Məhkəmə qərarları › İş №2(006)-1651/2020

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1651/2020

05.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1651/2020 05.11.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Rəşid Əfraim oğlunun sədrliyi, Namazova Çinarə İmaməddin qızının katibliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin nümayəndəsi Nümayəndə iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı "sığorta ödənişinin verilməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı "sığorta ödənişinin verilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1990-cı il tarixdən xx.xx.1997-ci ilədək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyində xidmət keçmişdir. İddiaçı xidmət dövrü döyüş zonasında döyüş vaxtı ağır yaralanmış və sağlamlığını itirmişdir. xx.xx.2017-ci il tarixdə iddiaçıya 2-ci dərəcəli əlillik qrupu təyin edilmişdir. Əlilliyin səbəb əlaqəsi ‘'Azərbaycan Respublikasının müdafiəsi ilə əlaqədar” ifadəsi ilə göstərilmişdir.Lakin bu günə qədər iddiaçı 2-ci qrup əlillər üçün nəzərdə tutulan sığorta ödənişini ala bilməmişdir. Göstərilənlərə əsasən ikinci qrup əlillər üçün nəzərdə tutulmuş 6600 manat məbləğində sığorta ödənişinin cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, 2-ci qrup əlilliyə görə "Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında"Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş 5 illik əmək haqqının 60%-i miqdarında sığorta ödənişinin (1997-ci ildə Azərbaycan Respublikası Daxili İşlər Orqanlarından xaric edilərkən tutduğu vəzifəsinin və malik olduğu polis kapitanı rütbəsinin bu günə mövcud olan vəzifə və rütbə maaşları nəzərə alınmaq şərti ilə) cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, tələbin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin nümayəndəsi Nümayəndə iddia tələbinə etiraz edərək, tələbin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə, tərəflərin izahatlarını dinləyib və mülki işin materiallarını araşdıraraq, tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Xüsusi Həkim Komissiyasının 10 saylı, xx.xx.2017-ci il tarixli qərarında qeyd edilmişdir ki, 1966-cı il təvəllüdlü İddiaçı Azərbaycan Respublikasının müdafiəsi zamanı hərbi travma almışdır. Diaqnoz: “Qapalı kəllə-beyin travması. Postravmatik ensefalopatiya. Asteno-nevrotik vəziyyət, vegetativ əlamətlərlə. Sol ayağın topuq nahiyəsində güllə yarası. Sol ayaq sinirinin zədələnməsi”. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsinə dair çıxarışda qeyd edilmişdir ki, İddiaçı ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar ikinci qrup müharibə əlilidir. İş materiallarında olan 000424 №-li vəsiqənin surətindən görünür ki, İddiaçı Azərbaycan Respublikasının müdafiəsi ilə əlaqədar ikinci qrup müharibə əlilidir. Hazırki iddia tələbi ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı xx.xx.1990-cı il tarixdən xx.xx.1997-ci ilədək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyində xidmət keçmiş, xidmət dövrü ağır yaralanmış və ona ikinci dərəcəli əlillik qrupu təyin edilmişdir. Hazırda iddiaçı ona ödənilməli olan sığorta məbləğini tələb edir. “Məhkəmə və hüquq-mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının Qanununun 4-cü maddəsinə əsasən həmin qanuna uyğun olaraq hər bir məhkəmə və hüquq mühafizə orqanları işçisi onların 5 illik əmək haqqı məbləğində sığorta edilir. Həmin Qanunun 5-ci maddəsinə əsasən məhkəmə və hüquq mühafizə orqanları işçilərinin xidmət vəzifələrinin icrası ilə bağlı həlak olması (vəfat etməsi), xəsarət (yaralanma, travma, kontuziya) alması sığorta hadisələri hesab edilir. Sığorta hadisələri baş verdikdə sığorta məbləğindən faizlə aşağıdakı sığorta ödənişləri verilir; a) sığorta olunan məhkəmə və ya hüquq-mühafizə orqanlarında xidmətdə olduğu zaman həlak olduqda (vəfat etdikdə) - 100 faiz; b) sığorta olunan xidmətdə olduğu zaman aldığı xəsarət (yaralanma, travma, kontuziya) almağa görə xidmətdən çıxdıqdan sonra üç il ərzində öldükdə - 100 faiz; c) sığortaolunanın əlilliyi müəyyən edildikdə; İ dərəcə - 80 faiz; İİ dərəcə - 60 faiz; İİİ dərəcə - 40 faiz ç) sığorta olunan: ağır xəsarət (yaralanma, travma, kontuziya) aldıqda - 20 faiz; yüngül xəsarət (yaralanma, travma, kontuziya) aldıqda - 10 faiz Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 154.1-ci maddəsinə əsasən əmək haqqı müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. Həmin Məcəllənin 157.3-cü maddəsinə görə əmək haqqının tərkibinə aylıq tarif (vəzifə) maaşı, əlavələr və mükafatlar daxildir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, əmək haqqının tərkibinə sığorta şirkətinin istinad etdiyi kimi yalnız aylıq əmək haqqı və maaşa əlavələr deyil, bütün ödənişlər nəzərə alınmalıdır. Göründüyü kimi iddiaçı hüquq-mühafizə orqanının işçisi kimi xidmət dövründə xəsarət almış və nəticədə ona ikinci qrup əlillik təyin edilmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, iddiaçıya “Məhkəmə və hüquq-mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının Qanununun 5- ci maddəsi nəzərə alınmaqla, ikinci qrup əlilliklə əlaqədar 5 illik əmək haqqının 60% məbləğində sığorta ödənişi ödənilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İİİ hissəsində göstərilmişdir ki, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, ikinci qrup əlilliyə görə "Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında"Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş 5 illik əmək haqqının 60%-i miqdarında sığorta ödənişi (iddiaçının 1997-ci ildə Azərbaycan Respublikası Daxili İşlər Orqanlarından xaric edilərkən tutduğu vəzifəsinin və malik olduğu polis kapitanı rütbəsinin bu günə mövcud olan vəzifə və rütbə maaşları nəzərə alınmaq şərti ilə) cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. İkinci qrup əlilliyə görə "Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında"Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş 5 illik əmək haqqının 60%-i miqdarında sığorta ödənişi (iddiaçının 1997-ci ildə Azərbaycan Respublikası Daxili İşlər Orqanlarından xaric edilərkən tutduğu vəzifəsinin və malik olduğu polis kapitanı rütbəsinin bu günə mövcud olan vəzifə və rütbə maaşları nəzərə alınmaq şərti ilə) cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən tutularaq İddiaçı ödənilsin. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar