Məhkəmə qərarları › İş №2(006)-170/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-170/2025

11.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-170/2025 11.02.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasov Nail İbad oğlunun sədrliyi, Tağıyev Emil Ağaveys oğlunun katibliyi, İddiaçının, onun nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi və vəkili X1 iştirakları ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair ilk, Cavabdeh MMC-nin İddiaçı qarşı pul tələbinə dair qarşılıqlı iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh MMC-yə qarşı maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanılan xx.xx.2023-cü il tarixli, 050623/1109 №-li podrat müqaviləsi üzrə izolyasiya işlərinin dəyəri olan 3.840 manat, yeni dam örtüyünün qurulmasına görə 6.182 manat, mütəxəssis rəyinə görə 300 manat, hüquqi xidmətlərə görə 500 manat, mənəvi zərərə görə 1.500 manat, cəmi 12.322 manat məbləğində pul vəsaiti və 127 manat ödənilmiş dövlət rüsumunun Cavabdehndən alınaraq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2023-cü ilin iyun ayının 05-də cavabdeh “Evim Construction" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə aralarında 050623/1109 №-li podrat müqaviləsi bağlanılmışdır. Müqavilənin şərtlərinə əsasən podratçı, yəni "xxxx" MMC “sifarişçi" üçün damın su və termo izolyasiya işlərinin görülməsini öhdəsinə götürmüşdür. Bakı şəhəri, Maştağa qəsəbəsində inşa edilmiş fərdi yaşayış evində görülmüş işlərin ümumi dəyəri müqaviləyə uyğun olaraq ödənilmişdir. Razılaşmaya əsasən görülən işlərə 10 il zəmanət verilməsinə baxmayaraq bu ildən evin damından yağan yağış suları otaqlara enməyə başlamışdır. Bu barədə cavabdehə məlumat verilmiş və şəxsən MMC-nin direktoru X2 yerində baxış keçirərək qüsurları aradan qaldıracağına söz vermiş və müvafiq təmir işləri aparmışdır. Buna baxmayaraq 2023-cü ilin dekabr ayında yağan güclü yağışlar nəticəsində evin damından yenidən su sızmağa başlamışdır. Otaqlarda görülən təmir işləri yararsız hala düşmüş, bir müddət nəmişliyin qurumasını gözləməyə məcbur qalmışlar. Məsələ ilə bağlı cavabdeh “Evim Construction" MMC-yə edilən müraciəti nəticəsiz qalmış, müxtəlif bəhanələr gətirilməyə başlanılmış və heç bir əməli addım atılmamışdır. Bundan sonra mütəxəsis dəvət edib qüsurlarla bağlı rəy alıb eyni zamanda yeni dam örtüyünü inşa etmək üçün ustalara müraciət etmişlər. Bununla da cavabdehin təqsiri üzündən əlavə maddi ziyana düşmüşdür. Dam örtüyünün quraşdırılması ilə bağlı 6.182 manat məbləğində pul vəsaiti xərcləmişdər. Cavabdehin qanunazidd, məsuliyyətsiz, təqsirli hərəkətləri üzündən əsəb, sarsıntı keçirmişdir. MMC-nin direktoru Ə.İ. Mütəllimov mövcud qanunvericilik və tərəflər arasında bağlanılmış müqavilə şərtlərinə uyğun hərəkət etmək əvəzinə onları borclu çıxartmağa başlamış və qeyri-səmimilik nümayiş etdirmişdir. Qeyd etməlidir ki, cavabdeh müqavilə şərtlərinə uyğun vəd etdiyi müasirlikdə və keyfiyyətdə mal təqdim etmədiyindən zəmanət müddətinin birinci ilində problem özünü göstərməyə başlamışdır, evin damının suya qarşı izolyasiyası qüsurlu, keyfiyyətsiz həyata keçirilmiş, sifariş tələblərə uyğun icra edilməmişdir. Halbuki, razılaşmaya əsasən görülən işə 10 il zəmanət (qarantiya) verilmişdir. Cavabdehin binanın damının su və termo izolyasiya işlərini danışılmış şəkildə təqdim etməməsi, başqa sözlə onu aldatması onun qanunvericiliyin tələblərini və müqavilə şərtlərini pozduğunu təsdiq edir. Konkret olaraq cavabdeh podrat müqaviləsinin 3.1.3-cü və 4.1-ci yarımbəndləri üzrə öhdəliklərini yerinə yetirməmiş, habelə verdiyi zəmanət həqiqi olmamışdır. “X4 Mərkəzi" MMC-nin verdiyi 26 dekabr 2023-cü il tarixli, 099-134/2023 saylı müləxəsis rəyindən görünür ki, fərdi yaşayış evinin daxilinə yağış sularının sızıntısı evin damına çəkilən termo izolyasiyanın öz funksiyasını yerinə yetirmədiyindən, xaricdən yığılan su yığıntılarının fərdi yaşayış evinin daxilinə nüfuz etməsinin qarşısını saxlama qabiliyyəti olmaması səbəbindən su sızması baş vermişdir. Göründüyü kimi cavabdehin ona təqdim etdiyi məhsul deyildiyi kimi olmamış, verdiyi zəmanət kağız üzərində qalmışdır. Ona görə də, cavabdeh təşkilat müqavilə üzrə ödədiyi vəsaiti, vurduğu maddi və mənəvi ziyanı qarşılamalıdır. Qeyd edilməlidir ki, xx.xx.2023-cü il tarixli 050623/1109 №-li podrat müqaviləsi üzrə izolyasiya işlərinin dəyəri olan 3.840 manat, yeni dam örtüyünün qurulmasına görə 6.182 manat, mütəxəssis rəyinə görə 300 manat, hüquqi xidmətlərə görə 500 manat məbləğində pul vəsaiti ödəmişdir. Bununla da 10.822 manat xərcə düşmüşdür. Mənəvi zərər kimi isə 1.500 manat tələb edir. Hesab etmişdir ki, belə bir iddia tələbi ilə çıxış etməsinə Azərbaycan Respublikası Konstitusiyasının 26-cı, 60-cı, 71-ci, 72-ci, 80-ci Mülki Məcəllənin 14-cü, 16cı, 17-ci, 21-ci, 385-ci, 386-cı, 389-cu, 417-ci, 420-ci, 425-ci, 436-cı, 442-ci, 443-cü, 445ci, 448 ci, 456-cı, 560-cı, 581-587-ci, 752-ci, 762-ci, 765-ci, 774-cü və 1097-ci maddələrinə əsasən səlahiyyəti vardır. Eləcə də belə işlər üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarının 3-cü bəndində də iddianın təmin edilməsinə əsas verən rəhbər izah var. Cavabdeh MMC İddiaçı qarşı pul tələbinə dair qarşılıqlı iddia tələbi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 340 manat ümumi məbləğə görə isə ödənilmiş 691,20 manat ƏDV borcu, dəbbə pulu 7.699,20 manat olmaqla və borclu gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faiz hesablanaraq 51,56 manat olmaqla, 8781,96 manat pulun və 5000 manat mənəvi zərərin, ümumilikdə 13.781,96 manat pulun, 120 manat hüquqi xidmət pulunun və ödədiyi 132 manat dövlət rüsumunun onun xeyrinə tutulması barədə qətnamə qəul edilməsini xahiş etdi. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, “Evim Construction" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə İddiaçı arasında bağlanmış 05 iyun 2023-cü il tarixli podrat müqaviləsinin 1.1-ci maddəsinə əsasən bu müqavilənin predmetini “Sifarişçi"-nin proyekti əsasında, bu müqavilənin 3.3-cü bəndində nəzərdə tutulmuş şərtlərin təmin edilməsi ilə “Podratçı" tərəfindən damın su və termo izolyasiya işlərinin (bundan sonra “İşlər" adlanacaq) görülməsi təşkil edir. “Sifarişçi" isə bu işlərin müqabilində bu müqavilənin 2.1-ci bəndində müəyyən olunmuş məbləği “Podratçı"ya ödəməyi öz öhdəsinə götürmüşdür. Müqavilənin 1.2-ci maddəsinə əsasən isə bu müqavilə üzrə izolyasiya işlərinin ümumi dəyəri (ƏDV xaric) 3840 manat müəyyən edilmişdir. Müqavilə ilə nəzərdə tutulmuş bütün öhdəliklər onlar tərəfindən icra olunmuşdur. Belə ki, tərəfindən müqavilə ilə nəzərdə tutulmuş öhdəliklərin icrası kimi Maştağa qəsəbəsində yerləşən cavabdehə məxsus fərdi yaşayış evinin damında ümumi olaraq 120 kv.m. sahədə sifarişçi ilə razılaşdırılmış PVC izolyasiya materialı ilə izolyasiya işi görülmüş, daha sonra ərazidə görülmüş izolyasiya işlərinin yoxlanılması məqsədilə su testi keçirilmiş, işlənmiş sahə su ilə doldurulmuş, dam bir ay su altında saxlanılmış və heç bir su sızması olmamışdır. İş görülmüş sahədə testin və baxışın keçirilməsi nəticəsində izolyasiya işlərinin texniki normalara tam uyğun olaraq yerinə yetirildiyi, işin icrası zamanı heç bir qüsura yol verilmədiyi və təyin olunmuş nəticənin əldə edildiyi müəyyən edilmişdir. İzolyasiya işlərinin keyfiyyətlə görülməsi, qüsursuz olması və hər hansı bir çatışmazlığın aşkarlanmaması işlərin təhvil-təslim edilməsinə dair 04 iyul 2023-cü il tarixli Forma2 (Akt) ilə müəyyən edilərək təsdiq edilmişdir. İzolyasiya işləri görüldükdən sonra “Sifarişçi" damda maillilik (uklon) yaratmaq üçün damda betonlama (styaşka) işləri gördürmüşdür. Həmin işlər görülərkən də onların damda PVC membran materialı ilə görülən izolyasiya işlərinin nəticəsi olan membran qatı zədələnmişdir. Hansı ki, həmin izolyasiya səthinə mexaniki təsir olmadan bu membran qatı zədələnə (cırıla) bilməzdi. İşlər təhvil verildikdən sonra izolyasiya işlərinin görülməsi zamanı istifadə olunan məhsulun üzərindən üçüncü şəxlərin müdaxiləsi ilə yaranmış olan qüsurlara görə “Sifarişçi” məsuliyyət daşıyır. Bununla bağlı qeyd etmək istəmişdir ki, Podrat müaviləsinin 4.1-ci maddəsinə əsasən “Podratçı Məsuliyyət daşıdığı işlərə “Sifarişçi" tərəfindən Podratçı ilə yazılı razılıq əldə etmədən üçüncü şəxslərin müdaxiləsi zamanı “Podratçı“-nın öhdəliyində olan məsuliyyət bir tərəfli qaydada ləğv olunur. Şap (styajka) işlərinin görülməsi nəticəsində yaranmış qüsurlara görə podratçı məsuliyyət daşımır. Bu müqavilənin 4.2-ci maddəsinə əsasən keyfiyyətsiz betona görə gələcəkdə yarana biləcək hər hasısa bir sıxıntıya görə sifarişçi məsuliyyət daşıyır. "Sifarişçi"-nin işin icrası dövründə izolyasiya edilmiş sahənin üzərinə kəsici, deşici, mexaniki təsir, hərəkət və bu kimi başqa hərəkətləri etməsinə yol verilmir. Cavabdehin təqdim etdiyi mütəxəssis rəyi də həqiqəti əks etdirmir. Beləki, damdan su sızması heç də fərdi yaşayış evinin damına çəkilən termo izolyasiyanın funksiyasını lazımi qaydada yerinə yetirilməməsi, xaricdən yığılan su yığıntıların fərdi yaşayış evinin daxilinə nüfuz etməsinin qarşısını, saxlama qabiliyyəti olmaması, səbəbindən deyil, onlar tərəfindən dama çəkilmiş su və izolyasiya qatının üçüncü şəxslərin texniki, mexanik, zədələnməsi ilə müşaiyyət olunan müdaxiləsi nəticəsində zədələnməsi səbəbindən baş vermişdir. Məhkəmədə iddiaçı ilk iddia tələbini müdafiə edərək, onun təmin olunmasını xahiş etdi qarşılıqlı idia tələbinin rədd edilməsini xahiş etdi. Həmçinin izahatında bildirdi ki, onun Cavabdeh MMC-yə borcu qalmamış, 340 manat onun tərəfindən ödənilmişdir. Məhkəmədə iddiaçının nümayəndəsi və vəkili Vəkil ilk iddia tələbini müfaiə edərək, onun təmin olunmasını xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Qarşılıqlı iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili X3 ilk iddia tələbini etiraf etməyərək onun rədd olunmasını, qarşılıqlı iddia tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etdi. Eyni zamanda qeyd etdi ki, şirkət olaraq işə başlanan zamanı ilkin olaraq avans və işi təhvil-təslim etdikdən sonra qalıq ödənişi alırlar. Hazırki iş üzrə mülkiyyət sahibi xəstə olmasını əsas gətirərək eyni zamandada gördükləri işdə hər hansı nöqsanın olmamasına əminliyin yağışlar yağdıqdan sonra 340 manatı ödəyəcəyini bildirmişdir. Bir müddət gözləyəndən sonra sentyabr ayından dekabr ayına kimi yağış yağmış və fevral ayına kimi uzadaraq bildirmişdi ki, guya onlar tərəfindən təhvil verdikləri işdə su buraxma halı mövcud olmuşdur. Bununla bağlı hadisə yerinə gedərək baxış keçirilməklə müəyyən olunmuşdur ki, onlar tərəfindən gördükləri işin üzərinə beton qatı çəkilmişdir. Beton qatının sökülərək yaranmış problemin onların təqsiri üzündən olduğu müəyyən edildiyi halda həll olunmasını təklif etmişlər. Lakin, iddiaçı bununla razılaşmamışdır. Buna baxmayaraq tərəflər arasında bağlanmış müqavilə şərtlərində birbaşa göstərilmişdir ki, onlar tərəfindən vurulmuş materiala hər hansı üçüncü şəxslər tərəfindən əlavə işlər görüldüyü təqdirdə onlara bu barədə məlumat verilməli idi. Lakin, iddiaçı müqavilə şərtlərinə əsasən bu barədə məlumat verməmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, ilk və qarşılıqlı iddia tələbləri təmin edilməməlidir. İş materiallarında olan podratçı Cavabdeh MMC ilə sifarişçi İddiaçı arasında xx.xx.2023-cü il tarixdə bağlanmış podrat müqaviləsinin predmetindən görünür ki, həmin müqavilə sifarişçinin Maştağa qəsəbəsində müqavilənin 3.3-cü bəndində nəzərdə tutulmuş şərtlərin təmin edilməsi ilə “Podrata” tərəfindən damın su və termo izolyasiya işlərinin (bundan sonra "İşlər” adlanacaq) görülməsi təşkil edir. “Sifarişçi” isə bu işlərin müqabilində bu müqavilənin 2.1-ci bəndində müəyyən olunmuş məbləği ”Podradçı"ya ödəməyi öz öhdəsinə götürür. Müqavilə üzrə izolyasiya işlərinin ümumi dəyəri (ƏDV xaric) 3840 manat müəyyən edilmişdir. Həmin müqavilənin “Tərəflərin hüquq və vəzifələri” adlanan 3-cü hissəsnin 3.3.8-ci bəndində göstərilmişdir ki, “Sifarişçi”-nin günahı üzündən baş verən qırılmalar, sökülmələr, layihə dəyişikliyi texniki zədə, mexaniki zədə, dəmir-qəlib işlərinin görülməsi nəticəsində, qaynaq ərimələrinin fəsadı və başqa bu kimi xətalara görə məsuliyyət "Sifarişçi”-yə aid edilir. Həmin işlərin yenidən bərpası və ya təmiri üçün icrası qiymət razılaşması əsasında həyata keçirilir. Həmin müqavilənin 3.3.8-ci bəndində göstərilmişdir ki, “Podratçı”nın yazılı razılığını almadan müqavilə üzrə xidmətin icrası üçün üçüncü şəxsləri cəlb etməmək “Sifarişçi”nin vəzifəsidir. Həmin müqavilənin 3.4.3-cü bəndində göstərilmişdir ki, “Podratçı”nın təqsiri səbəbilə yaranan müstəqil ekspert rəyi ilə təsdiq olunmuş qüsurların aradan qaldırılmasını tələb etmək “Sifarişçi”nin hüququdur. Həmin müqavilənin 4.6-cı bəndində göstərilmişdir ki, iş “Sifarişçi”yə təhvil-təslim edildikdən sonra “Sifarişçi”nin məsul olduğu səbəblərə görə baş verən qırılmalar, sökülmələr, layihə dəyişikliyi texniki zədə, mexaniki zədə, dəmir-qəlib işlərinin görülməsi nəticəsində, qaynaq ərimələrinin fəsadı nəticəsində, su buraxma halları və başqa bu kimi xətalara görə məsuliyyət “Sifarişçi”yə aid edilir. Həmin müqavilənin 2.2-ci bəndində göstərilmişdir ki, “Sifarişçi” işlərin icrası üçün əvvəlcədən işlərin Qiymət razılaşma protokolunda nəzərdə tutulan ümumi dəyərinin 50%ni müqavilə tərəflər arasında imza və möhür ilə təsdiq edildiyi anda “Podratçı”ya avans şəklində ödəyir. Həmin müqavilənin 2.2.1-ci bəndində göstərilmişdir ki, işlərin qalan 50%-i işlər təhviltəslim aktı əsasında təhvil verildikdən sonra 3(üç) iş günü ərzində “Sifarişçi” tərəfindən “Podratçı”ya ödənilir. Həmin müqavilənin 4.2-ci bəndində göstərilmişdir ki, 4.2. keyfiyyətsiz betona görə gələcəkdə yarana biləcək hər hasısa bir sıxıntıya görə "Sifarişçi” məsuliyyət daşıyır. "Sifarişçi”-nin işin icrası dövründə izolyasiya edilmiş sahənin üzərinə kəsici, deşici, mexaniki təsir, hərəkət və bu kimi başqa hərəkətləri etməsinə yol verilmir. İş materiallarında olan təhvil alan İddiaçı ilə Təhvil verən Cavabdeh MMC arasında xx.xx.2023-cü il tarixdə tərtib edilmiş Forma 2 (işlərin təhvil-təslim edilmə) aktından görünür ki, fərdi evin damının PVC membranla izolyasiya işləri yoxlanılıb su testi edilmişdir. Bu aktla təhvil verən görülmüş işləri təhvil verir, təhvil alan isə həmin işləri təhvil alaraq təsdiq edir ki, yerində baxış və sınaq zamanı görülmüş işlərdə heç bir qüsur və çatışmaqzlıqlar aşkar olunmamış, habelə təyin olunmuş nəticə əldə edilmişdir. Görülmüş işlərə 10 il zəmanət verilir. Akt imzalandığı tarixdən etibarən qeyd olunan sahəyə məsuliyyət təhvil alanın üzərinə düşür və təhvil alan bu tarixdən sonra təhvil verilmiş işlərdə (pvc membranla görülmüş işlər) mexaniki və digər zədələrə və çatışmazlıqlara görə tam məsuliyyəti öz üzərinə götürür. İş materiallarında olan “X4 mərkəzi” MMC-nin hesabatında göstərilmişdir ki, Bakı şəhəri, Maştağa qəsəbəsində yerləşən qiymətləndirməyə təqdim edilmiş fərdi yaşayış evinin daxilinə yağış sularının sızıntısı evin damına çəkilən termo izolyasiyarın öz funksiyasını lazımi qaydada yerinə yetirmədiyindən, xaricdən yığılan su yığıntılarının fərdi yaşayış evinin daxilinə nüfuz etməsinin qarşısını saxlama qabiliyyəti olmaması səbəbindən su sızması baş vermişdir. Fərdi yaşayış evinin daxilinə su sızıntısı nəticəsdində dəymiş zərər məbləği və onların gələcəkdə qarşısının alınması məqsədi ilə quraşdırılmış dam örtüyünün ümumi xərci 6023 manat təşkil edir. İş materiallarından görünür ki, “X4 Mərkəzi” MMC-nin hesabına xidmət haqqı olaraq 300 manat ödənilmişdir. İş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli rəyində göstərilmişdir ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin dam hissəsinin izolyasiya qatı dalğavari metal təbəqə (dam örtüyü) ilə üzləndiyindən həmin fərdi yaşayış evinin dam hissəsinin izolyasiya qatına baxış keçirilməsi mümkün olmamışdır. Qeyd olunan səbəbdən qərardadda ekspert qarşısında qoyulmuş 1, 2, 3, 4 və 6-cı sualların cavablandırlması mümkün olmamışdır. ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin dam hissəsinin izolyasiya qatının dalğavari metal təbəqə (dam örtüyü) ilə üzləndiyi müəyyən olunur. Lakin, qeyd olunan fərdi yaşayış evinin dam hissəsi dalğavari metal təbəqə (dam örtüyü) ilə üzləndiyindən həmin fərdi yaşayış evinin dam hissəsinin izolyasiya qatına baxış keçirilməsi mümkün olmamışdır. Qeyd olunan səbəbdən qərardadda ekspert qarşısında qoyulmuş 5-ci sualın 2-ci hissəsinin cavablandıırlması mümkün olmamışdır. İş materiallarında olan ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 50 manat qiymətləndirilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdeh iddiaçıya məxsus fərdi yaşayış evinin damının su və termo izolyasiya işlərinin görülməsi öhdəliyini 3840 manat müqabilində öz üzərinə götürmüş, iş görüldükdən sonra dam örtüyü su testindən keçirilməklə iddiaçıya 10 il zəmanətlə təhvil verilmişdir. Təhvil-təslimdən dərhal sonra iddiaçı cavabdeh şirkətlə müqavilənin şərtlərində göstərildiyi kimi yazılı formada razılaşdırmadan damın üzərinə beton örtüyü çəkdirməklə əlavə işlər görmüşdür. Bu işlərin görülməsindən xeyli vaxt sonra damdan su sızması baş vermiş, cavabdehə ünvanlanan pretenziya isə yerində əlavə işlərin görülməsi əsas gətirilməklə məsuliyyətin iddiaçının üzərində olması ilə cavablandırılmışdır. Məhkəmə ilk öncə ilk iddiaçının tələb irəli sürməkdə subyektiv hüququnun olmasına münasibətdə qeyd edir ki, iddiaçı əmlak sahibi ilə bağladığı tapşırıq müqaviləsi əsasında cavabdehlə podrat müqaviləsini bağlamaqla həmin müqavilənin tərəfi olaraq görülmüş işləri mübahisələndirmək hüququna malik olmuşdur. Tərəflər arasında bağlanmış podrat müqaviləsinə görə podratçı öz üzərinə düşən öhdəliyi yerinə yetirmiş, gördüyü izolyasiya işlərini yoxlamaqla və 10 il zəmanət verməklə təhvil vermişdir, sifarişçi (mülki iş üzrə iddiaçı) isə işin texniki normalara tam uyğun yerinə yetirildiyini, icrası nəticəsində hər hansı qüsura yol verilmədiyini təsdiq etməklə işi qəbul etmişdir. Məhkəmə iclasında iddiaçının bildirdiyinə görə görülən işin daha da etibarlı olması üçün izolyasiya qatının üzərindən betonlama işinin aparılması qərarına gəlmiş və bunu təhvil-təslim aktı bağlandıqdan dərhal sonra üçüncü şəxslərə tapşırıq verməklə icra etmişdir. Betonlama işlərinin aparılmasının zəruri olduğu qənaətinə gəlinməsinə səbəb izolyasiya işlərinin icrası zamanı cavabdehin nümayəndələrinin şifahi məsləhəti olmuşdur. Əvvəlki məhkəmə iclaslatrında isə iddiaçının bildirdiyinə görə, betonlama işlərinin görülməsi podratçı tərəfindən əlavə qiymətə əsasən təklif edilmiş, lakin bu işləri üçüncü şəxlər cəlb etməklə daha az vəsaitə özü icra edə biləcəyini düşünərək təhvil təslimdən dərhal sonra etmişdir. İşlər tamamlanandan uzun müddət sonra mütəmadi yağıntılar nəticəsində görülmüş işlərdə qüsur müəyyən edilmiş, evin daxilinə su sızmışdır. Qeyd olunmalıdır ki, yaranan vəziyyətdə işlərin qüsurunun cavabdehin keyfiyyətsiz icrası nəticəsində əmələ gəlməsinin sübutetmə yükü iddiaçının üzərinə düşmüşdür. Lakin, təhvil-təslim aktı ilə işlərin qəbul edilməsindən sonra, heç bir qüsur aşkar edilmədən, yəni yağıntı nəticəsində baş vermiş su sızma hadisəsindən əvvəl iddiaçı tərəfindən aparılan əlavə işlər qüsurun səbəbini aşkar etməyə imkan verməmişdir. Bununla, o cümlədən podratçının işlərə müəyyən etdiyi qarantiyanın da hüquqi əhəmiyyəti itmişdir. İddiaçının işlərin icrası zamanı tərəfindən aşkar edilmiş və podratçı tərəfindən təhviltəslimdən əvvəl aradan qaldırılmış qüsurun olmasını səbəb qətirərək işlər yekunlaşandan sonra baş vermiş su sızmanın eyni yerdən olması dəlilinə qarşı əvvəlki və sonrakı su sızmanı eyni yerdən baş verdiyini sübut etməli olması tələbinə münasibətdə onda yalnız təhvil təslimdən sonrakı su sızmanın fotoşəkillərinin mövcud olduğunu, işlərin icrası zamanı tərəfindən aşkar edilmiş qüsur nəticəsində su sızmanın fotoşəkillərin olmadığını bildirmişdir. Cavabdehdə öz növbəsində qarşılıqlı olaraq iddiaçının üçüncü şəxsləri cəlb edərək beton örtüyünün onlara məlumat verilmədən çəkilməsini, fərdi yaşayış evinin damında onlar tərəfindən görülən işlərin su testi keçirilməklə təhvil verilməsini əsas gətirərək 340 manat müqavilə üzrə ödənilməli pulun qalığı, 691,20 manat ƏDV borcu, 7.699,20 manat dəbbə pulu, 51,56 manat gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faiz, 5000 manat mənəvi zərərin, 120 manat hüquqi xidmət pulunun və ödədiyi 132 manat dövlət rüsumunun tutulmasını xahiş etmişdir ki, muzdun ödənilməmiş hissəsinin mövcud olmasını və onun gecikdirildiyini sübut edilməsi yükününü üzərində olmasını nəzərə almalıdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, işlərin icrası ilə əlaqədar cavabdeh tərəfindən iddiaçıya xx.xx.2023-cü il tarixli “Qiymət razılaşması protokoluna” Əlavə 1 təqdim edilmiş, 1500 manat məbləğində avans ödənilməsi barədə qeyd aparılmışdır. Sonrakı ödənişlərin hansı formada və həcmdə aparıldığını sübut edən sənəd təqdim edilməmiş, lakin cavbdeh etiraf edərək bildirmişdir ki, iddiaçıdan ümumilikdə 3500 manat qəbul etmişdir. Buna sübut olaraq cavabdehin 2023-cü ilin iyun ayı üçün tərtib edilmiş və Dövlət Vergi xidmətinin Bakı şəhəri X7 üzrə Baş idarəsinə ƏDV-nin cəlb olunan dövriyyə barədə məlumatın 301.1.2.7-ci bəndində 3500 manat məbləğin daxil edilməsini göstərən blank təqdim etmişdir. Bu sübuta münasibətdə qeyd olunmalıdır ki, həmin məlumatlar ümumi xarakter daşımaqla və təhvil-təslim aktından əvvəlki dövrə aid olmaqla, konkret müqavilə üzrə edilmiş ödəniş kimi fərdiləşdirilməsinə imkan vermir. Belə olduğu təqdirdə cavabdeh qarşılıqlı tələbində göstərdiyi halların sübut edilməsi üçün mötəbər sübutlar təqdim edə bilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 753-cü maddəsinə əsasən, sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. Müqavilədə nəzərdə tutulmayan və sifarişçi tərəfindən yerinə yetirilməsi tələb edilməyən işlər ödənilmir. Tələb edildikdə podratçı belə işlərin nəticələrini aradan qaldırmalıdır. Əgər o bunu ağlabatan müddət ərzində etməzsə, sifarişçi onları podratçının hesabına aradan qaldıra bilər. Bundan başqa, podratçı bütün digər zərər üçün sifarişçi qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 755-ci maddəsinə əsasən, podratçı işi şəxsən yerinə yetirməyə yalnız bunun müqavilədən, yaxud konkret hallardan və ya işin xarakterindən irəli gəldiyi hallarda borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 762.2-ci maddəsinə əsasən podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır. Həmin Məcəllənin 773-cü maddəsinə əsasən, əgər sifarişçi məmulatın qüsurlu olduğunu bilə-bilə pretenziya irəli sürmədən onu qəbul edirsə, bu qüsurlarla bağlı tələb hüququ əmələ gəlmir. Həmin Məcəllənin 774-cü maddəsinə əsasən, əgər podratçı məmulata qarantiya müddəti üzrə öhdəlik götürmüşdürsə, qarantiyanın qüvvədə olduğu müddətdə aşkar edilən qüsur müvafiq hüquqlar doğurur. Tərəflər arasında bağlanmış Müqavilənin 4.6-cı bəndində qeyd edilmişdir ki, iş "Sifarişçidə təhvil-təslim edildikdən sonra “Sifarişçi"-nin məsul olduğu səbəblərə görə baş verən qırılmalar, sökülmələr, layihə dəyişikliyi texniki zədə, mexaniki zədə, dəmir-qəlib işlərinin görülməsi nəticəsində, qaynaq ərimələrinin fəsadı nəticəsində, su buraxma balları və başqa bu kimi xətalara görə məsuliyyət “Sifarişçiyə aid edilir. Belə xətalar baş verdikdə həmin sahədə təmir işlərinin aparılması tərəflərin qarşılıqlı qiymət razılaşması ilə əlavə ödəniş əsasında həyata keçirilir. Eyni zamanda da müqavilənin 4.1-ci bəndində göstərilmişdir ki, "Podratçı” Məsuliyyət daşıdığı işlərə “Sifarişçi" tərəfindən Podratçı ilə yazılı razılıq əldə etmədən üçüncü şəxslərin müdaxiləsi zaman "Podratçı”nın öhdəliyində olan məsuliyyət bir tərəfli qaydada ləğv olunur. Göründüyü kimi, ilk iddia üzrə iddiaçı sonradan görülmüş işləri podratçı şirkətlə müvafiq qaydada razılaşdırmamış, bununla müqavilə şərtlərini pozmuşdur. Məhkəmə araşdırması zamanı təyin edilmiş məhkəmə-mühəndis ekspertizası podratçı şirkət tərəfindən görülmüş işlərin qüsurlu olub-olmamasını, görülmüş əlavə işlərin izolyasiya qatının zədələyib zədələməməsini müəyyən edə bilməmişdir. Beləliklə, iddiaçı yağış yağması nəticəsində su axıntılarının podratçı şirkətin gördüyü qüsurlu işin nəticəsində baş verməsini sübut edə bilmədi. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz (maddə 9.3). Həmin Məcəllənin 14.2-ci və 77.1-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Prosessual qanunvericiliyin sadalanan normaları çəkişmə prinsipini mülki prosesin əsas prinsiplərindən biri kimi müəyyənləşdirir, hakimin üzərinə müstəsna olaraq tərəflərin təqdim etdikləri sübutları araşdırmaq və onlardan istifadə etmək vəzifəsi qoyur. Beləliklə, ilk iddia tələbi üzrə qüsurlu işin görülməsi sübut edilmədiyindən iddiaçı podratçı şirkətə ödədiyi 3840 manatın və eləcədə yeni dam örtüyünün qurulmasına görə 6.182 manatın, mütəxəssis rəyinə görə 300 manatın, hüquqi xidmətlərə görə 500 manatın tutulması barədə tələbi təmin edilə bilməz. Məhkəmə qarşılıqlı iddia tələbinə münasibətdə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər Həmin Məcəllənin 466.1-ci maddəsinə əsasən əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi üçün dəbbə pulu müəyyənləşdirilmişsə, zərərin dəbbə pulu çatmamış hissəsinin əvəzi ödənilir. Qarşılıqlı iddia tələbinin əsasında podrat müqaviləsi üzrə ödənilməli olan məbləğdən 340 manatın ödənilməməsi və bununla da, həmin məbləğə hesablanmış 7699.2 manat dəbbə və 51.56 manat faiz məbləği durmuşdur. Məhkəmə qeyd edir ki, razılaşdırılmış məbləğdən 340 manatın ödənilməməsini işin hər hansı halı ilə müəyyən etmək mümkün olmamaqla yanaşı sifarişçi-ilk iddia üzrə iddiaçı tərəfindən də etiraf edilməmiş, müqavilə yaxud başqa razılaşma ilə məbləğin bir hissəsinin sonradan ödənilməsi şərtləndirilməmişdir. Əksinə görülmüş işin təhvil-təslim edilməsi buna müvafiq qarşılığının-məbəğin alınması anlamına gəlməklə, sifarişçi tərəfindən podratçıya razılaşdırılmış muzdun ödənilməsini sübut edir. Odur ki, qarşılıqlı iddia qeyd edilən hissələrdə əsaslı hesab edilməməklə təmin edilə bilməz. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§ 68). İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Məhkəmə qarşılıqlı iddianın “691,20 manat ƏDV borcu”un tutulması hissəsinə münasibətdə qeyd edir ki, nə müqavilə nə ayrı razılaşma əsasında podrat müqaviləsi üzrə müəyyən edilmiş əlavə dəyər vergisinin sifarişçidən tutulması nəzərdə tutulmadığından bu hissə də iddia əsaslı sayılmamaqla təmin edilməməlidir. Məhkəmə həm ilk həm qarşılıqlı iddia tələblərinin “mənəvi ziyanın ödənilməsi” hissəsinə münasibətdə qeyd edir ki, prosessual qənaət prinsipi baxımından tələbin bu hissəsi əsas yəni maddi hissəsindən törəmə tələb olduğundan və həmin tələb təmin edilmədiyindən məhkəmə mənəvi ziyanın ödənilməsi hissəsində ilk və qarşılıqlı iddia tələblərini təmin etməməkdə haqlıdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 nömrəli Qərarının 2-ci bəndinin 3-cü abzasında göstərilir ki, mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü biruzə verə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.2-ci maddəsinin tələbinə görə, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsinin “Mülki Məcəllənin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixli qərarında qeyd olunmuşdur ki, mənəvi zərərin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır. Beləliklə məhkəmə hesab edir ki, ilk və qarşılıqlı iddia tələbləri təmin edilməməlidir. Məhkəmə həmçinin ilk və qarşılıqlı iddia tələblərinin təmin edilməməli olması nəticəsinə gəldiyindən, ödənilmiş dövlət rüsumlarının özlərinə aid edilməsi qənaətinə gəlir. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 manatın 25 manatı İddiaçı, 25 manatı Cavabdeh MMC-dən alınaraq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh MMC-yə qarşı maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair ilk iddia tələbi təmin edilməsin. Cavabdeh MMC-nin İddiaçı qarşı pul tələbinə dair qarşılıqlı iddiası təmin edilməsin. Məhkəmə xərcləri ilk və qarşılıqlı iddia üzrə iddiaçıların özlərinə aid edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 manatın 25 manatı İddiaçı, 25 manatı Cavabdeh MMC-dən alınaraq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin (VÖEN **********, müxbir hesab AZ41NABZ********************). Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nail Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar