Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-166/2021 15.02.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Şahverdiyev Xandəmir Elman oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili X2 və cavabdehin nümayəndəsi X1 iştirakları ilə İddiaçı cavabdeh «Nikoy» («xxxx» ASC) İKB-yə qarşı «ipoteka müqaviləsinin etibarsız hesab edilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh «Nikoy» («xxxx» ASC) İKB-yə qarşı «ipoteka müqaviləsinin bağlanmamış hesab edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1998-ci il tarixdə İbişov Rövşən Ağamməd oğlu ilə rəsmi nikaha daxil olmuşdur. Nikaha girəndən sonra həyat yoldaşının mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Rəşid Behbudov küçəsi, 8 saylı evin 37/38 saylı mənzili gəlin gəlmişdir və hal-hazıradək həmin mənzildə yaşayır. Həmin ildə ailə üzvü kimi bu ünvana qeydiyyata düşmüşdür. Bu yaxınlarda iddiaçıya məlum olmuşdur ki, mənzilin mülkiyyətçisi, yəni həyat yoldaşı İbişov Rövşən Cavabdeh İKB ASCdən kredit götürmüş və yaşadıqları mənzili ipoteka ilə yüklü etmişdir. İddiaçının bundan xəbəri olmamış, yalnız Bakı Apellyasiya Məhkəməsinin ünvanlarına göndərdiyi bildiriş əsasından bu fakt iddiaçıya məlum olmuşdur. Belə ki, iddiaçıya məlum olmuşdur ki, iddiaçı Cavabdeh İKB ASC cavabdeh İbişov Rövşən Ağamməd oğlundan Cavabdeh İKB ASC-nin xeyrinə 234.854,41 ABŞ dolları əsas, 26.303,67 ABŞ dolları faiz və 1.289,48 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 262.447,25 ABŞ dolları borcun, 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının tutulması, tutmanın İbişov Rövşən Ağamməd oğlunun mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Rəşid Behbudov küçəsi, 8 saylı evin 37/38 saylı mənzilinə yönəldilməsi iddiası Səbail rayon Məhkəməsinin qətnaməsi ilə təmin olunmuş, həmin qətnamədən İbişov Rövşən apellyasiya şikayəti vermiş, apellyasiya baxışının vaxtı barədə cavabdehə məlumat verilmişdir. Beləliklə, iddiaçının həyat yoldaşı ilə ciddi söhbətdən sonra sonuncu ona bildirmişdir ki, onun razılığı olmadan yaşadıqları mənzili ipoteka ilə yüklü etmişdir və hal-hazırda məhkəmə iddiaçının ailəsinin yaşadığı mənzilin taleyi həll olunur. Göstərilənləri nəzərə alaraq ipoteka müqaviləsinin onun razılığı olmadan bağlandığı və yaşadıqları mənzilin onun razılığı olmadan ipoteka ilə yüklü edildiyi səbəbində məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Cavabdehin qeyri-qanuni hərəkətləri nəticəsində onun Azərbaycan Respublikası Kostitusiyasında təsbit edilmiş hüquqları pozulmuşdur. Göründüyü kimi, İbişov Rövşən ilə Cavabdeh İKB ASC arasında bağlanmış ipoteka müqaviləsi bağlanarkən iddiaçının razılığı alınmamış bu isə Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə ziddir. Göstərilənlərə əsasən Cavabdeh İKB ASC ilə İbişov Rövşən Ağamməd oğlu arasında imzalanmış xx.xx.2008-ci il tarixli, 04/08 (i) saylı ipoteka müqaviləsi bağlanmamış hesab edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. İddiaçı AR MPM-nin 53-cü maddəsinə əsasən iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh İKB ASC ilə İbişov Rövşən Ağamməd oğlu arasında imzalanmış xx.xx.2008-ci il tarixli 04/08 (i) saylı ipoteka müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili X4 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X3 izahat verərək və ərizə təqdim edərək bildirmişdir ki, iddiaçının hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək məqsədi iddiaçının həyat yoldaşı İbişov Rövşən Ağamməd oğluna qarşı «xxxx» (Cavabdeh İKB ASC) ASC-nin «borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə» dair və hazırda Bakı Apellyasiya Məhkəməsinin icraatında olan mülki işə baxılmasının uzadılması olmuşdur. Belə ki, xx.xx.2008-ci il tarixli kredit müqaviləsinə əsasən İbişov Rövşən Ağamməd oğlu Cavabdeh İKB ASC-dən illik 16,5%-lə 240 ay müddətinə 260.000 ABŞ dolları məbləğində kredit götürmüşdür. xx.xx.2017-ci il tarixli əlavə sazişə əsasən kreditin müddəti xx.xx.2036-cı il tarixədək uzadılmışdır. Borcun təminatı olaraq İbişov Rövşən Ağamməd oğlunun mülkiyyətindəki Bakı şəhəri, Səbail rayonu, Rəşid Behbudov küçəsində yerləşən 6 otaqlı, 126,5 kv.m. yaşayış sahədən ibarət 8 nömrəli evin 37/38 nömrəli mənzili xx.xx.2008-ci il tarixli ipoteka müqaviləsilə yüklü edilmişdir.İpoteka müqaviləsi notarial qaydada təsdiq edilmiş, dövlət reyestrində qeydə alınmışdır. İpoteka müqaviləsi bağlanarkən İddiaçı notarial qadada təsdiq edilmiş ərizəsi ilə Bakı şəhəri, Səbail rayonu, Rəşid Behbudov küçəsində yerləşən 6 otaqlı, 126,5 kv.m. yaşayış sahədən ibarət 8 nömrəli evin 37/38 nömrəli mənzilin Cavabdeh İKB ASC-də ipoteka ilə yüklü edilməsinə razılıq vermişdir. Buna baxmayaraq İddiaçı banka qarşı tələbi irəli sürərək bildirmişdir ki, həyat yoldaşı İbişov Rövşən Ağamməd oğlunun Cavabdeh İKB ASC-dən kredit götürməsi və həmin kreditin təminatı olaraq Bakı şəhəri, Səbail rayonu, Rəşid Behbudov küçəsində yerləşən 6 otaqlı, 126,5 kv.m. yaşayış sahədən ibarət 8 nömrəli evin 37/38 nömrəli mənzilin ipoteka ilə yüklü edilməsi barədə məlumatı olmamışdır. Bankın iddia tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi tərəfindən ünvanlarına göndərilən bildiriş əsasında bu fakt ona məlum olmuşdur. Bu səbəbdən bank ilə Rövşən İbişov arasında bağlanmış ipoteka müqaviləsinin etibarsızlığı tələbi ilə məhkəməyə müraciət etmişdir. Lakin İddiaçı iddia tələbi əsasızdır. Belə ki, Cavabdeh İKB ASC tərəfindən İbişov Rövşən Ağamməd oğluna qarşı «borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsinə dair» iddia tələbi ilə xx.xx.2018-ci il tarixdə Səbail rayon Məhkəməsinə müraciət etmişdir. Bank tərəfindən məhkəməyə müraciət olunarkən cavabdeh Rövşən İbişova xəbərdarlıq və bildirişlər İddiaçı iddiada qeyd etdiyi ünvana xəbərdarlıq və bildirişlər göndərilmiş, həmçinin Səbail rayon Məhkəməsinə tərəfində də mülki iş baxılması ilə bağlı bildirişlər və qətnamə göndərilmişdir. Səbail rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsindən cavabdeh İbişov Rövşən Ağamməd oğlu tərəfindən apellyasiya şikayəti verilmişdir. Bundan başqa, İddiaçı iddia etsədə ki, mübahisələndirilən ipoteka müqaviləsindən məlumatı olmamış və razılıq ərizəsi verməmişdir. İş materiallarında olan əmlakın ipoteka ilə yüklü edilməsinə razılıq barədə ərizə onun tərəfindən imzalanmamışdır. Lakin məhkəmə tərəfindən təyin ediliş xəttşünaslıq ekspertizası əsasında ekspert rəyi ilə müəyyən edilmişdir ki, razılıq ərizəsində imza İddiaçı məxsusdur. Bundan başqa, İddiaçı kredit müqaviləsi və ipoteka müqaviləsindən məlumat olmuşdur. 2008-ci il tarixdə ipoteka müqaviləsi bağlanarkən razılıq ərizəsi vermişdir. Həmçinin bank ilə Rövşən İbişov arasında olan məhkəmə mübahisəsi barədə dəfələrlə ünvanlarına bank və məhkəmə tərəfindən bildirişlər göndərilmiş, İddiaçı bu barədə məlumatı olmuşdur. İddiaçı iddia ərizəsində qeyd etsədə ki, Rövşən İbişova məxsus mənzilin ipoteka ilə yüklü edilməsi barədə Bakı Apellyasiya Məhkəməsinin bildirişi əsasında məlumatı olmuşdur. Lakin iddiaçı məhkəmə tərəfindən göndərilmiş hansı tarixli bildiriş əsasında məlumatı olmasını dəqiq qeyd etməmişdir. İddiaçı cavabdeh «xxxx» (Cavabdeh İKB) ASC-nə qarşı «ipoteka müqaviləsinin etibarsız hesab edilməsi» tələbinə dair iddia ərizəsi əsassızdır və iddianın verilməsi məqsədi iddiaçı «xxxx» (Cavabdeh İKB) ASC-nin cavabdeh İbişov Rövşən Ağamməd oğluna qarşı «borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi» tələbinə dair və hazırda Bakı Apellyasiya Məhkəməsinin icraatında olan mülki işə baxılmasına maneçilik törətmək və işə baxılmasının uzadılmasıdır. Belə ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 1978/2019 saylı, xx.xx.2019-cu il tarixli qərardadı ilə Bakı şəhəri Nəsimi rayon Məhkəməsində baxılan İddiaçı Cavabdeh İKB ASC-nə qarşı «ipoteka müqaviləsinin etibarsız hesab edilməsi tələbinə» dair mülki iş həll edilənədək, yəni həmin iş üzrə çıxarılacaq məhkəmə qərarı qüvvəyə minənədək hazırki mülki işin icraatı dayandırılmışdır. İddiaçı əsassız iddia verdiyinə və digər işə baxılmasına maneçilik törətdiyinə görə məhkəmə tərəfindən ağlabatan məbləğdə cərimə olunmalıdır. Göstərilənləri və AR MPMnin 120-ci maddəsini nəzərə alaraq hazırki mülki iş üzrə əsassız verdiyinə və yaxud işə düzgün və tezliklə baxılmasına və onun həll edilməsinə ardıcıl surətdə maneçilik törətdiyinə görə İddiaçı cərimələnməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, mülki işin materiallarını araşdıraraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan alqı-satqı və ipoteka müqaviləsindən görünür ki, Cavabdeh İKB ASC və İbişov Rövşən Ağamməd oğlu arasında bağlanmış xx.xx.2008-ci il tarixli, 04/08 (i) saylı kredit müqaviləsinə əsasən bank tərəfindən Rövşən İbişova 240 ay müddətinə, illik 16,5%-lə 260.000 ABŞ dolları kredit verilmiş, kredit müqaviləsinin icrasının təmin edilməsi üçün İbişov Rövşən Ağamməd oğluna məxsus Bakı şəhəri, Səbail rayonu, Rəşid Behbudov küçəsi, 8 saylı evin, 37/38 saylı mənzili ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin MH seriyalı ******* nömrəli, xx.xx.2008-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 3 mənzil 37/38 ünvanında yerləşən mənzil xüsusi mülkiyyət hüququ üzrə İbişov Rövşən Ağamməd oğluna məxsus olmuşdur. İş materiallarında olan Səbail rayon Məhkəməsinin 2(009)-2508/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsindən görünür ki, Cavabdeh İKB ASC-nin cavabdeh İbişov Rövşən Ağamməd oğluna qarşı “kredit müqaviləsinin ləğv edilməsi, borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracda satılması və boşaldılması” tələbinə dair iddiası qismən təmin edilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1978/2019 saylı,xx.xx.2019-cu il tarixli qərardadı ilə Bakı şəhəri Nəsimi rayon Məhkəməsində baxılan İddiaçı Cavabdeh İKB ASC-yə qarşı «ipoteka müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair» mülki iş həll edilənədək, yəni həmin iş üzrə çıxarılacaq məhkəmə qərarı qanuni qüvvəyə minənədək hazırki mülki işin icraatı dayandırılmışdır. İş üzrə təyin edilmiş məhkəmə-xətşünaslıq ekspertizasının xx.xx.2020-ci il tarixli 4/795 saylı rəyinə əsasən ekspertizaya təqdim edilmiş 4Ə/84 nömrəli notariat işinin 18-ci vərəqəsində İddiaçı adından olan xx.xx.2008-ci il tarixli № 7E/2904 nömrəli reyestrlə qeydiyyatdan keçmiş ərizədə «İmza» qrafasındakı və həmin ərizənin qeydiyyatdan keçdiyi 7E/02 reyestr jurnalının 44-cü vərəqəsində «2904» sırada «İddiaçı» yazıları qarşısında «Notariat hərəkətinin aparılmasında iştirak edən şəxslərin imzaları» qrafasındakı imza və «İbişova» soyadı – İddiaçı tərəfindən icra olunmuşdur. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. İddia ərizəsindən göründüyü kimi müqavilənin etibarsızlığının əsası kimi iddiaçı tərəfindən müqavilə bağlanan zaman onun yazılıq razlıq ərizəsinin alınmaması göstərilmişdir. Məhkəmə tərəfindən həmin halın araşdırılması üçün mübahisə predmeti olan ipoteka müqaviləsinin bağlandığı notariat kontoruna sorğu ilə müraciət edilmiş və həmin notariat işi məhkəməyə təqdim edilmişdir. Həmin sənədlərdən görünür ki, hazırkı iş üzrə iddiaçı tərəfindən mübahisəli mənzilin ipoteka ilə yüklü edilməsinə dair yazılı razılıq ərizəsi tərtib edilmiş və iddiaçı tərəfindən həmin ərizə imzalanmışdır. Məhkəmə həmin notariat işindəki imzanın iddiaçı tərəfindən icra edilib-edilməməsi məsələsini araşdırmaq üçün iş üzrə məhkəmə xətşünaslıq ekspertizası təyin etmiş və ekspertizanın keçirilməsini Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə etmişdir. İş materiallarında olan ekspert rəyindən görünür ki, mübahisə predmeti olan ipoteka müqaviləsi bağlanan zaman iddiaçı tərəfindən həmin mənzilin ipoteka ilə yüklü edilməsinə dair tərtib edilmiş yazılı razılıq ərizəsi onun imzası ilə icra edilmişdir. Göründüyü kimi mübahisə predmeti olan ipoteka müqaviləsinin etibarsızlığı üçün iddiaçının göstərdiyi əsaslar sübuta yetirilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 339.1-339.4-cü maddələrinə əsasən, hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər. Şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. Aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin. Əqdi bağlayan şəxsi əqdi bağlamağa məcburetmə (zorakılıq və ya hədələmə) ona hüquq verir ki, zorakılığın üçüncü şəxs tərəfindən törədildiyi halda da əqdi mübahisələndirsin. Xaraktercə şəxsə təsir göstərə bilən və ona şəxsən özünü və ya əmlakını real təhlükə gözlədiyini təlqin edə bilən məcburetmə əqdin etibarsızlığına səbəb olur. Məcburetmənin xarakteri qiymətləndirilərkən şəxsin yaşı və cinsi, həyat şəraiti nəzərə alınır. Məcburetmə tərəflərdən birinin arvadına (ərinə), digər ailə üzvlərinə və ya yaxın qohumlarına qarşı yönəldildikdə də əqdin mübahisələndirilməsinə əsas verir. Məcburetmənin məqsədi ilə vasitələrinin bir-birinə uyğun gəlmədiyi hallardan başqa, nə qanuna zidd məqsədlərlə, nə də qanuna zidd vasitələr tətbiq edilməklə həyata keçirilməyən hərəkətlər məcburetmə sayılmır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 271.1-ci maddəsinə görə əşyanı girov qoyan (ipoteka qoyan) yalnız onun mülkiyyətçisi ola bilər. Mülkiyyətçi olmayan şəxsdən ipoteka (girov) hüququnun əldə edilməsinin hüquqi nəticələri bu Məcəllənin 140-cı və 182ci maddələrinin müddəalarına uyğun olaraq müəyyən edilir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 271.1-ci maddəsinin həmin Məcəllənin 158.2 və 158.4-cü maddələri baxımından şərh edilməsinə dair» AR Konstitusiya Məhkəməsinin xx.xx.2015-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 271.1-ci maddəsinə əsasən girov (ipoteka) müqaviləsinin bağlanması zamanı mülkiyyətçi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərinin və digər şəxslərin razılıqlarının alınmaması girov (ipoteka) müqaviləsinin etibarsız hesab edilməsi üçün əsas ola bilməz”. Göründüyü kimi qanunvericilikdə mülkiyyətçi tərəfindən ona məxsus əmlakın ipoteka və ya girov qoyulması zamanı həmin ünvanda yaşayan və yetkinlik yaşına çatmış şəxslərin razılığının alınmasına zərurət olmadığı qanunvericilikdə müəyyən edilmişdir. Belə ki, mülkiyyətdə olan daşınmaz əmlakın girov və ya ipoteka ilə yüklü edilməsi onnun özgəninkiləşdirilməsi anlamına gəlmir. Bu əsasdan ailə üzvlərinin və digər şəxslərin razılıqlarının alınması şərtini qanunvericilik istisna edir. Göründüyü kimi bu əsasa istinad etməklə ipoteka müqaviləsinin etibarsız hesab edilməsi yol verilməzdir. İddiaçı tərəfindən həmin ipoteka müqaviləsi mübahisələndirilsə də, onun qanuniliyini şübhə altına alan hər hansı bir sübut müəyyən olunmamışdır. Odur ki, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilə bilməz. Məhkəmə cavabdehin nümayəndəsinin İddiaçı cərimələnməsinə dair ərizəsinə hüquqi qiymət verərək aşağıdakıları qeyd edir. İddiaçı tərəfindən məhkəməyə müraciət etmək, məhkəmə müdafiəsi hüququndan istifadə edilməsi onun hüququdur və bu hüquqdan istifadə edilməsi onun cərimə olunmasına əsas verə bilməz. Bu səbəbdən məhkəmə hesab edir ki, cavabdehin nümayəndəsinin ərizəsi təmin edilməməlidir. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh İKB («xxxx» ASC) ASC-yə qarşı «ipoteka müqaviləsinin etibarsız hesab edilməsi» tələbinə dair iddiası əsassız olduğuna görə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Eyni zamanda, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 125 manat İddiaçı tutularaq VÖEN **********, AZ43CTRE********************, Dövlət Xəzinədarlığı Agentliyi, KOD210005 VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22 hesabına köçürülməlidir. Məhkəmə hesab edir ki, iddia təmin olunmadığı üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu və ekspertiza xərcləri ona aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh İKB («xxxx» ASC) ASC-yə qarşı «ipoteka müqaviləsinin etibarsız hesab edilməsi» tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 125 manat İddiaçı tutularaq VÖEN **********, AZ43CTRE********************, Dövlət Xəzinədarlığı Agentliyi, KOD210005 VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22 hesabına köçürülsün. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ramin Xəlilov
Məhkəmə qərarları › İş №2(006)-166/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-166/2021
15.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver