Məhkəmə qərarları › İş №2(006)-1665/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1665/2024

09.04.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1665/2024 09.04.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Cəfərova Gülhanə Coşqun qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin nümayəndəsi Nümayəndə iştirakları ilə İddiaçı Azərbaycan Respublikasının Baş Prokurorluğu və Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı "vurulmuş mənəvi zərərin ödənilməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. İddiaçı Azərbaycan Respublikasının Baş Prokurorluğu və Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı "vurulmuş mənəvi zərərin ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı ünvan 1 ünvanında atası Bayramov Nəbi ilə birlikdə yaşayır. Anası vəfat etmiş, bacıları isə həyat yoldaşları ilə birlikdə başqa ünvanlarda yaşayırlar. Ona elan edilmiş ittihama görə guya X5 onunla narkotik maddə və ya psixotrop maddələrin satışı ilə bağlı razılıq əldə edib qabaqcadan əlbir olan bir qrup şəxs halında, 27 aprel 2021-ci il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsində şəxsiyyəti istintaqa məlum olmayan «Kamil» adlı şəxsdən 2.122 qram çəkidə, ağ rəngli, kristalşəkilli kütlə-kustar üsulla hazırlanmış psixotrop maddəmetamfetamini satış məqsədi ilə əldə edərək, saxlamaqla daşımış və 28 aprel 2021-ci il tarixdə saat 19.30 radələrində Nizami RPİ-nin NMB-nin əməkdaşlarının keçirmiş olduqları əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 61 ünvanında saxlanılaraq Nizami RPl-nə gətirilib üzərlərinə keçirilmiş şəxsi axtarış zamanı X3 əlində olan qara rəngli çantanın içərisindəki plastmass qutudan 1 ədəd bükümdə 2.122 qram çəkidə, ağ rəngli, kristalşəkilli kütlə-kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamin, 2 ədəd üzərində 5 rəqəmi, 1 ədəd üzərində 10 rəqəmi və 1 ədəd üzərində 20 rəqəmi olan tərəzi daşları, elektron tərəzi, 7 ədəd alışqan, 1 ədəd plastik boru və 3 ədəd kağız-falqa aşkar edilərək götürülmüşdür. 30 aprel 2021-ci il tarixdə iddiaçıya Azərbaycan Respublikası CM-nin 234.4.1., 234.4.3-cü maddəsi ilə ittiham elan edilərək həmin tarixdə Nizam rayon məhkəməsi tərəfindən barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair qərar qəbul edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 05 noyabr 2021-ci il tarixli qərarı ilə barəsində Nizami rayon məhkəməsi tərəfindən seçilmiş həbs qətimkan tədbiri-alternativ qətimkan tədbiri ilə-ev dustaqlığı növündə qətimkan tədbiri ilə əvəz edilmişdir. Barəsində 9 aydan artıq davam edən ibtidai istintaq yekunlaşdırılaraq cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsində 1 il, 2 ay davam edən məhkəmə baxışınin nəticələrinə əsasən 13 mart 2023-cü il tarixli hökmlə ona ittiham olunduğu Azərbaycan Respublikası CM-nin 234.4.1. və 234.4.3-cü maddəsi ilə bəraət verilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 13 mart 2023-cü il tarixli hökmündən dövlət ittihamçısı tərəfindən Bakı Apellyasiya Məhkəməsinə apellyasiya protesti verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 24 oktyabr 2023-cü il tarixli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 13 mart 2023-cü il tarixli bəraət hökmü dəyişdirilmədən, apellyasiya protesti təmin edilmədən saxlanılmış, birinci instansiya məhkəməsinin hökmü qanuni qüvvəyə minmişdir. Bakı Apellyasiya Məhkəməsinin 24 oktyabr 2023-cü il tarixli Qərarından kassasiya protesti verilməmişdir. İbtidai istintaq dövründə onun təqsirini təsdiq edən sübutların mövcud olmadığına baxmayaraq müstəntiq onu qabaqcadan əlbir olan bir qrup şəxs halında, satış məqsədilə külli miqdarda narkotik vasitələrin qanunsuz əldə edilib saxlanılması kimi ağır və aşağılayıcı cinayət əməllərinin törədilməsində ittiham etdi. Hökmlə cinayət təqibi orqanlarının qanunsuz hərəkətləri nəticəsində vurulmuş ziyanın ödənilməsini tələb etmək, əvvəlki vəzifəsinə bərpa olunmaq, bu mümkün olmadıqda isə ona bərabər vəzifəyə təyin olunmaq və ya əvvəlki vəzifəsini itirməyi ilə əlaqədar vurulmuş ziyana görə pul kompensasiyası almaq, azadlıqdan məhrum edildiyi vaxtı iş stajına daxil etdirmək hüquqları ona izah olunmuşdur. Dövlət orqanlarının yol verdikləri səhv iddiaçının qanunsuz olaraq tutulmağı, nəticədə ona və ailəsinə maddi və mənəvi zərər vurulması ilə nəticələnmişdir. Dövlət orqanının səhvi nəticəsində iddiaçıya vurulmuş mənəvi zərər isə aşağıdakılardan ibarətdir: 28 aprel 2021-ci il tarixdə Bakı şəhəri, Nizami RPl-nin X1 əməkdaşları tərəfindən tutulduqdan və barəsində Nizami rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçildiyi 30 aprel 2021-ci İ tarixdən, barəsində seçilmiş həbs qətimkan tədbirinin Bakı Apellyasiya Məhkəməsinin 05 noyabr 2021-ci il tarixə qədər ailə üzvlərindən uzaq qalmışdır. Qanunsuz və əsassız olaraq tutulana qədər ailəsini istifadəsində olan avtomobil ilə taksi fəaliyyəti ilə məşğul olaraq qazandığı pul ilə saxlamışdır. Ailəsi onun həbsdə olduğu müddətdə çox böyük sıxıntılarla üzləşmiş, himayəsində olan X10 yarıac, yarıtox dolanmışlar. X10 ailəsinin dolanışığının təmin edilməsi üçün qohumlardan borc götürmüş, bəzi vaxtlar isə evdə ərzaq qurtardığından ac yatdığı vaxtlar belə olmuşdur. İddiaçı həbsdə olarkən himayəsində olan bacısı və ailəsi maddi-mənəvi məhrumiyyətlərlə üzləşmiş, ona dövlət orqanının səhvi nəticəsində yapışdırılmış narkotacir, narkoman damğası ilə yaşamaq məcburiyyətində qalmışlar. İddiaçının həbsdə olmağı ailəsinin maddi olaraq çətinliklərlə üz-üzə qoymuş, ailə üzvləri dolanışığı təmin etmək üçün qohum-əqrəba, dost-tanışlardan utanaraq borc götürmək məcburiyyətində qalmışlar. Qanunsuz həbs edilməyi onun şəxsiyyətinə və mənliyinə elə bir zərbə vurmuşdur ki, bugünə qədər də, bəzi dost və qohumları iddiaçıdan qaçmağa çalışırlar. Sevdiyi və evlənməyi düşündüyü qız da öz həyatını narkotacir və narkoman birisi ilə birləşdirmək istəməyərək iddiaçıdan həbsdə olduğu dövrdə başqası ilə ailə qurmuşdur. Nizami RPl-nin NMŞ-nin əməkdaşları polis zabitləri Qalib Hümbətov və digər əməkdaşlar tərəfindən Nurlana Nəhmətovanın gözü qarşısında məruz qaldığı fiziki və psixi zorakılıq aktları, təhqirlər şəxsiyyətini elə bir formada alçaltmışdı ki, hətta istintaq təcridxanasında intihar belə etmək istəmişdir. Həyatın istənilən sferasında bu damğanı hiss edir. Bu da onu çox ağndır və mənəvi sarsıntılar keçirməyinə səbəb olur. Hər dəfə atası və yaxınları İstintaq Təcridxanasında onunla görüşə gələndə görüşlərdən sonra günlərlə özünə gələ bilmirdi. Saxlanılmağı ilə bağlı mətbuat və televiziyada, sosial şəbəkələrdə yayılan ittihamedici görüntülər onu sözün əsl mənasında bütün ölkədə belə demək mümkündürsə, məşhur etmiş, təmiz adını kirlətmişdi. Həbsdən azad olunduqdan sonra uzun müddət müxtəlif xəstəxanalarda sağlamlığının bərpası üçün müalicə olunmuşdur. Həbsdə :olduğu müddətdə ürəyində və mədəsində kəskin problemlər yaranmışdır. Sonradan uzunmuddətli müalicə keçmək məcburiyyətində qalmışdır. Bir sözlə onun əsassız və qanunsuz tutulmağı ailəsinə tərifi olmaz mənəvi iztirablar keçirmişdir. Bəraət aldıqdan sonra yenidən icarə izodasında idarə etdiyi avtomobili götürüb işləmək istədi. Lakin, üzərində narkoman damğası olan şəxsə kim avtomobil etibar edər?. Həmin avtomobili ona verməkdən imtina etdilər. Bu hadisə onu psixoloji baxından çox sarsıtdı. Onlar elə hesab edirdilər ki, iddiaçı narkotik alveri ilə məşğul olmuşdur və narkotik vasitələrdən istifadə edir. Məhkəmənin bəraət hökmünə inanmamışdılar. Bu gün belə hər dəfə polis əməkdaşını gördükdə ona qarşı yol verilmiş haqsızlıqlar, zülmlər gözünün qarşısında canlanır, uzun müddət bu ruh halından çıxa bilmir. Maddi vəziyyəti çox ağır olduğundan həkim-psixoloqdan psixoloji dəstək ala bilməmişdir. Bütün bunların əsasında o, maddi və mənəvi zərər çəkmişdir. Hüquqlarının kobud şəkildə pozulması, keçirdiyi mənəvi sarsıntılar nəticəsində yaşlı atası kardioloji problemlərlə qarşı-qarşıya qaldı və cərrahiyyə əməliyyatına məruz qaldı. Göstərilənlərə əsasən cavabdehdən iddiaçıya vurulmuş mənəvi ziyana görə 1.000.000 (bir milyon) manat məbləğində pul vəsaitinin alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.

3. Cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinin nümayəndəsi X6 etiraz ərizəsi ünvanlayaraq, iddianın rədd edilməsini xahiş etmişdir

4. Etiraz ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı təhqiqat və ibtidai istintaq orqanlarının qanunsuz hərəkətləri nəticəsində dəymiş mənəvi zərərə görə 1.000.000 manat kompensasiya ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası Maliyyə Nazirliyi bu prosesə cavabdeh kimi cəlb edilmişdir. Həmin iddia tələbi rədd edilməlidir. Belə ki, iddiaçı iddia ərizəsində heç bir əsas göstərmədən ona xeyli miqdarda ziyan vurulmasına görə zərərin əvəzinin ödənilməsini tələb edir. “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinə əsasən mənəvi ziyan dedikdə şəxsin barəsində mənfi fikrin formalaşmasına, onu əhatə edən şəxslərlə münasibətlərin pisləşməsinə gətirib çıxaran və digər mənəvi xarakterli mənfi nəticələr başa düşülür. Qüvvədə olan qanunvericiliyə əsasən şəxsə vurulmuş mənəvi ziyan dedikdə, vətəndaşın fiziki və mənəvi iztirabları, onun şərəf və ləyaqətinin ləkələnməsi, ona böhtan atılması, ictimaiyyət arasında gözdən salınması məqsədi ilə barəsində həqiqətə uyğun olmayan, yalan məlumatlar yayılması, habelə mənəviyyatına, əxlaq normalarına, etiqadına zidd olan digər əməllər və hərəkətlər başa düşülməlidir. İddiaçı mənəvi ziyanın ödənilməsini tələb etdikdə keçirdiyi fiziki və mənəvi sarsıntıları sübut etməlidir. İddiaçı onun barəsində mənfi fikrin formalaşmasına, onu əhatə edən şəxslərlə münasibətlərin pisləşməsinə dair əsaslı sübutlar göstərə bilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 03 noyabr 2008-ci il tarixli 7 Noli Qərarına əsasən Plenum izah edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Plenum izah edir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Bundan başqa, maddi və mənəvi zərərin müəyyən edilməsi zamanı analoji norma kimi Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 190-cı maddəsinin müddəaları nəzərə alınmalıdır. Belə ki, həmin maddədə zərər çəkmiş şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə ona vurulmuş ziyana görə müvafiq məbləğdə kompensasiya almaq hüququ müəyyən edilmişdir, (ona qarşı xüsusilə ağır cinayət törədildikdə — üç yüz otuz manat, ona qarşı ağır cinayət törədildikdə — yüz altmış beş manat, ona qarşı az ağır cinayət törədildikdə — əlli beş manat, ona qarşı böyük ictimai təhlükə törətməyən cinayət törədildikdə — on bir manat). Göründüyü kimi mövcud qanunvericiliyə əsasən hər hansı şəxsə qarşı xüsusilə ağır cinayət törədildiyi halda ona ödəniləcək kompensasiyanın məbləği 330 manatdır. Həmçinin, Azərbaycan Respublikası Prezidentinin 9 fevral 2009-cu il tarixli 48 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında Əsasnamə”yə əsasən Maliyyə Nazirliyi Azərbaycan Respublikası Milli Məclisi tərəfindən hər il üçün təsdiq edilmiş dövlət büdcəsinin xərc maddələri üzrə büdcə daxilolmalarının vəziyyətindən asılı olaraq bütün büdcə təşkilatlarını (kredit sərəncamçılarını) yalnız onların sifarişinə və məxaric cədvəllərinə əsasən onların xərc smetalarında nəzərdə tutulmuş vəsaitlər həddində maliyyələşməsini həyata keçirir. Maliyyə Nazirliyinin büdcə təşkilatları əvəzinə vəsaiti hər hansı bir təyinata yönəltmək səlahiyyəti yoxdur. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi dövlət büdcəsindən maliyyəşən mərkəzi icra hakimiyyəti orqanıdır, onun hesabındakı vəsait isə orqanın saxlanması xərcləridir (Nazirliyin mərkəzi aparatı işçilərinin əmək haqqı, dəftərxana ləvazimatlarının alınması və s.) və Nazirlik hər hansı sərbəst vəsaitə malik deyildir. Mülki qanunvericiliyin tələblərinə əsasən hər hansı şəxsə zərər vurmuş şəxs (və ya şəxslər) ona münasibətdə mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-1096.2-ci maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. ddiaçıya münasibətdə Maliyyə Nazirliyi heç bir delikt törətmədiyi halda və iddiaçıya Nazirlik tərəfindən heç bir ziyan vurulmadığı halda, iddiaçının iddia tələbində Maliyyə Nazirliyini cavabdeh qismində göstərməsinin əslində də heç bir hüquqi əsası yoxdur. Eyni zamanda “Dövlət büdcəsi” ifadəsi ümumi anlayışdır və burada hər bir büdcə təşkilatına (kredit sərəncamçılarına) müvafiq məqsədlər üçün xərc maddələri üzrə vəsait nəzərdə tutulur. Xərc maddələri isə Qanunla təsdiq olunduğundan Maliyyə Nazirliyinin onu dəyişdirmək hüququ yoxdur. «Büdcə sistemi haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən Azərbaycan Respublikası dövlət büdcəsinin məqsədi ölkənin iqtisadi, sosial və digər strateji proqramlarının və problemlərinin həlli, dövlətin funksiyalarının həyata keçirilməsi üçün qanunvericiliklə müəyyən edilmiş qaydada maliyyə vəsaitinin toplanmasını və istifadəsini təmin etməkdir. Həmçinin məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1114.3-cü maddəsinin tələblərini də nəzərə almalıdır. Belə ki, Mülki Məcəllənin 1114.3-cü maddəsinə əsasən təhqiqat, ibtidai istintaq, prokurorluq və ya məhkəmə orqanlarının vəzifəli şəxsinin vurduğu zərərin əvəzinin ödənildiyi halda, əgər onun təqsiri məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə müəyyənləşdirilmişdirsə, Azərbaycan Respublikasının həmin şəxsə reqres hüququ vardır. Qeyd olunan reqres hüququnun əsaslandırılması üçün isə məhkəmə tərəfindən iş üzrə təqsirkar vəzifəli şəxslərin təqsiri müəyyən edilməli və dövlətin həmin şəxslərə qarşı reqres hüququndan istifadə edə bilməsi üçün hüquqi faktlar qətnamədə göstərilməlidir. Məhkəmə araşdırması zamanı məhkəmə tərəfindən iddiaçıya ziyanın vurulduğu həqiqi faktlarla müəyyən edilərsə, bu zaman dövlətin və onun büdcəsinin də mənafeyi nəzərə alınmalı və məhkəmə tərəfindən qəbul ediləcək qərarda iş üzrə təqsirkar vəzifəli şəxslərin (adı, soyadı, vəzifəsi göstərilməklə) təqsiri müəyyən edilməlidir. İş materialları əsasında sübut olunur ki, Maliyyə Nazirliyi tərəfindən iddiaçıya qarşı onun hüquq və azadlıqlarını pozan, habelə mənəvi zərərə məruz qalmasına gətirib çıxaran heç bir qanunsuz hərəkətə və ya hərəkətsizliyə yol verilməmişdir, onunla mənəvi zərər arasında səbəbli əlaqə mövcud deyildir. Buna görə də iddia mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq cavabdeh Maliyyə Nazirliyinə münasibətdə təmin edilə bilməz. Göründüyü kimi cinayət prosesini həyata keçirən orqan (və ya vəzifəli şəxs) hazırkı iddia tələbi ilə bağlı təqsirkar sayılmalı və iddia tələbinə həmin orqana (və ya vəzifəli şəxsə) münasibətdə baxılıb qətnamə qəbul edilməlidir. Ümumiyyətlə iddiaçı heç bir əsaslandırma və sübut göstərmədən maddi və mənəvi ziyanın əvəzinin ödənilməsini tələb edir. Halbuki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 76-cı maddəsinə görə tərəflərin tələb və etirazlarını əsaslandırılan halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. İddiaçı maddi və mənəvi zərərə məruz qaldığını bildirsə də, onun iddia ərizəsində bu zərəri sübut edəcək heç bir fakt mövcud deyildir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsini rəhbər tutaraq İddiaçı Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı iddiasının rədd edilməsini məhkəmədən xahiş etmişdir.

a) Məhkəmə icraatı iştirakçılarının izahatları:

5. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddianı müdafiə edərək bildirmişdir ki, hazırki mülki iş üzrə iddiaçının barəsində aparılmış istintaqın ilk günlərindən iddiaçının müdafiəçisi kimi prosesə qoşulmuşdur. İddiaçı təqsirsiz olmasına baxmayaraq 7 ay müddətinə X2 həbsdə saxlanılmışdır. Aparılmış istintaqın gedişində iddiaçı başına almış olduğu zərbələrdən travma almış və həmin travmanın təsiri hələ də davam edir. Vəziyyəti isə hər keçən gün pisləşməkdədir. Onun sağlamlığına vurulmuş zərər ekspert rəyi ilə də təsdiq edilmişdir. Bundan başqa iddiaçının himayəsində yaşlı və yataq xəstəsi olan atası olub. İddiaçı taksi fəaliyyəti ilə məşğul olaraq ona baxıb. Həbsdə olduğu müddətdə isə atası faktiki olaraq baxımsız qalıb. Bundan başqa o, azadlığa çıxdıqdan sonra ictimai qınaq obyektinə çevrilib. Taksi fəaliyyəti ilə məşğul ola bilməyib. Barəsində cəmiyyət arasında formalaşmış mənfi fikir nəticəsində ailə həyatı alınmayıb. Hər kəs onu narkotik alverçisi kimi tanıyıb. Bütün bu hallarla bağlı iddiaçı ağır maddi və mənəvi ziyan çəkmişdir. Odur ki, qeyd edilənləri nəzərə alaraq iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdi.

6. Məhkəmə iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin nümayəndəsi Nümayəndə iddia tələbinin təmin edilməsini məhkəmənin mülahizəsinə buraxdığını qeyd etmişdir.

7. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh və müstəqil tələb irəli sürməyən digər üçüncü şəxs Azərbaycan Respublikasının Baş Prokurorluğu məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmiş və səbəbləri barədə məhkəməyə hər hansı bir məlumat verməmişlər.

8. Məhkəmə işə cavabdehin və müstəqil tələb irəli sürməyən digər üçüncü şəxs Azərbaycan Respublikasının Baş Prokurorluğunun nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

9. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin nümayəndəsinin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir.

Əsaslandırıcı hissə: a) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

10. Beləliklə, məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, İddiaçı barəsində Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 4(007)-107/2021 nömrəli, 30 aprel 2021-ci il tarixli qərarı ilə həbs etmənin əvvəli 28 aprel 2021-ci il tarixdən hesablanmaqla 4 ay müddətə həbs qətimkan tədbiri seçilmiş, Bakı Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının 4(103)-287/2021 nömrəli, 07 may 2021-ci il tarixli qərarı ilə sözügedən qərar dəyişdirilmədən saxlanılmış, daha sonra Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 4(007)- 251/2021 nömrəli, 27 avqust 2021-ci il tarixli qərarı ilə İddiaçı həbsdə saxlama müddəti 29 oktyabr 2021-ci il tarixədək, 4(007)-329/2021 nömrəli, 28 oktyabr 2021-ci il tarixli qərarı ilə isə 29 noyabr 2021-ci il tarixədək uzadılmış, sonradan Bakı Apellyasiya Məhkəməsinin 4(103)-667/2021 nömrəli, 05 noyabr 2021-ci il tarixli qərarı ilə İddiaçı barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmiş və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilmiş, 29 noyabr 2021-ci il tarixli qərar əsasında İddiaçı barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Daha sonra isə Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(101)-89/2023 saylı Hökmünə əsasən İddiaçı cinayətlərin törədilməsinə aidiyyəti olmamasına və təqsirliliyi sübuta yetirilməməsinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3cü maddələri ilə bəraət verilmiş, İddiaçı barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilmiş və sonda Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2023-cü il tarixli, 1(103)-1095/2023 saylı Qərarına əsasən dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilməmiş, X5 və İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə bəraət verilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü verilmiş apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Hazırda iddiaçı ona vurulmuş mənəvi ziyanın ödənilməsini tələb edir.

b) Mülki işin materialları:

11. Mülki işin materiallarında olan Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(101)-89/2023 saylı Hökmünə əsasən İddiaçı cinayətlərin törədilməsinə aidiyyəti olmamasına və təqsirliliyi sübuta yetirilməməsinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə bəraət verilmiş, İddiaçı barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilmişdir.

12. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-89/2023 saylı cinayət işinin materiallarında olan: - Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 4(007)-107/2021 nömrəli, 30 aprel 2021-ci il tarixli qərarından görünür ki, İddiaçı barəsində həbs etmənin əvvəli 28 aprel 2021-ci il tarixdən hesablanmaqla 4 ay müddətə həbs qətimkan tədbiri seçilmişdir. - Bakı Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının 4(103)-287/2021 nömrəli, 07 may 2021-ci il tarixli qərarından görünür ki, İddiaçı barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 4(007)-107/2021 nömrəli, 30 aprel 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. - Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 4(007)-251/2021 nömrəli, 27 avqust 2021ci il tarixli qərarından görünür ki, İddiaçı həbsdə saxlama müddəti 29 oktyabr 2021-ci il tarixədək uzadılmışdır. - Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 4(007)-329/2021 nömrəli, 28 oktyabr 2021-ci il tarixli qərarından görünür ki, İddiaçı həbsdə saxlama müddəti 1 ay müddətinə, yəni 29 noyabr 2021-ci il tarixədək uzadılmışdır. - Bakı Apellyasiya Məhkəməsinin 4(103)-667/2021 nömrəli, 05 noyabr 2021-ci il tarixli qərarı ilə İddiaçı barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmiş və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilmişdir. - 29 noyabr 2021-ci il tarixli qərardan görünür ki, həmin gün İddiaçı barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir.

13. Mülki işin materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2023-cü il tarixli, 1(103)-1095/2023 saylı Qərarına əsasən dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilməmiş, X5 və İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə bəraət verilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü verilmiş apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.

c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:

14. Məhkəmə İddiaçı qanunsuz olaraq məhkum olunduğuna görə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi vasitəsi ilə Azərbaycan Respublikası Dövlət Büdcəsindən iddiaçının ona dəymiş mənəvi zərərə görə təzminat tələb etmək hüququndan istifadə edərək qaldırdığı iddiasına hüquqi qiymət verərək hesab edir ki, hazırkı iş üzrə hüquqi cəhətdən dəyərləndirilməli məsələ milli qanunvericilik və beynəlxalq hüquq normaları əsasında dövlət orqanları və vəzifəli şəxslər tərəfindən fərdə vurulmuş zərərin ödənilməsi ilə bağlıdır. Dövlət orqanları və vəzifəli şəxslərin hüquqazidd əməli nəticəsində fərdə vurulmuş zərər restitusiya, kompensasiya və satisfaksiya formasında ödənilməlidir. Restitusiya, kompensasiya və satisfaksiya biri-biri ilə qarşılıqlı əlaqədədir. Hüquqazidd əməllər nəticəsində fərdə əlavə maddi və mənəvi ziyanın vurulması hallarında hüquqazidd əmələ qədər mövcud olmuş vəziyyətin bərpası yetərli olmaya bilər. Restitusiyanın məqsədi hüquqazidd əməlin törədilməsinə qədər mövcud olmuş vəziyyətin bərpa olunmasıdır. Restitusiya özündə ən sadə formada, məsələn, qeyri-qanuni tutulmuş şəxsin azad olunmasını əhatə edə bilər. Eyni zamanda, restitusiya əvəzin ödənilməsi formalarında ən öndə durur. Hüquq doktrinasında restitusiyanın iki forması fərqləndirilir: əvvəlki maddi vəziyyətin bərpasını nəzərdə tutan naturada restitusiya (restitutio in integrum) və qeyri-maddi hüquqların bərpası (restitutio in pristinum). Bura inzibati, qanunverici və məhkəmə aktlarının ləğv edilməsini aid etmək olar. Restitusiya hüquqi prinsip kimi ilkinliyinə baxmayaraq, bir çox hallarda qeyri-mümkün və ya qeyri-adekvat olur. Vurulmuş ziyan restitusiya yolu ilə bərpa olunmamışdırsa, dövlət onu kompensasiya ilə bərpa etməlidir. Kompensasiyanın rolu vurulmuş zərərin əvəzinin tam ödənilməsi məqsədilə hər hansı boşluğu doldurmaqdan ibarətdir. Satisfaksiya pozuntunun etiraf olunmasında, təəssüfün bildirilməsində və ya hər hansı digər formada ifadə oluna bilər.

15. İnsan hüquqlarının müdafiəsi ideyası ilk növbədə dövlətdaxili hüquqda öz təzahürünü tapır. Hər bir fərd doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquq və azadlıqlara malikdir. Həmin hüquq və azadlıqları bərabər əsasda, heç bir ayrı-seçkilik qoyulmadan təmin etmək dövlətin vəzifəsidir. «İnsan hüquqları haqqında Ümumi Bəyannaməsi»nin 3-cü maddəsində göstərilir ki, «hər bir şəxsin yaşamaq, azadlıq və şəxsi toxunulmazlıq hüququ var». Bəyannamənin 9-cu maddəsinə müvafiq olaraq «heç kim özbaşına həbsə, tutulmaya və ya sürgünə məruz qala bilməz».

16. Məhkəmə qeyd edir ki, istər milli, istərsə də beynəlxalq qanunvericilikdə kompensasiyanın vəzifəsi - ziyanın təminindən ibarət olması kimi göstərilmişdir.

17. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 41-ci maddəsinə əsasən «əgər Məhkəmə Konvensiya və onun Protokollarının pozulduğunu, lakin Razılığa gələn Yüksək Tərəfin daxili hüququnun yalnız bu pozuntunun nəticələrinin qismən aradan qaldırılmasına imkan verdiyini müəyyən edirsə, Məhkəmə zəruri halda, zərərçəkən tərəfə əvəzin ədalətli ödənilməsini təyin edir».

18. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» 31 may 2002-ci il tarixli qərarında qeyd etmişdir ki, şəxsin şərəfi, ləyaqəti və işgüzar nüfuzu təhqir olunursa, sarsıntı, iztirab keçirir və bununla da mənəvi təhqirə məruz qalır. Bunun nəticəsində şəxsə mənəvi və maddi zərər yetirilir.

19. Mənəvi zərərin ödənilməsinin zəruriliyi bir sıra beynəlxalq sənədlərdə də öz əksini tapmışdır.

20. Birləşmiş Millətlər Təşkilatı Baş Məclisinin 1985-ci il 29 noyabr tarixdə qəbul etdiyi «Cinayət və hakimiyyətdən sui-istifadə qurbanları üçün ədalət mühakiməsinin əsas prinsipləri haqqında» Bəyannamənin 1-ci maddəsində göstərilir ki, «qurbanlar» termini altında üzv dövlətlərin hakimiyyətindən cinayətkar sui-istifadəni qadağan edən qanunlar daxil olmaqla, milli cinayət qanunlarının pozulması nəticəsində bədən xəsarəti və ya mənəvi ziyan, emosional əzab, maddi zərər, və ya əsas hüquqların xeyli dərəcədə sıxışdırılması daxil olmaqla fərdi, yaxud kollektiv şəkildə zərər yetirilən şəxslər başa düşülür.

21. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 87.6.14, 89.4.12 və 422.3-cü maddələrinə dair» 19 mart 2002-ci il tarixli qərarında da «Cinayət və hakimiyyətdən sui-istifadə qurbanları üçün ədalət mühakiməsinin əsas prinsipləri haqqında» Bəyannaməyə istinad edilmişdir. Bəyannamənin 4-cü maddəsində göstərilir ki, qurbanlara (qurbanlar dedikdə, milli cinayət qanunlarının pozulması nəticəsində bədən xəsarəti və ya mənəvi ziyan, emosional əzab, maddi zərər, yaxud əsas hüquqlarının xeyli dərəcədə sıxışdırılması daxil olmaqla fərdi, yaxud kollektiv şəkildə zərər yetirilən şəxslər başa düşülür) mərhəmət göstərmək və ləyaqətlərinə hörmətlə yanaşmaq lazımdır. Onlara ədalət mühakiməsinin vasitələrindən istifadə etmək və milli qanunvericiliyə əsasən dəymiş zərərin tezliklə ödənilməsini təmin etmək üçün şərait yaradılmalıdır.

22. Məhkəmə hesab edir ki, iddiaçının əsassız olaraq cinayət məsuliyyətinə cəlb olunması nəticəsində ona mənəvi zərər vurulmuşdur.

23. Məhkəmə iddiaçıya vurulmuş mənəvi zərərin ödənilməsi məsələsini aşağıdakı qaydada həll edilməsini məqsədəmüvafiq hesab edir.

24. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşları hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır.

25. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarında göstərilmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır.

26. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «mənəvi ziyanla» bağlı təcrübəsi göstərir ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir, həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amilləri – inamsızlıq, narahtlıq, məyusluq hisslərini, stresləri, əzab və əziyyətləri nəzərə alır. Məsələn, Avropa Məhkəməsi «Koinq Almaniyaya qarşı» işdə ərizəçiyə «mənəvi narahatlıq yetirilməsinə», «Artiko İtaliyaya qarşı» işdə «tənhalıq və kimsəsizlik hisslərinə», «Younq, Cames və X4rşı» işdə «alçaldıcı və təhqiredici hərəkətlərə» görə mənəvi zərərin ödənilməsi qərarına gəlmişdir.

27. Avropa Məhkəməsinin «Ədalətli kompensasiya tələbləri barədə Praktiki Qaydaları»nın 13-cü bəndinə əsasən, mənəvi zərərə aid Məhkəmənin təyin etdiyi kompensasiya qeyri-maddi zərərə, məsələn, əqli və ya fiziki əziyyətə görə maliyyə kompensasiyasının təmin olunmasına yönəlib.

28. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarına əsasən, mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən edilir.

29. İşin mübahisəsiz halıdır ki, iddiaçı barəsində 6 (altı) ay 8 (səkkiz) gün müddətinə həbs qətimkan tədbiri, 24 (iyirmi dörd) gün müddətinə ev dustaqlığı və 15 (on beş) ay 15 (on beş) gün isə polisin nəzarəti altına vermə qətimkan tədbiri tətbiq edilmişdir. O, həmin müddət ərzində ciddi fiziki məhrumiyyətlərə, əzablara düçar olmuş, mənəvi sarsıntı keçirmiş, onun nüfuzuna xələl gəlmiş, barəsində mənfi fikir formalaşmışdır.

30. Məhkəmə hesab edir ki, iddiaçıya vurulmuş ziyanın məbləğinin ağlabatan və ədalətli hesab edilməsi üçün 6 (altı) ay 8 (səkkiz) gün müddətinə həbs qətimkan tədbirinə görə 6300 manat (bir ay üzrə 1000 manat x 6 (altı) ay + 300 manat), 24 gün müddətinə ev dustaqlığı qətimkan tədbirinə görə 500 manat, 15 (on beş) ay 15 (on beş) gün isə polisin nəzarəti altına vermə qətimkan tədbirinə görə isə 3900 manat (bir ay üzrə 250 manat x 15 (on beş) ay + 150 manat) olmaqla, ümumilikdə 10.700 (on min yeddi yüz) manat məbləğində müəyyən olunmalıdır.

31. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə mənəvi zərərin iddia edilən məbləğdə təmin edilməsini mümkün hesab etməyərək, iddianın bu hissəsini qismən, yəni 10.700 (on min yeddi yüz) manat həcmində təmin olunmasını ədalətli hesab edir. Belə ki, iddiaçının azadlıqdan məhrum olunması ona inamsızlıq, narahatlıq, məyusluq hissləri, streslər, əzab və əziyyətlər yetirsə də, bunun qarşılığının iddia edilən məbləğdə ödənilməsi kifayət qədər ağlabatan deyildir.

32. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunan sübutlara məcmu halda, tam, hərtərəfli, obyektiv və qərəzsiz hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyi vasitəsilə Azərbaycan Respublikasının dövlət büdcəsindən İddiaçı xeyrinə 10.700 (on min yeddi yüz) manat məbləğində mənəvi zərərin əvəzi ödənilməli, iddia tələbi qalan hissədə rədd edilməlidir.

33. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

34. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

35. Eyni Məcəllənin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

36. Həmçinin, MPM-nin 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

37. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia tələbi qismən təmin edilsin. Cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyi vasitəsilə Azərbaycan Respublikasının dövlət büdcəsindən İddiaçı xeyrinə 10.700 (on min yeddi yüz) manat məbləğində mənəvi zərərin əvəzi ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar