Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1417/2022 02.12.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Cəfərov Səməd Fəxrəddin oğlunun sədrliyi, məhkəmə iclasının katibi Xalıqova Məstanə Mətləb qızının katibliyi, cavabdehin nümayəndəsi X4 iştirakı ilə, iddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı «sığorta məbləğinin ödənilməsi» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı «sığorta məbləğinin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, oğulları X2 03 noyabr 2000-ci il tarixdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsində öz xidməti borcunu yerinə yetirərkən mina partlayışı nəticəsində Şəhid olması ilə əlaqədar cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən onlara 11.000 manat məbləğində sığorta ödənişi edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, onların oğlu X6 03 noyabr 2000-ci il tarixdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsində öz xidməti borcunu yerinə yetirərkən mina partlayışı nəticəsində həlak olmuşdur. X1 Şəhid, onlara isə Şəhid ailəsi üzvü statusu verilmişdir. Oğulları Şəhid olandan sonra onlara başqa güzəştlər edilmiş olsa da, başqa Şəhid ailələrinə ödənilmiş olan 11.000 manat məbləğində sığorta ödənişi edilməmişdir. İlk vaxtlarda bunu müvafiq dövlət orqanının müraciətləri olmadan həyata keçirəcəyini güman edərək hər hansı orqana özləri müraciət etməyi vacib hesab etməmişlər. Hazırda tanıdıqları bütün Şəhid ailələrinə qeyd edilən 11.000 manat məbləğində sığorta ödənişi edilməsinə baxmayaraq onlara həmin ödəniş verilməmişdir. Onlar bu məsələ ilə əlaqədar Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciətlərinə cavab olaraq bildirilmişdir ki, «Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 aprel tarixli 1 nömrəli Fərmanına əsasən, birdəfəlik ödəmə 1997-ci il 2 avqust tarixinədək həqiqi hərbi xidmət (toplanışda) olduğu zaman həlak olması, ölməsi və ya xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilməsi ilə əlaqədar barəsində sığorta ödənişinin verilməsinə dair qanuni qüvvəyə minmiş məhkəmə aktı olmayan, habelə 11.000 manat məbləğində sığorta ödənişi almamış hərbi qulluqçuların və daxili işlər orqanlarının vərəsələrinə verilir. Onlar Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə ərizə ilə müraciət edərək oğulları X2 03 noyabr 2000-ci il tarixdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsində öz xidməti borcunu yerinə yetirərkən mina partlayışı nəticəsində həlak olması ilə əlaqədar onlara 11.000 manat məbləğində sığorta ödənişi edilməsini xahiş etmişlər. Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin 31 avqust 2021ci il tarixli xx-xx-1413 nömrəli cavab məktubunda ərizələrinə baxıldığı, «Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında» Azərbaycan Respublikasının 20 may 1997-ci il tarixli Qanununun 7-ci maddəsinin sonuncu abzasına əsasən sığorta olunanın və ya onun vərəsələrinin sığorta ödənişinin alınması üçün sığorta hadisəsi günündən 3 il keçənədək sığorta orqanlarına müraciət etmək hüququ olduğu, hadisədən 21 ildən artıq müddət keçdiyinə görə onlara qanunda nəzərdə tutulmuş sığorta ödənişinin verilməsinin mümkün olmadığı bildirilməklə sığorta pulunun ödənilməsindən imtina edilmişdir. Cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti oğulları X2 Şəhid olması ilə bağlı oğullarının qanun üzrə vərəsələri kimi onlara 11.000 manat məbləğində sığorta ödənişi etməkdən imtina etdiyinə görə məcburiyyət qarşısında qalaraq bu işlə əlaqədar məhkəməyə müraciət etməli olmuşlar. İddiaçıların nümayəndəsi və vəkili Vəkil məhkəməyə xx.xx.2022-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçıların hazırda iddia ərizələrinə baxılmasını istəmədiklərini bildirmiş, iddia ərizəsinin və ərizəyə əlavə edilmiş sənədlərin özlərinə qaytarılmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi X8 məhkəmə iclasında iddiaya mahiyyəti üzrə iddiaçıların iştirakı olmadan baxılmasını tələb etdiyindən, məhkəmə mülki işə mahiyyəti üzrə iddiaçıların iştirakı olmadan baxmışdır. Cavabdehin nümayəndəsi X8 məhkəmə iclasında iddianı qəbul etmədi və izahatında bildirdi ki, iddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən (bundan sonra - Şirkət) onların mərhum oğlu X2 hərbi xidmətdə olarkən həlak olması faktına görə yaranmış sığorta hadisəsi ilə əlaqədar ona 11.000 manat sığorta ödənişinin verilməsi tələbi ilə bağlı iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət etmişlər. Hesab edirlər ki, iddia əsassızdır və rədd edilməlidir. Belə ki, mərhum X2 hərbi xidmət zamanı həlak olması ilə bağlı yaranmış sığorta hadisəsinə görə Şirkətin Mingəçevir şəhər filialı tərəfindən mərhumun vərəsəsinə xx.xx.2001-ci il tarixdə 5.500.000 AZM (1100 AZN) sığorta ödənişi verilmişdir. Lakin qeyd etmək lazımdır ki, sığorta ödənişinin verilməsi ilə əlaqədar ödəniş tapşırığının təqdim edilməsi qeyri-mümkündür. Belə ki, sığorta ödənişinin mərhumun vərəsələrinin hesabına köçürülməsindən uzun müddət keçdiyinə görə "xxxx" ASC tərəfindən sözügedən ödənişlərlə bağlı çıxarışların edilməsinin mümkün olmadığı bildirilmişdir. Bildirir ki, pul köçürməsi mərhumun vərəsələrinə yuxarıda qeyd olunan tarixdə hesab açılmadan həyata keçirilmişdir. Azərbaycan Respublikası Mərkəzi X7 xx.xx.2013-cü il tarixli, 16/3 nömrəli qərarı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının bank sistemində arxiv işinin aparılması haqqında Təlimat»ın 1 nömrəli Əlavəsində sənədlərin saxlanılma müddəti göstərilmişdir. Belə ki, həmin Əlavənin «Vİ. Mühasibat uçotu və hesabatı» bölməsində hesab açılmadan pul köçürmələri sənədlərinin (o cümlədən sürətli ödəniş sistemi vasitəsilə) saxlanılma müddəti 5 il qeyd olunmuşdur. Əlavə olaraq qeyd edilməlidir ki, işə baxılarkən məhkəmə təcrübəsi də nəzərə alınmalıdır. Belə ki, X3 cavabdeh Şirkətə qarşı sığorta ödənişinin verilməsi tələbi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət etmiş, məhkəmənin 2(006)-277/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsilə iddia rədd edilmiş, əsaslandırıcı hissəsində göstərilmişdir ki, Şirkətin elektron informasiya sistemində olan məlumata əsasən M.M.Abuşovun həlak olması ilə əlaqədar onun varisinə Şirkətin Nəsimi rayon filialı tərəfindən xx.xx.2004-cü il tarixdə 5.500.000 AZM (1.100 AZN) manat sığorta ödənişi həyata keçirilmişdir. İddiaçının sözügedən qətnamədən verdiyi apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin 2(103)-8165/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsilə təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmış, əsaslandırıcı hissəsində yenə də sözügedən fakta istinad edilmişdir. Yuxarıda qeyd olunanlara əsaslanaraq, iş üzrə iddiaçılar İddiaçı2 və İddiaçı1 tərəfindən verilmiş iddia ərizəsinin rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə, cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Oğuz rayon Dövlət Notariat Ofisinin icraatında olmuş, sonradan aidiyyəti üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Dövlət Notariat Arxivinə təhvil verilmiş 2V-1/03 reyestr nömrəli, X2 vərəsəlik işindən görünür ki, Oğuz rayon Dövlət Notariat Ofisi tərəfindən 15 yanvar 2001-ci il tarixdə 2V- 1/03 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmiş və miras əmlak kimi Oğuz rayonu Dövlət Sığorta Agentliyinin xx.xx.2001-ci il tarixli 105 nömrəli məktubuna əsasən sığorta yardım pulu müəyyən edilmişdir. Həmin notariat işində olan, İddiaçı2 oğlunun Şəhadətinə görə ödənilməli məbləğin İddiaçı1 adına yazılmasına etiraz etmədiyini bildirmişdir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, istinad olunan maddənin mənasından göründüyü kimi sübutetmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər. “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun bəzi müddəalarının şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli Plenum Qərarında qeyd olunur ki, “Qanunvericiliyin tələblərinə və müqavilə şərtlərinə görə sığorta müqaviləsinə müqavilənin müddətinin başa çatması ilə, yaxud da sığorta hadisəsinin baş verməsi və buna müvafiq sığorta ödənişinin sığortaçı tərəfindən sığortalıya ödənilməsi ilə xitam verilir. Sığorta ödənişi həmin vaxt qüvvədə olan qanunvericiliklə müəyyən edilmiş qaydada ödənilir. Bu baxımdan, birdəfəlik sığorta ödənişini almış və bu əsasla sığorta müqaviləsinə xitam verilmiş şəxslərə sığorta ödənişinin təkrarən verilməsi qanunvericiliyin tələblərinə zidd olardı.” Beləliklə, Konstitusiya Məhkəməsinin Plenumu bu nəticəyə gəlmişdir ki, “Sığorta ödənişini almış və bu əsasla sığorta müqaviləsinə xitam verilmiş şəxslərə sığorta ödənişinin təkrarən verilməsi qanunvericiliyin tələbləri baxımından yolverilməzdir.” Həmçinin, Plenum Qanuna edilmiş dəyişikliklə sığorta məbləğinin artırılmasına münasibətdə qərara almışdır ki, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq maddələrində birdəfəlik sığorta məbləğinin artırılması hərbi qulluqçuların qanunvericiliklə müəyyən edilmiş hüquq və azadlıqlarının mahiyyətinə və həcminə təsir etmir, həmin hüquq və azadlıqlar olduğu kimi qalır. Bu baxımdan, birdəfəlik sığorta məbləğinin artırılması hərbi qulluqçuların Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş “hüquqi vəziyyətini yaxşılaşdıran” hal kimi qəbul oluna bilməz. Avropa İnsan Hüquqları Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına» qarşı 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Eyni zamanda «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir (§93). İddiaçılar tərəfindən iddia tələbinin əsası kimi istinad etdikləri hallara (onlara qanunla müəyyən olunmuş sığorta ödənişi verilməməsinə) dair sübutlar məhkəməyə təqdim edilməmişdir. Əksinə, iş materiallarına əlavə olunmuş, yuxarıda sadalanan sənədlərdən göründüyü kimi, iddiaçıların oğlunun Şəhadəti ilə bağlı sığorta ödənişi iddiaçılara təqdim olunmuşdur. Cavabdeh iddiaçılara münasibətdə sonuncuların hüquqlarını pozan, mənafeyinə aid hər hansı qanuna zidd hərəkət və ya hərəkətsizlik etməmişdir. Göründüyü kimi, iddia əsassızdır və təmin edilə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublİkasının Qanununun 100-cü maddəsinin 3-cü hissəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı «sığorta məbləğinin ödənilməsi» tələbinə dair iddiası rədd edilməlidir. Bundan başqa Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, hazırkı tələblə bağlı iddiaçılar dövlət rüsumu ödəməkdən azad edilmiş şəxsdirlər. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı «sığorta məbləğinin ödənilməsi» tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Səməd Cəfərov
Məhkəmə qərarları › İş №2(006)-1417/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1417/2022
02.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver