Məhkəmə qərarları › İş №2(006)-1419/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1419/2023

10.04.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1419/2023 10.04.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, İddiaçı, Cavabdeh qızının iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «alimentin miqdarının azaldılması» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «alimentin miqdarının azaldılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 30 iyun 2022-ci il tarixli, 2(006)-1535/2022 saylı qətnaməsi ilə 23 yanvar 2018-ci il təvəllüdlü qızı X2 18 yaşına çatana kimi saxlanılması üçün təyin olunmuş 250 manat alimentin miqdarının 50 manat məbləğində azaldılması və 200 manat olaraq müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 30 iyun 2022-ci il tarixli, 2(006)-1535/2022 saylı qətnaməsi ilə 23 yanvar 2018-ci il təvəllüdlü qızı X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün 26 yanvar 2022-ci il tarixdən başlayaraq uşağın anası Cavabdeh xeyrinə ondan hər ay 250 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Onun maddi durumu hazırda çox zəifdir və o, işsiz olduğundan hər ikisi lİ qrup əlil olan valideynlərinin aldıqları pensiya hesabına dolanır. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddianı qəbul etmədi və izahatında bildirdi ki, iddia ərizəsini əsassız hesab edir. Belə ki, övladının saxlanılması üçün hər ay uşaq baxçasına 80 manat, rəsm kursuna 35 manat, hazırlıqlarına 70 manat, gimnastika üçün 50 manat və qidalanması üçün isə əlavə xərclər çəkir. İddiaçının ödədiyi aliment məbləği sadaladığı xərcləri belə ödəmir. Bununla yanaşı özü heç yerdə işləmir. Göstərilənlərə əsasən məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş: - Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(006)-1535/2022 saylı qətnaməsi ilə iddianın təmin edilməsi, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2017-ci il tarixdə 1 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsində 995 saylı akt qeydi ilə bağlanmış nikahın pozulması, xx.xx.2018-ci il təvəllüdlü X2 iddiaçı Cavabdeh yanında saxlanılması, xx.xx.2018-ci il təvəllüdlü X2 iddiaçı Cavabdeh yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2022-ci il tarixdən başlayaraq İddiaçı Cavabdeh xeyrinə hər ay 250 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. - Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi 5 saylı Bakı DOST Mərkəzinin xx.xx.2023-cü il tarixli, 3-17-7/2-P-7610/2023 saylı arayışından görünür ki, İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək və Məşğulluq” altsisteminə əsasən xx.xx.2023-cü il tarixdən işsiz kimi qeydiyyatdadır və “Əmək müqaviləsi bildirişi” altsisteminə əsasən adına qüvvədə olan əmək müqaviləsi aşkar edilməmişdir. - Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi 5 saylı Bakı DOST Mərkəzinin xx.xx.2023-cü il tarixli, 3-17-7/2-P-15543/2023 saylı arayışından görünür ki, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək və Məşğulluq” altsisteminə əsasən qüvvədə olan əmək müqaviləsi aşkar edilməmişdir. Beləliklə işin faktiki halları ilə müəyyən edilmişdir ki, tərəflər rəsmi nikaha daxil olaraq ailə qurmuşlar. Birgə nikahlarından bir övladları - xx.xx.2018-ci il təvəllüdlü X4 anadan olmuşdur. Sonradan aralarında olan nikah münasibətlərinə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 30 iyun 2022-ci il tarixli, 2(006)-1535/2022 saylı qətnaməsi ilə son qoyulmuşdur. Yuxarıda qeyd edilən qətnamənin qəbul edilməsi zamanı nikahın pozulması tələbi ilə yanaşı uşağın valideynlərindən kimin himayəsinə verilməsi və azyaşlının saxlanılması üçün tutulmalı olan aliment məbləğinə də münasibət bildirilmişdir. Belə ki, 2(006)-1535/2022 saylı mülki işə baxılarkən azyaşlı uşağın ananın himayəsində saxlanılması qərara alınmış və həmin işdə cavabdeh olan İddiaçı xx.xx.2018ci il təvəllüdlü X1 üçün ondan hər ay 250 manat məbləğində alimentin tutulmasına etiraz etməmiş, əskinə məhkəməyə vermiş olduğu izahatında iddia tələbini etiraf etmişdir. Hazırda isə İddiaçı maddi imkanının olmadığını, işsiz olduğunu məhkəmənin diqqətinə çatdıraraq, təyin olunmuş aliment məbləğinin azaldılmasını xahiş edir. Cavabdeh isə öz növbəsində iddia tələbinə öz etirazını bildirərək, ona ödənilən aliment məbləğinin uşağın xərclərini, gündəlik tələbatını ödəmək üçün kifayət olmadığını bildirir və iddianın rədd edilməsini xahiş edir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2-ci hissəsinə görə uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Birləşmiş Millətlər Təşkilatının X3 3-cü maddəsinin tələblərinə əsasən, “Sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilibkeçirilməməsindən asılı olmayaraq uşaqlar barəsində keçirilən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir”. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun: - 4-cü maddəsinə əsasən Azərbaycan Respublikasında uşaq hüquqlarının müdafiəsini müvaliq icra hakimiyyəti, məhkəmə və prokurorluq orqanları, bələdiyyələr, habelə ictimai birliklər, həmkarlar ittifaqı təşkilatları təmin etməlidirlər. Bu orqanlar, birliklər və təşkilatlar fəaliyyətlərində uşaq hüquqlarının üstün mühafizəsi prinsipini əsas tutmalıdırlar; - 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi təlabatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafızəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: - 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. - 58.1-58.3-cü maddələrinə əsasən valideynlər uşaqlarını tərbiyə etmək hüququna malikdirlər və uşaqlarını tərbiyə etməyə borcludurlar. Valideynlər uşaqlarının tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar. Valideynlər digər şəxslərlə müqayisədə öz uşaqlarının tərbiyəsində üstün hüquqlara malikdirlər. - 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. - 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2016-cı il tarixli qərarında məhkəmələrə tövsiyyə olunmuşdur ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Ailə Məcəlləsinin 112.1-ci maddəsindən göründüyü kimi, məhkəmə tərəfindən aliment miqdarı müəyyən olunduqdan sonra həmin miqdarın dəyişdirilməsi əsaslarını tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişikliklərin baş verməsi təşkil edir. Hazırki işdə isə bu əsaslar mövcud deyildir. Belə ki, İddiaçı Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 30 iyun 2022-ci il tarixli, 2(006)-1535/2022 saylı qətnaməsi ilə ödənilməli olan alimentin miqdarı müəyyən edildikdən sonra onun mövcud olan maddi və ailə vəziyyətində hər hansı dəyişikliyin baş verməsi ilə bağlı məhkəməyə heç bir sübutu təqdim etməmiş və bununla da Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi ilə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir. İddia ərizəsində qeyd olunan hallar isə (iddiaçının işsiz olması və s.) məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra baş verməmişdir. Belə ki, iddiaçı 2(006)-1535/2022 saylı mülki işə baxılan dövrdə də işsiz olmuş və bu səbəbdən maddi vəziyyətində dəyişiklik olmasını sübuta yetirməmişdir. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Məhkəmə eyni zamanda qeyd etməyi zəruri hesab edir ki, hazırda iddiaçı ilə cavabdehin birgə nikahlarından olan azyaşlı uşaq cavabdehin himayəsindədir. Uşağın saxlanılması, bütün qayğıları ilə, təlim-tərbiyəsi ilə məşğul olmaq hazırda cavabdehin üzərindədir. Belə olan halda iddiaçının uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması vəzifəsindən boyun qaçırması və uşağın əvvəlki qaydada maddi tələbatının ödənilməsindən yayınması əsassızdır və yolverilməzdir. Məhkəmə bütün yuxarıda qeyd edilənlərə əsasən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılmasını əsas tutaraq, hazırki iddianın təmin edilməməsi, yəni azyaşlının saxlanılması üçün ödənilən alimentin miqdarının azaldılmasının mümkün olmadığı qənaətinə gəlir. Ödəniş qəbzindən görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 50 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı «alimentin miqdarının azaldılması» tələbinə dair iddiası təmin edilməməlidir. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı «alimentin miqdarının azaldılması» tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar