərbaycan Respublikası Mülki Məcəlləsinin 911.2, 915, 922.1, 926.1, 935.1.6-cı maddələrini tətbiq etməklə hesab edir ki, Məmmədov Hakim Ağaməmməd oğlu sığorta müqaviləsini bağlayarkən özündə olan xəstəlik barədə sığortaçıya bəyan etməmiş və bununla da sığortaçıya qəsdən yanlış məlumat verməklə sığortaçının sığorta riskini qiymətləndirmək imkanından məhrum etmişdir. Sığortalının həyat sığortası müqaviləsinin bağlanması zamanı özünün məlumat vermək vəzifəsini icra etməməsinin müqavilənin bağlandığı vaxtdan 5 il müddət keçdikdən sonra sığortaçının müqavilə üzrə vəzifələrinin icrasından imtina etməsi üçün əsas ola bilmədiyi nəzərə alınsa belə məhkəmə tərəfindən qeyd edilməlidir ki, həyat sığortası müqaviləsinin bağlanması tarixdən Məmmədov Hakim Ağaməmməd oğlunun öldüyü tarixədək 5 ildən az vaxt keçmişdir. Belə ki, Mülki Məcəllənin 917.2-ci maddəsinin tələblərinə görə sığortalının həyat sığortası müqaviləsinin bağlanması zamanı özünün məlumat vermək vəzifəsini icra etməməsi müqavilənin bağlandığı vaxtdan 5 il müddət keçdikdən sonra sığortaçının müqavilə üzrə vəzifələrinin icrasından imtina etməsi üçün əsas ola bilməz. Bu halda sığortalı məlumat vermək vəzifəsini qəsdən icra etməmişdirsə, müqavilədən imtinaya yol verilir. Beləliklə, məhkəmə işdə olan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı, cavabdeh "xxxx" ASC-dən sığorta ödənişinin ödənilməsinə dair tələbi əsassız olduğundan, iddiası rədd edilməlidir. Onun tərəfindən ödənilmiş dövlət rüsumu isə özünə aid edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Nəticə hissəsi: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “sığorta ödənişinin ödənilməsi” tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cəmilə Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar