Məhkəmə qərarları › İş №2(006)-1521/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1521/2023

13.04.2023 · Müqavilələrin ləğv edilməsi - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1521/2023 13.04.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Cəfərov Səməd Fəxrəddin oğlunun sədrliyi, məhkəmə iclasının katibi Mikayılova Dilbər Ağaverdi qızının katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı "ipoteka müqaviləsinə xitam verilməsi" tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı "ipoteka müqaviləsinə xitam verilməsi" barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" SKB ilə İddiaçı arasında bağlanmış xx.xx.2005-ci il tarixli 64 saylı İpoteka müqaviləsinə xitam verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə İddiaçı mərhum anası X6 arasında 23 iyun 2005-ci il tarixdə 64 saylı kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsini təmin etmək üçün iddiaçıya məxsus Gəncə şəhəri, Gəncəvi küçəsi, 1-ci döngədə yerləşən 10A saylı ev 23 iyun 2005-ci il tarixdə 64 saylı ipoteka müqaviləsinə əsasən ipoteka ilə yüklü edilmişdir. Bundan sonra kredit müqaviləsi üzrə ödənişlərdə gecikmələr olmuş və "xxxx" Açıq Səhmdar Cəmiyyəti Gəncə şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edərək, kredit borcunun ödənilməsini tələb etmiş, kredit müqaviləsinin təminatı üçün ipotekaya qoyulmuş iddiaçıya məxsus Gəncə şəhəri, Gəncəvi küçəsi, 1-ci döngədə yerləşən 10A saylı evin boşaldılıb, açıq hərracda satılaraq əldə olunan vəsait hesabına borcun tutulmasını xahiş etmişdir. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 13 mart 2006-cı il tarixli 2(044)-276/2006 saylı qətnaməsi ilə iddia təmin edilmişdir. Həmin qətnamədən Gəncə Apellyasiya Məhkəməsinə iddiaçı tərəfindən apellyasiya şikayəti verilmiş, Gəncə Apellyasiya Məhkəməsinin 24 dekabr 2008-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 13 mart 2006-cı il tarixli 2(044)-276/2006 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra həmin məhkəmə qətnaməsi qanuni qüvvəyə minmiş və icraya yönəldilmişdir. İcra şöbəsi tərəfindən hərracın keçirilməsi sifariş olunmuş və ipoteka müqaviləsi ilə yüklü edilmiş iddiaçıya məxsus Gəncə şəhəri, Gəncəvi küçəsi, 1-ci döngədə yerləşən 10A saylı evin satışı Bakı şəhəri üzrə ixtisaslaşdırılmış hərrac mərkəzi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən keçirilmişdir. Hərracların sonunda iddiaçıya məxsus qeyd olunan əmlak üzrə mülkiyyət hüququ «Yaşayış evinin açıq hərracdan alınması barədə» Gəncə şəhəri 4-cü Dövlət Notariat Kontoru tərəfindən verilmiş 17 iyun 2008-ci il tarixli Şəhadətnamə və həmin şəhadətnamə əsasında "xxxx" Açıq Səhmdar Cəmiyyəti adına verilmiş 08 sentyabr 2008-ci il tarixli Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışla "xxxx" Açıq Səhmdar Cəmiyyətinə keçmişdir. Bundan sonra X1 şəhəri Nizami Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, Gəncə şəhəri, Gəncəvi küçəsi, 1-ci döngədə yerləşən 10A saylı evin satışına dair keçirilmiş hərracın nəticələrinin etibarsız hesab edilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmiş, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 31 mart 2010-cu il tarixli 2(044)- 9/10 saylı qətnaməsi ilə iddia təmin edilmiş, iddiaçıya məxsus Gəncə şəhəri, Gəncəvi küçəsi, 1-ci döngədə yerləşən 10A saylı evin satışına dair Bakı şəhəri üzrə ixtisaslaşdırılmış hərrac mərkəzi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən keçirilmiş hərracın nəticələri etibarsız sayılmış, həmin evin "xxxx" Açıq Səhmdar Cəmiyyətinin mülkiyyətinə keçməsi barədə Gəncə şəhəri 4-cü Dövlət Notariat Kontoru tərəfindən verilmiş 17 iyun 2008-ci il tarixli «Yaşayış evinin açıq hərracdan satılması barədə» Şəhadətnamə və həmin şəhadətnamə əsasında "xxxx" Açıq Səhmdar Cəmiyyətinin adına verilmiş 08 sentyabr 2008-ci il tarixli Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarış etibarsız sayılmışdır. Bundan başqa, məhkəmə Gəncə şəhəri, Gəncəvi küçəsi, 1-ci döngədə yerləşən 10A saylı evin boş halda yenidən açıq hərracdan satışa çıxarılması və hərracın Gəncə şəhərində keçirilməsi, ilkin satış qiymətinin 322.258 manat olmasını müəyyən etmişdir. Bundan sonra 03 iyun 2010-cu il tarixdə Gəncə şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən həmin qətnamə üzrə icra sənədi icraya yönəldilmişdir. İcra şöbəsinin sifarişinə əsasən ixtisaslaşdırılmış "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən iddiaçıya məxsus ipoteka ilə yüklü edilmiş əmlak 18 noyabr 2015-ci il tarixdə hərraca çıxarılmışdır. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən tərəflərə 19 oktyabr 2015-ci il tarixli və 02 noyabr 2015-ci il tarixli açıq hərracın keçirilməsi barədə bildirişlər göndərilmişdir. 18 noyabr 2015-ci il tarixli Gəncə şəhəri ixtisaslaşdırılmış hərrac mərkəzi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 30/01 saylı protokolundan da görünür ki, hərrac alıcı olmadığı üçün baş tutmamış hesab edilmiş və növbəti hərrac 25 dekabr 2015-ci il tarixə təyin edilmişdir. Bu barədə tərəflərə 23 noyabr 2015-ci il tarixli və 07 dekabr 2015-ci il tarixli bildirişlər rəsmi olaraq göndərilmişdir. 25 dekabr 2015-ci il tarixdə hərrac bir daha baş tutmamış sayılmış və ixtisaslaşdırılmış "xxxx" Məsuliyyətli Cəmiyyəti tərəfindən rəsmi olaraq, 28 dekabr 2015-ci il tarixdə ipoteka saxlayan "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ipoteka ilə yüklü olmuş əmlakın 30 gün müddətinə alınması təklif olunmuş, əks halda ipotekaya xitam verilməsi barədə məlumat verilmişdir. Bundan sonra 18 mart 2016-cı il tarixdə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Gəncə şəhəri üzrə İcra İdarəsinə məktub göndərərək, icra müddəti başa çatdığı üçün sənədləri icra olunmadan geri qaytarmışdır. 24 dekabr 2019-cu il tarixdə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 31 mart 2010-cu il tarixli, 2(044)-9/10 saylı qətnaməsi üzrə icra sənədinin icraatına Gəncə şəhəri üzrə İcra İdarəsi tərəfindən xitam verilmişdir. Həmçinin "xxxx" Açıq Səhmdar Cəmiyyəti Gəncə şəhəri Nizami Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, X2 varislərinin müəyyən olunması, müəyyən edilmiş varisin İddiaçı ilə birlikdə cavabdeh qismində cəlb edilməsi, ipoteka ilə yüklü edilmiş əmlakın hərracdan alınması üçün ödənilmiş 106.554 manat 72 qəpik fərqin "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qaytarılması, ipoteka qoyan İddiaçı ödənilmiş 106.554 manat 72 qəpik fərq vaxtında qaytarılmadığı üçün banka dəymiş 32.890 manat 22 qəpik məbləğində maddi ziyanın, 23 iyun 2005-ci il tarixli 64 saylı kredit müqaviləsi üzrə yaranmış 34.560 manat əsas borcun, 82.419 manat 84 qəpik faiz borcunun, cəmi 116.979 manat 84 qəpik məbləğində pul vəsaitinin cavabdehdən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması, iddiaçıya məxsus ipoteka ilə yüklü edilmiş Gəncə şəhəri, Gəncəvi küçəsi, 1-ci döngədə yerləşən 10A saylı evin hərracda ilkin satış qiymətinin 150.000 manat dəyərində müəyyən olunması, ipoteka predmetinin satışından əldə olunan məbləğdən "xxxx" Açıq Səhmdar Cəmiyyətinə olan əsas borcun, qətnamə çıxan günə hesablanmış faizlərin, 32.890 manat 22 qəpik məbləğində əldən çıxmış faydanın, bununla bağlı qanunvericiliyə müvafiq olaraq çəkilmiş xərclərin, yəni ipoteka əmlakının saxlanılması üçün çəkilmiş 25.642 manat, o cümlədən iddia ərizəsi üçün dövlət büdcəsinə ödənilmiş 20 manat məbləğində dövlət rüsumunun, ümumilikdə 282.086 manat 78 qəpik məbləğində pul vəsaitinin "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 12 iyun 2014-cü il tarixli, 2(044)-26/2014 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, 32.890 manat 22 qəpik məbləğində maddi ziyanın və 34.560 manat məbləğində kredit borcuna hesablanmış 144.627 manat məbləğində faiz borcunun və ödənilmiş dövlət rüsumunun yarısı, yəni 10 manat məbləğində pul vəsaitinin "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması qət edilmiş, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin iddiası qalan hissədə rədd edilmişdir. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 12 iyun 2014-cü il tarixli 2(044)- 26/2014 saylı qətnaməsindən iddiaçı tərəfindən apellyasiya şikayəti verilmiş və Gəncə Apellyasiya Məhkəməsinin 01 fevral 2021-ci il tarixli 2(104)- 937/2021 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 12 iyun 2014-cü il tarixli qətnaməsi ləğv edilmiş, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin iddiaçıya qarşı kredit müqaviləsi üzrə yaranmış borcun tutulması, tələbin ipoteka predmetinə yönəldilməsi və ziyanın ödənilməsi tələbinə dair iddiası təmin edilməmişdir. Göründüyü kimi cavabdeh ona təklif olunmasına baxmayaraq, 30 təqvim günü müddətində ipoteka predmetini əldə etməmişdir. Buna görə də ipoteka müqaviləsi üzrə ipotekaya xitam verilməlidir. Sonda iddiaçının nümayəndəsi iddianın təmin edilməsi, 23 iyun 2005-ci il tarixli 64 saylı ipoteka müqaviləsi üzrə ipotekaya xitam verilməsi barədə qətnamə qəbul olunmasını məhkəmədə xahiş etdi. Məhkəmə iclasında iştirak edən İddiaçı və iddiaçının nümayəndəsi və vəkili Nümayəndə yuxarıda göstərilən məzmunda izahat verərək, iddianın təmin edilməsini xahiş etmişdirlər. Cavabdeh LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdehin Cavabdeh ASC məhkəməyə iddiaya etiraz ərizəsini elektron formada ünvanlamışdır. O, etirazda bildirmişdir ki, İddiaçı, Gəncə şəhər Məhkəməsinə iddia ərizəsi ilə müraciət etməklə “ipoteka müqaviləsinə xitam verilməsi” tələbi irəli sürüb. İddia tələbinə əsasən cavabdeh "xxxx" SKB ilə İddiaçı arasında bağlanmış 23 iyun 2005-ci il tarixli 64 saylı ipoteka müqaviləsinə xitam verilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş edib. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2006-cı il tarixli qətnaməsi ilə tarixli Cavabdeh SKB-nin iddiası təmin edilmiş və cavabdehdən borcun tutulması tutmanın ipoteka predmeti olan Gəncə şəhəri, Gəncəvi küçəsi, 1-ci döngədə yerləşən 10A saylı evə yönəldilməsi qət edilmişdir. Bundan sonra Cavabdeh SKB tərəfindən əmlak açıq hərracdan alınmış və fərq məbləği 106554 manat cavabdehin adına Gəncə şəhər İcra İdarəsinin depozit hesabına qoyulmuşdur. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli qətnaməsi ilə hərrac nəticələri ləğv edilmiş və hərracın yenidən təşkil edilməsi qət edilmişdir. İddiaçının iddiasının əsasları: iddiaçı hazırda məhkəməyə iddia verərək 23 iyun 2005-ci il tarixli 64 saylı ipoteka müqaviləsinə xitam verilməsini xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, İcra şöbəsinin sifarişinə əsasən ixtisaslaşdırılmış "xxxx" MMC tərəfindən Gəncə şəhəri, Gəncəvi küçəsi, 1-ci döngədə yerləşən 10A saylı əmlak xx.xx.2015-ci il tarixdə hərraca çıxarılmış və hərracın baş tutmadığını əsas gətirmişdir. Hüquqi məsələlər: iddiaçı iddiasında "xxxx" MMC tərəfindən keçirilmiş hərracla bağlı məlumatlar əlavə etmiş və hərracla bağlı müəyyən bildirişləri arqument gətirsədə, Cavabdeh ASC tərəfindən həmin bildirişlərin alınması faktını sübut edən sənədlər iddiaya əlavə edilməmişdir. Cavabdeh ASC-nin xx.xx.2016-cı il tarixdə ləğv edilmiş və daha sonra Bank müflis elan edilmişdir. Hazırki iddiada qeyd edilən tarixlər Cavabdeh ASC-də ləğv prosesinə başlandığdan sonraki dövrə təsadüf edir. Həmçinin iş üzrə "xxxx" MMC-də olan materiallar əldə edilməmiş və göndərilmiş məktubların həmçinin bildirişlərin kim tərəfindən və hansı tarixlərdə alınması faktı müəyyən edilməmişdir. Məhkəmə iclasına "xxxx" MMC cəlb edilməli və yuxarıda qeyd edilən məsələlər araşdırılmalıdr. İddiaçı iddia tələbində qeyd etdiyi Cavabdeh SKB ləğv edilmiş və hazırda Ləğv prosesində olan Cavabdeh ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu bankın ləğvetməsini həyata keçirir. Bu səbəbdəndə iddia Cavabdeha qarşı deyil Əmanətlərin Sığortalanması Fonduna qarşı qaldırılmalı idi. Sonda iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəflərin nümayəndələrini dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, işdə olan 23 iyun 2005-ci il tarixli 64 nömrəli ipoteka müqaviləsinin surətindən görünür ki, İddiaçı şəxsi mülkiyyət hüququ əsasında ünvan 4-da yerləşən evi eyni tarixli eyni nömrəli kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminat üsulu kimi "xxxx" Açıq Səhmdar Cəmiyyəti qarşısında ipoteka ilə yüklü etmişdir. İş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi İddiaçı adına mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində 19 nömrəli reyestr kitabının 107 nömrəli vərəqində qeydə alınmışdır. İşdə olan Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 13 mart 2006-cı il tarixli, 2(044)-276/2006 nömrəli qətnaməsinin surətindən görünür ki, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər olan fiziki şəxslər X3 və İddiaçı qarşı 31 dekabr 2005-ci il tarixə 172.800.000 manat məbləğində kredit borcunun və 12.326.400 manat məbləğində faiz borcunun ipotekaya qoyulmuş əmlakın satılması hesabına tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin iddiası qismən təmin edilmiş, cəmi 185.126.400 manat (37.025 manat 28 qəpik AZN) borc, kredit müqaviləsinin təminatı üçün ipotekaya qoyulmuş cavabdehlərdən İddiaçı məxsus ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinin boşaldılıb açıq hərracda satılaraq əldə olunan vəsait hesabına ödənilməsi qət edilmişdir. İş materiallarında olan Gəncə Apellyasiya Məhkəməsinin 24 dekabr 2008-ci il tarixli qətnaməsinin surətindən görünür ki, X8, X4 və X7 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. İşdə olan Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 31 mart 2010-cu il tarixli, 2(044)-290/10 nömrəli qətnaməsinin surətindən görünür ki, Gəncə şəhəri, Gəncəvi küçəsi, 1-ci döngədə yerləşən 10A saylı evin satışına dair Bakı şəhəri üzrə ixtisaslaşdırılmış "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən keçirilmiş həracın nəticələri, həmin evin "xxxx" Açıq Səhmdar Cəmiyyətinin mülkiyyətinə keçməsi barədə Gəncə şəhəri 4- cü Dövlət Notariat Kontoru tərəfindən verilmiş 17 iyun 2008-ci il tarixli «Yaşayış evinin açıq hərracdan alınması barədə» şəhadətnamə və həmin Şəhadətnamə əsasında "xxxx" Açıq Səhmdar Cəmiyyətinin adına verilmiş 08 sentyabr 2008-ci il tarixli Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış etibarsız sayılmış, Gəncə şəhəri, Gəncəvi küçəsi, 1- ci döngədə yerləşən 10A saylı evin boş halda yenidən açıq hərracdan satışa çıxarılması və hərracın Gəncə şəhərində keçirilməsi, satışdan əldə olunan vəsaitdən "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən həmin evin alınması məqsədi ilə Gəncə şəhəri Nizami rayon Məhkəmə İcraçıları Şöbəsinin depozit hesabına köçürülmüş məbləğ 106.524 manat 72 qəpik məbləğində pul vəsaitinin tutulub "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, digər ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsinin ipoteka qoyan – İddiaçı qaytarılması qət edilmiş, həmin evin ilkin satış qiyməti 322.258 manat müəyyən edilmişdir. İş materiallarında olan Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 12 iyun 2014-cü il tarixli, 2(044)-26/2014 nömrəli qətnaməsinin surətindən görünür ki, cavabdeh İddiaçı 32.890 manat 22 qəpik məbləğində maddi ziyanın (əldə çıxmış faydanın), 34.560 manat məbləğində əsas kredit borcuna hesablanmış 144.627 manat faiz borcunun və ödənilmiş dövlət rüsumunun yarısı, yəni 10 manat məbləğində pul vəsatinin "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması qət edilmişdir. İşdə olan Gəncə Apellyasiya Məhkəməsinin 01 fevral 2021-ci il tarixli, 2(104)- 937/2021 nömrəli qətnaməsinin surətindən görünür ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 12 iyun 2014-cü il tarixli, 2(044)-26/2014 nömrəli qətnaməsi ləğv edilmiş, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdeh İddiaçı qarşı kredit müqaviləsi üzrə yaranmış borcun tutulması, tələbin ipoteka predmetinə yönəldilməsi və ziyanın ödənilməsi tələbinə dair iddiası təmin edilməmişdir. İş materiallarında olan açıq hərracın keçirilməsinə dair 19 oktyabr 2015-ci il tarixli, 01 nömrəli və 02 noyabr 2015-ci il tarixli, 01/2 nömrəli bildirişlərin surətlərindən görünür ki, kreditin (borcun) təminatı qismində ipoteka predmetinə tələbin yönəldilməsinə dair Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 31 mart 2010-cu il tarixli 2-9/10 saylı icra sənədi üzrə ipoteka qoyulan Gəncə şəhəri, Gəncəvi küçəsi, 1-ci döngədə yerləşən 10a saylı fərdi yaşayış evinə dair 18 noyabr 2015-ci il tarixə təyin olunmuş hərrac barədə "xxxx" Açıq Səhmdar Cəmiyyətinə məlumat verilmişdir. İşdə olan 18 noyabr 2015-ci il tarixli, 60/01 nömrəli protokolun surətindən görünür ki, İddiaçı məxsus ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evinin hərracı alıcı olmadığı üçün baş tutmamış hesab edilmişdir. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun müvafiq maddələrinə uyğun olaraq növbəti hərrac təyin edilmişdir. İş materiallarında olan açıq hərracın keçirilməsinə dair 23 noyabr 2015-ci il tarixli, 02 nömrəli və 07 dekabr 2015-ci il tarixli, 02/2 nömrəli bildirişlərin surətlərindən görünür ki, kreditin (borcun) təminatı qismində ipoteka predmetinə tələbin yönəldilməsinə dair Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 31 mart 2010-cu il tarixli 2-9/10 saylı icra sənədi üzrə ipoteka qoyulan Gəncə şəhəri, Gəncəvi küçəsi, 1-ci döngədə yerləşən 10a saylı fərdi yaşayış evinə dair 25 dekabr 2015-ci il tarixə təyin olunmuş hərrac barədə "xxxx" Açıq Səhmdar Cəmiyyətinə məlumat verilmişdir. İşdə olan Xammal və X14 Mərkəzi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ünvanlanmış 28 dekabr 2015-ci il tarixli məlumatın surətindən görünür ki, üzərinə tələb yönəldilmiş və ipoteka ilə yüklü edilmiş Gəncə şəhəri, Gəncəvi küçəsi, 1-ci döngədə yerləşən 10A saylı evi məlumat daxil olan tarixdən «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 43.7-ci maddəsinə əsasən əgər həmin əmlak satılmazsa 30 təqvim günü ərzində qeyd olunan əmlakı təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz aşağı qiymətlə, yəni 197.625 manat olmaqla almaq, "xxxx" Açıq Səhmdar Cəmiyyətinə təklif edilmişdir. İş materiallarında olan icra sənədi üzrə icraata xitam verilməsi barədə 24 dekabr 2019-cu il tarixli qərarın surətindən görünür ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2-9/10 nömrəli, xx.xx.2010-cu il tarixli icra sənədi üzrə icraata xitam verilmişdir. İşdə olan Gəncə şəhəri üzrə icra İdarəsi tərəfindən Gəncə Şəhər Məhkəməsinə ünvanlanmış 02 sentyabr 2022-ci il tarixli, 1176/10 nömrəli məktubdan görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 18 mart 2016-cı il tarixli məktubunda icra sənədi üzrə göstərilən əmlakın qanunvericiliyə uyğun olaraq hərracın keçirilməsi və yekun haqqında tərəflərə və Gəncə şəhəri üzrə İcra İdarəsinə məlumat verilməsi göstərilərək, icra müddəti başa çatdığı üçün icra olunmadan geri qaytarılmışdır. Buna görə də Gəncə şəhəri üzrə İcra İdarəsinin 24 dekabr 2019-cu il tarixli qərarı ilə icra sənədinin icrası yekunlaşdırılmışdır. Həmçinin, qeyd olunmalıdır ki, mülki iş üzrə Gəncə Şəhər Məhkəməsi 2(125)-755/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnamə çıxarmışdır. Həmin qətnamə ilə İddiaçı Qənbər oğlunun iddiası təmin edilmiş, İddiaçı ilə cavabdeh ləğv prosesində olan Cavabdeh Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış 23 iyun 2005-ci il tarixli 64 saylı ipoteka müqaviləsi üzrə ipotekaya xitam verilməsi, cavabdeh ləğv prosesində olan Cavabdeh Açıq Səhmdar Cəmiyyətindən ödənilmiş dövlət rüsumunun əvəzi qismində 100 (bir yüz) manat məbləğində pul vəsaitinin İddiaçı Qənbər oğlunun xeyrinə tutulması qət edilmişdir. Daha sonra Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(125)-755/2022 saylı qətnaməsindən cavabdeh ləğv prosesində olan Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu apellyasiya şikayəti verərək, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(125)-755/2022 saylı qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(104)-314/2023 saylı qərardadı ilə Apellyasiya şikayəti qismən təmin edilmiş, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(125)-755/2022 saylı qətnaməsinin ləğv edilməsi və İddiaçı cavabdeh ləğv prosesində olan Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı “xx.xx.2005-ci il tarixli 64 saylı ipoteka müqaviləsi üzrə ipotekaya xitam verilməsi” tələbinə dair mülki işin baxılması üçün Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Beləliklə, mülki işin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, İddiaçı şəxsi mülkiyyət hüququ əsasında ona məxsus olan ünvan 4-da yerləşən evi 23 iyun 2005-ci il tarixli 64 nömrəli ipoteka müqaviləsinə əsasən eyni tarixli eyni nömrəli kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminat üsulu kimi "xxxx" Açıq Səhmdar Cəmiyyəti qarşısında ipoteka ilə yüklü etmişdir. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 13 mart 2006-cı il tarixli, 2(044)-276/2006 nömrəli qətnaməsi ilə 185.126.400 manat (37.025 manat 28 qəpik AZN) borc, kredit müqaviləsinin təminatı üçün ipotekaya qoyulmuş cavabdehlərdən İddiaçı məxsus ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinin boşaldılıb açıq hərracda satılaraq əldə olunan vəsait hesabına ödənilməsi qət edilmiş və Gəncə Apellyasiya Məhkəməsinin 24 dekabr 2008-ci il tarixli qətnaməsi ilə X8, X4 və X7 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. Bundan sonra Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 31 mart 2010-cu il tarixli, 2(044)-290/10 nömrəli qətnaməsi ilə Gəncə şəhəri, Gəncəvi küçəsi, 1-ci döngədə yerləşən 10A saylı evin satışına dair Bakı şəhəri üzrə ixtisaslaşdırılmış "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən keçirilmiş həracın nəticələri, həmin evin "xxxx" Açıq Səhmdar Cəmiyyətinin mülkiyyətinə keçməsi barədə Gəncə şəhəri 4-cü Dövlət Notariat Kontoru tərəfindən verilmiş 17 iyun 2008-ci il tarixli «Yaşayış evinin açıq hərracdan alınması barədə» şəhadətnamə və həmin Şəhadətnamə əsasında "xxxx" Açıq Səhmdar Cəmiyyətinin adına verilmiş 08 sentyabr 2008-ci il tarixli Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış etibarsız sayılmış, Gəncə şəhəri, Gəncəvi küçəsi, 1- ci döngədə yerləşən 10A saylı evin boş halda yenidən açıq hərracdan satışa çıxarılması və hərracın Gəncə şəhərində keçirilməsi, satışdan əldə olunan vəsaitdən "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən həmin evin alınması məqsədi ilə Gəncə şəhəri Nizami rayon Məhkəmə İcraçıları Şöbəsinin depozit hesabına köçürülmüş məbləğ 106.524 manat 72 qəpik məbləğində pul vəsaitinin tutulub "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, digər ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsinin ipoteka qoyan – İddiaçı qaytarılması qət edilmiş, həmin evin ilkin satış qiyməti 322.258 manat müəyyən edilmişdir. Həmin icra sənədinin icrasının təmin edilməsi məqsədi ilə 19 oktyabr 2015-ci il tarixli 01 nömrəli və 02 noyabr 2015-ci il tarixli 01/2 nömrəli, 23 noyabr 2015-ci il tarixli 02 nömrəli və 07 dekabr 2015-ci il tarixli 02/2 nömrəli bildirişlərlə keçiriləcək hərracların vaxtı və yeri barədə "xxxx" Açıq Səhmdar Cəmiyyətinə məlumat verilmişdir. Hətta 18 noyabr 2015-ci il tarixli, 60/01 nömrəli protokolla İddiaçı məxsus ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evinin açıq hərracı alıcı olmadığı üçün baş tutmamış hesab edilmiş və «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun müvafiq maddələrinə uyğun olaraq növbəti hərrac təyin edilmiş, bu zaman "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi də qərar qəbul olunması zamanı iştirak etməklə həmin protokola imza etmiş və möhür vurmuşdur. Bundan sonra Xammal və X14 Mərkəzi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ünvanlanmış 28 dekabr 2015-ci il tarixli məlumatla üzərinə tələb yönəldilmiş və ipoteka ilə yüklü edilmiş Gəncə şəhəri, Gəncəvi küçəsi, 1-ci döngədə yerləşən 10A saylı evi məlumat daxil olan tarixdən «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 43.7-ci maddəsinə əsasən əgər həmin əmlak satılmazsa 30 təqvim günü ərzində qeyd olunan əmlakı təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz aşağı qiymətlə, yəni 197.625 manat olmaqla almaq, "xxxx" Açıq Səhmdar Cəmiyyətinə təklif edilmişdir. Lakin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 18 mart 2016-cı il tarixli məktubunda icra sənədi üzrə göstərilən əmlakın qanunvericiliyə uyğun olaraq hərracın keçirilməsi və yekun haqqında tərəflərə və Gəncə şəhəri üzrə İcra İdarəsinə məlumat verilməsi göstərilərək, icra müddəti başa çatdığı üçün icra olunmadan geri qaytarıldığından Gəncə şəhəri üzrə İcra İdarəsinin 24 dekabr 2019-cu il tarixli qərarı ilə icra sənədinin icrası yekunlaşdırılmışdır. Gəncə şəhəri üzrə İcra İdarəsinin 24 dekabr 2019-cu il tarixli qərarının qəbul olunmasından ötən müddət, eləcə də mülki işin məhkəmənin icraatında olduğu dövr ərzində ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti Gəncə şəhəri üzrə İcra İdarəsinin icra sənədi üzrə icraata xitam verilməsi barədə 24 dekabr 2019-cu il tarixli qərarının qanuniliyini mübahisələndirməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1-ci maddəsinə görə girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Həmin Məcəllənin 269.4-cü maddəsinə görə ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 317.2-ci maddəsinin tələbinə satış «İpoteka haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə görə ipoteka - öhdəliyin icrasının təmin edilməsi üsulu olaraq daşınmaz əşyaların və rəsmi reyestrdə üzərində mülkiyyət hüquqları qeydə alınan daşınar əşyaların girovudur. Həmin Qanunun 6.1-ci maddəsinə görə ipoteka predmeti qanuna müvafiq olaraq ipoteka qoyanın mülkiyyətində olan daşınmaz əşya, o cümlədən tikintisi başa çatdırılmamış daşınmaz əşya və rəsmi reyestrdə üzərində mülkiyyət hüquqları qeydə alınan daşınar əşya ola bilər. Həmin Qanunun 10.1-ci maddəsinə görə ipoteka müqaviləsi müstəqil xarakter daşımır və əsas öhdəliklərin icrasını təmin etmək məqsədilə bağlanır. İpoteka müqaviləsi əsas öhdəliyin qüvvədə olduğu müddət ərzində istənilən vaxt bağlanıla bilər. İpoteka müqaviləsinin etibarsızlığı əsas öhdəliyin etibarsızlığına səbəb olmur. Əsas öhdəliyin etibarsızlığı ipoteka müqaviləsinin etibarsızlığına səbəb olur. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 41.1 və 41.2-ci maddələrinə görə ipoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər. Məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən «İcra haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. İcra məmuru ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən seçilmiş beş ildən az olmayan daimi fəaliyyət göstərən ixtisaslaşdırılmış təşkilata (bundan sonra - hərracın təşkilatçısı) hərracın keçirilməsi barədə sifarişi verir. Bu razılıq 5 təqvim günü müddətində əldə edilmədikdə icra məmuru sifarişi «İcra haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verir. Həmin Qanunun 43.1-ci maddəsinə görə hərracın təşkilatçısı hərraca iki nəfərdən az alıcı gəldikdə; hərracın iştirakçısı olmadıqda; hərracı udmuş iştirakçı hərracın nəticələri barədə protokol imzalamaqdan imtina etdikdə; hərracı udmuş iştirakçı bu Qanunla müəyyən olunmuş müddətdə alış qiymətini tamamilə ödəmədikdə, bu şərtlə ki, ipoteka saxlayanın razılığı ilə həmin müddət uzadılmadıqda hərracın baş tutmadığı barədə hərracın keçirilməsinə dair elanın verildiyi kütləvi informasiya vasitəsində və özünün rəsmi internet saytında məlumat dərc etdirir. Həmin Qanunun 43.3-cü maddəsinə görə hərracın baş tutmaması barədə elanın dərc edildiyi gündən sonra 10 təqvim günü müddətində ipoteka saxlayan ipoteka qoyanla müqavilə əsasında ipoteka predmetini ilkin satış qiymətilə ala bilər. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 43.4 və 43.5-ci maddələrinə görə ipoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda birinci hərracın keçirildiyi gündən bir 20 təqvim günündən gec olmayaraq təkrar hərrac keçirilir. Təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərracın təşkilatçısı ipoteka predmetini ilkin satış qiymət ilə, hərracın iştirakçısı olmadığına görə hərracın baş tutmadığı səbəbə görə isə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxara bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 43.8-ci maddəsinə görə ipoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 43.4-43.8 və 48-ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 oktyabr 2014-cü il tarixli Qərarında göstərilmişdir ki, təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka saxlayan tərəfindən ipoteka predmetinin əldə edilməməsi ipotekaya xitam verilməsi ilə nəticələnir. «İpoteka haqqında» Qanunun 43-cü maddəsində yalnız iki hərracın keçirilməsi nəzərdə tutulduğundan, hər hansı əsasla yeni hərracların keçirilməsi qanuna zidd hesab edilməlidir. Həmçinin «İpoteka haqqında» Qanunun 43.8-ci maddəsində nəzərdə tutulmuş 30 günlük müddətin keçməsindən sonra da ipoteka saxlayanın ipoteka predmetini əldə etmək imkanının olub-olmamasına dair müraciətdə qaldırılmış məsələ ilə bağlı Konstitusiya Məhkəməsinin Plenumu həmin Qərarında qeyd etmişdir ki, «İpoteka haqqında» Qanunda ipoteka saxlayana təkrar hərracın baş tutmamış elan edilməsindən sonra 30 gün müddətində ipoteka predmetini ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə almaq imkanı yalnız bir dəfə verilmişdir. «İpoteka haqqında» Qanunun 43.8-ci maddəsi hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, habelə ipoteka saxlayanı öz hüquqlarından vaxtında istifadə etməsi üçün intizamlandırmaq məqsədini daşıyır. İpoteka saxlayan tərəfindən ipoteka predmetini almaq imkanından vaxtında istifadə edilməməsi, ipoteka qoyan üçün mühüm olan ipotekaya xitam verilməsi imkanından istifadə etmək hüququnu yaradır. İkinci hərrac keçirildikdən sonra 30 təqvim günü ərzində ipoteka saxlayan ipoteka predmetini əldə etmədikdə, ipoteka qoyan mülki məhkəmə icraatı qaydasında ipotekaya xitam verilməsini tələb edə bilər. Mülki işin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə İddiaçı Qənbər oğlu arasında bağlanmış 23 iyun 2005-ci il tarixdə 64 saylı ipoteka müqaviləsi üzrə ipoteka predmeti olan ünvan 8 ünvanında yerləşən fərdi yaşayış evinə dair 18 noyabr 2015-ci il tarixdə və 25 dekabr 2015-ci il tarixdə hərraclar keçirilmiş, "xxxx" Açıq Səhmdar Cəmiyyəti həmin hərracların keçirilməsindən və onların nəticələrindən xəbərdar olmuş, hətta birinci hərracın nəticələrinə və ikinci hərracın təyin olunmasına dair 18 noyabr 2015-ci il tarixli iclasda, eləcə də həmin iclas zamanı qərarların qəbul olunmasında onun nümayəndəsi iştirak etmiş və həmin xüsusat müvafiq imza və möhürlə də təsdiq edilmişdir. Sonradan əlavə olaraq, ikinci hərracın nəticələri barədə də "xxxx" Açıq Səhmdar Cəmiyyətinə məlumat verilmiş və 30 təqvim günü ərzində ipoteka predmeti olan əmlakın alınması tələbkar qismində "xxxx" Açıq Səhmdar Cəmiyyətinə təklif olunmuşdur. "xxxx" Açıq Səhmdar Cəmiyyəti həmin əmlakın alınmasını təmin etməmiş və buna görə də Gəncə şəhəri üzrə İcra İdarəsinin 24 dekabr 2019-cu il tarixli qərarı ilə icra üzrə icraata xitam verilmişdir. Mülki işin məhkəmə tədqiqi zamanı cavabdehin nümayəndəsi Gəncə şəhəri üzrə icra İdarəsi tərəfindən Gəncə Şəhər Məhkəməsinə ünvanlanmış 02 sentyabr 2022-ci il tarixli, 1176/10 nömrəli məktubla və habelə həmin məktuba əlavə edilmiş sənədlərlə 07 sentyabr 2022-ci il tarixdə tanış edilmiş, müvafiq imza və qeydlə həmin xüsusat təsdiq olunmuşdur. Lakin 07 sentyabr 2022-ci il tarixdən sonuncu məhkəmə baxış iclasının təyin olunduğu 07 oktyabr 2022-ci il tarixədək keçən bir ay müddətində də icra sənədi üzrə icraata xitam verilməsi barədə 24 dekabr 2019-cu il tarixli qərarın qanuniliyi mübahisələndirilməmişdir. Buna görə də cavabdehin nümayəndəsinin izahatında ipoteka predmetinin alınmasına dair tələbkar qismində ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinə təklifdən sonuncunun xəbərdar olmamasına dair göstərdiyi xüsusat inandırıcı deyildir və digər sübutların məcmusu ilə təkzib olunur. Həmçinin mülki və ipoteka haqqında qanunverciliyin yuxarıda öyrənilən normalarının tələbindən, habelə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqedən göründüyü kimi girov və ipoteka hüququ girov və ipoteka qoyanla girov və ipoteka saxlayan arasında yaranan hüquq münasibətidir. Bu hüquq girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur, eyni zamanda borclunun kreditor (girov saxlayan və ipoteka saxlayan) qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Girov və ipoteka hüququ əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Mülki hüquq müqavilələrindən irəli gələn öhdəliklərin icrasının təmin edilməsi ilə bağlı ipotekanın yaranması əsasları, onun dövlət qeydiyyatı, təmin olunmuş borcun və digər mülki-hüquqi öhdəliklərin ipoteka hesabına ödənilməsi qaydası, tərəflərin hüquq və vəzifələri «İpoteka haqqında» Qanunla tənzimlənir. Həmin Qanunun 43.8-ci maddəsinin tələbinə görə isə ikinci hərrac keçirildikdən sonra 30 təqvim günü ərzində ipoteka saxlayan ipoteka predmetini əldə etmədikdə, ipoteka qoyan mülki məhkəmə icraatı qaydasında ipotekaya xitam verilməsini tələb edə bilər. Göründüyü kimi qanunverici 30 təqvim gününün hesablanmasının əvvəlini tələbkara hərracın nəticələrinə dair məlumatın verildiyi tarixdən deyil, məhz 2-ci hərracın keçirildiyi tarixdən hesablanmalı olmasını müəyyən etmiş, Azərbaycan Respublikası Kontitusiya Məhkəməsinin Plenumu isə özünün 28 oktyabr 2014-cü il tarixli Qərarında eyni hüquqi mövqeni ifadə etmişdir. Bundan başqa “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.8-ci maddəsinə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə” Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının xx.xx.2022-ci il tarixli qərardadına əsasən “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.8-ci maddəsində nəzərdə tutulmuş 30 günlük müddət kəsici müddətdir və həmin müddət ərzində ipoteka saxlayan tərəfindən ipoteka predmetinin əldə edilməməsi ipotekaya xitamın verilməsi üçün əsasdır. Tərəflər arasında bununla bağlı mübahisə olduqda ipotekaya xitam verilməsi haqqında məhkəmədə iddia qaldırıla bilər. Hərrac təşkilatının protokolu imzalamaqdan imtina etməsi, və yaxud yayınması zamanı ipoteka saxlayan ipoteka predmetinin hərracdan əldə edilməsinə dair protokolun qanunla müəyyən edilmiş 30 günlük müddət ərzində imzalanmış hesab edilməsi və (və ya) zərərin əvəzinin ödənilməsi haqqında iddia qaldıra bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 184.2-ci maddəsinə görə işdə iştirak edən şəxslərin iddia ərizəsinə etirazı və ya sübutları təqdim etməməsi, işdə olan mövcud materiallar əsasında işə baxılmasına mane olmur. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlarla əsaslandırmalıdır. Avropa İnsan Hüquqları Məhkəməsi «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd edir ki, sübutlar qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər(§68). «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarında isə Avropa İnsan Hüquqları Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir (§93). Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı ilə cavabdeh ləğv prosesində olan Cavabdeh açıq səhmdar cəmiyyəti arasında bağlanmış 23 iyun 2005-ci il tarixli 64 saylı ipoteka müqaviləsi üzrə ipotekaya xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlarla əsaslandırmalıdır. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 107-ci maddəsinə görə isə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. Buna görə də məhkəmə hesab edir ki, iddia təmin edildiyinə görə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 100 manat məbləğində pul vəsaiti ləğv prosesində olan Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondundan cavabdeh İddiaçı xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı iddiası təmin edilsin. İddiaçı ilə cavabdeh ləğv prosesində olan Cavabdeh Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış 23 iyun 2005-ci il tarixli 64 saylı ipoteka müqaviləsi üzrə ipotekaya xitam verilsin. Cavabdeh ləğv prosesində olan Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondundan ödənilmiş dövlət rüsumunun əvəzi qismində 100 (bir yüz) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Səməd Cəfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar