Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1415/2021 11.02.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, məhkəmə iclas katibi Fərəcova Təranə Aydın qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı "alimentin təyin edilməsi" tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi və sonra da iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəflərin birgə nikahından olan xx.xx.2006-ci il təvəllüdlü X5 və xx.xx.2008-ci il təvəllüdlü X1 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün hər ay hər uşaq üçün 175 manat olmaqla, cəmi 350 manat sabit pul məbləğində alimentin tutulmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, iddiaçı 2005-ci ildə Cavabdeh ilə nikaha daxil olaraq ailə həyatı qurmuşdur. Birgə nikahlarından iki övladları, xx.xx.2006-ci il təvəllüdlü X5 və xx.xx.2008-ci il təvəllüdlü X2 dünyaya gəlmişdir. xx.xx.2013-cü il tarixdə Abşeron rayon Məhkəməsi tərəfindən nikahları pozulmuşdur. Məhkəmə nikahlarının pozulmasına dair işə baxarkən, iddiaçı aliment tələbi irəli sürməmişdir. Hazırda yetkinlik yaşına çatmayan uşaqlar iddiaçının himayəsindədir. Nikahları pozulduqdan sonra cavabdeh bir müddət ayda 350 manat iddiaçının iki azyaşlı uşaqları ilə birlikdə yaşadığı evin kirayə pulunu ödədiyi üçün iddiaçı cavabdehə qarşı aliment tələbi qaldırmamışdır. Amma sonradan cavabdeh ev pulunu 3, hətta 4 ayla gecikdirdiyi üçün iddiaçı evsiz qalıb övladları ilə birlikdə qohumlarının və rəfiqələrinin evində yaşamağa başlamışdır. 2018-ci ildən cavabdeh ümumiyyətlə heç bir maddi yardım, nə ərzaq, nə uşaqları xəstələnəndə dərman, nə pul vermişdir. Son dəfə iddiaçı 2020-ci ilin fevral ayında cavabdehə zəng edərək maddi yardım istəmişdir. Cavabdehə izah etmişdir ki, ona uşaqlara baxmaq çox çətindir, lakin onda da cavabdeh gəlirinin azalmasını, ikinci ailəsinə güclə baxdığını bəhanə gətirərək maddi yardım etməkdən imtina etmişdir. İddiaçı neçə vaxtdı işlədiyi satış şöbəsinin mütəxəssisi kimi işlədiyi şirkətdə ixtisara düşərək işini itirmiş və daimi iş tapa bilmir. Ev xadiməçiliyi edir, dayəlik edib övladlarını dolandırır. Amma daimi gəliri yoxdur. İşi olanda belə iddiaçı qazancıyla uşaqlarının təminatını ödəməkdə çətinlik çəkir. Cavabdeh ev təmiri və tikintisi sahəsində işləyir, onun özünün bu sahədə briqada işçi qrupu olduğunu iddiaçı bilir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh işləmədiyi və maddi imkanının olmadığını bildirərək iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan Binəqədi rayon VVADQ şöbəsi tərəfindən xx xxxxxxx 2006-cı il tarixdə verilmiş AZ-İ seriyalı 844171 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X5 xx xxxxxxxx 2006-cı il tarixdə Bakı şəhərində anadan olmuş, ata qrafasında Cavabdeh, ana qrafasında X4 göstərilmiş və bu barədə doğum haqqında akt qeydləri kitabında xx xxxxxxx 2006-cı i il tarixdə 2529 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan Binəqədi rayon qeydiyyat şöbəsi tərəfindən xx xxx 2008-ci il tarixdə verilmiş AZ-İİ seriyalı 099499 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X3 xx xxxxx 2008-ci il tarixdə Bakı şəhərində anadan olmuş, ata qrafasında Cavabdeh, ana qrafasında X4 göstərilmiş və bu barədə doğum haqqında akt qeydləri kitabında xx xxx 2008-ci il tarixdə 1192 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan Abşeron Rayon Qeydiyyat Şöbəsi tərəfindən xx xxxxxx 2013cü il tarixdə verilmiş AZ-İ seriyalı 160908 saylı nikahın pozulması haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh ilə X4 arasında olan nikah xx.xx.2013-cü il tarixdə pozulmuş və bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında xx.xx.2013-cü ildə 164 nömrə ilə qeyd edilmişdir. Nikah pozulduqdan sonra sonra arvada Muradova soyadı verilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2-ci hissəsinə görə uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 5-cı maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların manafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdır. Həmin qanunun 19-cu maddəsinə əsasən uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi təlabatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizə edilməsi valideynlərin vəzifələridir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinə əsasən hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin edilməsi üçün əsas məsuliyyəti valideyinlər daşıyır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur; Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamasını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsaitin tutulmasını tələb edən şəxsin xahişi ilə almentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancının (gəlirinin) müəyyən hissəsi kimi müəyyən edilə bilər; Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx xxxx 2016-cı il tarixli Qərarına əsasən belə hesab edilmişdir ki, Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə, həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxx 2016-cı il tarixli, 8- 2/2016 saylı qərarında göstərilmişdir ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. «Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən 2020-ci il üçün yaşayış minimumu uşaqlar üçün 170 manat məbləğində müəyyən edilmişdir. «Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən 2021-ci il üçün yaşayış minimumu uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, İddiaçı ilə Cavabdeh birgə nikahlarından xx.xx.2006-ci il təvəllüdlü X5 və xx.xx.2008-ci il təvəllüdlü X2 adlı övladları anadan olmuşdur. Tərəflər arasındakı nikah pozulmuşdur və uşaqlar hazırda ananın himayəsindədirlər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin yuxarıda göstərilən müddəalarını, habelə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin və Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun anoloji işlərlə bağlı Qərarları ilə formalaşdırdıqları hüquqi mövqelərini, uşaqların mənafeyini, işin faktiki hallarını nəzərə alaraq, məhkəmə belə qənaətə gəlir ki, əsas diqqət yetkinlik yaşına çatmamış uşaqların mənafeyinə və onların maddi cəhətdən təmin olunmasına yönəlməli və iddia qismən təmin edilərək cavabdehdən xx.xx.2006-ci il təvəllüdlü X5 və xx.xx.2008-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün xx.xx.2020-ci il tarixdən (ərizə ilə məhkəməyə müraciət edildiyi tarix) başlayaraq xx.xx.2020-ci il tarixədək hər ay hər uşaq üçün 170 manat olmaqla, cəmi 340 manat, xx.xx.2021-ci il tarixdən etibarən hər ay hər uşaq üçün 175 manat olmaqla, cəmi 350 manat sabit pul məbləğində aliment iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Dövlət rüsumu haqqında Qanunun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə görə, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməlidir. Məhkəmə hesab edir ki, MPM-in 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiymətinin bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilməli olduğu halda, hazırki iş üzrə cavabdehdən ödənilməli olan dövlət rüsumu kimi 30 manat məbləğində pul vəsaiti alınaraq dövlət büdcəsinə keçirilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-ın 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2006-ci il təvəllüdlü X5 və xx.xx.2008-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün xx.xx.2020-ci il tarixdən başlayaraq xx.xx.2020-ci il tarixədək hər ay hər uşaq üçün 170 (yüz yetmiş) manat olmaqla, cəmi 340 (üç yüz qırx) manat, xx.xx.2021-ci il tarixdən etibarən hər ay hər uşaq üçün 175 (yüz yetmiş beş) manat olmaqla, cəmi 350 (üç yüz əlli) manat sabit pul məbləğində aliment Cavabdeh alınaraq İddiaçı ödənilsin. İddia digər hissədə təmin edilməsin. Cavabdeh dövlət rüsumu kimi 30 (otuz) manat məbləğində pul vəsaiti alınaraq dövlət büdcəsinə keçirilsin. Qətnamə alimentin tutulması hissəsində dərhal icra olunsun. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Solmaz Mustafayeva
Məhkəmə qərarları › İş №2(006)-1415/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1415/2021
11.02.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver