Məhkəmə qərarları › İş №2(006)-1652/2020

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1652/2020

16.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1652/2020 16.09.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, məhkəmə iclasının katibi Fərəcova Təranə Aydın qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh "xxxxxxxxxx" X2rşı "dəymiş zərərin ödənilməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qəza nəticəsində avtomobilinə dəymiş 2790 maddi zərərin “xxxxxxxxxx” ASC tərəfindən ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx xxxxxx 2019-cu il tarixdə mağazanın həyətində duran “VAZ-21063” markalı, 99MU 538 dövlət nişanlı avtomobili Gözəlov Soltan tərəfindən idarə olunan "xxxxxxxxxx" nın icbari sığorta etdiyi “VAZ 21074” markalı, ** BX *** dövlət qeydiyyat nişanlı böyük sürətlə gələn avtomobillə vurularaq yarasız vəziyyətə salınmışdır. Soltanın idarə etdiyi avtomobildə olan 13-14 yaşlı oğlan xəsarət aldığı üçün xəstəxanaya aparılmış, bu səbəbə hadisə yerinə müstəntiq polkovnik-leytinant Aləm Eyvazov gəlmişdir. A.Eyvazov yanında həm o, həm də Gözəlov Soltan sığorta edənlərə, baş vermiş hadisə haqqında telefonla məlumat vermişlər. “Sığorta fəaliyyəti haqqında” AR Qanunun 16.2-ci maddəsinə əsasən sığortaçı, yəni "xxxxxxxxxx" ASC 7 iş günü ərzində onun zərər dəymiş avtomobilinə baxış keçirib dəyən zərərin miqdarını təyin etməli idi. Lakin “xxxxxxxxxx” ASC 21 iş günü müddətində hadisə yerinə gəlməmiş, avtomobilinə baxış keçirtməmişdir. Uzun mübahisələrdən sonra xx xxxxxx 2019-cu ildə müstəntiq onun tanımadığı müstəqil ekspert gətirmişdir. Sonradan bilmişdir ki, dəymiş zərərin miqdarı 2790 manatdır. xx xxxxxxxx 2019-cu ildə müstəntiqin verdiyi çoxlu sənədləri Soltan "xxxxxxxxxx" ASC-yə aparmışdır. O, 09 sentyabrda " xxxxxxxxxx" ASC-yə getmişdir. Lazımi sənədləri təqdim etmiş, ona onunla əlaqə saxlanılacağı bildirilmişdir. 16 sentyabrda ona zəng edərək bildirmişlər ki, zərərin miqdarı 315 manatdır. Bu, dəyən zərərin 8-də biridir. O, distansiya ilə lazımi orqanlardan kömək istəmişdir. Ərizələr və teleqrammalar ondadır. İlk gündən “xxxxxxxxxx” ASC-nin əməkdaşları onunla zərərçəkən kimi deyil cinayət etmiş təqsirkar kimi davranmışlar. 72 yaşında onu lağa qoyub gülüş obyektinə çevirmişlər. 4 aydır ki, zərər çəkən qismində olmağıma baxmayaraq, “xxxxxxxxxx” onun avtomobilini günəşin, küləyin, yağışın altında çürüdür.Ona dəyən maddi və mənəvi zərərlər olduqca çoxdur. Bütün ömrü boyu işləsə də heç vaxt dövlətli olmamışdır. Ona görə də, ona dəyən zərər onun üçün böyük sayılır. Avtomobili işləmədiyi üçün Hökməli qəsəbəsindəki evinin yerləşdiyi yerə avtobus işləmədiyinə görə orda qala bilmir. Gedib-gələ bilmir. Evin hal-hazırki, vəziyyətindən xəbəri yoxdur. Məktəbə gedən uşaqları məktəbə apara bilmir. Kənddəki zəlzələdən çatlamış dədə-baba evin təmir edə bilməmişdir. Bədənində 6 dəfə cərrahiyyə əməliyyat aparılmışdır. 6-cı dəfədən sonra qan normal işləmir, bronxlarında problemlər var. “xxxxxxxxxx” ASC onun maşının dəymiş zərərin real qiymətləndirərək, 2790 manat ödənilməli olduğu halda zərərin ödənilməsi üçün heç bir köməklik göstərmir. Qanuni tələbini ödəmir. Ona görə də, dəymiş zərərin ödənilməsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 iddia tələbini qismən qəbul edərək izahatında bildirdi ki, onlar baş vermiş qəza nəticəsində avtomobilə 450 manat ziyan dəydiyini hesablamışlar. Tələbi həmin həcmdə ödəməyə hazırdırlar. Göstərilənlərə əsasən iddianın qismən təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx xxxxxx 2019cu il tarixli qərarın surətindən görünür ki, toplanmış materialda sürücülər Gözəlov Soltan Əlvan oğlunun və İddiaçı əməllərind cinayət tərkibi olmadığından cinayət işinin başlanmasının rədd edilməsi, sürücü Gözəlov Soltan Əlvan oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin tələblərinin tələblərini pozduğu üçün barəsində inzibati tənbeh tədbirləri görülməsi üçün qəbul edilmiş qərarın surətinin Şamaxı rayon polis şöbəsinə göndərilməsi qərara alınmışdır. İş materiallarında olan “Şamaxı Avtomotoservis və ticarət” müəssisəsi tərəfindən tərtib edilmiş qüsur aktından görünür ki, “VAZ 21063” markalı, ** MU *** dövlət qeydiyyat nişanlı avtomobilə 2795 manat ziyan dəymişdir. İş materiallarında olan "xxxxxxxxxx" ASC tərəfindən İddiaçı ünvanlanan xx.xx.2019-cu il tarixli məktubun surətindən görünür ki, İddiaçı “VAZ 21063” markalı, ** MU *** dövlət qeydiyyat nişanlı avtomobilin “xxxxxxxxxx" ASC tərəfindən müəyyən olunmuş təmir müəssisəsində təmir olunaraq təhvil verilə biləcəyi və ya avtomobilin təmir olunması üçün müəyyən edilmiş 315 manat məbləğində sığorta ödənişi məbləğinin pul şəklində ödəniləcəyi barədə məlumatlandırılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxx 2020-ci il tarixli 9/387 nömrəli rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, iş materiallarında olan “Şamaxı Avtomotoservis və ticarət” müəssisəsi tərəfindən təqdim edilmiş qüsur aktındakı məlumatlara əsasən, avtohissələrin qiymətləri nəzərə alınmaqla, “VAZ 21063” markalı, ** MU *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 1460 manat müəyyən edilmişdir. Aparılmış tədqiqatın dəyəri 100 manat təşkil edir. Məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Həmin Məcəllənin 922.1-ci maddəsinə əsasən sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. Eyni Məcəllənin 923.1-ci maddəsinin tələbinə görə sığorta hadisəsinin baş verməsi barədə sığortalı və ya sığorta olunan şəxs, yaxud faydalanan şəxs hadisədən xəbər tutduqdan dərhal sonra və ya mümkün olan ən qısa müddət ərzində sığortaçıya və ya onun nümayəndəsinə, eyni zamanda, həmin hadisə barədə məlumatlandırılmalı olan səlahiyyətli dövlət orqanlarına hər hansı vasitə ilə xəbər verməlidir. «Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığortası üzrə Sığorta Qaydaları»nın 22-ci maddəsindən görünür ki,bu Qaydaların 20.1-ci bəndində göstərilən sənədlərdən sonuncunun sığortaçıya təqdim edildiyi tarixdən 7 iş günündən gec olmayaraq sığortaçı sığorta ödənişini faydalanan şəxsə onun istəyinə uyğun olaraq nağd və ya bank hesabına köçürmə yolu ilə ödəməli, müvafiq hallarda zərərin qiymətləndirilməsi, əmlakın təmiri, bərpası və ya yenisi ilə əvəz edilməsi üçün görülən tədbir barədə sığortalıya yazılı məlumat verməli, yaxud sığortalıya, sığorta olunana və ya faydalanan şəxsə sığorta ödənişinin verilməsindən imtina haqqında yazılı şəkildə əsaslandırılmış bildiriş təqdim etməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Eyni Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə ilk növbədə qeyd edir ki, baş vermiş yol-nəqliyyat hadisəsi sığorta hadisəsi hesab olunması ilə bağlı tərəflər arasında hər hansı mübahisə yoxdur və yaranmış mübahisə göründüyü kimi vurulmuş ziyan məbləği ilə əlaqədar olmuşdur. Məhkəmə həmçinin qeyd edir ki, sığorta şirkəti tərəfindən iddiaçıya sığorta ödənişinin ödənilməsi təklif olunsa da, həmin ödənişlə iddiaçı razı olmadığından, o vurulmuş ziyanın tam həcmdə ona ödənilməsi ilə bağlı sığorta şirkətinə qarşı məhkəmədə tələb irəli sürməkdə haqlı olmuşdur. Yuxarıda qeyd olunan qanunun normalarına əsaslanaraq məhkəmə hesab edir ki, Sığorta Şirkəti müqavilə ilə öz üzərinə götürdüyü öhdəliyi yerinə yetirməli və sığorta hadisəsi nəticəsində sığortalıya vurulmuş maddi ziyanın əvəzini ona ödəməlidir. Sığorta ödənişinin məbləği ilə əlaqədar məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İşin materiallarında olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyində göstərilmişdir ki, avtohissələrin qiymətləri nəzərə alınmaqla, “VAZ 21063” markalı, ** MU *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 1460,00 manat müəyyən edilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı məxsus olan “VAZ 21063” markalı, ** MU *** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş ziyana görə 1460,00 manat məbləğində pul vəsaiti cavabdeh "xxxxxxxxxx" ASC-dən alınaraq İddiaçı verilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının tədqiqat dəyəri olan 100 manatın 50 manatı cavabdeh "xxxxxxxxxx" ASC-dən, 50 manatı isə İddiaçı alınaraq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Beləliklə, məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, cavabdeh "xxxxxxxxxx" ASC-dən baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində avtomobilə dəymiş ziyana görə 1460,00 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı verilməli, iddia digər hissədə təmin edilməməli və məhkəmə ekspertizasının tədqiqat dəyəri olan 100 manatın 50 manatı cavabdeh "xxxxxxxxxx" ASC-dən, 50 manatı isə İddiaçı alınaraq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh "xxxxxxxxxx" ASC-dən baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində avtomobilə dəymiş ziyana görə 1460,00 (min dörd yüz altmış) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı verilsin. İddia digər hissədə təmin edilməsin. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manatın 50 (əlli) manatı cavabdeh ASC "xxxxxxxxxx" ASC-dən, 50 (əlli) manatı isə İddiaçı alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Solmaz Mustafayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar