Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1673/2021 26.05.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Rəşid Əfraim oğlunun sədrliyi, X6 oğlunun katibliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin nümayəndəsi X1 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı "sığorta ödənişinin verilməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı "sığorta ödənişinin verilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 22 aprel 2010-cu il tarixdən 06 may 2020-ci il tarixədək Azərbaycan Respublikasının prokurorluq orqanlarında qulluq keçərək, Zaqatala hərbi prokurorluğunun müstəntiqi, prokuror-kriminalisti, prokurorun böyük köməkçisi vəzifələrində işləmiş və ədliyyə kapitanı rütbəsində ehtiyata buraxılmışdır. 23 noyabr 2019-cu il tarixdə saat 08 radələrində xidməti vəzifələrinin icrası ilə bağlı Dövlət Sərhəd Xidmətinin X3 şəhərində yerləşən N nömrəli hərbi hissəsində gedib, həmin gün saat 19:30 radələrində hərbi hissədə işlərini yekunlaşdırdıqdan sonra Zaqatala şəhərinə qayıdarkən sərnişini olduğu «VAZ 21015» markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobillə Zaqatala şəhəri, F.Əmirov küçəsində törədilmiş yol-nəqliyyat hadisəsi nəticəsində «Döş qəfəsinin küt travması, sağ lll-Vİİİ qabırğaların yerdəyişmiş sınıqları, L1, L2, L3, L4 fəqərələrinin sağ yan çıxıntılarının sınığı, sağda hematoroks» ilə müşayiət olunan dərəcəsinə görə sağlamlığa az ağır zərər vurmaya aid bədən xəsarətləri almışdır. İddiaçının aldığı xəsarətlə bağlı xidməti yoxlama aparılması üçün 07 iyul 2020-ci il tarixdə tərəfindən ərizə ilə Azərbaycan Respublikası Hərbi Prokurorluğuna müraciət edilmiş, komissiyanın qərarına əsasən, xidməti fəaliyyəti zamanı xəsarət aldığı müəyyən olunmuş və sığorta ödənişi almaq üçün arayış verilmişdir. İddiaçı 11 sentyabr 2020-ci il tarixdə sığorta məbləği verilməsi haqda ərizə ilə Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə müraciət edərək sığorta hadisəsinin xidməti vəzifələrinin icrası ilə bilavasitə bağlı olması barədə arayışla yanaşı, son 5 illik əmək haqqının aylar üzrə cədvəl şəklində arayışını və aldığı xəsarətlə bağlı verilmiş məhkəmə-tibbi ekspertizasının rəyini də təqdim etmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X5-Təcrübi və X2 rayon şöbəsi tərəfindən verilmiş 19.12.2019-cu il tarixli, 529 №-li ekspert rəyinə əsasən, iddiaçının aldığı xəsarət az ağır xəsarət növü kimi qiymətləndirilmiş və əmək fəaliyyətinin uzun müddətə pozulduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası Hərbi Prokurorluğundan verilmiş orta aylıq əmək haqqının cəmi barədə arayışa əsasən, həmin məbləğ 2053 (iki min əlli üç) manat 58 (əlli səkkiz) qəpik təşkil etmişdir. Lakin Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən aparılan araşdırma nəticəsində ekspertin rəyinə məhəl qoyulmadan, həqiqətə uyğun qərar verilməyərək və heç bir əsas olmadan aldığı xəsarət yüngül xəsarət kimi qiymətləndirilərək 28 sentyabr 2020-ci il tarixdə ona 5 illik əmək haqqının 10%-i məbləğində sığorta ödənişi ayrılmışdır. Lakin həmin məbləğ də natamam şəkildə hesablanmış, yalnız aylıq əmək haqqı nəzərə alınaraq iddiaçıya 12321 AZN əvəzinə 7782 AZN ödənilmişdir. İddiaçı 05 oktyabr 2020-ci il tarixdə müvafiq ərizə ilə Dövlət Sığorta Kommersiya Şirkətinə yenidən müraciət etmişdir. Ərizə ilə əlaqədar iddiaçıya ünvanlanmış 15 oktyabr 2020-ci il tarixli, 07.05.21 nömrəli cavab məktubunda iddiaçının aldığı xəsarətlərlə bağlı sığorta ödənişinin tam və düzgün hesablanması, sığorta hadisəsi baş verdiyi halda sığorta olunanlara sığorta ödənişi hesablanarkən onlara 5 il ərzində ödənilmiş məzuniyyət, müavinət, maddi yardım, müalicə üzrə ödəmələrin əmək haqqına aid edilmədiyi üçün əlavə sığorta ödənişinin verilməsinin qeyri-mümkünlüyü barədə məlumat verilmişdir. Ancaq həmin cavab məktubunda iddiaçının aldığı xəsarətin hansı əsasla yüngül xəsarət kimi qiymətləndirilməsi, məzuniyyət, müavinət, maddi yardım, müalicə üzrə ödəmələrin hansı qanuna istinad edilərək əmək haqqına aid edilmədiyi barədə heç bir müddəa göstərilməmişdir. Həmçinin, iddiaçıya sığorta ödənişi 7 gün ərzində verilməli olduğu halda, 17 günə ödənilmişdir. Sığorta ödənişi ayrılarkən qanunvericiliyin tələbləri nəzərə alınmamış, düzgün hesablanma aparılmamış, iddiaçıya 24642 manat 96 qəpik ödənilməli olduğu halda, 7782 manat sığorta ödənişi edilmişdir. Belə ki, sığorta şirkətindən iddiaçının aldığı xəsarət yüngül xəsarət kimi qiymətləndirilib ona 5 illik əmək haqqının 10%-i məbləğində sığorta ödənişi kimi cəmi 7782 manat pul ödənişi nəzərdə tutulmuşdur. Halbuki, iddiaçının təqdim etdiyi sənədə əsasən, son 5 illik əmək haqqı 123214 manat 80 qəpik edir ki, onun da 10%-i 12321 manat 48 qəpik edir. Ora əsas əmək haqqı, xidmət ili üçün əlavə, rütbə üçün əlavə, məzuniyyət, müavinət və maddi yardımlar daxil edilməlidir. Lakin tərəflərindən yalnız əsas əmək haqqı, xidmət ili üçün əlavə, rütbə üçün əlavələr nəzərə alınaraq, qanunvericiliyin tələbləri nəzərə alınmayaraq heç bir əsas olmadan məzuniyyət, müavinət və maddi yardımlar sığorta ödənişi məbləğinə hesablanmamışdır. Nəticədə şirkət tərəfindən iddiaçıya 7782 manat deyil, ən azı 12321,48 manat (10%), tam şəkildə isə 24642 (iyirmi dörd min altı yüz qırx iki) manat 96 (doxsan altı) qəpik (20 %) pul ödənilməli idi. Göstərilənlərə əsasən 2053 manat 58 qəpik məbləğində orta aylıq əmək haqqının tərkib hissəsi olan müavinətlər və aldığı xəsarətin sağlamlığın uzun müddətə pozulması ilə şərtlənən ağır dərəcəli xəsarətlər kateqoriyasına aid olduğu nəzərə alınmaqla iddiaçıya ödənilməli olan sığorta ödənişinin məbləğinin düzgün hesablanmasına, iddiaçıya əlavə olaraq 16860 manat 96 qəpik sığorta ödənişinin, müvafiq dəbbə pulunun və ödənilmiş 30 manat 40 qəpik məbləğində dövlət rüsumunun ödənilməsinə dair qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, tələbin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin nümayəndəsi X4 iddia tələbinə etiraz edərək, tələbin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib və mülki işin materiallarını araşdıraraq, tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Hərbi Prokurorluğu tərəfindən verilmiş 13 avqust 2020-ci il tarixli arayışdan görünür ki, İddiaçı 07 iyul 2020-ci il tarixli ərizə ilə müraciət edərək həmin ərizəsində 23.11.2019-cu il tarixdə saat 08 radələrində xidməti vəzifələrinin icrası ilə bağlı Dövlət Sərhəd Xidmətinin Şəki şəhərində yerləşən N nömrəli hərbi hissəsinə gedib, həmin gün saat 19:30-da hərbi hissədə işlərini yekunlaşdırdıqdan sonra Zaqatala şəhərinə qayıdarkən sərnişini olduğu «Vaz 21015» markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobillə saat 21:15 radələrində Zaqatala şəhəri, F.Əmirov küçəsində törədilmiş yol-nəqliyyat hadisəsi nəticəsində «Döş qəfəsinin küt travması, sağ lll-Vİİİ qabırğaların yerdəyişmiş sınıqları, L1, L2, L3, L4 fəqərələrinin sağ yan çıxıntılarının sınığı, sağda hematoroks» ilə müşayiət olunan, dərəcəsinə çörə sağlamlığa az ağır zərər vurmaya aid bədən xəsarətləri aldığını bildirmiş və aldığı xəsarətlərlə əlaqədar olaraq ona sosial sığorta müavinəti verilməsi məsələsinə Respublika Hərbi Prokurorluğunun müvafiq komissiyasında baxılmasını xahiş etmişdir. Bununla əlaqədar araşdırma aparılmış və bu məsələyə Azərbaycan Respublikası Hərbi prokurorunun 12.08.2020-ci il tarixli 178 nömrəli əmri ilə yaradılmış Komissiyasında 13.08.2020-ci il tarixdə baxılmışdır. Komissiyanın 13.08.2020-ci il tarixli qərarına əsasən Zaqatala hərbi prokurorunun sabiq böyük köməkçisi, ehtiyatda olan ədliyyə kapitanı İddiaçı aldığı Döş qəfəsinin küt travması, sağ lll-Vİİİ qabırğaların sınığı, sağtərəfli hematoraks (az miqdarda), onurğanın Lİ-Lİİ-L3-L4 fəqərələrinin sağ yan çıxıntılarının sınığı və sol əlin sıyrılmış yaraları” diaqnozu ilə müşayiət olunan “az ağır” dərəcəli bədən xəsarəti bilavasitə xidməti vəzifəsinin icrası ilə əlaqədar olması qənaətinə gəlinmişdir. İddiaçı 22 aprel 2010-cu il tarixdən prokurorluq orqanlarında qulluğa qəbul edilmiş, 06.05.2020-ci il tarixdə isə prokurorluq orqanlarından xaric edilmiş və onun orta aylıq əmək haqqısı 2053 manat 58 qəpik təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası Hərbi Prokurorluğu tərəfindən verilmiş 09.09.2020-ci il tarixli arayışdan görünür ki, İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 04 may 2018-ci il tarixli, 203-16 saylı qərarına əsasən ərazi Hərbi Prokurorluğunda böyük köməkçinin vəzifə maaşı 900 manat təşkil edir. Nazirlər Kabinetinin 09 noyabr 2009-cu il tarixli, 175-4 saylı qərarına əsasən ədliyyə kapitanının rütbə maaşı 127 manat, xidmət illərinə görə əlavə haqq (vəzifə maaşından hesablanmaqla) 5 ildən 10 ilə 15%, 10 ildən 15 ilə 30% təşkil edir. İş materiallarında olan Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomoya ETT Birliyi tərəfindən verilmiş 16.12.2019-cu il tarixli, 529 saylı ekspert rəyindən görünür ki, İddiaçı bədəni üzərində aşkar edilmiş xəsarətlər - döş qəfəsinin küt travması, sağ İİİ-Vİİİ qabırğaların sınığı, sağ tərəfli hemotoraks (az miqdarda), onurğanın Lİ-Lİİ-Lİİİ - LTV fəqərələrinin sağ yan çıxıntılarının sınığı və sol əlin sıyrılmış yaralan - bərk küt əşyanın (əşyalann) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni 23.11.2019-cu il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdilər, dərəcəsinə görə, sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin 15.10.2020-ci il tarixli məktubundan görünür ki, “Məhkəmə və hüquq-mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının 05 oktyabr 1999-cu il tarixli Qanunun 5-ci maddəsində “ağır” və “yüngül” xəsarətlərə görə sığorta ödənişlərinin verilməsi nəzərdə tutulmuşdur. Lakin “az ağır” xəsarət növü sığorta hadisəsi kimi nəzərdə tutulmamışdır. Tərəflərindən sığorta ödənişinin hesablanması qaydasına gəlincə 23 noyabr 2019-cu il tarixində xidməti vəzifə icra edilərkən alınmış xəsarətlə əlaqədar Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Maddi-texniki təminat Şöbəsinin 09 sentyabr 2020-ci il tarixli HP-13/548/65 saylı arayışına əsasən vəzifə maaşı 900 manat, rütbə maaşı 127 manat, xidmət illərinə görə 270 manat, cəmi 1297 manat x 60 = 77820 x 10%=7782 məbləğindən ibarət olmuşdur. Bununla əlaqədar, Qanunun 5-ci maddəsinə əsasən “yüngül” xəsarət kimi sığorta məbləğinin 10% həcmində 7782 (yeddi min yeddi yüz səksən iki) manat sığorta ödənişi şəxsi bank hesabına köçürülmüşdür. Sığorta hadisəsi baş verdiyi halda sığorta olunanlara sığorta ödənişi hesablanarkən onlara 5 il ərzində ödənilmiş məzuniyyət, müavinat, maddi yardım, müalicə üzrə ödəmələr əmək haqqına aid edilmədiyi üçün əlavə sığorta ödənişi verilməsinə dair İddiaçı xahişinin yerinə yetirilməsi qeyri-mümkündür. Buna görə də təqdim edilmiş sənədlərə əsasən sığorta ödənişi düzgün hesablanıb ödənilmişdir. Hazırki iddia tələbi ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı 23.11.2019-cu il tarixdə xidməti vəzifələrini icra etdiyi zaman az ağır dərəcəli xəsarət almış, bununla bağlı iddiaçının aldığı xəsarət yüngül xəsarət kimi qiymətləndirilərək ona 5 illik əmək haqqının 10%-i məbləğində sığorta ödənişi ayrılmışdır. Hazırda iddiaçı ona ödənilməli olan qalan sığorta məbləğini tələb edir. İşin faktiki hallarından görünür ki, mübahisənin mahiyyətini 2 xüsusat təşkil edir: əmək haqqının məbləği hesablanarkən tərkibinə hansı ödənişlərin daxil edilməsi və xəsarətin dərəcəsinə görə sığorta ödənişinin hesablanması. “Məhkəmə və hüquq-mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının Qanununun 4-cü maddəsinə əsasən həmin qanuna uyğun olaraq hər bir məhkəmə və hüquq mühafizə orqanları işçisi onların 5 illik əmək haqqı məbləğində sığorta edilir. "Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının Qanununun 20.5-ci maddəsinə görə prokurorluq işçilərinin həyatı və sağlamlığı dövlət büdcəsi vəsaiti hesabına onların 5 illik əmək haqqı məbləğində sığorta edilir. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən prokurorluq işçilərinin əmək haqqı vəzifə maaşından, rütbələrə, xidmət illərinə görə əlavələrdən və qanunvericiliklə nəzərdə tutulan digər ödənişlərdən ibarətdir. Eyni Qanunun 20.8-ci maddəsinə əsasən prokurorluq işçiləri hər il məzuniyyətə çıxarkən onlara iki aylıq əmək haqqı məbləğində pul təminatı verilir. Göstərilən Qanunun 20.9-cu maddəsinə görə prokurorluq işçiləri (pensiyaya çıxmış işçilər də daxil olmaqla), o cümlədən onların ailə üzvləri pulsuz dövlət tibb xidməti ilə təmin olunurlar. Prokurorluq işçilərinin müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə onlara iki aylıq əmək haqqı məbləğində birdəfəlik pul müavinəti verilir. Həmin Qanunun 21.4-cü maddəsinə əsasən prokurorluq işçilərinə hər il onların əmək haqqının ikiqat həcmindən az olmayaraq maddi yardım verilir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 154.1-ci maddəsinə əsasən əmək haqqı - müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. Həmin Məcəllənin 157.3-cü maddəsinə görə əmək haqqının tərkibinə aylıq tarif (vəzifə) maaşı, əlavələr və mükafatlar daxildir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, əmək haqqının tərkibinə sığorta şirkətinin istinad etdiyi kimi yalnız aylıq əmək haqqı və maaşa əlavələr deyil, bütün ödənişlər nəzərə alınmalıdır. “Məhkəmə və hüquq - mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsində qeyd olunmuşdur ki, məhkəmə və hüquq mühafizə orqanları işçilərinin xidmət vəzifələrinin icrası ilə bağlı həlak olması (vəfat etməsi), xəsarət (yaralanma, travma, kontuziya) alması sığorta hadisələri hesab edilir. Sığorta hadisələri baş verdikdə sığorta məbləğindən faizlə aşağıdakı sığorta ödənişləri verilir:... sığorta olunan ağır xəsarət (yaralanma, travma, kontuziya) aldıqda - 20 faiz, yüngül xəsarət (yaralanma, travma, kontuziya) aldıqda - 10 faiz. Normanın məzmunundan göründüyü kimi, qeyd olunan qanunda xəsarətin 2 növü fərqləndirilir: ağır və yüngül xəsarət. “Sağlamlığa zərər vurmanın məhkəmə tibbi ekspertizası qaydaları” və “Canlı şəxslərin məhkəmə tibbi ekspertizası qaydaları haqqında” əsasnaməyə əsasən yüngül xəsarət dedikdə sağlamlığın qısa müddətə pozulması, yəni, əmək qabiliyyətinin 21 gündən az olan müddətə müvəqqəti itirilməsi, az ağır xəsarət dedikdə isə sağlamlığın uzun müddətə, yəni, 21 gündən çox olan müddətə müvəqqəti itirilməsi, ümumi əmək qabiliyyətinin 10%-dən 33% -ə qədər hissəsinin dayanıqlı itirilməsi başa düşülür. İşin hallarından göründüyü kimi, İddiaçı aldığı xəsarət yüngül xəsarətin əlamətlərinə uyğun deyildir və az ağır xəsarət kimi qiymətləndirilmişdir. Bununla əlaqədar məhkəmə hesab edir ki, qanunvericilikdə xəsarətin yalnız 2 növünün qeyd olunması, az ağır xəsarətin qeyd edilməməsi şəxsin almış olduğu xəsarətin yüngül xəsarət kimi qiymətləndirilməsi və buna uyğun olaraq sığorta ödənişinin məbləğinin hesablanması üçün əsas ola bilməz və ekspert rəyinə əsasən xəsarət az ağır kimi qiymətləndirildiyindən sığorta ödənişinin hesablanması ağır xəsarətə görə aparılmalıdır. Məhkəmə hesab edir ki, 5 illik əmək haqqı məbləğinin 20%-i olan 24.642,96 manat olduğu, həmin məbləğin 7782 manatının sığorta şirkəti tərəfindən ödənilməsi nəzərə alınaraq qalan məbləğ- 16.860,96 manat pul vəsaiti cavabdehdən alınaraq iddiaçının xeyrinə tutulmalıdır. Bundan əlavə, məhkəmə iddia tələbinin “müvafiq dəbbə pulunun tutulması” hissəsi ilə bağlı qeyd edir ki, iddia tələbi həmin hissədə konkret olmadığından təmin edilməməlidir. Həmçinin, iddiaçı iddia tələbinin həmin hissəsinin əsaslı olmasını təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İİİ hissəsində göstərilmişdir ki, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən 16.860,96 (on altı min səkkiz yüz altmış manat, doxsan altı qəpik) manat məbləğində sığorta ödənişi və 30,40 (otuz manat, qırx qəpik) ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 16.891,36 (on altı min səkkiz yüz doxsan bir manat, otuz altı qəpik) manat məbləğində pul alınaraq İddiaçı ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən 16.860,96 (on altı min səkkiz yüz altmış manat, doxsan altı qəpik) manat məbləğində sığorta ödənişi və 30,40 (otuz manat, qırx qəpik) ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 16.891,36 (on altı min səkkiz yüz doxsan bir manat, otuz altı qəpik) manat məbləğində pul alınaraq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Rəşid Səmədov
Məhkəmə qərarları › İş №2(006)-1673/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1673/2021
26.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver