Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1488/2025 22.04.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Şəmmədova Şəhla Eynur qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı (Daxili İşlər Nazirliyi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) «vurulmuş mənəvi ziyanın ödənilməsi» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı «vurulmuş mənəvi zərərin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qanunsuz olaraq cinayət məsuliyyətinə cəlb olunmaqla, barəsində həbs qətimkan tədbiri seçilməklə və təqsirləndirilən şəxs qismində cəlb edilməyi ilə əlaqədar vurulmuş mənəvi ziyanın əvəzi kimi 30000 (otuz min) manat məbləğdə pulun cavabdehdən alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan, Daxili İşlər Nazirliyi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilərək məhkəməyə verilmişdir. Barəsində Mingəçevir Şəhər Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir. Lakin məhkəmə istintaqı zamanı onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməyi sübutlarla öz əksini tapmamışdır. Belə ki, Mingəçevir Şəhər Məhkəməsinin 16 mart 2023-cü il tarixli, 1(051)-40/2023 saylı hökmü ilə ona qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə irəli sürülmüş cinayət əməlində cinayət tərkibi olmadığından ona həmin maddə ilə bəraət verilmişdir. Şəki Apellyasiya Məhkəməsinin 26 iyul 2023-cü il tarixli, 1(007)-40/2023 saylı qərarı ilə dövlət ittihamçısı X1 tərəfindən verilmiş apellyasiya protesti təmin edilməmiş, Mingəçevir Şəhər Məhkəməsinin 16 mart 2023-cü il tarixli, 1(051)-40/2023 saylı hökmü verilmiş apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Həmin qərardan narazı qalan dövlət ittihamçısı kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 20 fevral 2024-cü il tarixli, 1(102)- 439/2024 saylı qərarı ilə dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti təmin edilməmişdir. Göründüyü kimi o, qanunsuz həbsdə saxlanılmışdır. Bu müddət ərzində, yəni onun cinayət məsuliyyətinə cəlb edilməsinə görə o və ailə üzvləri mənəvi iztirab keçirmişlər. Barəsində müxtəlif şaiyələr gəzmiş, şərəf və ləyaqətini ləkələyən məlumatlar formalaşmışdır. Beləliklə, təhqiqat, ibtidai istintaq və prokurorluq orqanlarının qanunsuz hərəkətləri nəticəsində ziyan çəkmiş, cəmiyyət işində hörmətdən düşmüşdür. Hər kəs ondan nə baş verdiyini soruşmuş, bunun da nəticəsində o sarsıntı keçirmiş və ona mənəvi ziyan vurulmuşdur. Odur ki, ona vurulmuş mənəvi zərərin əvəzi ödənilməlidir. Vurulmuş mənəvi zərəri 30.000 manat məbləğində qiymətləndirir. Sonradan İddiaçı tərəfindən məhkəməyə iddia tələbinin dəqiqləşdirılməsi barədə ərizə təqdim edilərək, qanunsuz olaraq cinayət məsuliyyətinə cəlb olunmaqla, barəsində həbs qətimkan tədbiri seçilməklə və təqsirləndirilən şəxs qismində cəlb edilməyi ilə əlaqədar vurulmuş mənəvi ziyanın əvəzi kimi 30000 (otuz min) manat məbləğində pulun cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsi ilə dövlət büdcəsi vəsaiti hesabına ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinin nümayəndəsi X5 tərəfindən məhkəməyə iddia ərizəsinə etiraz göndərilmişdir. Həmin etirazda qeyd olunmuşdur ki, İddiaçı təhqiqat və ibtidai istintaq orqanlarının qanunsuz hərəkətləri nəticəsində dəymiş mənəvi ziyana görə 30000 manat kompensasiya ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət etmişdir. Məlum olduğu kimi Maliyyə Nazirliyi bu işə cavabdeh kimi cəlb edilmişdir. İddia tələbinə etiraz edərək bildirilir ki, qeyd olunan tələb əsaslı olmadığından iddia tələbi rədd edilməlidir. İddiaçı mənəvi zərərin əvəzi olaraq 30000 manat ödənilməsini tələb edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixli qərarında qeyd edilir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyn hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf,ləyaqət,işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ və s. şəxsi qeyri-əmlak hüquqlar və digər çaddi nemətlət) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 03 noyabr 2008-ci il tarixli, 7№-li qərarına əsasən Plenum izah edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli-əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Plenum izah edir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və srsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Hesab edilir ki, iddiaçı onun barəsində mənfi fikrin formalaşmasına, onu əhatə edən şəxslərə münasibətlərin pisləşməsinə dair əsaslı sübutlar göstərə bilməmişdir. Bundan başqa, mənəvi zərərin müəyyən edilməsi zamanı analojinorma kimi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 190cı maddəsinin müddəaları nəzərə alınmalıdır. Belə ki, həmin maddədə zərər çəkmiş şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə ona vurulmuş ziyana görə müvafiq məbləğdə kompensasiya almaq hüququ müəyyən edilmişdir. (ona qarşı xüsusilə ağır cinayət törədildikdə - üç yüz otuz manat, ona qarşı ağır cinayət törədildikdə - yüz altmış beş manat, ona qarşı az ağır cinayət törədildikdə - əlli beş manat, ona qarşı böyük icimai təhlükə törətməyən cinayət törədildikdə - on bir manat). Göründüyü kimi qanunvericiliyə əsasən hər hansı şəxsə qarşı xüsusilə ağır cinayət törətdiyi halda ona ödəniləcək kompensasiyanın məbləği üç yüz otuz manatdır. Aərbaycan Respublikası Prezidentinin 9 fevral 2009-cu il tarixli 48 nömrəli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Maliyyə Nazirliyi haqqında Əsasnamə”yə əsasən Maliyyə Nazirliyi Azərbaycan Respublikası Milli Məclisi tərəfindən hər il üçün təsdiq edilmiş dövlət büdcəsinin xərc maddələri üzrə büdcə daxilolmalarının vəziyyətindən asılı olaraq bütün büdcə təşkilatlarını (kredit sərəncamçıları) yalnız onların sifarişinə və məxaric cədvəllərinə əsasən onların xərc smetalarında nəzərdə tutulmuş vəsaitlər həddində maliyyələşməsini həyata keçirir. Maliyyə Nazirliyində büdcə təşkilatları əvəzinə vəsaiti hər hansı bir təyinata yönəltmək səlahiyyəti Maliyyə Nazirliyinin büdcə təşkilatları əvəzinə vəsaiti hər hansı bir təyinata yönəltmək səlahiyyəti yoxdur. Eyni zamanda “Dövlət büdcəsi” ifadəsi də ümumi anlayışdır və burada hər bir büdcə təşkilatına (kredit sərəncamçılarına) müvafiq məqsədlər üçün xərc maddələri üzrə vəsait nəzərdə tutulur. Xərc maddələri isə qanunda təsdiq olunduğundan Maliyyə Nazirliyinin onu dəyişdirmək hüququ yoxdur. “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən Azərbaycan Respublikası dövlət büdcəsinin məqsədi ölkənin iqtisadi, sosial və digər strateji proqramlarının və problemlərinin həlli, dövlətin funksiyalarının həyata keçirilməsi üçün qanunvericiliklə müəyyən edilmiş qaydada maliyyə vəsaitinin toplanmasını və istifadəsini təmin etməkdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77-ci maddəsinin tələblərinə görə hər bir tərəf öz tələbərinin və etirazlarının əsası kimi istinad etdiyi halalrı sübut etməlidir. İddiaçı maddi və mənəvi zərərə məruz qaldığını bildirsə də, onun iddia ərizəsində bu zərəri sübut edəcək heç bir fakt mövcud deyildir. İddiaçı ona maddi və mənəvi ziyanın dəyməsi halalrının təsdiq edən hər hansı bir sübut təqdim etmədən və ümumi ifadələrlə kifayətlənərək ziyanın ödənilməsini tələb etmişdir. Göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə və üçüncü şəxs qismində cəlb olunmuş Daxili İşlər Nazirliyi məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, onların nümayəndələri məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib və iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Mingəşevir ŞPŞ-nin 21 avqust 2022-ci il tarixli qərarı ilə xx.xx.1992-ci ildə Şuşa şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, subay, məhkumluğu olmayan, Şuşa şəhəri, Q.B.Zakir küçəsi, ev 12-də qeydiyyatda olan, Mingəçevir şəhəri H.Əliyev prospekti, ev 7, mənzil 16-da yaşayan İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulması qərara alınmışdır. Mingəçevir ŞPŞ-nin 22 avqust 2022-ci il tarixli, ********* saylı “təqsirləndirilən şəxs qismində cəlb etmək” barədə qərarı ilə İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi və ona həmin maddədə nəzərdə tutulan ittihamın elan edilməsi qərara alınmışdır. Mingəçevir ŞPŞ-nin 22 avqust 2022-ci il tarixli, ********* saylı “təqsirləndirilən şəxsin müvəqqəti saxlama yerindən dərhal azad edilməsi” barədə qərarı ilə təqsirləndirilən şəxs İddiaçı saxlanıldığı Mingəçevir ŞPŞ-nin MSY-dən dərhal azad edilməsi qərara alınmışdır. Mingəçevir ŞPŞ-nin 22 avqust 2022-ci il tarixli, ********* saylı “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin seçilməsi barədə qərarı ilə xx.xx.1992-ci ildə Şuşa şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, subay, məhkumluğu olmayan, Şuşa şəhəri, Q.B.Zakir küçəsi, ev 12-də qeydiyyatda olan, Mingəçevir şəhəri H.Əliyev prospekti, ev 7, mənzil 16-da yaşayan İddiaçı barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilməsi qərara alınmışdır. Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarxili, 1(051)-40/2023 saylı qərarı ilə xx.xx.1992-ci ildə Şuşa şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, subay, məhkumluğu olmayan, Şuşa şəhəri, Q.B.Zakir küçəsi, ev 12-də qeydiyyatda olan, Mingəçevir şəhəri H.Əliyev prospekti, ev 7, mənzil 16da yaşayan İddiaçı barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbirinin həbs qətimkan tədbiri ilə əvəz edilməsi və onun barəsində axtarış elan olunması qərara alınmışdır. Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(051)-40/2023 saylı hökmü ilə İddiaçı barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə təqsirliliyi sübuta yetirilmədiyindən bəraət verilmiş və İddiaçı barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv olunaraq məhkəmə zalında azad edilməsi hökm edilmişdir. Yuxarıda göstərilən hökmdən apellyasiya protesti verilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 26 iyul 2023-cü il tarixli 1(107)-207,2023 saylı qərarı ilə apellyasiya protesti təmin edilməmiş, Mingəçevir Şəhər Məhkəməsinin 16 mart 2023-cü il tarixli hökmü apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 26 iyul 2023-cü il tarixli qərarından kassasiya protesti verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2024-cü il tarixli, 1(102)-439/2024 saylı qərarı ilə Mingəçevir Şəhər Məhkəməsinin 16 mart 2023-cü il tarixli hökmü ilə İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə bəraət verilməsinə dair cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 26 iyul 2023-cü il tarixli qərarı kassasiya protestinə əsasən dəyişdirilmədən saxlanılmışdır. İş materiallarından görünür ki, iddiaçı iddia ərizəsində qeyd etdiyi kimi xx.xx.2022-ci il tarixdən xx.xx.2021-cü il tarixədək 5 ay olmaqla barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək 2 ay 3 gün olmaqla həbsdə saxlanılmışdir. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 1096-cı maddəsinin tələblərinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquqi məsuliyyət daşıyır. Qanunvericiliyin qeyd olunan müddəasının tələblərindən görünür ki, mülki hüquqi məsuliyyətin yaranması üçün bir sıra məcburi şərtlərin olması tələb olunur. Həmin şərtlərə borclunun (zərərvuranın) hüquqa zidd davranışı, həmin davranış ilə vurulmuş zərər faktı arasında səbəbli əlaqə və borclunun (zərərvuranın) təqsiri aiddir. Həmin şərtlərdən hər hansı birinin mövcud olmaması mülki hüquqi məsuliyyəti istisna edir. Mülki Məcəllənin 1100-cü madəsinin tələblərinə əsasən dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. Mülki Məcəllənin 1101.1-ci madəsinin tələblərinə əsasən qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qətimkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir. Mülki Məcəllənin 1101.2-ci madəsinin tələblərinə görə təhqiqat, ibtidai istintaq, prokurorluq orqanlarının qanunsuz fəaliyyəti nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərər bu Məcəllənin 1101.1-ci maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmadıqda onun əvəzi qanunla müəyyənləşdirilmiş əsaslarla və qaydada ödənilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 57.1-ci maddəsinin tələbinə görə cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində bu Məcəllənin 56-cı maddəsində nəzərdə tutulmuş şəxslərə vurulmuş mənəvi, fiziki və maddi ziyan ödənilməlidir. Həmçinin, bu şəxslərin əmək və mənzil hüquqları bərpa edilməli, bunlar mümkün olmadıqda isə həmin hüquqların pozulması nəticəsində dəyən ziyanın pul kompensasiyası təmin edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 58.1-ci maddəsinin tələbinə görə cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş maddi ziyan əsaslandırılaraq hesablandıqdan sonra kompensasiyası verilməklə tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 58.2-ci maddəsinin tələbinə görə fiziki və mənəvi ziyan Azərbaycan Respublikasının qanunvericiliyi ilə digər hal nəzərdə tutulmayıbsa, məhkəmə tərəfindən ədalətli hesab olunmuş məbləğdə ödənilir. «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə əsasən cinayət təqibinə xitam verilməsi haqqında qərar çıxarıldıqda vurulmuş ziyanın bu Qanunla müəyyən edilmiş hallarda, miqdarda və qaydada ödənilməsi hüququ yaranır. Bu Qanunun 1-ci maddəsində göstərilmiş əməliyyat-axtarış tədbirlərinin cinayət işi başlamazdan əvvəl keçirilməsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququ belə tədbirlər keçirildikdən dərhal sonra yaranır. Həmin Qanunun 5-ci maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində) hər bir şəxsə məhrum olduğu əmək haqqı, pensiya, müavinət və başqa gəlirlər, vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. Qeyd edilən Qanunun 6-cı maddəsinin 1-ci bəndinə əsasən bu Qanunun 5-ci maddəsində nəzərdə tutulmuş hallarda vurulmuş ziyanın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir. Məhkəmə, iddiaçının istintaq orqanının səhvi nəticəsində mənəvi iztirab çəkməsi ilə bağlı dəlillərinə hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qeyd olunan hissədə qismən təmin edilməli və iddiaçının xeyrinə ədalətli həddə, yəni 3500 manat məbləğində mənəvi ziyan tutulmalıdır. «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin tələbinə əsasən təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində şəxsə vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. Şəxsin barəsində mənfi fikrin formalaşmasına, onu əhatə edən şəxslərlə münasibətlərin pisləşməsinə gətirib çıxaran və digər mənəvi xarakterli mənfi nəticələr mənəvi ziyan hesab edilir. Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində şəxsə vurulmuş fiziki və mənəvi ziyan mülki qanunvericiliklə nəzərdə tutulmuş qaydada ödənilir. Həmin Qanunun 12-ci maddəsinin tələbinə əsasən fiziki və mənəvi ziyan, Azərbaycan Respublikasının qanunvericiliyi ilə digər hal nəzərdə tutulmayıbsa, məhkəmə tərəfindən ədalətli hesab olunmuş məbləğdə ödənilir. İstintaq və ya inzibati icraat müddətində və ya cəza çəkdiyi dövrdə şəxsə vurulmuş mənəvi ziyanın ümumi məbləği Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məhkəmə tərəfindən müəyyən edilir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşları hüquqlarının pozulmasının müstəql nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarateri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «mənəvi ziyanla» bağlı təcrübəsi göstəririr ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir, həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amilləri – inamsızlıq, narahtlıq, məyusluq hissələrini, stresləri, əzab və əziyyətləri nəzərə alır. Məsələn, Avropa Məhkəməsi «Koinq Almaniyaya qarşı» işdə ərizəçiyə «mənəvi narahatlıq yetirilməsinə», «Artiko İtaliyaya qarşı» işdə «tənhalıq və kimsəsizlik hisslərinə», «Younq, Cames və X2rşı» işdə «alçaldıcı və təhqiredici hərəkətlərə» görə mənəvi zərər ödənilməsi qərarına gəlmişdir. Avropa Məhkəməsinin «Ədalətli kompensasiya tələbləri barədə Praktiki Qaydaları»nın 13-cü bəndinə əsasən, mənəvi zərərə aid Məhkəmənin təyin etdiyi kompensasiya qeyri-maddi zərərə, məsələn, əqli və ya fiziki əziyyətə görə maliyyə kompensasiyasının təmin olunmasına yönəlib. Məhkəmə iddiaçıya ödənilməli mənəvi ziyanın həcmini 3500 manat müəyyən edərkən, bütün diqqətəlayiq məqamları nəzərə alır. Əvvəla qeyd edilməlidir ki, hazırkı iş üzrə iddiaçı bəraət almış təqsirləndirilən şəxsdir və cinayət prosessual qanunvericilikdə bu kateqoriya şəxslərə vurulmuş ziyanın ödənilməsi qaydası və şərtləri Məcəllənin 56-63-cü maddələri ilə tənzimlənir. Məcəllənin 58.2-ci maddəsinə əsasən, bəraət almış təqsirləndirilən şəxs də daxil olmaqla vurulmuş ziyanın ödənilməsi hüququ olan şəxslərə fiziki və mənəvi ziyan Azərbaycan Respublikasının qanunvericiliyi ilə digər hal nəzərdə tutulmayıbsa, məhkəmə tərəfindən ədalətli hesab olunmuş məbləğdə ödənilir. Yuxarıda göstərilən məhkəmə aktları ilə müəyyən edildiyi kimi, İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinib cinayət təqibinə məruz qalmışdır. Cinayət təqibi müddətində barəsində bir neçə növ qətimkan tədbiri seçilmişdir ki, bunlardan ilki polisin nəzarəti altına vermə, digəri isə həbs qətimkan tədbiridir. Tətbiq edilmiş qətimkan tədbirlərinin müddətlərinə diqqət yetirilsə, polisin nəzarəti altına vermə növündə qətimkan tədbirinin müddəti təxminən 5 ay (xx.xx.2022-xx.xx.2023; 4 ay 21 gün), həbs növündə qətimkan tədbirinin müddəti isə təxminən 2 ay (xx.xx.2023-xx.xx.2023; 2 ay 3 gün) təşkil etmişdir. Lakin İddiaçı törədilməsi istinad edilən əməldə təqsirliliyi sübuta yetirilmədiyi üçün məhkəmə icraatı bəraətin verilməsi ilə yekunlaşmışdır ki, şəxsin əsassız olaraq məruz qaldığı təqibə, qətimkan tədbirlərinin tətbiqinə görə mənəvi ziyan tələb etmək hüququ əmələ gəlmişdir. Məhkəmə iddiaçının mənəvi ziyan tələbini tanısa da, ona ödənilməli olan ziyanın ərizədə göstərilən məbləği ilə razılaşmır. Belə ki, iddia tələbində mənəvi ziyan 30.000 manat məbləğində qiymətləndirilmişdir. Lakin məhkəmənin qənaətinə görə ziyan məbləği məhkəmə təcürbəsində formalaşmış mövqeyə uyğun müəyyən edilməlidir. Şəxsin əsassız olaraq həbsdə saxlanılmasına görə təyin ediləcək mənəvi zərər məbləği ilə bağlı qeyd edilməlidir ki, göründüyü kimi, Ü.Həsənov 2 ay 3 gün həbsdə saxlanılmışdır. Məhkəmə şəxsin həbsdə saxlanıldığı müddəti nəzərə alıb, ümumilikdə həbsə görə 2000 manat (hər ay x 1000 manat olmaqla, 2 ay x 1000 manat) müəyyən edilməli olması qənaətinə gəlir. Polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri ilə bağlı isə qeyd edilməlidir ki, formalaşmış məhkəmə təcrübəsinə görə (misal üçün Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(103)-6164/2024 saylı, xx.xx.2025-ci il tarixli, 2(103)-1931/2025 saylı qətnamələri, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(102)-3095/2023 saylı qərarı və s.) həbslə müqayisədə daha yüngül hesab edilən bu növ qətimkan tədbirləri üçün (ev dustaqlığı qətimkan tədbiri istisna olmaqla) aylıq 300 manat məbləğ müəyyən edildiyi üçün şəxsin təxminən 5 ay müddət ərzində bu tədbirə məruz qaldığı nəzərə alınıb bu qətimkan tədbirinə görə zərər məbləğini ümumilikdə 1500 manat (hər ay 300 manat olmaqla, 5 ay x 300 manat) müəyyən edilməsini ədalət baxımından məqbul hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı vurulmuş mənəvi zərərə görə 3500 manat məbləğində pul vəsaiti cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsi ilə Dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İddia qalan hissədə rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı vurulmuş mənəvi zərərə görə 3500 manat məbləğində pul vəsaiti cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsi ilə Dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə («Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev
Məhkəmə qərarları › İş №2(006)-1488/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1488/2025
22.04.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver