Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1675/2020 03.11.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Ağayev Cavad Elşad oğlunun katibliyi, İddiaçının nümayəndəsi X4, Cavabdehin nümayəndəsi X9 iştirakı ilə X1 cavabdeh «xxxxxxxxxxx» Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı «sığorta ödənişinin tam şəkildə ödənilməsi» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X2 cavabdeh «xxxxxxxxxxx» Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı «sığorta ödənişinin tam şəkildə ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx xxxxxx 2019-cu il tarixdə 10:00 radələrində Bakı şəhəri Suraxanı rayonu Ramana qəsəbəsində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində mülkiyyətində olan «Mercedes Benz 220» markalı ** MF *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş 2.500 manat məbləğində zərərə görə ödənilməli olan sığorta ödənişinin və sığorta ödənişinin gecikdirilməsi ilə bağlı hesablanmış 75 manat cərimə məbləği olmaqla, ümumilikdə 2.575 manat məbləğinin cavabdeh «xxxxxxxxxxx» Dövlət Sığorta Kommersiya Şirkətindən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. X2 iddia ərizəsini onunla əsaslandırmışdır ki, xx xxxxxx 2019-cu il tarixdə saat 10:00 radələrində Bakı şəhəri Suraxanı rayonu Ramana qəsəbəsində idarə etdiyi «Mercedes Benz 220» markalı ** MF *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə «xxxxxxxxxx» MMC-nin mülkiyyətində olan «Saipa Saina EX» minik markalı ** PF *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi toqquşmuş, nəticədə Əhmədov Bəhram Cəlal oğlu tərəfindən idarə edilən «Saipa Saina EX» minik markalı ** PF *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi tərəfindən mülkiyyətində olan «Mercedes Benz 220» markalı ** MF *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə maddi ziyan vurulmuşdur. Hadisə zamanı müəyyən olunmuşdur ki, Əhmədov Bəhram Cəlal oğlu tərəfindən idarə edilən «Saipa Saina EX» minik markalı ** PF *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi «xxxxxxxxxxx» Dövlət Sığorta Kommersiya Şirkətində icbari sığorta qanunlarına əsasən sığortalanmışdır. Yol-nəqliyyat hadisəsi nəticəsində mülkiyyətində olan «Mercedes Benz 220» markalı ** MF *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə 2.500 manat məbləğində ziyan dəyməsinə baxmayaraq, «xxxxxxxxxxx» Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən xx.xx.2019-cu il tarixdə ona ümumilikdə 497 manat 50 qəpik məbləğində sığorta ödənişi edilmişdir. Halbuki, ödənilmiş sığorta ödənişi nəqliyyat vasitəsinə dəymiş zərərdən dəfələrlə aşağı olmuş, nəticədə mülkiyyətində olan nəqliyyat vasitəsinin təmiri üçün əlavə xərclər çəkmək məcburiyyətində qalmışdır ki, bu da mülkiyyətçi olaraq hüquqlarının pozulması ilə xarakterizə olunmuşdur. «xxxxxxxxxxx» Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən verilmiş xx xxxxxxx 2019-cu il tarixli yol-nəqliyyat hadisəsi haqqında arayışdan da görünür ki, yol-nəqliyyat hadisəsi nəticəsində zərər çəkən olaraq mülkiyyətində olan nəqliyyat vasitəsinin arxa sol qapısı, təkər hissəsi və s. zədələnmişdir. Nəqliyyat vasitələrinin zədələnmiş hissələrinin mövcud olmasına baxmayaraq, dəymiş zərərin məbləği həddindən artıq az müəyyən edilmiş, zərər çəkən şəxs olaraq hüquqları kobud surətdə pozulmuş, nəticədə əsassız olaraq maddi zərərə məruz qalmışdır. Ümumiyyətlə nəqliyyat vasitəsinə dəymiş zərərin məbləği mövcud bazar dəyərinin şərtləri nəzərə alınmaqla deyil, yalnız özlərinin daxili müəyyən etdikləri meyarlar əsasında müəyyən edilmişdir ki, bu özlüyündə düzgün deyildir. Nəzərə alınsa ki, nəqliyyat vasitələrinin ehtiyat hissələrinin dəyişdirilməsi və yenisi ilə əvəz olunması nəzərdə tutulan məbləğdən daha çox xərclərin yaranmasına səbəb olur, belə olan halda ödənilməli olan sığorta məbləğinin qismən ödənilməsi onun üçün əlavə olaraq öz vəsaiti hesabına nəqliyyat vasitəsinin təmir edilməsinə gətirib çıxarır. Bu hal isə sığorta şirkətinin ödəməli olduğu, lakin ödəmədiyi məbləğ hesabına əsassız varlanması ilə səciyyələnir. Mülkiyyətində olan əmlaka dəyən zərərin məbləği üzrə qiymətləndirmə aparılıbaparılmaması barədə ona məlumat verilməmiş, yalnız xx xxxxxx 2019-cu il tarixdə 497 manat 50 qəpik məbləğində sığorta ödənişi edilmişdir. O, sığorta ödənişinin verilməsinə dair xx xxxxxx 2019-cu il tarixdə «xxxxxxxxxxx» Dövlət Sığorta Kommersiya Şirkətinə pretenziya məktubu ünvanlamış, 7 gün ərzində sığorta ödənişinin verilməsi tələb edilsə də, qeyd edilən pretenziya məktubuna münasibət bildirilməmiş və sığorta ödənişi ödənilməmiş qalmışdır. Qeyd edilən müddətdən 9 gün keçməsinə baxmayaraq, onun, Mülki Məcəllənin 934.2-ci maddəsinə əsasən cərimə tələb etmək hüququ yaranmışdır ki, həmin məbləğ 75 manat təşkil edir. Tərtib edilmiş inzibati tənbeh vermə haqqında qərardan da məlum olur ki, xəta törədən xx xxxxxxxx 2019-cu il tarixdə Bakı şəhəri Suraxanı RPİ TŞ-nin baş təhqiqatçısı, polis mayoru X13 tərəfindən cinayət işinin başlanmasının rədd edilməsi və Əhmədov Bəhram Cəlal oğlunun və onun əməllərində Azərbaycan Respublikası İXM-in 327.1-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb edilməsi barədə qərar onun tərəfindən məhkəmə qaydasında mübahisələndirilmiş və Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 6(010)-20/2019 saylı qərarı ilə Bakı şəhəri Suraxanı RPİ TŞ-nin təhqiqatçısı X10 xx xxxxxxxx 2019-cu il tarixli cinayət işi başlanmasının rədd edilməsi barədə qərarı qanunsuz hesab edilməklə ləğv edilmiş və əlavə araşdırılması üçün material Bakı şəhəri Suraxanı RPİ TŞ-yə göndərilmişdir. Nəticədə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində onun inzibati məsuliyyətə cəlb edilməsi barədə qüvvədən düşmüş hesab edilmişdir ki, bu hal özlüyündə yol-nəqliyyat hadisəsi nəticəsində təqsirkar şəxsin «xxxxxxxxxxx» Dövlət Sığorta Kommersiya Şirkətində icbari sığorta qanunlarına əsasən sığortalanmış «Saipa Saina EX» minik markalı ** PF *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Əhmədov Bəhram Cəlal oğlu müəyyən edilmişdir. Buna dair Suraxanı rayon DYPŞ tərəfindən TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş və qərara əsasən Əhmədov Bəhram Cəlal oğlu Azərbaycan Respublikası İXM-in 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyinə görə 40 manat məbləğində cərimə edilmişdir. Hadisənin daha dolğun araşdırılması və müvafiq nəticə verilməsi üçün o, xx xxxxxxx 2019-cu il tarixdə X7 Palatasına müraciət etsə də, qeyd edilən qurum tərəfindən bu günə qədər ona rəsmi məlumat verilməmiş, yalnız Azərbaycan Respublikası DSKŞ tərəfindən ona və Palataya ünvanlanmış xx xxxxxx 2019-cu il tarixli məktub təqdim edilmişdir. Həmin məktuba əsasən ona dəymiş zərərin məbləğinin 497 manat olduğu göstərilmiş və bu məbləğin şəxsin müvafiq bank hesabına köçürüldüyü qeyd edilmişdir, halbuki dəymiş zərərə görə məbləğin hansı meyarlar əsasında müəyyən edilməsi kimi hallar göstərilməmişdir. İddiaçının nümayəndəsi X6 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, iddiaçıya iki dəfə hər dəfəsində 497 manat ödəniş edilməklə, cəmi 994 manat sığorta ödənişi edilmişdir. İddiaçının avtomobilinə zərər vuran sürücü 3-cü dəfədir ki, eyni əməli törədir. Hər dəfə də kasko sığorta növü üzrə 5.000 manat pul ödənilir. Həmin sürücü, sığortanın işçisi və profilaktoriyanın üçü də əlbir olaraq bu cür iş görürlər. Məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə, həmçinin qeyd olunan məsələ ilə bağlı xüsusi qərardad çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi X14 məhkəmə iclasında iddianı qəbul etmədi və izahatında bildirdi ki, iddiaçı tərtib edilmiş qüsur aktına əsasən ödəniş almış və bu barədə akta imza etmişdir. Aktda başqa sığorta tələbinin olmamasını da göstərmişdir. Dəymiş ziyan tam şəkildə ödənilmişdir. İddiaçı ona əlavə ödəniş edilməsini tələb etməkdə haqlı deyil. Bu səbəbdən, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə, iddiaçının nümayəndəsinin və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, sığortalı «xxxxxxxxxx» MMC-yə məxsus olan, sürücü Əhmədov Bəhram Cəlal oğlu tərəfindən idarə edilən «Saipa Saina» markalı ** PF *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək olan dövr üzrə PDS********** saylı sığorta şəhadətnaməsinə əsasən «xxxxxxxxxxx» DSKŞ tərəfindən nəqliyyat vasitəsi sahibinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığortalanmışdır. Sığortalanmış avtomobilin sürücüsü Əhmədov Bəhram Cəlal oğlu sığorta müddəti ərzində yol hərəkəti qaydalarını pozmuş və xx.xx.2019-cu il tarixdə saat 10.00-da Bakı şəhəri Suraxanı rayonu Ramana qəsəbəsinin ərazisində törətdiyi yol-nəqliyyat hadisəsi zamanı zərər çəkən İddiaçı idarə etdiyi «Mercedes Benz 220» markalı ** MF *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş və həmin avtomobilə ziyan vurmuşdur. Səlahiyyətli orqan tərəfindən hadisə araşdırılmış, hadisənin baş verməsində təqsiri olan şəxs – Əhmədov Bəhram Cəlal oğlu barəsində müvafiq rəsmiləşdirmə işləri aparılmış və sonuncu inzibati qaydada tənbeh edilmişdir. Sığorta şirkəti Dövlət Yol Polisi tərəfindən təqdim olunmuş rəsmi sənədləri aldıqdan sonra, sığorta hadisəsini araşdırmış və xx xxxxxxx 2019-cu il tarixdə 2919-3168 saylı sığorta aktı tərtib etmişdir. Akt tərtib edilməmişdən öncə baş ekspert Ə.Əhmədov tərəfindən zərər çəkmiş şəxsin avtomobilinə vurulmuş maddi ziyan hesablanmışdır. Sığorta aktına əsasən müəyyən edilmiş zərərin məbləği 995 manat təşkil etmişdir. Həmin aktın 6-cı bəndindən görünür ki, “zərərçəkən təsdiq edir ki, bu sığorta aktı ilə müəyyən edilmiş sığorta ödənişi dəymiş zərərin əvəzinin ödənilməsi üçün qətidir, xxxxxxxxxxx DSKŞ-nin qeyd olunan zərərə dair heç bir borcu və öhdəliyi qalmır (6.1). Zərərçəkən təsdiq edir ki, baş vermiş sığorta hadisəsi nəticəsində dəymiş zərərlə bağlı heç bir digər ödəniş almır (6.2)”. Akt zərərçəkmişin nümayəndəsi (hazırda iddiaçının nümayəndəsi) X6 tərəfindən imzalanmışdır. Həmin ziyan məbləği iki dəfəyə, hər dəfə 497 manat 50 qəpik olmaqla zərər çəkmiş şəxs olan iddiaçıya cəmi 995 manat sığorta ödənişi həyata keçirilmişdir. İddiaçı avtomobilinə dəymiş maddi ziyanın əslində 2.500 manat təşkil etdiyini bildirməklə, məhkəmədə hazırkı iddianı qaldırmışdır. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. İş materiallarından göründüyü kimi, iddiaçı cavabdehə qarşı iddia tələbinin əsası kimi istinad etdiyi hallara – yəni, avtomobilinə 995 manat deyil, 2.500 manat maddi ziyan vurulmasına dair mötəbər sübutlar təqdim etməmişdir. Habelə iddiaçı (nümayəndəsi) ona təklif edilən məbləği imza edib almaqla ona ödəniləcək məbləğdən narazı qalmasını deyil, əksinə razı qalmasını ifadə etmişdir. Bu səbəbdən, iddia təmin edilə bilməz. Ödəniş qəbzindən görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, X1 cavabdeh «xxxxxxxxxxx» Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı «sığorta ödənişinin tam şəkildə ödənilməsi» tələbinə dair iddiası rədd edilməlidir. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: X1 cavabdeh «xxxxxxxxxxx» Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı «sığorta ödənişinin tam şəkildə ödənilməsi» tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev
Məhkəmə qərarları › İş №2(006)-1675/2020
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1675/2020
03.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver