Məhkəmə qərarları › İş №2(006)-156/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-156/2022

10.03.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-156/2022 10.03.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil1, Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə İddiaçı Cavabdeh qarşı «əmlakın açıq hərracdan satılması» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «əmlakın açıq hərracdan satılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Cadillac CTS” markalı, ** LO *** dövlət qeydiyyat nişanlı və “Porsche Cayenne” markalı, ** ZE *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrinin açıq hərracdan satılaraq, dəyərinin paylara uyğun bölünməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Səbail Rayon Məhkəməsinin 06 mart 2017-ci il tarixli, 2(009)-430/2017 saylı qətnaməsi ilə onunla Cavabdeh birgə nikah dövründə əldə edilmiş, Cavabdeh adına rəsmiləşdirilmiş iddia ərizəsində sadalanan əmlakların onunla Cavabdeh birgə nikah dövründə əldə edilmiş bərabər paylarda ümumi əmlaklar hesab edilməsi və həmin əmlakların ½ hissəsinə onun mülkiyyət hüquqlarının müəyyən edilməsi qət edilmişdir. Səbail Rayon Məhkəməsinin 06 mart 2017-ci il tarixli, 2(009)-430/2017 saylı qətnaməsi ilə birgə nikah dövründə əldə edilmiş “Cadillac CTS” markalı, ** LO *** dövlət qeydiyyat nişanlı və “Porsche Cayenne” markalı, ** ZE *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrinin ½ hissəsinə Cavabdeh, ½ hissəsinə isə onun payı müəyyən edilmişdir. Həmin qətnamə icraya yönəlmiş, lakin heç bir icra tədbirləri görülməmişdir. Belə ki, cavabdeh avtomobilin ½ hissəsinin ona məxsus olduğunu bilsə də, hər hansı bir formada razılaşma aparmır. Odur ki, ½ hissəsinə mülkiyyət hüququ tanınan “Cadillac CTS” markalı, ** LO *** dövlət qeydiyyat nişanlı və “Porsche Cayenne” markalı, ** ZE *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrinin açıq hərracdan satılaraq, dəyərinin paylara uyğun bölünməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddiaçının izahatına uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iddianı qəbul etmədi və məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iddiaçının, onun nümayəndəsi və vəkilinin, habelə cavabdehin nümayəndəsi və vəkilinin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 06 mart 2017-ci il tarixli 2(009)-430/2017 saylı qətnaməsi ilə tərəflər arasında birgə nikah dövründə əldə olunmuş əmlaklarla bağlı mübahisəyə baxılaraq, digər daşınmaz əmlaklarla yanaşı, 2003-cü il buraxılışlı, gümüşü metal rəngli, 1G6DM57N530159883 ban nömrəli, “Cadillac CTS” markalı, ** LO *** dövlət qeydiyyat nişanlı avtomobil və 2013-cü il buraxılışlı, qara rəngli, WP1ZZZ92ZDLA12964 ban nömrəli, “Porsche Cayenne” markalı, ** ZE *** dövlət qeydiyyat nişanlı avtomobil üzərində tərəflərin hər birinin ½ (50%) pay nisbətində paylı mülkiyyət hüququ tanınmaqla, payları müəyyən edilmişdir. İş materiallarına əlavə olunmuş 24 noyabr 2020-ci il tarixli pretenziya məktubundan görünür ki, İddiaçı məhkəməyə müraciət etməzdən əvvəl Cavabdeh qeyd edilən məktubla müraciət etmiş və qanunvericiliklə nəzərdə tutulmuş müddət başa çatdıqdan sonra “Cadillac CTS” markalı, ** LO *** dövlət qeydiyyat nişanlı və “Porsche Cayenne” markalı, ** ZE *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrinin açıq hərracdan satılması tələbi ilə məhkəməyə müraciət edəcəyi barədə Cavabdeh xəbərdar etmişdir. İş materiallarına əlavə olunmuş "xxxx" MMC-nin 19 oktyabr 2021-ci il tarixli, H/10- PLS saylı avtomobillərin qiymətləndirilməsinə dair hesabatından görünür ki, qiymətləndirmə prosesi nəticəsində müəyyən olunmuşdur ki, “Cadillac CTS” markalı, ** LO *** dövlət qeydiyyat nişanlı avtomobilin bazar qiyməti 20.000 manat, “Porsche Cayenne” markalı, ** ZE *** dövlət qeydiyyat nişanlı avtomobilin isə bazar qiyməti 65.000 manat təşkil edir. Göründüyü kimi, mübahisə predmeti olan avtomobillər tərəflərin paylı mülkiyyətindədir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İİ hissəsinə görə mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülki Məcəllənin 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Mülki Məcəllənin 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Mülki Məcəllənin 220.4-cü maddəsinə əsasən bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. Mülki Məcəllənin 220.6-cı maddəsinə əsasən bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. Mülki Məcəllənin 221-ci maddəsinə əsasən ümumi paylı mülkiyyət hüquqlarına fiziki bölgü, öz istəyi ilə satış və ya hərracdan satış və satış pulunun bölünməsi və ya bütün əşyanın bir və ya bir neçə iştirakçının adına qeydə alınması və qalan iştirakçılara əvəz verilməsi ilə xitam verilir. Əgər iştirakçılar hüquqa xitam verilməsi növünə dair razılığa gəlməsələr, əşya məhkəmənin qərarı ilə fiziki bölünür, bu, əşyanın dəyəri əhəmiyyətli dərəcədə azalmadan mümkün olmadıqda isə açıq hərracdan və ya iştirakçılar üçün hərracdan satılır. Fiziki bölgü bərabər olmayan payların əvəzinin pulla ödənilməsi ilə birləşdirilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 aprel 2014-cü il tarixli qərarından (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair) görünür ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin mənasına görə bütün paylı mülkiyyətçilərin razılığı olmadan əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında məhkəmə tərəfindən qərarın qəbul edilməsi mülkiyyət hüququnun qanunsuz məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz. Məhkəmənin qərarı əsasında ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür. Maddi hüquq normalarının tələblərindən göründüyü kimi, hazırkı iddia əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, tərəflərin paylı mülkiyyətində olan “Cadillac CTS” markalı, ** LO *** dövlət qeydiyyat nişanlı avtomobil və “Porsche Cayenne” markalı, ** ZE *** dövlət qeydiyyat nişanlı avtomobil açıq hərracdan satılmalı, satışdan əldə olunmuş vəsaitin 1/2 hissəsi İddiaçı, 1/2 hissəsi Cavabdeh ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Tərəflərin paylı mülkiyyətində olan “Cadillac CTS” markalı, ** LO *** dövlət qeydiyyat nişanlı avtomobil və “Porsche Cayenne” markalı, ** ZE *** dövlət qeydiyyat nişanlı avtomobil açıq hərracdan satılsın. Satışdan əldə olunmuş vəsaitin 1/2 hissəsi İddiaçı, 1/2 hissəsi Cavabdeh ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar