Məhkəmə qərarları › İş №2(006)-1541/2020

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1541/2020

16.10.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1541/2020 16.10.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi Rayon Məhkəməsinin hakimi Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Şahverdiyev Xandəmir Elman oğlunun katibliyi, İddiaçı, onun vəkili X2, cavabdeh Səfərov Ramin Rövşən oğlunun iştirakları ilə İddiaçı cavabdeh Səfərov Ramin Rövşən oğluna qarşı «Ramin Səfərova aid doğum akt qeydində olan ata qrafasındakı qeydin ləğvi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X1 qarşı «Ramin Səfərova aid doğum akt qeydində olan ata qrafasındakı qeydin ləğvi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, cavabdeh X3 ilə 2000-ci illərin əvvəllərində tanış olmuş, getdikcə aralarında xoş ünsiyyət yaranmış və görüşməyə başlamışlar. Görüşləri zamanı cavabdehin sözlərindən ona məlum olmuşdur ki, o, subaydır və övladı yoxdur. Hərbçi olduğuna görə işlə əlaqədar bir müddət, yəni təxminən 1 ilə yaxın müddət ərzində cavabdehlə görüşləri kəsilmiş, növbəti dəfə, yəni 1 ildən sonra görüşdükdə isə cavabdeh ona körpə bir uşağı göstərərək həmin uşağın onun olduğunu bildirmiş və xeyli-söz-söhbətdən sonra cavabdeh onu tam əmin etdiyinə görə onun sözlərinə inanmışdır. Bu minvalla ailəsi tədricən formallaşmağa başlamış, həmin uşağa layiqincəatalıq göstərmiş və nəticə etibarı ilə cavabdehlə hər ikisi qanuni nikahın zəruri olduğunu başa düşərək könüllü surətdə rəsmi nikah bağlamışlar. Həmin nikahları Bakı şəhəri «Səadət Sarayı»nda nikahın bağlanması haqqında akt qeydləri kitabında xx.xx.2005-ci il tarixdə 132 nömrə ilə qeyd edilmişdir. Rəsmi nikahlarından sonra cavabdeh vətəndaşı olduğu Gürcütanda uşağa xx.xx.2012-ci il tarixli, **********0 nömrəli doğum şəhadətnaməsi (təkrar) almış və həmin şəhadətnamədə uşağın, yəni xx.xx.2001-ci il təvəllüdlü Ramin Səfərovun atası qismində o, göstərilmişdir. Nikahlarını rəsmiləşdirdikdən sonra 10 il ərzində o, ikinci övladların da olmasını istəmiş, lakin cavabdeh özünün, eləcə də onun səhhətində müəyyən problemlərin olduğunu bəhanə gətirərək hər dəfə bu məsələdən yayınmışdır. Hərbçi olduğundan, bu səbəbə görə də xidməti vəzifəsi ilə bağlı özündən asılı olmayan yerdəyişmələrə məruz qaldığından ikinci uşaq məsələsinə bir neçə il ciddi əhəmiyyət verməmişdir. Lakin sonradan özündə problem olmadığını bildiyinə görə ikinci övladlarının da olmasını cavabdehdən tələb etməyə başlamış, lakin nəticə etibarı ilə cavabdehin uşaq dünyaya gətirmək qabiliyyətinin olmadığını başa düşmüşdür. Belə ki, hər ikisi dəfələrlə tibbi müayinələrdən keçmiş və nəticədə onun sağlamlığının normal olduğu, cavabdehin isə davamlı müalicələrə ehtiyacı olduğu müəyyən edilmiş, ona görə də onu aylar və illərlə müalicə etdirmişdir. Lakin həmin müalicələr heç bir müsbət nəticə verməmiş, bir sözlə cavabdehin övladı olmayacağı məlum olmuşdur. Odur ki, cavabdehlə münasibətləri getdikcə kəskinləşmiş və təxminən 2016-cı ildən etibarən onlar bir-birlərindən ayrı-ayrılıqda yaşamağa başlamışlar. Göstərilən səbəblərə görə başqa bir qadınla ailə qurmaq niyyətinin olduğunu cavabdehə bildirərək ondan boşanmasını tələb etmiş, lakin cavabdeh barışacaqlarını güman edərək ondan boşanmaq üçün məhkəməyə müraciət etməmişdir. Odur ki, o, qəti surətdə boşanmaq qərarına gələrək 2018-ci ildə məhkəməyə ərizə vermiş və yuxarıda göstərilən nikah onun iddiası əsasında Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(001)- 500/2019 saylı qətnaməsi ilə pozulmuşdur. Nikahları rəsmi surətdə pozulduqdan sonra o, istədiyi başqa qadınla ailə qurmuş və 2019-cu ilin sentyabr ayında ilk övladları dünyaya gəlmişdir. Bu hadisələrdən və son vaxtlarda ona gəlib çatan digər söz-söhbətlərdən başa düşmüşdür ki, cavabdeh vaxtılə ona yalan söyləmiş, özünü atası hesab etdiyi uşaq ondan olmadığı halda onu ona nisbətdə yalandan qərar vermişdir (hətta son vaxtlar eşitdiklərinə görə cavabdeh özü də uşağın əsl anası deyil). O, 2018-ci ilin sentyabr ayından mənzil mübahisəsi ilə bağlı cavabdehlə aralarında gələn məhkəmə çəkişmələri zamanı bu barədə bildirsə də, cavabdeh uşağın əsl atasının o, olduğunu hər dəfə birmənalı şəkildə bəyan etmişdir. Bütün bunlar azmış kimi, cavabdeh xx.xx.2019-cu il və xx.xx.2019-cu il tarixdə «Space» telekalanıda «Gəl dərdini danış» adı altında efirə gələn verilişə çıxaraq uşağın əsl atasının o, olduğunu milyonlarla tamaşaçının qarşısında nümayişkaranə şkildə bəyan etmiş və uşaqla bağlı məsələyə şübhəsi olduğu halda DNA (DNK) testinin keçirilməsini tələb etməməkdə onu ittiham etmiş, özü isə həmin testin keçirilməsinə hazır olduğunu bildirmişdir. Hansı ki, artıq mirmənalı olaraq ona məlum olmuşdur ki, o, xx.xx.2001-ci il təvəllüdlü Ramin Səfərovun bioloji atası deyil və hesab edir ki, bu səbəbdən də məsələyə məhkəmə qaydasında tam aydınlıq gətirilməli və Gürcüstanın Qldani-Nadzaladevsk rayonu VVQA-nın VRA xidməti tərəfindən Ramin Səfərova verilmiş xx.xx.2012-ci il tarixli **********0 nömrəli doğum şəhadətnaməsinin «Atasının adı» qrafasında «İddiaçı» qeyd ləğv edilməlidir. Göstərilənlərə əsasən Gürcüstanın Qldani-Nadzaladevsk rayonu VVQAnın VRA xidməti tərəfindən xx xxxxxx 2001-ci il təvəllüdlü Ramin Səfərova verilmiş xx xxxxxx 2012-ci il tarixli **********0 akt qeydiyyat nömrəli doğum haqqında şəhadətnamənin Ramin Səfərovun «atasının adı» qrafasında «İddiaçı» qeydinin ləğı edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı əsl cavabdeh Səfərov Ramin Rövşən oğlunun ilk əvvəllər dünyaya gəldiyindən xəbərsiz olduğunu, sonradan Vakilova Zemfiradan öyrəndiyini və 2005-ci il tarixə kimi uşağın onun olduğuna inanmadığını, sonradan əhəmiyyət verməyərək razı olduğunu, miqrasiya xidmətlərinə görə razı olduğunu bildirmişdir. Lakin hal-hazırda uşağın onun olmadığına əmin olduğuna görə test verilməsinin və bu səbəbdən də iddia tələbini müdafiə edərək, tələbin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin əvvəlki iclasında əsl olmayan cavabdeh X3 iddia tələbini qəbul etməyərək öz izahatında göstərmişdir ki, İddiaçı Səfərov Ramin Rövşən oğlunun atasıdır. Səfərov Ramin Rövşən oğlunun artıq 18 yaşı tamamdır və yetkinlik yaşına çatmışdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 44.6-cı maddəsinə əsasən Səfərov Ramin Rövşən oğlunun barədə atalığın müəyyən olunmasına yalnız onun razılığı ilə yol verilir. Səfərov Ramin Rövşən oğlu belə bir iddianın onun ictimaiyyət arasında şərəf və ləyaqətini alçaltdığını nəzərə alaraq Səfərov Ramin Rövşən oğlunun barəsində atalığın müəyyən olunmasına razılığı yoxdur. Bu səbəbdən də əsl olmayan cavabdeh kimi onu əsl olan cavabdeh Səfərov Ramin Rövşən oğlu ilə əvəz edilməsinə etiraz olmadığını bildirərək iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə baxışı iclasında iddiaçının ərizəsi əsasında cavabdeh X3 əsl cavabdeh Səfərov Ramin Rövşən oğlu ilə əvəz edilmişdir. Məhkəmə iclasında əsl cavabdeh Səfərov Ramin Rövşən oğlu iddia tələbini qəbul etməyərək göstərmişdir ki, onun 18 yaşı tamam olduğu və yetkinlik yaşına çatdığı üçün Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 44.6-cı maddəsinə istinadən atası İddiaçı tərəfindən atalığın müəyyənləşdirilməsinə etiraz edir. İddia edilən DNK təsti və ekspertizanın təyin olunmasını tamamilə rədd edir. Qeyd olunanlara görə iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib və mülki işin materiallarını araşdırıb hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Gürcüstan Respublikasının Qldani-Nadzaladevsk rayonu VVQA-nın VRA xidməti tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli NR seriyalı 399923 Gürcustan doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Səfərov Ramin xx.xx.2001-ci il tarixdə Gürcüstan Respublikası Tbilisi şəhərində anadan olmuş, atası İddiaçı, anası Zemfira Vəkilova göstərilmişdir. İş materiallarında olan Binəqədi rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı 315855 nömrəli, xx.xx.2019-cu il tarixli nikahın pozulması haqqında şəhdətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı ilə Vəkilova Zemfira arasında olan nikah ləğv edilmişdir Bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında xx.xx.2019-cu il tarixdə 117 № ilə qeyd edilmişdir. Hazırki iddia tələbi ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 47.1-ci maddəsinə əsasən bu Məcəllənin 46.1-ci və 46.2-ci maddələrinə uyğun olaraq doğum haqqında şəhadətnamədə valideynlər barədə qeyd haqqında mübahisə yalnız məhkəmə yolu ilə, uşağın valideyni qismində yazılmış şəxsin və ya onun həqiqi valideyninin, habelə uşaq yetkinlik yaşına çatandan sonra onun özünün və ya uşağın qəyyumunun, eləcə də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilən valideynin qəyyumunun tələbi ilə açıla bilər. Məhkəmə baxışı zamanı müəyyən edildi ki, İddiaçı ilə X3 arasında olan faktiki nikah münasibətləri nəticəsində xx.xx.2001-ci il tarixdə Ramin adlı uşaq anadan olmuşdur. İddiaçı hərbçi olduğuna görə xidmət işləri ilə əlaqədar bir müddət ərzində Zemfira Vakilova ilə əlaqələri kəsilmiş və qayıdanda ona məlum olmuşdur ki, onun oğlan uşağı anadan olmuş və Z.Vəkilova onu tam əmin etmişdir ki, həmin uşaq iddiaçının oğludur. xx.xx.2005ci il tarixdə tərəflər arasında rəsmi nikah bağlanılmış və X6 Respublikasının vətəndaşı olduğuna görə xx.xx.2012-ci il tarixli təkrar alınmış doğum haqqında şəhadətnamədə X5 atası iddiaçı göstərilmişdir. X4 ilə münasibətləri pozulmuş və xx.xx.2019-cu il tarixdə tərəflər arasında olan nikah məhkəmə qaydasında pozulmuşdur. Nikahın pozulduqdan sonra iddiaçı başqa qadınla nikaha daxil olmuş və həmin nikahda 2019-cu ilin sentyabr ayında onun uşağı anadan olmuşdur. Məhkəmə baxışı zamanı həmçinin müəyyən edilmişdir ki, X5 18 yaşı tamam olmuş və o, artıq yetkinlik yaşına çatmışdır. Bu səbəbdən cavabdeh Zemfira Vəkilova əsl cavabdeh X7 ilə əvəz edilmişdir və o, atalığın mübahisələndirilməsinə etiraz etmişdir. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, o, xx.xx.2001-ci il təvəllüdlü Ramin Səfərovun bioloji atası deyil və bu səbəbdən onun doğum haqqında şəhadətnaməsinin «atasının adı» qrafasında «İddiaçı» qeydinin ləğv edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 44.6-cı maddəsinə əsasən yetkinlik yaşına çatmış şəxs barədə atalığın müəyyən olunmasına yalnız onun razılığı ilə, həmin şəxs fəaliyyət qabiliyyəti olmayan hesab edildikdə isə onun qəyyumu və ya müvafiq icra hakimiyyəti orqanının razılığı ilə yol verilir. Məhkəmə- cavabdehin etirazı kimi yetkinlik yaşına çatmış şəxs barəsində atalığın müəyyən olunması yalnız onun razılığı ilə müəyyən olunur hissəsində qeyd edir ki, hazırki mülki iş üzrə atalığın müəyyən olunması tələbi deyil, yəni cavabdehin atasının kim olması məhkəmə mübahisəsi olmamaqla, məhkəmədə yalnız iddiaçının cavabdehin atası olmamasının müəyyən edilməsidir. Ailə Məcəlləsinin 47.2-ci maddəsinə əsasən Bu Məcəllənin 46.2-ci maddəsinə əsasən uşağın atası kimi yazılmış şəxs qeydlər zamanı özünün uşağın həqiqi valideyni olmadığını bilirdisə, onun doğum akt qeydindəki yazının ləğvi barədə tələbi təmin oluna bilməz. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, İddiaçı əvvəllər cavabdeh Səfərov Ramin Rövşən oğlunun onun övladının olmamasını bildiyini daha sonradan bu və ya digər əsaslarla atası olmasını qəbul etdiyindən Ailə Məcəlləsinin 47.2-ci maddəsinə əsasən iddiaçının cavabdeh Səfərov Ramin Rövşən oğluna qarşı «Ramin Səfərova aid doğum akt qeydində olan ata qrafasındakı qeydin ləğvi» tələbinə dair iddia əsassız olduğuna görə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh Səfərov Ramin Rövşən oğluna qarşı «Ramin Səfərova aid doğum akt qeydində olan ata qrafasındakı qeydin ləğvi» tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ramin Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar