Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1694/2025 01.04.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Vüsalə Vahid qızının sədrliyi, məhkəmə iclasının katibi Cəfərova Şəmsiyyə Abdulla qızının katibliyi, iddiaçının nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı (Azərbaycan Respublikası Müdafiə Nazirliyi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) «vurulmuş mənəvi zərərin ödənilməsi» tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı (Azərbaycan Respublikası Müdafiə Nazirliyi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) «vurulmuş mənəvi zərərin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, vurulmuş mənəvi zərərə görə 300.000 manat məbləğində kompensasiyanın dövlət büdcəsi hesabına cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyindən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1991-ci il tarixdə doğulmuşdur. İddiaçı 02 yanvar 2010-cu il tarixdə Astara rayon hərbi komissarlığından həqiqi hərbi xidmətə çağırılmış, 07 iyul 2011-ci ildə hərbi xidmətdən ehtiyata buraxılmışdır. Sonradan hərbi xidməti davam etdirmək üçün könüllü bağlaşma əsasında hərbi xidmət keçmişdir. 2016-cı ilin aprel döyüşlərində iştirak etmişdir. Vətən Müharibəsində könüllü iştirak etmək üçün müraciət etsə də, adı dövlətə xəyanətdə hallandığı üçün müharibədə iştirakına imkan verilməmişdir, iddiaçıya qarşı cinayət əməlləri törədilərkən ön xətdə yerləşən 2-ci Ordu Korpusunda (Beyləqan korpusu da adlandırılır) manqa komandirinin müavini vəzifəsində hərbi xidmətdə olmuşdur. İddiaçı düşmən hərbi qulluqçuları və ya xüsusi xidmət orqanları ilə əlaqələrinin olması ilə bağlı elirafedici ifadələr almaqdan ötrü mütəşəkkil dəstənin digər üzvləri ilə birlikdə qəddar, qeyri-insani, ləyaqəti alçaldan rəftar və hərəkətlər, yəni günün müxtəlif, o cümlədən gecə saatlarında, arada müəyyən fasilələr verilməklə, davamlı şəkildə Beyləqan rayonu Daşburun qəsəbəsində yerləşən N nömrəli hərbi hissənin əvvəllər hauptvaxt kimi, həmin vaxt isə əşya anbarı kimi istifadə edilən köhnə tikilisində əllərini və gözlərini bağlayıb sərbəst hərəkət etməsini məhdudlaşdıraraq onun bədəninin müxtəlif nahiyələrinə yumruq, şillə və təpiklə, eləcə də küt alətlərlə zərbələr vurmuş, qida, su və digər təbii ehtiyacların ödənilməsini məhdudlaşdırmaqla ac, susuz saxladıqdan sonra İddiaçı fiziki və psixi ağrılara baxmayaraq düşmənlə hər hansı bir formada əlaqəsinin olmasını inkar etdiyinə görə qanunsuz əməllərini davam etdirərək mütəşəkkil dəstənin məqsədlərinə xidmət edən həqiqətə uyğun olmayan əlavə məlumatlar almaq, daha çox «vətən xaini» ifşa etmək, habelə törətdiyi əməllərə görə ondan qisas alınmasından ötrü mütəşəkkil dəstənin üzvləri ilə birlikdə xx.xx.2017-ci il tarixə kimi Beyləqan rayonu Daşburun qəsəbəsində yerləşən N nömrəli hərbi hissənin əvvəllər hauptvaxt kimi, həmin vaxt isə əşya anbarı kimi istifadə edilən köhnə tikilisinə eyni qaydada ona qarşı qeyd edilən qanunsuz hərəkətləri davam etdirib vəzifəli şəxs kimi silah tətbiq olunmaqla İddiaçı hüquqlarının kobud şəkildə pozulmasında ifadə olunan ağır nəticələrə səbəb olan təkrarən qulluq səlahiyyətini aşaraq mütəşəkkil dəstənin məqsədlərinə nail olmaq məqsədilə İddiaçı xx.xx.2017-ci il tarixdən xx.xx.2017-ci il tarixədək Beyləqan rayonu Daşburun qəsəbəsində yerləşən N nömrəli hərbi hissənin əvvəllər hauptvaxt kimi, həmin vaxt isə əşya anbarı kimi istifadə edilən köhnə tikilisinə 6 gün müddətində qeyd edilən qaydada güclü fiziki ağrı, habelə mütəmadi olaraq etiraf etmədiyi halda saxlandığı yerdən çıxa bilməyəcəyini bildirməklə və şəxsiyyətinin ifrat dərəcədə alçaldılmasında əks olunan psixi iztibarlar verməklə düşmən hərbi qulluqçuları və ya xüsusi xidmət orqanları ilə əlaqələrinin olması ilə bağlı etirafedici ifadələr almaqdan ötrü mütəşəkkil dəstənin digər üzvləri ilə birlikdə qəddar, qeyri-insani, ləyaqəti alçaldan rəftar və hərəkətlər edib faktiki xidməti vəzifələrinin yerinə yetirilməsi ilə əlaqədar dövlət orqanının vəzifəli şəxsi qismində çıxış edən şəxs kimi dəstəyə rəhbərlik edən şəxsin göstərişi ilə təkrarən işgəncə verməklə iradəsinə zidd olaraq əlləri və gözləri bağlı vəziyyətdə mütəşəkkil dəstə tərkibində silah və silah qismində istifadə edilən əşyalardan istifadə edilməklə həyat və sağlamlığı üçün təhlükəli olan zor tətbiq edərək kobud şəkildə konstitusion hüquqlarının pozulmasında ifadə olunan, yəni İddiaçı və onun yaxın qohumlarının cəmiyyət arasında mövcud nüfuzunu reallığı əks etdirməyən məlumatların yayılması formasında aşkarcasına alçaltmaqla sonuncunun «düşmənlə əməkdaşlıq edən hərbi qulluqçu» kimi «vətən xaini» adı ilə «ləkələməklə» ağır nəticələrə səbəb olan ikidən artıq şəxsi adam oğurluğu ilə bağlı olmayan təkrarən qanunsuz azadlıqdan məhrum etmişdir (hökm səhifə, 228-229). 07 may 2017-ci il tarixdə Azərbaycan Respublikası Baş Prokurorluğu, Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidməti birgə bəyanatla çıxış etmişdir. Bəyanatda göstərilmişdir ki, «Ermənistan Silahlı Qüvvələrinin kəşfiyyat və xüsusi xidmət orqanları tərəfindən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Tərtər rayonu istiqamətində yerləşən bölmələrinə və yaşayış məntəqələrimizə qarşı genişmiqyaslı təxribat fəaliyyətinin həyata keçirilməsinin planlaşdırıldığı barədə əldə edilmiş məlumat əsasında aparılmış tədbirlər nəticəsində müəyyən olunub ki, xalqına, vətəninə və dövlətinə xəyanət yolunu tutan iradəsi zəif, vətəndaşlıq ruhunu və vətəninə bağlılığını itirmiş bir qrup hərbi qulluqçular və digər mülki şəxslər Azərbaycan Respublikasının suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və müdafiə qabiliyyəti zərərinə zidd olaraq düşmən kəşfiyyatçıları ilə məxfi əməkdaşlığa cəlb edilərək müxtəlif vaxtlarda maddi maraqları naminə hərbi sirr təşkil edən məlumatları əldə etməklə düşmən tərəfinə ötürüblər». Sonradan mətbuatda və sosial şəbəkələrdə çoxsaylı hərbi qulluqçuların və onların ailə üzvlərinin şərti olaraq «Tərtər işi» adlandırılan və yuxarıda qeyd edilən bəyanatda nəzərdə tutulmuş cinayət işlərinin gedişində ağır işgəncələrə, qeyri-insani rəftara, qanunsuz və əsassız dindirmələrə və digər qanunsuz əməllərə məruz qalması ilə bağlı şikayətləri yayılmağa başlamış, müxtəlif hüquq-mühafizə orqanlarına və dövlət qurumlarına ərizələr ünvanlanmış, ictimai etirazlar təşkil olunmuşdur. 18 dekabr 2021-ci il tarixdə Azərbaycan Respublikasının Baş Prokurorluğu, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizlik Nazirliyi birgə məlumatla çıxış etmişdir. Həmin məlumatda bildirilmişdir ki, Müdafiə Nazirliyinin Tərtər, Ağdam, Beyləqan rayonları istiqamətində yerləşən hərbi hissələrində yol verilmiş qanunazidd əməllərlə bağlı icraat təzələnmişdir. Bununla da şərti olaraq «Tərtər işi» adlandırılan hadisələrin yenidən araşdırılmasına başlanılmışdır. Aparılmış istintaq hərəkətləri nəticəsində çoxsaylı hərbi qulluqçular, o cümlədən hazırkı iş üzrə iddiaçı zərərçəkmiş şəxs qismində tanınmış, cinayət işləri baxılması üçün aidiyyəti üzrə Bakı Hərbi Məhkəməsinə göndərilmişdir. Bakı Hərbi Məhkəməsinin 1-1(093)-73/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü ilə müəyyən edilmişdir ki, X12 xx.xx.2015-ci il tarixdən xx.xx.2018-ci il tarixədək Müdafiə Nazirliyinin N nömrəli hərbi hissə komandirinin birinci müavini-qərargah rəisi vəzifəsində general-mayor rütbəsində işləyərkən hərbi qulluqçu kimi vəzifəli şəxs olaraq yaradılmış mütəşəkkil dəstəyə yuxarı komandanlıq tərəfindən cəlb olunaraq dəstənin üzvləri və qeyriləri ilə mütəşəkkil dəstədə birləşib Azərbaycan Respublikasının 23 sentyabr 1994-cü il tarixli 887 saylı Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Silahlı Qüvvələri Daxili Xidmət» Nizamnaməsinə əsasən öz borcunu dərindən dərk etmək, Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına müqəddəscəsinə və sarsılmazcasına riayət etmək, Azərbaycan dövlətinin işinə və mənafeyinə uyğun sayıq, namuslu və sədaqətli olmaq və bunun uğrunda mübarizədə öz qüvvələrini əsirgəməmək, öz xidməti vəzifələrini vicdanla yerinə yetirmək, nalayiq hərəkətlər etməmək və yoldaşlarını belə hərəkətlərdən çəkindirmək kimi funksiyaları və digər bu kimi vəzifələri, həmçinin dövlətə xəyanət faktları üzrə ilkin təhqiqat apararaq sərancamverici funksiyaları yerinə yetirən vəzifəli şəxs olmaqla Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.2014-cü il tarixli 26 nömrəli qərarı ilə təsdiq edilmiş, «Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidməti araşdırmaların və cinayət əlamətləri olan hadisələr üzrə təhqiqatın aparılması Qaydaları»nın, xx.xx.2014-cü il tarixli 72 nömrəli qərarı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Silahlı Qüvvələrində hüquqi iş üzrə Təlimat»ın və digər rəhbəredici sənədlərin tələblərinə əsasən, yuxarı komandanlıq tərəfindən ilkin təhqiqat aparmaqla bağlı şifahi şəkildə ona həvalə olunmuş, prosessual şəxs kimi Cinayət-Prosessual Məcəlləsinin 86-cı maddəsinin tələbinə görə təhqiqat aparmaqla cinayət təqibi həyata keçirmək və ya cinayət törətməkdə şübhəli bildikləri şəxsləri çağırıb törədilməsi ehtimal olunan cinayət hadisələri ilə bağlı sorğu-sual etmək kimi faktiki vəzifələrini icra edərkən heç bir halda onlara qarşı fiziki və psixi zor tətbiq etmək səlahiyyətlərinin olmamasına baxmayaraq, fiziki və psixi zor tətbiq edilərək işgəncə verilməklə sorğu-sual edilməsi üçün N nömrəli hərbi hissənin Beyləqan şəhərində yerləşən snayper bölüyünün hərbi şəhərciyinin ərazisində yerləşən yanacaqdoldurma məntəqəsi kimi istifadə olunmuş köhnə tikiliyə gətirilmiş hərbi qulluqçulara fiziki və psixi zor tətbiq ediblər. Hökmə əsasən təqsirləndirilən şəxslər cəmi 6 gün müddətində (30 may tarixindən 05 iyun tarixinə kimi) mütəşəkkil dəstə tərəfindən törədilməklə iradəsinə zidd olaraq əlləri və gözləri bağlı vəziyyətdə dəstə üzvləri ilə birlikdə xidməti silahdan və silah kimi istifadə edilən əşyalardan istifadə edilməklə kobud şəkildə konstitusion hüquqlarının pozulmasında ifadə olunan, yəni İddiaçı və onun yaxın qohumlarının cəmiyyət arasında mövcud nüfuzunu reallığı əks etdirməyən məlumatların yayılması formasında aşkarcasma alçaltmaqla sonuncunu «düşmənlə əməkdaşlıq edən hərbi qulluqçu» kimi «vətən xaini» adı ilə «ləkələməklə» ordu sıralarından qanunsuz və əsassız olaraq tərxis olunmasından irəli gələn ağır nəticələrə səbəb ikidən artıq şəxsi adam oğurluğu ilə bağlı olmayan təkrarən qanunsuz azadlıqdan məhrum etmişdir (hökm səhifə 229). Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1-1(103)-16/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı ilə Bakı Hərbi Məhkəməsinin hökmü cəza hissəsində dəyişdirilmiş, hökm digər hissələrdə dəyişiklik edilmədən saxlanılmışdır. Beləliklə, iddiaçıya sonuncu həqiqi hərbi xidmətdə olarkən hərbi qulluqçu və prosessual şəxs kimi Cinayət-Prosessual Məcəlləsinin 86-cı maddəsinin tələbinə görə təhqiqat aparmaqla cinayət təqibi həyata keçirmək və ya cinayət törətməkdə şübhəli bildikləri şəxsləri çağırıb törədilməsi ehtimal olunan cinayət hadisələri ilə bağlı sorğu-sual etmək kimi faktiki vəzifələrini icra edən vəzifəli şəxslər tərəfindən ona qarşı təqsirli olaraq hüquqazidd hərəkətləri nəticəsində birbaşa zərər vurulmuşdur. İddiaçı işgəncələrə, qeyri-insani rəftara məruz qalması nəticəsində mənəvi zərər çəkmiş, özü və ailəsi stress, sarsıntı keçirmişdir. İddiaçı ehtiyata buraxılandan sonra yaşadığı kəndin sakinləri, qonşuları onu «Vətən xaini» hesab edərək ona nifrətlə baxmış, buna görə evdən çıxa bilməmişdir. Hərbi xidmət zamanı hərbi qulluqçuların gözü qarşısında «Vətən xaini» adlandırılaraq döyüldüyündən bu onda ciddi və bərpaolunmaz mənəvi sarsıntı yaratmış, iztirab çəkməsinə səbəb olmuşdur. Onun dövlətə xəyanət adı altında qanunsuz əməllərə məruz qalması təkcə onun özündə deyil, ailə üzvlərində də iztirablar yaşatmışdır. Ailəsinin günlərlə ondan xəbəri olmamış, yaşadığı rayonda və kənddə qonşular və qohumlar arasında onunla bağlı söz-söhbətlər yayılmış, bütün bunlar ona və ailə üzvlərinə mənəvi iztirab, qeyri-müəyyənlik, narahatlıq hissləri yaşatmışdır. Odur ki, iddiaçıya vurulmuş mənəvi zərərin əvəzi ödənilməlidir. İddiaçı ona vurulmuş mənəvi zərəri 300.000 manat məbləğində qiymətləndirir. İddiaçının zərərçəkmiş şəxs qismində tanındığı cinayət işi üzrə cəlb edilmiş təqsirləndirilən şəxslər - X12, X5, X6, X13 və X8 iddiaçıya və digər çoxsaylı hərbi qulluqçulara işgəncə verən, bu prosesi təşkil edən zaman dövləti təmsil ediblər, yəni adi mülki vətəndaş kimi yox, hərbi hissənin Müdafiə Nazirliyi tərəfindən təyin edilmiş general-mayor (Bəkir Orucov) və digər zabitlər hərbi rütbəli vəzifəli şəxsləri kimi çıxış ediblər, Müdafiə Nazirliyinin digər qurumlarla birlikdə 07 may 2017-ci il tarixli bəyanatından əvvəl və sonra dövlətə xəyanət və digər cinayət faktlarının araşdırılması üçün faktiki təhqiqatçı olaraq tabeçiliyində olan iddiaçı və çoxsaylı digər hərbi qulluqçuları xidmət yerlərindən (postlardan, döyüş mövqelərindən, bölüklərdən) hərbi hissənin digər ərazilərində yerləşən bölük və hissələrinə aparmağa göstəriş vermiş, qara maskada olan digər hərbi hissələrdən olan hərbi qulluqçuların ixtiyarına vermişlər. Azərbaycan Respublikası Baş Prokurorluğunun yaydığı rəsmi məlumatlardan da görünür ki, 2017-ci ilin may-iyun ayları ərzində Ağdam, Tərtər, Beyləqan və digər rayonlar ərazisində həm 1-ci, həm də 2-ci Ordu korpuslarının tərkibinə daxil olan müxtəlif hərbi hissələrdən N nəfər hərbi qulluqçu (zabit, gizir, müddətdən artıq və müddətli hərbi xidmət hərbi qulluqçuları) qanunsuz olaraq azadlıqdan məhrum edilmiş, işgəncəyə və qeyri-insani rəftara məruz qalmışlar ki, onlardan da 11 nəfəri bu qanunsuz proses zamanı həyatlarını itirmişdir. Başqa sözlə, cinayət əməlləri Müdafiə Nazirliyinin tabeçiliyində olan 2-ci Ordu korpusunda (212 saylı hərbi hissə) yüzlərlə hərbi qulluqçunu əhatə etmişdir, cinayət əməlləri qısa müddət ərzində deyil, ən azı 2 ay ərzində davamlı şəkildə həyata keçirilmişdir. Bu səbəblərdən də, təqsirləndirilən şəxslərin belə böyük miqyasda və uzun müddət ərzində həyata keçirdiyi qanunazidd əməllər nəticəsində vurulmuş zərərin əvəzinin tutulması Mülki Məcəllənin 1100-cü maddəsinin tələbləri əsasında həyata keçirilməlidir. Həmin tələblərdən göründüyü kimi, dövlət orqanlarının və bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası ödəməlidir. İddiaçıya qarşı qanunazidd hərəkətlərin törədilməsi nəticəsində zərərin vurulması, zərərlə qanunsuz hərəkətlər arasında səbəbli əlaqənin mövcudluğu və zərər vuran şəxsin təqsirliliyi Bakı Hərbi Məhkəməsinin istinad edilən hökmü ilə təsdiq olunur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü mülki işə və kommersiya mübahisələrinə baxılarkən məhkəmə üçün hadisənin olub-olnaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Beləliklə, Bakı Hərbi Məhkəməsinin 1-1(093)- 73/2023 saylı xx.xx.2023-cü il tarixli hökmü ilə iddiaçıya qarşı qanunsuz hərəkətlərə yol verməklə ziyan vurmuş vəzifəli şəxslərin əməllərinə hüquqi qiymət verildiyindən və həmin hökm Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının müvafiq qərarı qəbul edildikdən sonra qüvvəyə mindiyindən hazırkı iddiaya baxılarkən preyudisial əhəmiyyətə malik olan akt kimi çıxış edir. İddiaçıya qarşı qanunsuz hərəkətlər Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin vəzifəli şəxsləri tərəfindən törədilsə də, hazırkı iddia üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi cavabdehlik daşımır. Belə olan halda zərərin əvəzi dövlət büdcəsi hesabına cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyindən tutulmalıdır. Tərəflərin iştirakı və izahatları: İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə və mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Müdafiə Nazirliyinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin və üçüncü şəxsin nümayəndələri məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin və üçüncü şəxsin nümayəndələrinin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. İş materialları: Elektron daşıyıcıda təqdim edilmiş Bakı Hərbi Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1-1(093)-73/2023 saylı hökmündən görünür ki, mütəşəkkil dəstəyə yuxarı komandanlıq tərəfindən cəlb olunaraq dəstənin üzvləri X13, X9, X6, X5 və qeyriləri ilə mütəşəkkil dəstədə birləşib Azərbaycan Respublikasının 23 sentyabr 1994-cü il tarixli, 887 saylı Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələri Daxili xidmət” Nizamnaməsinə əsasən öz borcunu dərindən dərk etmək, Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına müqəddəscəsinə və sarsılmazcasına riayət etmək, Azərbaycan dövlətinin işinə mənafeyinə uyğun sayıq, namuslu və sədaqətli olmaq və bunun uğrunda mübarizədə öz qüvvələrini əsirgəməmək, öz xidməti vəzifələrini vicdanla yerinə yetirmək, hərbi nizamnamələrin tələblərini möhkəm bilmək və vicdanla yerinə yetirmək, nalayiq hərəkətlər etməmək və yoldaşlarını belə hərəkətlərdən çəkindirmək kimi funksiyaları və digər bu kimi vəzifələri həmçinin dəstə üzvləri tərəfindən müəyyən edilmiş vəzifə bölgüsünə əsasən ona həvalə edilmiş dövlətə xəyanət faktları üzrə ilkin təhqiqat apararaq sərəncamverici funksiyaları yerinə yetirən vəzifəli şəxs olmaqla mütəşəkkil dəstənin cinayətkar niyyətinə əsasən İİ Ordu Birləşməsinin tabeliyində olan hərbi hissələrdə düşmənlə əməkdaşlıq etməkdə şübhəli hərbi qulluqçuların müəyyənləşdirilərək əvvəlcədən müəyyən edilmiş yerlərdə onlara müxtəlif işgəncələr verməklə, eləcə də həmin şəxslərə qarşı qeyri-insani, ləyaqəti alçaldan hərəkətlər edib həqiqətə uyğun olmayan etirafedici ifadələr almaq yolu ilə gələcəkdə cinayət məsuliyyətinə cəlb edilmələrini təmin etmək məqsədilə əvvəlcədən hazırlanmış plana və vəzifə bölgüsünə uyğun olaraq Müdafiə Nazirliyinin Füzuli və Beyləqan rayonları ərazisində yerləşən bölmələrinin hərbi qulluqçularının qanunsuz erməni silahlı birləşmələrinin hərbi qulluqçuları və ya xüsusi xidmət orqanlarının əməkdaşları ilə əməkdaşlıq edə biləcəyinə dair şübhələrin olması ilə bağlı Azərbaycan Respublikası Müdafiə Nazirinin xx.xx.2014-cü il tarixli, 26 №-li qərarı ilə təsdiq edilmiş, “Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidməti araşdırmaların və cinayət əlamətləri olan hadisələr üzrə təhqiqatın aparılması Qaydaları”nın, xx.xx.2014cü il tarixli, 72 №-li qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Silahlı Qüvvələrində hüquqi iş üzrə Təlimat”ın və digər rəhbəredici sənədlərin tələblərinə əsasən, yuxarı komandanlıq tərəfindən ilkin təhqiqat aparmaqla bağlı şifahi formada ona həvalə olunmuş, prosessual şəxs kimi Cinayət Prosessual Məcəlləsinin 86-cı maddəsinin tələbinə görə təhqiqat aparmaqla cinayət təqibi həyata keçirmək və ya cinayət törətməkdə şübhəli hesab etdikləri şəxsləri çağırıb törədilməsi ehtimal olunan cinayət hadisələri ilə bağlı sorğu-sual etmək kimi faktiki vəzifələrini icra edərkən heç bir halda onlara qarşı fiziki və psixi zor tətbiq etmək səlahiyyətlərinin olmamasına baxmayaraq, yuxarı komandanlıq qarşısında nüfuz qazanmaq, özünü xidməti vəzifələrini layiqli şəkildə icra edən hərbi qulluqçu kimi göstərmək və gələcəkdə vəzifədə irəli çəkilmək kimi məqsədlərə nail olmaq üçün qeyd edilən halların qanunvericilikdə nəzərdə tutulmayan qaydada və üsullarla araşdırılması məqsədilə mütəşəkkil dəstənin rəhbəri tərəfindən aparılmış vəzifə bölgüsü əsasında ona verilmiş tapşırığa əsasən və əvvəlcədən hazırlanmış cinayətkar plana uyğun olaraq 30 may 2017-ci il tarixdə dəstənin digər üzvləri tərəfindən fiziki və psixi zor tətbiq edilərək işgəncə verilməklə sorğu-sual edilməsi üçün Beyləqan rayonu Daşburun qəsəbəsində yerləşən N nömrəli hərbi hissənin əvvəllər hauptvaxt kimi, həmin vaxt isə əşya anbarı kimi istifadə edilən köhnə tikilisinə gətirilmiş N nömrəli hərbi hissənin 2-ci tabor, 6-cı bölük, 2-ci tağım, 3-cü manqa komandiri, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu İddiaçı barəsində düşmənlə əməkdaşlıq şübhəsi faktı ilə bağlı ilkin təhqiqatı qanunvericilikdə qadağan olunmayan qaydada aparmalı olduğu halda mütəşəkkil dəstəyə rəhbərlik edən şəxslərin ona verdiyi tapşırıqlara uyğun olaraq mütəşəkkil dəstənin adları qeyd edilən üzvləri və qeyriləri ilə birlikdə İddiaçı düşmənlə əməkdaşlıq etməsinə əsaslı şübhələr olmadığı halda ondan düşmən tərəfindən kimin vasitəsilə, hansı şəraitdə, nə vaxtdan məxfi əməkdaşlığa cəlb edilməsi, düşmənlə əlaqələri, onun özünün hansı hərbi qulluqçuların düşmən tərəfindən məxfi əməkdaşlığa cəlb edilməsini təşkil etməsi, düşmənlə əməkdaşlıq edən digər hərbi qulluqçular barədə məlumatlar verməsini tələb edərək Beyləqan rayonu Daşburun qəsəbəsində yerləşən N nömrəli hərbi hissənin əvvəllər hauptvaxt kimi, həmin vaxt isə əşya anbarı kimi istifadə edilən köhnə tikilisində və yataqxana binasında sərbəst hərəkət etməsini məhdudlaşdıraraq xx.xx.2017-ci il tarixdən xx.xx.2017-ci il tarixədək iradəsinə zidd olaraq qanunsuz saxlamaqla konstitusion hüquqlarının pozulmasında ifadə olunan, yəni İddiaçı və onun yaxın qohumlarının cəmiyyət arasında mövcud nüfuzunu reallığı əks etdirməyən məlumatların yayılması formasında aşkarcasına alçaltmaqla sonuncunun “düşmənlə əməkdaşlıq edən hərbi qulluqçu” kimi “vətən xaini” adı ilə “ləkələməklə” silah və ya silah qismində istifadə olunan əşyalardan istifadə etməklə ağır nəticələrə səbəb olan ikidən artıq şəxsi adam oğurluğu ilə bağlı olmayan təkrarən qanunsuz azadlıqdan məhrum etmişdir. Bakı Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının xx.xx.2024-cü il tarixli 1-1(103)- 16/2024 saylı qərarı ilə X10 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.3, 145.3, 293.3, 329.2.1, 329.2.2, 341.2.2, 341.2.3-cü maddələri, X1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 145.3, 178.2.2, 178.2.3, 29, 179.2.3, 179.2.4, 293.3, 341.2.2, 341.2.3 maddələri, X2 Azərbaycan Respublikası CM-nin 145.3, 293.3, 341.2.2, 341.2.3 maddələri, X9 və X11 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.3,145.3, 293.3, 341.2.2, 341.2.3 maddələri ilə təqsirli bilinmələrinə dair Bakı Hərbi Məhkəməsinin xx.xx.2023-cü tarixli, 1-1(093)-73/2023 nömrəli hökmü dəyişdirilərək, X10 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.3-cü maddəsi ilə təqsirli bilinməsinə dair müddəalar Bakı Hərbi Məhkəməsinin 1-1(093)73/2023 nömrəli, xx.xx.2023-cü tarixli hökmündən xaric edilməsi, X10 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 145.3cü maddəsi ilə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 293.3-cü maddəsi ilə Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən 2 (iki) il müddətə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifələr tutmaq hüququndan məhrum edilməklə 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 329.2.1, 329.2.2-ci maddələri ilə 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 341.2.2 və 341.2.3-cü maddələri ilə Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən 2 (iki) il müddətə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifələr tutmaq hüququndan məhrum edilməklə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməklə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3 və 66.4-cü maddələrinə əsasən təyin edilmiş əsas və əlavə cəzaları qismən toplamaq, təyin ediləcək əlavə cəzanı əsas cəzaya birləşdirmək yolu ilə X12 qəti olaraq 3 (üç) il müddətə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifələr tutmaq hüququndan məhrum edilməklə 06 (altı) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməklə, X10 cəzasının əvvəli 01 sentyabr 2022-ci il tarixdən hesablanması qərara alınmışdır. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununa əsasən bu qəbildən olan işlər üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad edilmişlər. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 1096-cı maddəsinin tələblərinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquqi məsuliyyət daşıyır. 1100-cü madəsinin tələblərinə əsasən dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. 1101.1-ci madəsinin tələblərinə əsasən qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qətimkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir. 1101.2-ci madəsinin tələblərinə görə təhqiqat, ibtidai istintaq, prokurorluq orqanlarının qanunsuz fəaliyyəti nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərər bu Məcəllənin 1101.1-ci maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmadıqda onun əvəzi qanunla müəyyənləşdirilmiş əsaslarla və qaydada ödənilir. «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» Azərbaycan Respublikası Qanununun: 5-ci maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində hər bir şəxsə məhrum olduğu əmək haqqı, pensiya, müavinət və başqa gəlirlər, vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. 6-cı maddəsinin 1-ci bəndinə əsasən bu Qanunun 5-ci maddəsində nəzərdə tutulmuş hallarda vurulmuş ziyanın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir. 7-ci maddəsinin tələbinə əsasən təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində şəxsə vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. Şəxsin barəsində mənfi fikrin formalaşmasına, onu əhatə edən şəxslərlə münasibətlərin pisləşməsinə gətirib çıxaran və digər mənəvi xarakterli mənfi nəticələr mənəvi ziyan hesab edilir. Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində şəxsə vurulmuş fiziki və mənəvi ziyan mülki qanunvericiliklə nəzərdə tutulmuş qaydada ödənilir. 12-ci maddəsinin tələbinə əsasən fiziki və mənəvi ziyan, Azərbaycan Respublikasının qanunvericiliyi ilə digər hal nəzərdə tutulmayıbsa, məhkəmə tərəfindən ədalətli hesab olunmuş məbləğdə ödənilir. İstintaq və ya inzibati icraat müddətində və ya cəza çəkdiyi dövrdə şəxsə vurulmuş mənəvi ziyanın ümumi məbləği Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məhkəmə tərəfindən müəyyən edilir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşları hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarateri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” 2020-ci il 24 aprel tarixli Qərarlarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsi şəxsin hüquqazidd hərəkətlər nəticəsində öldüyü və ya sağlamlığına zərər vurulduğu halda onun yaxınlarının, o cümlədən ailə üzvlərinin keçirdikləri mənəvi sarsıntı və iztiraba görə təzminat almaq hüququnu ehtiva edir. Ölmüş və ya sağlamlığına zərər vurulmuş şəxsin yaxınları, o cümlədən ailə üzvləri keçirdikləri mənəvi sarsıntı və iztirabın dərəcəsinə, zərərçəkmiş şəxsə yaxınlıq dərəcəsinə və s. amillərə müvafiq olaraq birgə və ya ayrı-ayrılıqda təzminat almaq hüququna malikdirlər. Ölmüş və ya sağlamlığına zərər vurulmuş şəxsin yaxınlarından, o cümlədən ailə üzvlərindən birinin mənəvi zərərə görə təzminat almış olduğu halda, digərlərinin təzminat tələbi bu Qərarın təsviri-əsaslandırıcı hissəsində göstərilən mütənasiblik və ədalətlilik meyarlarına uyğun olaraq işə baxan məhkəmə tərəfindən həll edilməlidir. Məhkəmələr tərəfindən mənəvi zərərə görə təzminatın miqdarı müəyyən edilərkən hüquqazidd əməlin növü, dərəcəsi, davam etdiyi müddət, hansı şəraitdə, mühitdə baş verməsi və digər amillər nəzərə alınmalıdır. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli qərarının 2-ci bəndinə əsasən Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan Hüquqlarının və X4 Haqqında Konvensiya»nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «mənəvi ziyanla» bağlı təcrübəsi göstəririr ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir, həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amilləri – inamsızlıq, narahtlıq, məyusluq hissələrini, stresləri, əzab və əziyyətləri nəzərə alır. Məsələn, Avropa Məhkəməsi «Koinq Almaniyaya qarşı» işdə ərizəçiyə «mənəvi narahatlıq yetirilməsinə», «Artiko İtaliyaya qarşı» işdə «tənhalıq və kimsəsizlik hisslərinə», «Younq, Cames və X3rşı» işdə «alçaldıcı və təhqiredici hərəkətlərə» görə mənəvi zərər ödənilməsi qərarına gəlmişdir. Avropa Məhkəməsinin «Ədalətli kompensasiya tələbləri barədə Praktiki Qaydaları»nın 13-cü bəndinə əsasən, mənəvi zərərə aid Məhkəmənin təyin etdiyi kompensasiya qeyri-maddi zərərə, məsələn, əqli və ya fiziki əziyyətə görə maliyyə kompensasiyasının təmin olunmasına yönəlib. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Konstitusiya Məhkəməsi Plenumunun M.Bağırovun şikayəti üzrə 2008-ci il 30 iyul tarixli Qərarında ifadə etdiyi hüquqi mövqeyinə əsasən, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: İşin araşdırılmış hallarından müəyyən edildiyi kimi, İddiaçı qarşı cinayət əməlləri törədilərkən ona mənəvi zərərin vurulması işin mübahisəsiz halıdır. Təqdim olunmuş sübutların məcmusundan göründüyü kimi, İddiaçı iddia ərizəsində qeyd etdiyi xüsusatlar həqiqətəuyğundur, iddiaçıya yuxarıda qeyd edilən hallarla bağlı mənəvi ziyan vurulmuşdur. İddia ərizəsinin məzmunundan və təqdim edilmiş məhkəmə aktlarından aşkar şəkildə görünür ki, iddiaçı əsassız yerə törətmədiyi əməllərdə şübhəli bilinməklə ondan yuxarı vəzifəli şəxslər tərəfindən işgəncəyə məruz qalmışdır, uzun müddət mənəvi iztirab çəkmişdir. Belə ki, hazırki iş üzrə iddiaçının zərərçəkmiş şəxs qismində tanındığı cinayət hadisəsinin ona aid epizodu üzrə təqsirləndirilən şəxslərə elan edilmiş və hökmlə müəyyən edilərək cəzaya səbəb olan ittihamlardan biri zərərçəkmiş şəxsə, hazırki tələb üzrə iddiaçıya qarşı 6 gün müddətində təkrarən işgəncə verilməsindən ibarətdir. Hazırda 2017ci ildə baş vermiş məlum hadisə ilə əlaqədar hərbçilər tərəfindən törətdilmiş əməllərə hüquqi qiymət verilməsi, törədilmiş əməllərdən zərərçəkən şəxslərə qarşı kompensasiyanın ödənilməsi istiqamətində məhkəmə təcrübəsi formalaşmaqdadır. Nəzərə alınmalıdır ki, vəzifəli şəxs statusunda olmuş şəxslər tərəfindən törədilmiş əməllər Cinayət Məcəlləsinin bir sıra maddələri ilə tövsif olunmuş, bunun nəticəsində də həmin əməllərdən zərərçəkmiş şəxslərə ödənilməli kompensasiyanın məbləği də müvafiq formada differensasiyalaşdırılmaqdadır. Belə ki, vəzifəli şəxslər tərəfindən zərərçəkmiş şəxslərə münasibətdə işgəncə törədilməsi ilə bağlı formalaşmış məhkəmə təcrübəsinə əsasən işgəncə müddəti (günlər) və işgəncənin törədilmə forması nəzərə alınmaqla kompensasiya məbləği formalaşdırılmışdır. Mövcud məhkəmə təcrübəsi nəzərə alınmaqla iddiaçının ona qarşı törədilən cinayət əməlləri nəticəsində mənəvi iztirab çəkməsi ilə bağlı dəlillərinə hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli və iddiaçının işgəncəyə məruz qalmaqla qanunsuz olaraq azadlıqdan məhrum edildiyi müddət (6 gün) nəzərə alınmaqla vurulmuş mənəvi ziyana görə ədalətli həddə, yəni 7000 manat məbləğində pul vəsaiti tutulmalıdır. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı vurulmuş mənəvi zərərə görə 7000 (yeddi min) manat pul vəsaiti cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsi ilə Dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı vurulmuş mənəvi zərərə görə 7.000 (yeddi min) manat pul vəsaiti cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsi ilə Dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüsalə Musayeva
Məhkəmə qərarları › İş №2(006)-1694/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1694/2025
01.04.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver