Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4767/2023 25.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və X1 ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinə və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 Saylı Bakı Ərazi İdarəsinə qarşı «ipoteka müqaviləsinin etibarsız hesab edilməsi, ipotekaya dair dövlət qeydiyyatının ləğv edilməsi və fərdi yaşayış evinin ipotekadan azad edilməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 24 may 2023-cü il tarixli, 2(006)-1888/2023 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinə və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 Saylı Bakı Ərazi İdarəsinə qarşı «ipoteka müqaviləsinin bağlanmamış hesab olunması və ya ləğv edilməsi, ipotekaya dair dövlət qeydiyyatının ləğv edilməsi və əmlakın ipotekadan azad edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sonradan – xx.xx.2023-cü il tarixdə iddiaçının nümayəndəsi və vəkili məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə müraciət edərək, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2013-cü il tarixli ipoteka müqaviləsinin etibarsız hesab edilməsi, ipotekaya dair dövlət qeydiyyatının ləğv edilməsi və fərdi yaşayış evinin ipotekadan azad edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 24 may 2023-cü il tarixli, 2(006)-1888/2023 saylı qərardadı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinə və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 Saylı Bakı Ərazi İdarəsinə qarşı «ipoteka müqaviləsinin etibarsız hesab edilməsi, ipotekaya dair dövlət qeydiyyatının ləğv edilməsi və fərdi yaşayış evinin ipotekadan azad edilməsi» tələbinə dair iş üzrə icraata xitam verilmişdir. Birinci instansiya məhkəməsi İddia tələbinin - ipoteka müqaviləsinin etibarsız hesab edilməsi hissəsinə münasibətdə qeyd etmişdir ki, sözügedən iddia tələbinin əsasını təşkil edən 07 iyun 2013-cü il tarixli 113710-NEDVİJ-1296 saylı ipoteka müqaviləsinin etibarlılığı yuxarıda göstərilən qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə yoxlanılmış, 07 iyun 2013cü il tarixli ipoteka müqaviləsi bağlanmamış hesab edilmiş və məhz elə buna görə tutma ipoteka predmetinə yönəldilməmişdir. Belə olan halda məhkəmə hesab etmişdir ki, artıq qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə hüquqi qiymət verilmiş 07 iyun 2013-cü il tarixli 113710-NEDVİJ-1296 saylı ipoteka müqaviləsini mübahisələndirdiyindən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsinə əsasən göstərilən tələb üzrə iş üzrə icraata xitam verilməlidir. Birinci instansiya məhkəməsi iddia tələbinin - fərdi yaşayış evinə dair dövlət reyestrində aparılmış yüklülük qeydiyyatının ləğv edilməsi və əmlakın ipotekadan azad edilməsi hissəsinə münasibətdə isə qeyd etmişdir ki, yüklülüyün qeydiyyata alınmasına əsas olmuş ipoteka müqaviləsi yuxarıda göstərilən məhkəmə aktları ilə bağlanmamış hesab edilmiş, yəni hüquqi qüvvəsinin olmaması müəyyən edilmişdir ki, bu halda iddiaçı yüklülük qeydiyyatının ləğv edilməsi ilə bağlı həmin qeydiyyatı aparan inzibati orqana müraciət etməli, hüquqi qüvvəsi olmayan ipoteka müqaviləsi əsasında aparılmış yüklülüyün mülkiyyətçinin tələbi əsasında ləğv edilməsindən inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq ipoteka yüklülüyünün qeydiyyatını ləğv edə bilər. Buna görə də məhkəmə hesab etmişdir ki, göstərilən tələbə qeyd olunanlara əsasən məhkəmədə baxıla bilməz. Həmin qərardaddan iddiaçı şikayət verərək, qərardadın ləğv edilməsini və işə yenidən baxılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, iddiaçı tələbində istinad etmişdir ki, bundan əvvəl Bankın İddiaçı qarşı “ipoteka predmetinə tutmanın yönəlməsi və borcun ipoteka hesabına ödənilməsinə” dair tələbi üzrə məhkəmə həmin hissədə iddia tələbini təmin etməmiş və ipoteka müqaviləsinə “iddianın araşdırılması çərçivəsində” hüquqi qiymət verərək onun etibarlı müqavilə olmadığını müəyyən etmişdir. Lakin həmin məhkəmə aktları üzrə, İddiaçı deyil, bank olduğu üçün, məhkəmələr tərəfindən ipoteka müqaviləsinə hüquqi qiymət verilsə də, məhkəmə aktlarının nəticə hissəsində sadəcə iddia tələbinin təmin edilməməsi qeyd olunmuş, lakin nə ipoteka müqaviləsinin etibarsız hesab olunması, nə ipotekanın dövlət qeydiyyatının ləğv edilməsi, nə də ipoteka predmetinin girovdan (yüklülükdən) azad edilməsi qeyd edilməmişdir. Belə ki, işə baxan məhkəmələrin iddia tələbindən kənara çıxmaq səlahiyyəti olmadığı üçün, həmçinin İddiaçı həmin işlərdə iddiaçı deyil, cababdeh olaraq iştirak etdiyi üçün, məhkəmələr yalnız iddia tələbinə baxmış və qeyd olunan əsaslardan onu təmin etməmişlər. Göründüyü kimi, tərəflər arasında olan kredit–ipoteka mübahisələri üzrə bankla İddiaçı arasında bağlanmış ipoteka müqaviləsinə hüquqi qiymət verilsə də, bununla bağlı icra vərəqisinin verilməsi mümkün olmamışdır. Bundan sonra həmin məhkəmə aktlarına istinad edərək ipotekanın azad edilməsi tələbi ilə İddiaçı tərəfindən banka və DƏDRX Bakı Ərazi İdarəsinə müraciət edilsə də, hər iki subyekt ipotekanın dövlət qeydiyyatının ləğv edilməsi və ipteka predmetinin girovdan azad edilməsi ilə bağlı ayrıca məhkəmə qərarının olmamasına istinad edərək müraciətə imtina cavabı vermişlər. Beləliklə, iddiaçı bu tələblə ayrıca olaraq məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hazırki iddia tələbi də məhz bununla bağlı olmaqla, məhkəmədən bankın üzərinə ipotekanın ləğvi ilə bağlı yuxarıda qeyd olunan öhdəliklərin qoyulmasını nəzərdə tutur. Lakin, Nəsimi Rayon Məhkəməsi ərizəyə baxmaqdan imtina etmiş və bu işlə bağlı artıq məhkəmə aktlarının olmasına istinad etmişdir. Halbuki, hazırki iş üzrə tələb olunan hallarla bağla birbaşa məhkəmə qərarı yoxdur və cavabdehin iddiaya verdiyi etirazda da etiraf olunur ki, məhkəmələr tərəfindən ipoteka müqaviləsinin ləğv edilməsinə dair qətnamə yoxdur. Bu vəziyyətdə açıq-aşkar icraata xitam verilməsinə dair əsaslar yoxdur və məhkəmə iddiaya baxmalı və yekun qərar çıxarmalıdır. İddiaya baxan məhkəmə tərəfindən tərəflər arasında olan əvvəlki məhkəmə aktlarına istinad etməklə məhz Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 82.3-cü maddəsini tətbiq edilməli idi. Tərəflər arasında olan əvvəlki məhkəmə aktlarının heç birində hazırki iddia tələbləri mövcud olmamış, ipotekanın ləğvi və ipoteka predmetinin girovdan azad edilməsinə məhkəmə qərarları mövcud deyildir. Məhkəmə səhvən Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 261.0.2-ci maddəsini tətbiq etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 03 iyul 2023-cü il tarixli, 2(006)-1888/2023 saylı qərardadı ilə şikayətin təmin edilməməsi və şikayətin, mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən məhkəmə işdə iştirak edən şəxsləri məhkəmə iclasının vaxtı və yeri, prosessual hüquq və vəzifələri, işə şifahi və ya yazılı icraat qaydasında baxılması, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar etməlidir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılacağı barədə məhkəmə bildirişi göndərilmiş və onlarda olan bütün sübutların, eləcə də şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin işdə iştirak edən şəxslər sübutlar, etiraz və ya izahatlarını məhkəməyə təqdim etməmişlər. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(102)- 1913/2021 saylı qərarından aşağıdakılar müəyyən olunur:
1. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər "xxxx" MMC, İddiaçı, “Beerloqa" MMC, X2 və X4 qarşı cavabdeh "xxxx" MMC-nin müqavilə üzrə 08 yanvar 2015-ci il tarixə Banka borclu olduğu 264.365,71 ABŞ dolları məbləğində əsas borc, 17.010,68 ABŞ dolları məbləğində faiz borcu və 2489,50 ABŞ dolları məbləğində cərimə olmaqla, cəmi 283.865,89 ABŞ dolları pul məbləğinin (qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanmaqla) və ödənilmiş 30 manat dövlət rüsumunun, həmçinin ipoteka predmetlərinə tutma yönəldilməsi haqqında bildirişlərin qeydə alınması üçün ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada alınaraq Banka ödənilməsi, tələbin ipoteka predmetinə yönəldilməsi, ilkin satış qiyməti 550.000 manat müəyyən edilməklə, əmlakın açıq hərracdan satılaraq əldə edilən vəsaitdən qeyd edilən pul məbləğlərinin Banka ödənilməsi barədə iddiası Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-871/2015 nömrəli iş üzrə 23 aprel 2015-ci il tarixli qətnaməsi ilə təmin edilmişdir;
2. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1878/2018 nömrəli iş üzrə 12 fevral 2018-ci il tarixli qətnaməsi ilə cavabdehlər X6 və İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmış, ekspertiza xərcini təşkil edən 200 manat məbləğində pul vəsaitinin cavabdehlərdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir;
3. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-4782/2018 nömrəli iş üzrə 13 iyul 2018-ci il tarixli qərarı ilə cavabdehlər "xxxx" MMC və İddiaçı kassasiya şikayətləri təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin 2(103)- 1878/2018 nömrəli iş üzrə 12 fevral 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir;
4. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1671 /2019 nömrəli iş üzrə 03 dekabr 2019-cu il tarixli qətnaməsi ilə cavabdehlər X6 və İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, cavabdeh İddiaçı ilə iddiaçı arasında bağlanmış 113710-7-4203 saylı, xx.xx.2013-cü il tarixli zaminlik müqaviləsi üzrə İddiaçı zaminliyinə xitam verilmiş, cavabdeh İddiaçı ilə iddiaçı arasında bağlanmış 07 iyun 2013cü il tarixli ipoteka müqaviləsi bağlanmamış hesab edilmiş, iddiaçının hesabına ödənilməli əsas borcun məbləği 257,392,09 ABŞ dolları, faiz borcunun məbləği isə 15.961,86 ABŞ dolları həddində müəyyən edilmiş, məhkəmə mühasibatlıq ekspertiza tədqiqatlarının dəyəri 200 manat (50+50+100) təşkil etdiyindən, həmin məbləğin cavabdeh "xxxx" MMCdən tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi, məhkəmə-əmtəəşünaslıq ekspertiza tətqiqatının dəyəri 200 manat təşkil etdiyindən, həmin məbləğin iddiaçıdan tutularaq "Əmlak Ekspert Mərkəzi” MMC-nin hesabına ödənilməsi qət edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır;
5. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-2634/2020 nömrəli iş üzrə 22 iyul 2020-ci il tarixli qərarı ilə iddiaçının kassasiya şikayəti qismən təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir.
6. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-7371/2020 nömrəli iş üzrə 12 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə cavabdeh "xxxx" MMC-nin direktoru (həm də zamin) X3 apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi tutulmalı olan əsas və faiz borcunun məbləğinə aid hissədə dəyişdirilmiş, iddiaçının hesabına ödənilməli əsas borcun məbləği ödəniş günü Azərbaycan manatının məzənnəsinə uyğun olaraq 257.392,09 ABŞ dolları, faiz borcunun məbləği isə 15.961,86 ABŞ dolları həddində müəyyən edilmiş, cavabdeh İddiaçı apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi cavabdeh İddiaçı əsas, faiz və cərimə borcunun və məhkəmə məsrəflərinin tutulması və tutmanın ona məxsus yaşayış evinə yönəldilməsinə aid hissədə ləğv edimiş və həmin hissədə iddia tələbi rədd edilmiş, məhkəmə-mühasibatlıq ekspertiza tədqiqatlarının dəyəri 200 manatın cavabdeh "Montinburg” MMC-dən tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi, məhkəmə-əmtəəşünaslıq ekspertiza tətqiqatının dəyəri 200 manatın iddiaçıdan tutularaq “Əmlak Ekspert Mərkəzi" MMC-nin hesabına ödənilməsi qət edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır;
7. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli 2(102)-1913/2021 saylı qərarı ilə iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-7371/2020 nömrəli iş üzrə 12 oktyabr 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə - iddianın təmin olunmayan hissəsində dəyişdirilmədən saxlanılmışdır. İş materiallarına əlavə olunmuş Bakı Apellyasiya Məhkəməsinin 2(103)-7371/2020 saylı xx.xx.2021-ci il tarixli qərardadından görünür ki, ərizə təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-7371/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsinə görə izah edilmişdir ki: -“Bank VTB (Azərbaycan) ASC ilə İddiaçı arasında bağlanmış 113710-7-4203 saylı, xx.xx.2013-cü il tarixli zaminlik müqaviləsinə xitam verilmişdir, həmin müqavilə öhdəliyinin icrasını İddiaçı tələb edilməsi üçün əsas ola bilməz. --“Bank VTB (Azərbaycan) ASC ilə İddiaçı arasında bağlanmış 113710-NEDVİJ-1296 saylı, xx.xx.2013-cü il tarixli daşınmaz əmlakın ipoteka müqaviləsi bağlanmamış hesab olunmuşdur, yəni istinad olunan müqavilə etibarlı müqavilə deyil, həmin müqaviləyə əsaslanaraq tələb həmin müqavilə üzrə ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilə bilməz, həmin əmlak ipotekadan azad edilərək, mülkiyyətçisinə-İddiaçı qaytarılmalıdır. Göründüyü kimi iddia tələbinin ipoteka müqaviləsinin etibarsız hesab edilməsi hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, sözügedən iddia tələbinin əsasını təşkil edən 07 iyun 2013-cü il tarixli 113710-NEDVİJ-1296 saylı ipoteka müqaviləsinin etibarlılığı yuxarıda göstərilən qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə yoxlanılmış, 07 iyun 2013cü il tarixli ipoteka müqaviləsi bağlanmamış hesab edilmiş və məhz elə buna görə tutma ipoteka predmetinə yönəldilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsinə əsasən hakim iş üzrə icraata eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraatın xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa xitam verir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “Əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə” xx.xx.2022-ci il tarixli qərardadında qeyd edilmişdir ki, əqdə əsaslanan iddialar üzrə qanuni qüvvəsini almış məhkəmə aktı və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadı olduğu halda, işdə iştirak etmiş şəxslər tərəfindən ayrıca icraatda həmin əqdin etibarsız hesab edilməsinə dair verilmiş iddia ərizəsinin qəbulundan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.2-ci maddəsinə əsasən imtina olunmalı, belə iddialar səhvən məhkəmənin icraatına qəbul edildiyi halda isə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, artıq qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə hüquqi qiymət verilmiş 07 iyun 2013-cü il tarixli 113710- NEDVİJ-1296 saylı ipoteka müqaviləsini mübahisələndirdiyindən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsinə əsasən göstərilən tələb üzrə iş üzrə icraata xitam verilməsi barədə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. İddia tələbinin digər hissəsi isə - fərdi yaşayış evinə dair dövlət reyestrində aparılmış yüklülük qeydiyyatının ləğv edilməsi və əmlakın ipotekadan azad edilməsi olmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, bu hissədə də birinci instansiya məhkəməsinin mövqeyi düzgün olmaqla istinad edilən prosessual normanın tələbləri pozulmamışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Yüklülüyün qeydiyyata alınmasına əsas olmuş ipoteka müqaviləsi yuxarıda göstərilən məhkəmə aktları ilə bağlanmamış hesab edilmiş, yəni hüquqi qüvvəsinin olmaması müəyyən edilmişdir ki, bu halda iddiaçı yüklülük qeydiyyatının ləğv edilməsi ilə bağlı həmin qeydiyyatı aparan inzibati orqana müraciət etməli, hüquqi qüvvəsi olmayan ipoteka müqaviləsi əsasında aparılmış yüklülüyün mülkiyyətçinin tələbi əsasında ləğv edilməsindən inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq ipoteka yüklülüyünün qeydiyyatını ləğv edə bilər. Belə olan halda göstərilən tələbə qeyd olunanlara əsasən məhkəmədə baxıla bilməz. Məhkəmə kollegiyası şikayətin dəlillərinə münasibətdə qeyd edir ki, istinad edilən məhkəmə aktlarında hazırki iş üzrə iddiaçının cavabdeh qismində çıxış etməsi hazırki iş üzrə xitam verilməsi əsasını dəyişmir, belə ki, iddia tələbinin əsasını təşkil edən 07 iyun 2013-cü il tarixli 113710-NEDVİJ-1296 saylı ipoteka müqaviləsinin etibarlılığının qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə yoxlanılmış, 07 iyun 2013-cü il tarixli ipoteka müqaviləsi bağlanmamış hesab edilmiş və məhz elə buna görə tutma ipoteka predmetinə yönəldilməmişdir. Digər tərəfdən işə apellyasiya instansiyasında yazılı icraat qaydasında baxılan dövrdə iddiaçının nümayəndəsinin elektron məhkəmə sistemi vasitəsilə ilə apellyasiya şikayətinə əlavə ilə müraciət edərək şikayətə əlavənin sonunda iddiaçı “ipotekanın dövlət qeydiyyatının ləğv edilməsi və ipoteka predmetinin girovdan (yüklülükdən) azad edilməsinə dair” iddia tələb ilə ayrıca məhkəməyə müraciət etməkdə haqlı olmuşdur, və AİHK-nın 6-cı maddəsində təsbit olunmuş hər bir kəsin “ədalətli məhkəmə araşdırması” hüququnun olmasına istinad edərək, qərardadın ləğv edilməsini və iddiaya baxılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası bununla bağlı qeyd etmək istəyir ki, əvvəla Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərardadından verilmiş şikayətin qanuniliyini yoxlayır və hazırki iş üzrə apellyasiya şikayətinin və ya ona əlavənin verilməsi nəzərdə tutulmamışdır. Buna baxmayaraq, qeyd edilən şikayətə əlavə təqdim olunduğundan, kollegiya bu hala qiymət verərək şikayətə əlavədə göstərilənlərin birinci instansiya məhkəməsinin qərardadından verilmiş şikayətin məzmunu ilə demək olar ki eynilik təşkil etməsini qeyd edir və öz növbəsində iddiaçı tərəfə izah etməyi zəruri sayır ki, iddiaçı fərdi yaşayış evinə dair dövlət reyestrində aparılmış yüklülük qeydiyyatının ləğv edilməsi və əmlakın ipotekadan azad edilməsi ilə müvafiq inzibati orqana müraciət edərək yüklülükdən azad olması barədə müvafiq arayış əldə etməli, inzibati orqan tərəfindən həmin tələbin həyata keçirilməsindən imtina edildikdə, iddiaçı həmin imtinanı inzibati məhkəmə icraatı qaydasında mübahisələndirmək hüququndan istifadə etməlidir. Kollegiya bu qənaətə gələrkən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası xx.xx.2021-ci il tarixli qərardadının nəticə hissəsində göstərilənləri nəzərə alır. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi - İddiaçı cavabdehlər Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinə və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 Saylı Bakı Ərazi İdarəsinə qarşı «ipoteka müqaviləsinin etibarsız hesab edilməsi, ipotekaya dair dövlət qeydiyyatının ləğv edilməsi və fərdi yaşayış evinin ipotekadan azad edilməsi» tələbinə dair iş üzrə icraata xitam verilməsi barədə gəldiyi nəticə düzgün olmuşdur. Azərbaycan Respublikası Mülki Porsessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə hüququ vardır ki, qərardadı dəyişdirmədən saxlayıb şikayəti təmin etməsin. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı əsaslıdır, şikayətdə göstərilən dəlillər isə əsassızdır və onun ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan respublikası MPM-nin 263-264, 397-398, 400, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Şikayət təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 24 may 2023-cü il tarixli, 2(006)-1888/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Sabit Bəhrəmzadə