Məhkəmə qərarları › İş №2(006)-1623/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1623/2021

11.02.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1623/2021 11.02.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, məhkəmə iclas katibi Fərəcova Təranə Aydın qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı "alimentin təyin edilməsi" tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi və sonra da iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2020-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün 200 manat alimentin və uşağın əlavə xərcləri üçün 200 manat pulun onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, o, xx.xx.2020-ci il tarixdə Cavabdeh ilə rəsmi nikah qeydiyyatından keçərək ailə qurmuşdur. Nikahdan xx.xx.2020-ci il təvəllüdlü X4 adlı uşaqları doğulmuşdur. Hazırda onların ailə münasibətləri pisləşdiyi üçün altı aydır ki, bir evdə yaşamırlar. Cavabdeh uşaq doğulandan hazırki vaxta kimi nə onunla, nə də uşaqla maraqlanmamışdır. O, uşağın doğumunun bütün xərclərini özü ödəmiş, cavabdeh bir qəpik də köməklik etməmişdir. Özü əvvəllər işləsə də, hazırda analıq məzuniyyətində olduğu üçün işləmir, ona görə də hər hansı gəlir yeri yoxdur, valideynlərinin köməyi ilə özünü və uşağı saxlayır. Hazırki vaxtda isə tək uşaq böyütmək çox çətindir. Cavabdeh «Harmoni Rezedens»-də işləyir, onun bildiyinə görə isə təxminən 1100 manat əmək haqqı alır. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili X3 iddia tələbini qismən qəbul edərək izahatında bildirdi ki, tərəflər xx.xx.2020-ci ildə rəsmi nikaha daxil olmuşlar. Onların birgə nikahından xx.xx.2020-ci ildə Elisa adlı qızları anadan olmuşdur. Tərəflərin cəmi 4 ay ailə münasibətləri olmuşdur. Bundan sonra ailələri faktiki olaraq dağılmışdır və bərpası mümkün deyil. Tərəflərin nikahları rəsmi olaraq pozulmamışdır. Cavabdeh "xxxx" ASC-də satış meneceri vəzifəsində işləyir və aylıq əmək haqqının məbləği 767 manatdır (vergilər çıxıldıqdan sonra 700 manat əmək haqqı məbləği qalır). Cavabdehin əlavə hər hansı iş yeri və gəliri yoxdur. Cavabdeh övladının saxlanması üçün əmək haqqının ¼ hissəsi miqdarında aliment ödəməyə etiraz etmir. Lakin, iddia tələbini uşağın 3 yaşı tamam olana kimi hər ay əlavə olaraq 200 manat pulun iddiaçının xeyrinə tutulması hissəsində qəbul etmirlər. Belə ki, iddiaçı uşağın 3 yaşı tamam olana kimi hər ay əlavə olaraq 200 manat məbləğində pul vəsaitinin cavabdehdən tutulmasını tələb etsə də, həmin məbləğin hansı əsaslara görə tutulmalı olması ilə bağlı qanunvericilik aktı normasına istinad etməmişdir. Göstərilənlərə əsasən iddianın qismən təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan Səadət Sarayı (Bakı Nikah Evi) tərəfindən xx xxxxxx 2020-ci il tarixdə verilmiş AZ-İİ seriyalı 372847 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh və İddiaçı xx xxxxxx 2020-ci il tarixdə nikaha daxil olmuşlar və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında xx xxxxxx 2020-ci il tarixdə 161 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra kişiyə İsmayılzadə, qadına Musayeva soyadı verilmişdir. İş materiallarında olan Nəsimi rayon qeydiyyat şöbəsi tərəfindən xx xxxxxx 2020-ci il tarixdə verilmiş AZ-İV seriyalı 512804 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx xxxxxx 2020-ci il tarixdə Bakı şəhərində anadan olmuş, ata qrafasında Cavabdeh, ana qrafasında İddiaçı göstərilmiş və bu barədə doğum haqqında akt qeydləri kitabında xx xxxxxx 2020-ci il tarixdə 196 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan əmək müqaviləsi bildirişindən görünür ki, Cavabdeh "xxxx" ASC-də satış meneceri vəzifəsində çalışmaqla aylıq əmək haqqı 767 manat təşkil edir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2-ci hissəsinə görə uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 76.1.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 1 (bir) uşağa görə qazancın və (və ya) başqa gəlirlərinin dördə bir hissəsi miqdarında aliment tutulur. Həmin Məcəllənin 81.1-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Həmin Məcəllənin 81.2-ci maddəsinə əsasən valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Məhkəmə iclasında toplanmış sübutlar əsasında müəyyən edilmişdir ki, tərəflər xx xxxxxx 2020-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar. Birgə nikahlarından xx xxxxxx 2020ci il təvəllüdlü X4 adlı övladları anadan olmuşdur. Tərəflər birgə nikahda olsalar da, hazırda faktiki olaraq ayrı yaşayırlar və uşaq iddiaçının himayəsindədir. İddiaçı hazırki iddia tələbi ilə məhkəməyə xx xxxxxx 2020-ci ildə müraciət etmişdir. Məhkəmə iddiaçının himayəsində olan yetkinlik yaşına çatmayan uşağın maddi yardıma ehtiyacı olduğu və uşağın saxlanmasının hər iki valideynin borcu olduğunu nəzərə alaraq qeyd edir ki, iddia tələbi qismən əsaslıdır. Belə ki, cavabdehin işləməsi və sabit aylıq qazanca malik olduğu nəzərə alınaraq xx xxxxxx 2020-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün üçün xx xxxxxx 2020-ci il tarixdən başlayaraq hər ay aylıq qazancının və (və ya) başqa gəlirlərinin 1/4 hissəsi miqdarında aliment Cavabdeh tutularaq İddiaçı verilməlidir. Məhkəmə iddia tələbinin uşağın əlavə xərcləri üçün 200 manat alimentin cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsi ilə əlaqədar qeyd edir ki, iddiaçı uşağın hansı əlavə xərcləri ilə bağlı hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. İş materialları ilə müəyyən edilir ki, cavabdeh "xxxx" ASC-də satış meneceri vəzifəsində işləməklə 767 manat əmək haqqına malikdir. Bu halda məhkəmə cavabdehin hər ay aylıq qazancının və (və ya) başqa gəlirlərinin 1/4 hissəsi miqdarında alimentin cavabdehdən iddiaçının xeyrinə tutulmasını və iddiaçı tərəfindən cavabdehin bundan əlavə alimenti ödəmək üçün zəruri maddi vəsaitə malik olmasını təsdiq edən hər hansı sübutun məhkəməyə təqdim olunmadığını nəzərə alaraq hesab edir ki, iddia tələbi bu hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən edilmiş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Həmin Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda – bir il ərzində ödəmənin məcmusu ilə iddianın qiyməti müəyyən edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 500 manatdan çox olduqda 30 manat dövlət rüsumu ödənilməlidir. Məhkəmə hesab edir ki, 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, xx xxxxxx 2020-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün üçün xx xxxxxx 2020-ci il tarixdən başlayaraq hər ay aylıq qazancının və (və ya) başqa gəlirlərinin 1/4 hissəsi miqdarında aliment Cavabdeh tutularaq İddiaçı verilməli, iddia digər hissədə təmin edilməməli, Cavabdeh ödənilməli olan dövlət rüsumu kimi 30 manat məbləğində pul vəsaiti alınaraq dövlət büdcəsinə keçirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. xx xxxxxx 2020-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün üçün xx xxxxxx 2020-ci il tarixdən başlayaraq hər ay aylıq qazancının və (və ya) başqa gəlirlərinin 1/4 hissəsi miqdarında aliment Cavabdeh tutularaq İddiaçı verilsin. İddia digər hissədə təmin edilməsin. Cavabdeh ödənilməli olan dövlət rüsumu kimi 30 (otuz) manat məbləğində pul vəsaiti alınaraq dövlət büdcəsinə keçirilsin. Qətnamə alimentin tutulması hissəsində dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Solmaz Mustafayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar