Məhkəmə qərarları › İş №2(006)-151/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-151/2022

31.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-151/2022 31.05.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Tağıyev Adil Elçin oğlunun katibliyi, Cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı «sığorta ödənişinin ödənilməsi» tələbinə dair mülki işə Nəsimi rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı «sığorta ödənişinin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən iddiaçıya ödənilməli olan 10000 manat dəymiş zərərin (sığorta haqqının) ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi xx.xx.2019-cu il tarixdə Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin Lerik Filialında 20000 manatlıq könüllü sığortalanmışdır. xx.xx.2019-cu il tarixdə isə "xxxx" şirkəti tərəfindən 15000 manatlıq icbari sığortalanmışdır. Ümumilikdə evi 35000 manatlıq sığortalanmışdır. 07 fevral 2020-ci il tarixdə rayonda baş vermiş küləkli hava zamanı evində elektrik naqillərində baş vermiş qısaqapanma nəticəsində yanğın baş vermişdir. Yanğın hadisəsi ilə bağlı Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X6 Cənub regional X6 İdarəsi Akt tərtib edərək yanğın səbəbi kimi qısaqapanma hadisəsini müəyyən etmişdir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Əməliyyat-İstintaq İdarəsi toplanmış materiallar əsasında iddiaçıya yanğın nəticəsində 25000 manat ziyan dəydiyini müəyyən etmişdir. Yanğının baş verdiyi barədə elə həmin gün Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə və "xxxx" şirkətinə telefonla məlumat vermişdir. Hər iki şirkətin nümayəndələri yanğın yerinə gələrək fotoşəkillər çəkmiş və iddiaçıdan müəyyən məlumatları almışlar. "xxxx" şirkəti dəymiş zərəri hesablamaqdan ötrü mütəxəssis göndərməsə də, ödəyə biləcəyi maksimum 15000 manatlıq sığorta məbləğindən bəzi xərcləri çıxdıqdan sonra 14850 manat sığorta məbləğini iddiaçıya ödəmişdir. Bu səbəbdən "xxxx" şirkətinə qarşı heç bir iddiası yoxdur. Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti vaxtında edilmiş müracətə heç bir cavab verməmişdir. İddiaçı bu barədə Azərbaycan Respublikası Prezidentinin internet səhifəsinə şikayət etdikdən sonra 11 sentyabr 2020-ci il tarixdə Şirkətdən cavab gəlmişdir ki, güya mütəxəssis hesablamalarına görə iddiaçıya 14520 manat zərər hesablanmışdır ki, bu məbləği də "xxxx" şirkəti ödəmişdir. İddiaçı sığorta nəzarətini həyata keçirən Azərbaycan Respublikası Mərkəzi X4 sədrinə şikayət etdikdən sonra Dövlət Sığorta Şirkəti mənə başqa bir məktubla cavab verərək bildirmişdir ki, "xxxx"nın mütəxəssisi iddiaçıya dəymiş ziyanı 15598 manat hesablamış, həmin məbləğin 598 manatını Dövlət Sığorta Kommersiya Şirkəti ödəyəcəkdir. X8 Lerik Filialında açdığı hesabı ilə bağlı məlumatları iki dəfə Dövlət Sığorta Şirkətinə göndərməsinə baxmayaraq ödənilməmişdir. Əslində Dövlət Sığorta Kommersiya Şirkətinin heç bir mütəxəssisi zərəri hesablamaq üçün hadisə yerinə gəlməmişdir. Dəymiş zərərin miqdarı və iddiaçıya "xxxx" şirkəti tərəfindən ödənilmiş məbləğ Şirkətin yazdığı cavab məktublarında qeyri dəqiq olaraq müxtəlif rəqəmlərlə qeyd edilmişdir. Dövlət Sığorta Şirkətinin Lerik Filialı isə Lerik Şəhər İcra Nümayəndəsi ilə birgə akt tərtib edərək yanğın nəticəsində evinə tikinti materialları üzrə dəymiş ziyanı 20358 manat müəyyən etmişdir. Beləliklə Dövlət Sığorta Kommersiya Şirkətinin özünün yazdığı iki müxtəlif cavab məktubu və şirkətin Lerik Filialının tərtib etdiyi tikintinin zədələnməsi haqqında aktın heç biri ziyan barədə məbləği eyni göstərmir. Dəymiş ziyan barədə həqiqi araşdırmanı yalnız FHN-nin İstintaq İdarəsi araşdırma aparmış və dəymiş tikinti ziyanını 25000 manat hesablamışdır. Yəni iddiaçıya dəymiş zərərin 14850 manatı “AtaSığorta" şirkəti tərəfindən ödənildikdən sonra, Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti sığorta şəhadətnaməsində nəzərtə tutulmuş 20000 manatlıq sığorta məbləğindən yalnız 10000 manatını iddiaçıya ödəməlidir. İddiaçıya dəymiş zərərin məbləği Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Əməliyyat-İstintaq İdarəsi tərəfindən toplanmış sənədlər əsasında 25000 manat hesablandığı halda, Azərbaycan Respublikası Dövlət Sığorta Şirkəti qeyri səmimi və reallıqdan uzaq olaraq, faktiki bazar qiymətlərini və məhv olmuş tikinti materiallarını hesablamadan, məsuliyyətsizlik edərək 14520 manat, 15598 manat, 20358 manat kimi müxtəlif rəqəmlərlə ifadə etdiyi zərər hasabladığını bildirir və indiyədək də bir manat da olsun ödəmək istəmir. Ağlabatan odur ki, hal hazırda heç bir fərdi evin tikinti materiallarının real qiyməti Azərbaycan Respublikası Dövlət Sığorta Şirkətinin hesablamasına uyğun deyil. Hazırda yanmış evinin yerində təxminən əvvəlki evin ölçülərinə uyğun ev tikməyə başlamışdır. 15000 manat ev tikintisi üçün lazım olan tikinti materiallarının çox kiçik bir hissəsini, dörddəbirinə yaxın hissəsini ödəyir. Hazırda Lerik rayonunda dövlət hesabına əlillər və şəhid ailələri üçün bir mərtəbəli evlər tikilir. Bu evlərin ölçüləri təxminən yanmış evinin ölçülərinə bərabərdir. Bu evlərin tikinti materialları üçün dövlət 70000 manat vəsait ayırır. İddiaçıya dəymiş ziyanın 25000 manat hesablanması belə reallığa uyğun gəlmir. Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti həmin məbləği iddiaçıya bilərək ödəməkdən boyun qaçırır. Məhkəmə ekspert rəyi ilə Azərbaycan Respublikası Dövlət Sığorta Şirkətinin iddiaçıya sığorta müqaviləsində nəzərdə tutulmuş 20000 manatın tam ödəməsini də təmin edə bilər. Bu mümkün olmazsa, FHN-nin İstintaq İdarəsinin müəyyən etdiyi 25000 manat nəzərə alınsın. Cavabdeh məhkəməyə iddia ərizəsinə etiraz təqdim edərək, etirazı onunla əsaslandırmışdır ki, iddiaçıya məxsus fərdi yaşayış evi həmçinin daşınmaz əmlakın icbari sığortası üzrə "xxxx" ASC-də sığorta olunmuş və həmin Şirkətin nümayəndələri tərəfindən yaşayış evinə baxış keçirilərək dəymiş zərər məbləği 15598 manat olaraq müəyyən edilmişdir. Maksimum hədd 15000 manat olduğu üçün qeyd olunmuş məbləğdən 150 manat azadolma məbləği çıxıldıqdan sonra geri qalan 14850 manat iddiaçıya ödənilmişdir. Bu səbəbdən də cavabdeh tərəfindən ümumi zərər məbləğinə uyğun olaraq hesablamalar həyata keçirildikdən sonra hətta iddiaçıya artıq məbləğdə sığorta ödənişi həyata keçirilmişdir. Yəni ümumi zərər məbləğinə uyğun hesablama bu formada 15598 (ümumi zərər) -14850 (icbari sığorta üzrə alınmış məbləğ) - 400 (könüllü sığorta növü üzrə azadolma məbləği) = 348 manat həyata keçirilsə idi iddiaçıya 348 manat sığorta ödənişi ödənilməli idi. Lakin cavabdeh tərəfindən iddiaçıya sığorta ödənişi hətta artıq ödənilmişdir. Həmin yaşayış evinin 1954-cü il tarixində inşa edildiyi nəzərə alınsa 25000 manat dəymiş zərər qiymətinin absurd olduğu məlum olur. İddiaçıya məxsus fərdi yaşayış evinə cavabdeh tərəfindən sığorta ödənişinə dair hesablamalar düzgün hesablanaraq sığorta ödənişi həyata keçirilmişdir. Əvvəl keçirilmiş məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun olaraq izahat verərək, iddianı müdafiə etdi və tələbin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X5 iddia ərizəsinə etirazın məzmununa uyğun olaraq izahat verərək, iddiaya etiraz etdi və iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş: RX seriyalı ******* saylı “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” Çıxarışdan görünür ki, Lerik şəhəri, E.Qarayev küçəsi, ev 6 ünvanında yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. BA seriyalı 993543 saylı Daşınmaz əmlakın icbari sığortasından görünür ki, iddiaçıya məxsus ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək “AtaSığorta" ASC tərəfindən 15.000 manat məbləği həddində, 150 manat azadolma məbləği müəyyən edilməklə icbari qaydada sığortalanmışdır. AS seriyalı 244022 saylı Fiziki şəxslərə məxsus olan əmlakların sığorta şəhadətnaməsindən görünür ki, iddiaçıya məxsus Lerik şəhəri, E.Qarayev küçəsi, ev 6 ünvanında yerləşən fərdi yaşayış evi xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək cavabdeh tərəfindən 20.000 manat məbləği həddində, 400 manat azadolma məbləği müəyyən edilməklə könüllü qaydada sığortalanmışdır. xx.xx.2022-ci il tarixli Cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, xx.xx.2020-ci il tarixdə saat 09 radələrində Lerik rayonu, E.Qarayev küçəsində yerləşən İddiaçı məxsus fərdi yaşayış evində baş vermiş yanğında cinayət hadisəsi olmadığını nəzərə alaraq cinayət işinin başlanması rədd edilmişdir. Cavabdehin xx.xx.2020-ci il tarixli 11/Q-335 saylı məktubundan görünür ki, yaşayış evinə dəymiş zərər məbləği tikinti üzrə mütəxəssis tərəfindən hesablanılaraq 14.520 manat müəyyən edilmişdir. Həmin məbləğ Daşınmaz əmlakın icbari sığortası haqqında qanuna əsasən "xxxx" ASC tərəfindən ödənilmişdir. Ona görə də iddiaçıya könüllü növ sığortası üzrə əlavə olaraq sığorta ödənişi verilməsi mümkün deyildir. Cavabdehin xx.xx.2020-ci il tarixli 11/Q-335/2 saylı məktubundan görünür ki, "xxxx" ASC-nin mütəxəssisləri tərəfindən zərər dəymiş evə baxış keçirilmiş, hesablama aktı tərtib edilmişdir. Yaşayış evinə cəmi 15598 manat məbləğində zərər dəyməsi müəyyən edilmişdir. Dəymiş zərər məbləğinin 15000 manatı icbari sığorta qanununa əsasən "xxxx" ASC tərəfindən ödənilmişdir. Qalan məbləğin 598 manatı könüllü müqaviləyə (AS-244- 022) əsasən bank hesabını təqdim etdikdən sonra Şirkəti tərəfindən ödəniləcəkdir. Cavabdeh tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli 02 saylı “Hüquqi və fiziki şəxslərə məxsus olan tikintinin zədələnməsi (məhv olması) haqqında” aktdan görünür ki, xx.xx.2020-ci il tarixdə iddiaçıya məxsus fərdi yaşayış evində baş vermiş yanğın nəticəsində iddiaçıya dəymiş ziyan 20358 manat məbləğində müəyyən edilmişdir. “AtaSığorta" ASC-nin xx.xx.2020-ci il tarixli AS-20/1088 saylı məktubundan görünür ki, iddiaçının evinə dəymiş ziyan 15598,50 manat məbləğində müəyyən edilmiş, sığorta məbləğinin ən yuxarı həddi 15000 manat olduğu üçün 150 manat azadolma məbləği çıxılmaqla 14850 manat məbləğində sığorta ödənişi iddiaçya ödənilmişdir. xx.xx.2020-ci il tarixli 1576 saylı Ödəniş tapşırığından görünür ki, cavabdeh tərəfindən iddiaçıya 598 manat məbləğində sığorta ödənişi ödənilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2021-ci il tarixli, 10/1757 saylı ekspert rəyindən görünür ki, Torpaq sahələrinin, mənzillərin, fərdi yaşayış evlərinin, qeyri-yaşayış binalarının və s. bazar qiymətləri ilə dəyərinin müəyyən edilməsi tikinti-texniki ekspertizası sahəsi üzrə xüsusi bilik tələb etmədiyindən və qərardaddakı sual konkret məlumatın əldə edilməsinə aid olduğundan Mərkəzdə bu suallar üzrə ekspertiza tədqiqatı aparılmır. Odur ki, qərardadın bu sualını cavablandırmaq mümkün olmadı. Tədqiqat obyekti olan çıxarışa əsasən ümumi sahəsi 43.1 m2 olan 1 mərtəbəli fərdi yaşayış evi faktiki vəziyyətdə mövcud olmadığına, tamamilə sökülərək yerində iki mərtəbəli fərdi yaşayış evi inşa olunduğuna görə, İddiaçı məxsus olan ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinə baş vermiş yanğın hadisəsi zamanı nə qədər maddi ziyan dəydiyini və fərdi yaşayış evində görülməli təmir-bərpa işlərinin mövcud bazar qiymətinin nə qədər təşkil etdiyini müəyyən etmək mümkün olmadı. Ekspertiza tədqiqatlarının dəyəri 50 manat müəyyən edilmişdir. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Əməliyyat-İstintaq İdarəsi tərəfindən məhkəməyə təqdim edilmiş 0276 saylı materialda olan Yanğının hesabat vərəqəsindən müəyyən olunur ki, iddiaçıya məxsus fərdi yaşayış evində baş vermiş yanğın nəticəsində iddiaçıya dəymiş ziyan 25000 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Həmin Məcəllənin 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Həmin Məcəllənin 898.2-ci maddəsinə əsasən azadolma məbləği sığorta hadisəsi nəticəsində yaranan itkilərin və ya dəyən zərərin sığorta təminatı ilə əhatə olunmayan və sığortalının üzərində qalan hissəsidir. Azadolma məbləği sığorta müqaviləsinə uyğun olaraq müəyyən edilən zərər məbləğindən, qismən sığorta halında isə sığortaçının zərər məbləğindəki payından çıxılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 922.1-ci maddəsinə əsasən sığorta hadisəsi qanunvericiliyə və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. Həmin Məcəllənin 922.2-ci maddəsinə əsasən sığorta hadisəsi hesab edilən hadisələr və hallar icbari sığorta üzrə icbari sığorta qanunvericiliyində, könüllü sığorta üzrə isə tərəflərin razılaşması əsasında sığorta müqaviləsində müəyyən edilir. Həmin Məcəllənin 922.3-cü maddəsinə əsasən sığorta hadisəsi baş vermə ehtimalına və (və ya) təsadüfilik əlamətlərinə malik olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 933.1-ci maddəsinə əsasən sığorta hadisəsi baş verdikdə, sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin sığorta müqaviləsində nəzərdə tutulmuş müddətdə sığortaçıya ünvanladığı sığorta tələbi olduqda, sığorta hadisəsi hesab edilə bilən hadisə ilə bağlı qanunvericiliyə uyğun olaraq, hər hansı dövlət orqanına məlumat verilməlidirsə, həmin orqanın hadisə barədə təqdim etdiyi müvafiq sənəd olduqda və qanunvericilikdə və müvafiq sığorta qaydalarında nəzərdə tutulan, sığorta ödənişinin verilməsi üçün tələb olunan digər sənədlər olduqda sığorta ödənişi həyata keçirilir. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış Fiziki şəxslərə məxsus olan əmlakların sığorta müqaviləsinə əsasən Lerik şəhəri, E.Qarayev küçəsi, ev 6 ünvanında yerləşən fərdi yaşayış evi xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək cavabdeh tərəfindən 20.000 manat məbləği həddində, 400 manat azadolma məbləği müəyyən edilməklə könüllü qaydada sığortalanmış və bu barədə iddiaçıya AS seriyalı 244022 saylı şəhadətnamə verilmişdir. Eyni zamanda iddiaçı ilə "xxxx" ASC arasında bağlanmış daşınmaz əmlakın icbari sığortası müqaviləsinə əsasən iddiaçıya məxsus fərdi yaşayış evi "xxxx" ASC tərəfindən 15.000 manat məbləği həddində, 150 manat azadolma məbləği müəyyən edilməklə icbari qaydada sığortalanmış və bu barədə iddiaçıya BA seriyalı 993543 saylı “Daşınmaz əmlakın icbari sığortası haqqında şəhadətnamə” verilmişdir. Sığorta müqavilələrinin qüvvədə olduğu müddət ərzində, yəni xx.xx.2020-ci il tarixdə saat 09 radələrində iddiaçıya məxsus fərdi yaşayış evində yanğın hadisəsi baş vermişdir. Bununla bağlı, iddiaçı cavabdehə və "xxxx" ASC-yə müraciət edərək, bu barədə məlumat vermiş və hadisə ilə bağlı sığorta ödənişinin verilməsini tələb etmişdir. "xxxx" ASC tərəfindən iddiaçının evinə dəymiş ziyan 15598,50 manat məbləğində müəyyən edilmiş, sığorta məbləğinin ən yuxarı həddi 15000 manat olduğu üçün 150 manat azadolma məbləği çıxılmaqla 14850 manat məbləğində sığorta ödənişi iddiaçya ödənilmişdir. Cavabdeh tərəfindən isə iddiaçıya 598 manat məbləğində sığorta ödənişi ödənilmişdir. Məhkəmə qeyd edir ki, tərəflər sığorta hadisəsinin baş verdiyini mübahisələndirmir. Tərəflərin arasındakı mübahisə yalnız sığorta ödənişinin məbləği barədədir. Mübahisənin mahiyyətini fərdi yaşayış evinin təmir xərcinə dair fikir ayrılığı təşkil edir. Belə ki, cavabdeh bu qiymətin 15598,50 manat, iddiaçı isə 25000 manat təşkil etdiyini bildirir. Ona görə də mübahisənin düzgün həll edilməsi üçün sığorta hadisəsinin baş verməsi nəticəsində fərdi yaşayış evinə dəymiş zərərin aradan qaldırılması üçün tələb olunan xərcin nə qədər təşkil etdiyinin müəyyən edilməsi üçün məhkəmə tərəfindən ekspertiza təyin olunmuş, lakin Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən iddiaçıya məxsus fərdi yaşayış evi mövcud olmadığına görə ekspertizanın keçirilməsi mümkün olmamışdır. Buna görə də məhkəmə hesab edir ki, iddfiaçıya məxsus fərdi yaşayış evinə dəymiş zərərin məbləği Yanğının hesabat vərəqəsində müəyyən olunmuş 25000 manat əsas götürülməlidir. Belə ki, həmin vərəqə evdə baş vermiş yanğının söndürülməsində birbaşa iştirak etmiş və yanğın zamanı dəymiş ziyanı birbaşa müşahidə etmiş Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin X3 Xidmətinin Lerik rayon X3 Hissəsi tərəfindən tərtib edildiyindən həmin vərəqə üzrə gəlinən nəticə, inandırıcı sübut olmaqla düzgün nəticə kimi qiymətləndirilməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, 25000 manat dəymiş ziyanın 15000 manat hissəsinin "xxxx" ASC tərəfindən ödənilməsini, cavabdeh tərəfindən iddiaçıya ödənilmiş 598 manat məbləğində sığorta ödənişini və 400 manat azadolmanı nəzərə aldıqda, sığorta hadisəsi nəticəsində dəymiş zərərin əvəzini təşkil edən 9002 manat (25000 - (15000 + 598 + 400) = 9002) sığorta ödənişi iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin; 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1 -ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdehdən iddiaçının xeyrinə dəymiş zərərin əvəzi qismində 9002 manat məbləğində sığorta ödənişi tutulmalı, iddia qalan hissədə rədd edilməlidir. Eyni zamanda iş üzrə təyin edilmiş ekspertiza tədqiqatlarının dəyəri 50 manat məbləğində ekspertiza xərcləri cavabdehdən tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən İddiaçı xeyrinə dəymiş zərərin əvəzi qismində 9002 manat məbləğində sığorta ödənişi tutulsun. İddia qalan hissədə rədd edilsin. İş üzrə təyin edilmiş ekspertiza tədqiqatlarının dəyəri 50 manat məbləğində ekspertiza xərcləri Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM VÖEN **********, X1, Kod 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ**********000000 3944 SWİFT BİK CTREAZ 22.AZ34CTRE******************** saylı hesabına köçürülsün. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Anar İbadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar