Məhkəmə qərarları › İş №2(006)-1549/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1549/2021

06.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1549/2021 06.05.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, İsmayılova Səbinə İmran qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili X2 və cavabdehin nümayəndəsi X3 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı «icbari sığorta məbləğinin ödənilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı «icbari sığorta məbləğinin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı şəhid sabiq əsgər X1 atasıdır. İddiaçının mərhum oğlu 7 yanvar 2002-ci il tarixində Naxçıvan MR Şərur rayonu, Havuş kəndi ərazisində yerləşən N saylı hərbi hissənin tərkibində döyüş tapşırığını yerinə yetirərkən şəhid olmuşdur. Nümunəvi xidmətinə görə ona kiçik çavuş rütbəsi verilmişdir. İddiaçının mərhum şəhid oğlu əvvəlcə Sədərək döyüş bölgəsində sonra isə Havuş postuna manqa komandiri vəzifəsinə təyin edilərək xidmətini orada davam etdirmişdir. 7 yanvar 2002-ci il tarixində isə Naxçıvan MR Şərur rayonu, Havuş kəndi ərazisində yerləşən N saylı hərbi hissənin tərkibində döyüş tapşırığını yerinə yetirərkən döş qəfəsindən aldığı güllə yarası nəticəsində sabiq əsgər şəhid gecə saat 23.30-da ağır yaralanmışdır. Yaralı vəziyyətdə səhər saat 04.00-a qədər yardımsız qalan iddiaçının oğlu dünyasını dəyişmişdir. Oğlunun şəhid olduğu gündən bu günə qədər iddiaçı sığorta pulu ilə təmin edilməmişdir. Bu səbəbdən Azərbaycan qanunvericiliyinə əsasən oğlu şəhid sabiq əsgər X1 ölümündən sonra sığorta pulunun 11.000 (on bir min) manat ödənilməsi üçün dəfələrlə müraciət etsə də, sığorta pulu ödənilməmişdir. Göstərilənlərə əsasən iddiaçı 7 yanvar 2002-ci il tarixində həqiqi hərbi xidmətdə olarkən həlak olmuş oğlu mərhum şəhid sabiq əsgər X4 ilə əlaqədar ona verilməli olan 11.000 (on bir min) manat icbari sığorta pulunun (qan pulunun) ödənilməsi öhdəliyini cavabdehin üzərinə qoyaraq məhkəmə qərarının qəbul qərarı qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı, onun nümayəndəsi və vəkili X7 iddia ərizəsini müdafiə edərək, ərizənin məzmununa uyğun izahat verdi, tələbin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X8 izahat verərək iddianı qəbul etmədiyini, iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə, tərəflərin izahatlarını dinləyib və mülki işin materiallarını araşdıraraq, tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan Qanun üzrə X6 Şəhadətnamədən görünür ki, 07.01.2002-ci il tarixdə vəfat etmiş X1 vərəsəsi atası İddiaçıdur. O miras əmlakından 1/1 hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak mərhum X1 adına məxsus olan sığorta pul əmanətindən ibarətdir. İş materiallarında olan Naxçıvan şəhər VVADQ şöbəsinin 07 yanvar 2002-ci il tarixli, AZ 138130 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 07 yanvar 2002-ci il tarixdə vəfat etmişdir. Ölüm səbəbi kimi “hərbi xidməti yerinə yetirərkən, döş qəfəsini dəlib-keçən odlu silah güllə yarası” qeyd edilmişdir. İş materiallarında olan Naxçıvan şəhər qeydiyyat şöbəsinin 15 mart 2021-ci il tarixli, AZ-İ 801492 nömrəli təkrar ölüm haqqında şəhadətnamənin notariat qaydada təsdiqlənmiş surətindən görünür ki, X5 07 yanvar 2002-ci il tarixdə vəfat etmişdir. Ölüm səbəbi kimi “hərbi xidməti yerinə yetirərkən, döş qəfəsini dəlib-keçən odlu silah güllə yarası” qeyd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin 4 noyabr 2019-cu il, tarixli 07-07-899 nömrəli məktubundan görünür ki, şirkətin elektron informasiya bazasına əsasən N. B. Xəlilovun varisinə (vərəslələrinə) 12.03.2002ci il tarixində Naxçıvan MR Dövlət Sığorta Baş agentliyi tərəfindən ******* (beş milyon beş yüz min) manat (1100 AZN) sığorta məbləği ödənilmişdir. Hazırki iddia tələbi ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə əsasən bu Qanuna uyğun olaraq hərbi qulluqçu on bir min manat məbləğində sığorta edilir.Sığorta haqqı sığorta məbləğinin 1 faizi miqdarında müəyyən edilir. Həmin Qanunun 5-ci maddəsinə əsasən aşağıdakılar sığorta hadisələri hesab edilir və onlara görə sığorta ödənişləri bu Qanunun 4-cü maddəsi ilə müəyyən edilmiş sığorta məbləğinin müvafiq faiz nisbətlərində verilir: a) sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman həlak olduqda, öldükdə və ya xəbərsiz itkin düşdüyünə görə məhkəmə qərarı ilə ölmüş elan edildikdə — 100 faiz; b) sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman xəsarət (yaralanma, travma, kontuziya) alması, habelə xəstələnməsi nəticəsində xidmətdən (toplanışdan) buraxıldıqdan sonra üç il müddətində öldükdə — 100 faiz; c) sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman xəbərsiz itkin düşdükdə (məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda) — 100 faiz; Həmin Qanunun 7-ci maddəsinə görə, həlak olması (ölümü) halında sığorta ödənişlərinin alınması üçün sığorta olunan dövlət sığorta orqanlarına və ya yaşadığı ərazi üzrə həmin orqanın bölmələrinə müəyyən olunmuş formada ərizəsi və şəxsiyyətini təsdiq edən sənədi ilə birlikdə aşağıdakı sənədləri təqdim edir: - sığorta olunanın ölümü haqqında müvafiq icra hakimiyyəti orqanının notariat qaydasında təsdiq olunmuş şəhadətnaməsinin surəti; - vərəsəlik hüququnu təsdiq edən sənəd; - sığorta olunan xidmətdə (toplanışda) olduğu zaman xəsarət (yaralanma, travma, kontuziya) alması, xəstələnməsi nəticəsində xidmətdən (toplanışdan) buraxıldıqdan sonra üç il müddətində öldükdə yuxarıda göstərilən sənədlərdən əlavə, həkim komissiyasının həmin faktı təsdiq edən rəyi İş materiallarından göründüyü kimi, İddiaçı “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsində qeyd olunan sənədləri məhkəməyə təqdim etmişdir. Eyni zamanda, cavabdehin nümayəndəsi Naxçıvan MR Dövlət Sığorta Baş agentliyi tərəfindən ******* (beş milyon beş yüz min) manat (1100 manat) sığorta məbləğinin 13.03.2002-ci il tarixdə N,İddiaçı varisinə ödənilməsi barədə hər hansı əsas olan sübutu (ödəniş qəbzi) məhkəməyə təqdim etməməklə sığorta ödənişinin ödənilməsini sübuta yetirə bilməmişdir. Həmçinin iddiaçı bildirmişdir ki, qeyd olunan məbləğ ona verilməmişdir. Belə olan halda, İddiaçı haqlı olaraq hazırki tələblə bağlı məhkəməyə müraciət etmişdir. Məhkəmə hesab edir ki, iddia ərizəsi təmin olunmaqla, İddiaçı 11000 (on bir min) manat sığorta ödənişinin verilməsinə dair müvafiq öhdəlik cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən 11.000 ( on bir min) manat məbləğində icbari sığorta məbləği tutularaq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ramin Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar