Məhkəmə qərarları › İş №2(006)-1429/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1429/2022

03.03.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1429/2022 03.03.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «aliment tutulması» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «aliment tutulması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, oğlu X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 350 manat sabit pul məbləğində alimentin və uşağın xəstəliyinin müalicəsinin davam etdirilməsi üçün hər ay 150 manat məbləğində əlavə xərcin Cavabdeh onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan, İddiaçı Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, oğlu X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün aliment və uşağın xəstəliyinin müalicəsinin davam etdirilməsi üçün əlavə xərc olmaqla, cəmi 350 manat sabit pul məbləğinin Cavabdeh onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, 10.10.2019-cu il tarixdə Cavabdeh ilə ailə qurmuş, nikahları Sumqayıt «ASAN xidmət» Mərkəzi Qeydiyyat şöbəsində 2916 saylı akt qeydi ilə rəsmiləşdirilmişdir. Həmin nikahdan 20.07.2020-ci il tarixdə X4 adlı uşaqları doğulmuşdur. Hazırkı ərizəsi ilə aliment tutulmasını tələb etməsinin səbəbi atanın övladına, ailəsinə qarşı məsuliyyətsizliyi, övladının xərclərini könüllü şəkildə qarşılamaması, valideynlik hüququnu icra etməməsidir. Uzun müddətdir ki, cavabdeh öz atalıq borcunu yerinə yetirməyərək, uşaqlarının qeydinə qalmır. Nə birgə yaşadıqları, nə də ayrı yaşadıqları dövrdə cavabdeh bir ata kimi uşağının səhhəti, yaşayışı, gündəlik tələbatları ilə maraqlanmayıb, onun heç bir ehtiyacını ödəməyib. Qeyd etdiyi kimi, onlar artıq xeyli müddətdir ki, faktiki olaraq ər-arvad kimi yaşamırlar, birgə təsərrüfat aparmırlar. Bu vaxt ərzində uşağı onun himayəsində qalıb, onun bütün maddi və mənəvi tələbatlarını təkbaşına ödəmişdir. Cavabdeh bir ata kimi yetkinlik yaşına çatmamış, körpə uşağının necə yaşaması və hansı maddi çətinliklərlə böyüməsi barədə maraqlanmayıb, valideynin uşaqlarını saxlamaq vəzifəsini yadından çıxarıb və təəssüf ki, bu məsuliyyəti hələ də dərk etməyib. Uşağının maddi ehtiyaclarını ödəməsi üçün yoldaşının maddi imkanı və gəlirləri kifayət qədər yaxşıdır. Belə ki, FHN-də Xüsusi Riskli Xilasetmə Xidmətində çalışır və aldığı əmək haqqı 780 manat təşkil edir. Qeyd olunanlara əsasən hesab edir ki, uşağının və onun diqqətəlayiq mənafeyini nəzərə alaraq, eləcə də qanunvericiliyin tələblərinə uyğun olaraq, cavabdeh uşağının saxlanması xərclərini ödəməlidir. Başqa sözlə, cavabdehdən uşaqlarının saxlanılması üçün məhkəmə qaydasında alimentin tutulması tam qanunauyğundur. Ölkə üzrə müəyyən edilən yaşayış minimumu, minimal aylıq əmək haqqının miqdarı, eləcə də cavabdehin kifayət qədər yaxşı olan maddi vəziyyətini nəzərə alaraq, cavabdehdən öz yetkinlik yaşına çatmayan uşaqlarının saxlanması üçün hər ay ən azından yaşayış minimumunu təmin edəcək həddə aliment tutulmalıdır. Bundan əlavə, uşağın səhhətində olan narahatçılıqla (allergiya xəstəliyi) bağlı tez-tez həkim müayinə və müalicələrinin olunması zəruri hesab olunmuşdur. Atası bunu bilsə də, öz övladına heç bir yardım göstərmir. Bu səbəbdən, atadan uşağın müalicəsi ilə bağlı kənar xidmətə görə əlavə xərc tutulmalıdır. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında maddi imkanının ağır olması səbəbilə bankdan kredit götürdüyünü, 350 manat məbləğində aliment ödəməyə imkanının olmamasını, habelə Azərbaycan Respublikası FHN Xüsusi Riskli Xilasetmə Xidmətində çalışdığını bildirərək ondan sabit məbləğdə deyil əmək haqqının 1\4 miqdarında aliment tutulmasına etiraz etmədiyini bildirərək məhkəmədən qətnamə qəbul edilərkən dediklərinin nəzərə alınmasını xahiş etdi. Məhkəmə, iddiaçının və cavabdehin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş 10.10.2019-cu il tarixli AZ-İİ seriyalı 360653 saylı nikah haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə X3 arasında 10.10.2019cu il tarixdə Sumqayıt «ASAN xidmət» mərkəzi qeydiyyat şöbəsində 2916 saylı akt qeydi ilə nikah bağlanmış, nikah bağlandıqdan sonra arvada Bayramova soyadı verilmişdir. Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin birgə nikahdan doğulmuş 20.07.2020-ci il təvəllüdlü X4 adlı bir azyaşlı uşaqları var. Tibbi sənədlərdən görünür ki, 20.07.2020-ci il təvəllüdlü X1 ilə bağlı narahatçılığı var, mütəmadi olaraq müayinə və müalicəyə ehtiyac duyur. Bu isə, əlavə xərclər üçün vəsait sərf edilməsini zəruri edir. Azərbaycan Respublikası FHN Xüsusi Riskli Xilasetmə Xidmətinin sorğuya cavab məktubundan görünür ki, Cavabdeh 11 aprel 2012-ci il tarixdən FHN Xüsusi riskli xilasetmə və mühafizə alayının (N saylı hərbi hissə) müşayiət tağımının mütəxəssismühafizəçisi vəzifəsində həqiqi hərbi xidmətdədir. Mediasiya prosesinin tətbiqi və mediasiya xidmətlərinin göstərilməsi barədə 30 dekabr 2021-ci il tarixli üçtərəfli müqavilədən görünür ki, mediasiya xidməti göstərən şəxs və tərəflər arasında mediasiya prosesinin tətbiq edilməsi barədə müqavilə bağlanmışdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsində göstərilir ki, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Ailə Məcəlləsinin 76.1 və 76.1.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda 1 uşağa görə məhkəmə tərəfindən onların valideynlərindən hər ay qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin ¼ hissəsi miqdarında aliment tutulur. Ailə Məcəlləsinin 81.1-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Ailə Məcəlləsinin 81.2-ci maddəsinə əsasən valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Ailə Məcəlləsinin 81.3-cü maddəsinə əsasən məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər. Həmin Məcəllənin 100.2-ci maddəsində göstərilir ki, aliment məhkəməyə müraciət edilən vaxtdan tutulur. Göründüyü kimi, iddiaçının övladının saxlanılması üçün cavabdehdən aliment tələb etmək hüququ vardır, lakin tələb edilən alimentin və əlavə xərclərin məbləği cavabdehin maddi vəziyyətinə uyğun deyil. Cavabdeh rəsmi şəkildə işləməklə, əmək haqqı alır və ondan sabit pul məbləğində alimentin tutulması əsaslı deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, 20.07.2020-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün 14.01.2022-ci il tarixdən başlayaraq Cavabdeh İddiaçı xeyrinə hər ay qazancın (başqa gəlirlərin) 1/4 hissəsi miqdarında aliment, müayinə və müalicə ilə bağlı əlavə xərclərin ödənilməsinə cəlb olunmaqla hər ay 50 manat sabit məbləğdə pul tutulmalıdır. Qətnamə alimentin tutulmasına dair hissədə dərhal icra edilməlidir. İddia qalan hissədə rədd edilməlidir. Çünki, yuxarıda qeyd edildiyi kimi, cavabdeh rəsmi şəkildə işləyir və əmək haqqı alır, bu səbəbdən, alimentin sabit pul məbləğində tutulması barədə tələb təmin edilə bilməz. Cavabdehin yetkinlik yaşına çatmayan övladı X2 müayinə və müalicəsi ilə bağlı əlavə xərclərin ödənilməsinə cəlb olunmaqla yuxarıda qeyd olunan hər ay 50 manat məsrəfdən əlavə ödəniş etməyə maddi imkanı olması müəyyən edilmədiyindən, əlavə xərclərin tutulmasına dair hissədə də iddianın qalan hissəsi təmin edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 20.07.2020-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün 14.01.2022-ci il tarixdən başlayaraq Cavabdeh İddiaçı xeyrinə hər ay qazancın (başqa gəlirlərin) 1/4 hissəsi miqdarında aliment, müayinə və müalicə ilə bağlı əlavə xərclərin ödənilməsinə cəlb olunmaqla hər ay 50 manat sabit məbləğdə pul tutulsun. Qətnamə alimentin tutulmasına dair hissədə dərhal icra edilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar