Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1631/2021 14.04.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Şahverdiyev Xandəmir Elman oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı «sığorta məbləğinin ödənilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı «sığorta məbləğinin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2000-ci ildən xx.xx.2002-ci ilədək Azərbaycan Respublikasının DİN Daxili Qoşunlarında həqiqi hərbi xidmət keçmişdir. O, əsgər kimi hərbi xidmət keçərkən xx.xx.2001-ci il tarixində hərbi xidmət dövründə aldığı travma nəticəsində müxtəlif tibb müəssisələrində müalicələr almışdır. Lakin bu müalicələr nəticəsində sağlamlığı bərpa olunmamışdır. Azərbaycan Respublikası DİN Daxili Qoşunlarının Hərbi Həkim Komissiyasının Qərarında qeyd olunur ki, xəstəliyin səbəbi “TRAVMADİR, HƏRBİ XİDMƏT DÖVRÜNDƏ ALİNMİŞDİR”. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi Sosial Ekspert Komissiyasının rəyi ilə iddiaçının əmək qabiliyyətinin olmadığı müəyyən edilmiş və ona hərbi xidmət vəzifələrinin icrası zamanı yaralanması ilə əlaqədar olaraq 3-cü qrup əlillik verilmişdir. Lakin İddiaçı bu günədək hərbi xidmət keçərkən aldığı travmaya görə icbari sığorta pulunu ala bilməmişdir. O,əlil olduğuna görə qanunda nəzərdə tutulan sığorta məbləğinin ödənilməsi üçün Dövlət Sığorta Kommersiya Şirkətinə dəfələrlə müraciət etsə də, bu günə kimi ona sığorta pulu ödənilməmişdir. Göstərilənlərə əsasən İddiaçı hərbi xidmət dövründə travma aldığını və 3-cü qrup əlil olduğunu nəzərə alaraq ona 4400 (dörd min dörd yüz) manat məbləğində sığorta pulunun ödənilməsinin Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə həvalə edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək, ərizənin məzmununa uyğun izahat verdi, tələbin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaşı İddiaçı izahatını dinləyərək, mülki işin materiallarını araşdıraraq, tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Xidmətinin ilkin müayinəyə dair xx.xx.2015-ci il tarixli məlumatından görünür ki, iddiaçı 3-cü qrup əlildir, diaqnoz “Dirsək sümüyü cisminin [diafizinin sınığı]. Sağ dirsək sümüyünün aşağı 1/3-nin bitişmiş sınığı. Mil sümüyünün aşağı 1/3-nin rigid yalançı oynağı. Mil sümüyünün ön tərəfə qabaran qövsvari deformasiyası. Yuxarı ətrafın çıxığının, gərilməsinin və deformasiyanın nəticələri. Mil sümüyünün ön tərəfə qabaran qövsvari deformasiyası. Mil sümüyü başının çıxığı. Mil sümüyünün aşağı 1/3-nin rigid yalançı oynağı.” Əlilliyin səbəbi hərbi xidmət dövrü ilə əlaqədar əlillikdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN Daxili Qoşunlarının Hərbi Həkim Komissiyasının xx.xx.2017-ci il tarixli, 38 №-li qərarından görünür ki, SHXÇDX-nin Ağsu rayon şöbəsi tərəfindən xx.xx.2000-ci il tarixində hərbi xidmətə çağırılmış vətəndaş İddiaçı hərbi xidmət dövründə aldığı travmaya görə xx.xx.2001-ci il tarixindən xx.xx.2001ci il tarixinədək, xx.xx.2001-ci il tarixindən xx.xx.2001-ci il tarixinədək, xx.xx.2001-ci il tarixindən xx.xx.2002-ci il tarixinədək, xx.xx.2002-ci il tarixindən xx.xx.2002-ci il tarixinədək N saylı hərbi hissədə stasionar müalicə olduğu və xx.xx.2010-cu il tarixində Elmi-tədqiqat travmatologiya və ortopediya institutunda müayinə müayinə olunaraq xx.xx.2010-cu il tarixində DİN DQ Hərbi Həkim Komissiyasında şəhadətnamə ilə təsdiq edilmiş xəstəlikdiaqnoz: Sağ dirsək sümüyünün aşağı 1/3-nin bitişmiş sınığı. Mil sümüyünün aşağı 1/3-nin rigid yalançı oynağı. Mil sümüyünün ön tərəfə qabaran qövsvari deformasiyası. ( DİN DQ Komandanının xx.xx.2017-ci il tarixli R/5185 göndərişi, hərbi biletin surəti, SHXÇDX-nin Ağsu rayon şöbəsindən xx.xx.2017-ci il tarixli 626 nömrəli məktubu, 215 nömrəli arayışı və xx.xx.2017-ci il tarixli 6 nömrəli göndərişi, N hərbi hissədən 975/2001, 1342/2001, 1676/2001, 344/2002 nömrəli xəstəlik tarixindən çıxarış epikrizləri, Elmi-tədqiqat travmatologiya və ortopediya institutundan 3408 nömrəli xx.xx.2010-cu il tarixli arayış, DQBİ Arxivindən xx.xx.2017-ci il tarixli 521 nömrəli arxiv arayışı, Daxili Qoşunların Baş İdarəsində Tibb xidmətinin Hərbi Həkim Komissiyasında təsdiq edilmiş 42 nömrəli xx.xx.2010-cu il tarixli tibbi şəhadətləndirilmə arayış ilə təsdiq edilir). “TRAVMADİR, HƏRBİ XİDMƏT DÖVRÜNDƏ ALİNMİŞDİR.” İş materiallarında olan hərbi biletin surətindən görünür ki, iddiaçı xx.xx.2000xx.xx.2002-ci il müddətində N saylı hərbi hissədə xidmət etmişdir. İşin materiallarında olan Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin İddiaçı ünvanladığı xx xxxxxx 2020-ci il tarixli, 07-07-574 saylı məktubda bildirilir ki, İddiaçı Dövlət Sığorta Kommersiya Şirkətinə ünvanladığı ərizədə qeyd olunan məsələ ilə bağlı ona xx xxx 2019-cu il tarixli 07-07-545 saylı və xx xxx 2019-cu il tarixli 07-07-548 saylı məktublarla cavab verilmişdir. İşin materiallarında olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidmətinin Ağsu rayon şöbəsinin xx.xx.2018-ci il tarixli, 119 nömrəli arayışından görünür ki, İddiaçı həqiqətən xx xxxxxxx 2000-ci il tarixdən xx xxxxx 2002-ci il tarixə kimi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında xidmət etmişdir. xx.xx.2002-ci il tarixdən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağsu rayon şöbəsində hərbi müləlləfiyyətlilərin qeydiyyatındadır. Hazırki iddia tələbi ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə əsasən bu Qanuna uyğun olaraq hərbi qulluqçu on bir min manat məbləğində sığorta edilir.Sığorta haqqı sığorta məbləğinin 1 faizi miqdarında müəyyən edilir. Həmin Qanunun 5-ci maddəsinə əsasən aşağıdakılar sığorta hadisələri hesab edilir və onlara görə sığorta ödənişləri bu Qanunun 4-cü maddəsi ilə müəyyən edilmiş sığorta məbləğinin müvafiq faiz nisbətlərində verilir: a) sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman həlak olduqda, öldükdə və ya xəbərsiz itkin düşdüyünə görə məhkəmə qərarı ilə ölmüş elan edildikdə — 100 faiz; b) sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman xəsarət (yaralanma, travma, kontuziya) alması, habelə xəstələnməsi nəticəsində xidmətdən (toplanışdan) buraxıldıqdan sonra üç il müddətində öldükdə — 100 faiz; c) sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman xəbərsiz itkin düşdükdə (məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda) — 100 faiz; ç) hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən və ya həqiqi hərbi xidmət dövründə xəsarət (yaralanma, travma, kontuziya) almasına, habelə həqiqi hərbi xidmət dövründə xəstələnməsinə görə həqiqi hərbi xidmətə yararsız hesab edilərək həqiqi hərbi xidmətdən (toplanışdan) ehtiyata və ya istefaya buraxıldığı gündən, həmçinin ehtiyata və ya istefaya buraxıldığı gündən həqiqi hərbi xidmət dövründə alınmış xəsarət (yaralanma, travma, kontuziya) və ya xəstəliklə əlaqədar üç il müddətində sığorta olunana əlillik təyin olunduqda: - İ qrup əlilliyə görə — 80 faiz; - İİ qrup əlilliyə görə — 60 faiz; - İİİ qrup əlilliyə görə — 40 faiz; d) sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman, bu maddənin a, b və ç bəndlərində nəzərdə tutulmuş hallarla nəticələnməyən: - ağır xəsarət (yaralanma, travma, kontuziya) aldıqda — 25 faiz; - yüngül xəsarət (yaralanma, travma, kontuziya) aldıqda — 5 faiz. Həmin Qanunun 7-ci maddəsinə görə, əlillik halında sığorta ödənişlərinin alınması üçün sığorta olunan dövlət sığorta orqanlarına və ya yaşadığı ərazi üzrə həmin orqanın bölmələrinə müəyyən olunmuş formada ərizəsi və şəxsiyyətini təsdiq edən sənədi ilə birlikdə aşağıdakı sənədləri təqdim edir: - əlilliyin təyin edilməsi haqqında (əlilliyin qrupu, səbəbi və təyin edilməsi tarixini göstərməklə) tibbi-sosial ekspert komissiyasının arayışının surəti; - hərbi bilet (yaxud onu əvəz edən sənəd); - sığorta olunanın həqiqi hərbi xidmətdə olarkən xəstələnməsi və ya xəsarət (yaralanma, travma, kontuziya) alması faktını təsdiq edən hərbi həkim komissiyasının qərarının surəti. İş materiallarından göründüyü kimi, İddiaçı “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsində qeyd olunan sənədləri məhkəməyə təqdim etmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, İddiaçı hərbi xidmət vəzifələrini yerinə yetirərkən xəsarət almış və nəticədə üçüncü qrup əlil olmuşdur. Belə olan halda, İddiaçı haqlı olaraq hazırki tələblə bağlı məhkəməyə müraciət etmişdir. Məhkəmə qanunvericiliyin yuxarıda göstərilən müddəlarını əsas götürərək hesab edir ki, 11.000 manat sığorta məbləğinin 40 faizi, yəni 4400 manat iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İİİ hissəsində göstərilmişdir ki, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Məhkəmə hesab edir ki, iddia ərizəsi təmin olunmaqla, İddiaçı 4400 (dörd min dörd yüz) manat sığorta ödənişinin verilməsinə dair müvafiq öhdəlik cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən 4400 (dörd min dörd yüz) manat icbari sığorta məbləği tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ramin Xəlilov
Məhkəmə qərarları › İş №2(006)-1631/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1631/2021
14.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver