Məhkəmə qərarları › İş №2(006)-1503/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1503/2021

27.05.2021 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1503/2021 27.05.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı cavabdeh «xxxx» QSC-yə qarşı «pul» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh «xxxx» QSC-yə qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh «xxxx» QSC-nin ona ödənilməli olan, lakin ödənilməmiş əmək haqqının ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, 22.09.2007-ci il tarixdə «Azərtunelmetrotikinti» SC-nin 3 nömrəli Tunel-Tikinti idarəsinə İİİ dərəcə ilə betonçu (yerüstü əmək şəraiti üzrə) peşəsinə qəbul edilmişdir (əmr № 155/K, 21.09.2007-c il). 07.07.2008-ci il tarixdən İİİ dərəcə ilə nasos maşinisti (yeraltı əmək şəraiti üzrə) peşəsinə keçirilmişdir (əmr № 96/K, 04.07.2008-ci il). 12.01.2010-cu il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin «a» bəndinə əsasən (öz xahişi ilə) işdən azad edilmişdir (əmr № 6/K, 12.01.2010-cu il). 14.01.2010-cu il tarixdən «Azərtunelmetrotikinti» SC-nin 1 nömrəli Tunel-Tikinti idarəsinə İİİ dərəcə ilə fəhlə (yeraltı əmək şəraiti üzrə) peşəsinə qəbul edilmişdir (əmr № 17/şh, 13.01.2010-cu il). 31.07.2014cü il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin «a» bəndinə əsasən (öz xahişi ilə) işdən azad edilmişdir (əmr № 500/şh, 31.07.2014-cü il). 01.08.2014-cü il tarixdən «Azərtunelmetrotikinti» SC-nin 1 nömrəli Tunel-Tikinti idarəsinə İİİ dərəcə ilə dağ-mədən fəhləsi (yerüstü əmək şəraiti üzrə) peşəsinə qəbul edilmişdir (əmr № K496, 01.08.2014-cü il). 16.05.2016-cı il tarixdən İİİ dərəcə ilə fəhlə (yeraltı əmək şəraiti üzrə) peşəsinə keçirilmişdir (əmr № Ş416/8K, 18.05.2016-cı il). 23.09.2019-cu il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «b» bəndinə əsasən (işçilərin sayı və ya ştatları ixtisar edildikdə) əmək müqaviləsi ləğv edilmişdir (əmr № X-51 5, 23.09.2019-cu il). İşlədiyi müddət ərzində onun əmək haqqı aşağıdakı cədvəldəki kimi təşkil edirdi: Aylar 2010 2011 2012 2013 2014 Yanvar 238,09 1027,24 374,39 393,26 227,85 Fevral 774,97 287,12 396,89 393,50 Mart 599,87 317,00 396,09 399,72 Aprel 584,62 238,56 417,00 388,83 406,90 May 629,82 238,56 408,98 393,26 401,15 İyun 851,18 415,62 398,51 404,03 İyul 465,96 389,96 392,26 404,03 Avqust 620,79 389,96 396,89 688,72 Sentyabr 539,84 398,07 394,30 624,83 Oktyabr 299,35 309,38 183,92 403,88 741,54 Noyabr 238,56 374,40 205,38 1045,78 741,54 Dekabr 419,90 396,89 156,14 Cəmi: 5843,05 2608,04 4184,29 5156,09 5433,81 Yekun: 23225,28 manat. Bütün məbləğlərdən DSMF-ə məcburi dövlət sığorta haqları ödənilmişdir. «Bakıtuneltikinti» İdarəsinin 07.01.1992-ci il tarixli 01 saylı əmrinə əsasən 3 nömrəli Tunel-Quraşdırma idarəsinin adı dəyişdirilib 1 №-li Tunel Tikinti idarəsi adlandırılmışdır. Azərbaycan Respublikası Prezidentinin 16.06.1998-ci il tarixli 851 saylı sərəncamına əsasən «Bakıtuneltikinti» İdarəsi «Azərtunelmetrotikinti» SC adlandırılmışdır. Azərbaycan Respublikası Prezidentinin 27.02.2014-cü il tarixli 289 saylı Sərəncamına əsasən xxxx və «Azərtunelmetrotikinti» SC-nin yenidən təşkili yolu ilə səhmləri-dövlətə məxsus «xxxx» QSC yaradılmışdır. Onun 01.08.2014-cü il tarixdə Bakı «xxxx» QSC-nin struktur dəyişikliyinə uyğun olaraq ondan tələb etmişlər ki (bu tələb hamıya edilmişdir), işdən azad olunma barədə və yenidən işə qəbul olunma barədə ərizələr yazıb iş yerlərinə versin. O da, müdiriyyətin tələbinə uyğun olaraq ərizələri yazıb təhvil vermişdir. Sonradan məlum olmuşdur ki, onun yenidən işə qəbul olunma barədə ərizəsini başqa şəxsin xətti ilə yazıb imzalamışlar və orada onun yeraltı xidmət yerində deyil, yerüstü obyektdə guya işləmək istədiyini göstərmişlər. O, bu barədə birinci növbədə əmək haqqında kəskin fərq yarandığından şübhələnmiş və araşdırma nəticəsində yuxarıda göstərilənlər müəyyən olunmuşdur. Bu yanlışlığın aradan qaldırılması üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidmətinin Bakı şəhər İdarəsinə etdiyi müraciətə aşağıdakı kimi cavab verilmişdir: «Sizin xxxx» QSC-də əmək hüquqlarınızın pozulması barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinə ünvanladığınız müraciətə X1 Xidmətinin Bakı şəhər idarəsində baxılmışdır. «xxxx» QSC-dən təqdim olunan məktub və s. sənədlərdən məlum olmuşdur ki, Sizinlə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «b» bəndinə əsasən 23.09.2019-cu il tarixdən xitam verilmiş, son haqq-hesabınız ödənilmiş və işlədiyiniz dövrdə yeraltı əmək şəraitində işləməyinizə baxmayaraq, əmək haqqınız yerüstü əmək şəraiti kimi ödənilmişdir. Əmək haqqınızın ödənilməsində əmək qanunvericiliyinin tələbləri pozulduğundan müəssisə rəhbərliyi barəsində Azərbaycan Respublikası İXM-in 192.4-cü maddəsinə əsasən inzibati tənbeh vermə haqqında Qərar qəbul edilmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq Sizə ödənilməmiş əmək haqqınıza əlavələrin Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərinə uyğun olaraq ən qısa zamanda hesablanıb ödənilməsi üçün müəssisə rəhbərliyinə tərəfimizdən məktub ünvanlanmışdır». O, 2014- 2016-cı illər ərzində əvvəlki illərdə olduğu kimi yeraltı əmək şəraitində işlədiyini hər dəfə yer altı şaxtaya düşmək üçün mühafizə kitabından qeydiyyatdan keçdikləri kitaba baxış keçirməklə də yəqin etmək olur. «xxxx» QSC-nin rəhbərliyinə müraciət edib yuxarıda qeyd etdiyi illər ərzində hər iş günü 14-16 saata qədər işlədiyi halda ona ödənilmiş əmək haqqı ilə ödənilməli olan əmək haqqının arasındakı fərqin müəyyən edilməsini xahiş etsə də, məhkəmə sorğu edərsə bu barədə məlumat veriləcəyini bildirirlər. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddianı qəbul etmədi, iddia müddətinin tətbiq edilməsi barədə ərizə təqdim etdi və izahatında bildirdi ki, mübahisəyə iddia müddəti tətbiq edilərək, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmalıdır. Belə ki, iddiaçı cavabdehdən 2014-2016-cı illər ərzində ona ödənilməmiş pul məbləğinin ödənilməsini tələb edir. İddiaçı 01.08.2014-cü il tarixdə «xxxx» QSC-yə 3-cü dərəcəli yerüstü fəhlə vəzifəsinə işə qəbul edilmişdir. Əmək müqaviləsində iddiaçının vəzifəsi və əmək haqqısı göstərilmişdir. Əmək müqaviləsi iddiaçı tərəfindən imzalanmışdır. Əmək müqaviləsinin bir nüsxəsi iddiaçıya təqdim olunmuşdur. Bundan əlavə, 16.05.2016cı il tarixdə iddiaçı yeraltı fəhlə vəzifəsinə keçirilmişdir. Yəni, göründüyü kimi, iddiaçı ən azından 16.05.2016-cı il tarixdən öz vəzifə və əmək haqqının dəyişikliyi barədə bilməli idi. Lakin, iddiaçı məhkəməyə 4 ildən sonra, yəni 2020-ci ildə müraciət etmişdir. Əmək Məcəlləsinin 296.4-cü maddəsindən və iş materiallarından göründüyü kimi, iddiaçı tərəfindən məhkəməyə müraciət üçün qanunvericiliklə müəyyən olunmuş 1 illik iddia müddəti ötürülmüşdür. Bu səbəbdən, iddia müddəti tətbiq edilməsini və iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia müddəti tətbiq edilməklə iddia rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, İddiaçı ilə cavabdeh «xxxx» QSC arasında 01.08.2014-cü il tarixdə əmək müqaviləsi bağlanmış və 3-cü dərəcəli yerüstü fəhlə vəzifəsinə işə qəbul edilmişdir. 16.05.2016-cı il tarixdə İddiaçı yeraltı fəhlə vəzifəsinə keçirilmişdir. İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «b» bəndinə əsasən 23.09.2019-cu il tarixdən xitam verilmişdir. İddiaçı 16.05.2016-cı il tarixdən ona əmək haqqının düzgün verilmədiyini bildirərək, fərqin ona ödənilməsi ilə bağlı iddia ərizəsi ilə 10.12.2020-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci hissəsinə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. İş materiallarından göründüyü kimi, iddiaçı 2016-cı ildən əmək haqqının ona düzgün ödənilmədiyini bilsə də, qanunla müəyyən edilmiş 1 aylıq prosessual müddəti üzrlü səbəblər olmadan buraxmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən bir şəxsdən hər hansı bir hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Məhkəmə hesab edir ki, iddia müddətinin tətbiq edilməsi barədə məhkəməyə yazılı müraciət təqdim edildiyindən, hazırkı iş üzrə iddia müddəti keçdiyindən, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh «xxxx» QSC-yə qarşı «pul» tələbinə dair iddiası iddia müddəti tətbiq edilməklə rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh «xxxx» QSC-yə qarşı «pul» tələbinə dair iddiası iddia müddəti tətbiq edilməklə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar