Məhkəmə qərarları › İş №2(006)-1706/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1706/2021

07.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1706/2021 07.04.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi Rayon Məhkəməsi hakim Tağıyeva Natavan Tağı qızının sədrliyi, məhkəmə iclas katibi Məmmədova Şəbnəm Hikmət qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı “sığorta məbləğinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Nəsimi rayon Məhkəməsinə müraciət edərək, onun hərbi xidmət dövründə xəsarət almağı ilə bağlı qanunla nəzərdə tutulmuş 4400 manat dövlət icbari şəxsi sığorta məbləğinin Dövlət Sığorta Kommersiya şirkətindən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, o, 1990-1992-ci illər Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Sədərək Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılaraq yerli könüllülər dəstəsində erməni işğalçılarına qarşı gedən döyüşlərdə yaxından iştirak etmişdir. xx.xx.1992-ci il tarixində erməni quldurlarının Sədərək kəndinə basqını zamanı yaxınlığında mərminin partlaması nəticəsində alın-təpə, hər iki baldırın ön hissəsinə, qarın və bədənimin müxtəlif yerlərinə qəlpə yarası və kəllə-beyin travması almışdır. Uzun müddətli müalicələr almışdır. xx.xx.2003-cü il tarixində Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının Qərarına (AR MN MHHK) əsasən xəsarəti Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunması vaxtı alınması göstərilmiş TSEK-nin qərarı ilə 3-cü qrup əlillik dərəcəsi verilmişdir, həmçinin müharibə veteranıdır. Ona sığorta ödənişinin verilməsi ilə bağlı cavabdeh tərəfə xx.xx.2020 tarixində ərizə ilə müraciət etmiş və xx.xx.2020-də Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya şirkəti tərəfindən ******* nömrəli cavab məktubu almışdır. Məktubda hadisədən uzun müddət keçməsi əsas gətirilərək ödəmədən imtina olunmuşdur. Bu səbəbdən o, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Sonda iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 iddia tələbinin əsassız olduğunu bildirərək iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iş materiallarını araşdırıb, təqdim olunmuş sübutları müvafiq maddi və prosessual hüquq normalarına əsasən qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının 275 saylı xx xxxxxxxx 2003-cü il tarixli qərarında qeyd edilir: “Naxçıvan MR, Sədərək RHK tərəfindən 1992-ci ildə hərbi xidmətə çağırılmış, vətəndaş İddiaçı döyüş zonasında hərbi xidmət keçərkən, xx.xx.1992-ci ildə aldığı travma və yaralanma - diaqnoz: « Keçirilmiş qapalı kəllə-beyin travmasının mikroocaqlı üzvi nevroloji nişanələr, davamlı asteno-nevrotik təzahürlərlə müşayiət olunan, kəllədaxili təzyiqin mülayim dərəcədə artması ilə keçən, serebral araxnoiditlə nəticələnmiş qalıq əlamətləri, mərkəzi sinir sistemi funksiyasının mülayim dərəcədə pozulması ilə alın, təpə, sağ baldırın və budun, sol saidin qəlpə yaralanmasından sonra dəri çapıqları» nə səbəbə ki, xx.xx.1992-ci ildən xx.xx.1992-ci ilə kimi Şərur rayonu mərkəzi xəstəxanasında müayinə və müalicə olunmuşdur (Şərur RMX-nın xx.xx.1992-ci il tarixli çıxarış epikrizi, Sədərək RHK-nın xx.xx.1999-cu il tarixli 81 saylı arayışı), «HƏRBİ TRAVMADİR, AZƏRBAYCAN RESPUBLİKASİNİN MÜDAFİƏSİ ZAMANİ ALİNMİŞDİR»”. İş materiallarından göründüyü kimi, İddiaçı Naxçıvan MR Sədərək RHK tərəfindən müharibə veteranı kimi xx xxxxxx 2000-ci ildə 042219 saylı vəsiqə verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Sığorta Şirkəti tərəfindən xx xxxxxxxx 2020-ci il tarixdə iddiaçıya verilmiş cavabda qeyd olunur: “Sizin İİİ qrup əlillik dərəcəsi almanız ilə əlaqədar hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası üzrə sığorta ödənişinin verilməsi barədə Dövlət Sığorta Şirkətinə ünvanladığınız ərizənizə cavab olaraq bildiririk ki, ”Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında“ Azərbaycan Respublikasının xx.xx.1997-ci il tarixli Qanununun 5-ci maddəsinin ”ç“ bəndinə əsasən xidməti vəzifəsini yerinə yetirməsi ilə əlaqədar olaraq sığorta olunana xidmətdən (toplanışdan) buraxıldığı gündən 3 il müddətində əlillik təyin olunduqda, o sığorta məbləğini almaq hüququna malikdir. Sənədlərdən göründüyü kimi, Siz 1992-ci ildə hərbi xidmətdən tərxis olunmusunuz və bu hadisədən 12 ildən artıq müddət keçdikdən sonra, yəni-cü ildə İİİ qrup əlillik dərəcəsi almısınız. Buna görə də, iddia müddətindən 3 ildən artıq vaxt keçdiyi üçün Sizə Qanunda nəzərdə tutulmuş sığorta ödənişinin verilməsi qeyri mümkündür”. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Zona Tibbi Sosial Ekspert Komissiyasının 708335 saylı arayışından görünür ki, İddiaçı İİİ-cü qrup əlildir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İİİ hissəsində göstərilmişdir ki, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə əsasən bu Qanuna uyğun olaraq hərbi qulluqçu on bir min manat məbləğində sığorta edilir. Sığorta haqqı sığorta məbləğinin 1 faizi miqdarında müəyyən edilir. Həmin Qanunun 5-ci maddəsinə əsasən aşağıdakılar sığorta hadisələri hesab edilir və onlara görə sığorta ödənişləri bu Qanunun 4-cü maddəsi ilə müəyyən edilmiş sığorta məbləğinin müvafiq faiz nisbətlərində verilir: a) sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman həlak olduqda, öldükdə və ya xəbərsiz itkin düşdüyünə görə məhkəmə qərarı ilə ölmüş elan edildikdə — 100 faiz; b) sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman xəsarət (yaralanma, travma, kontuziya) alması, habelə xəstələnməsi nəticəsində xidmətdən (toplanışdan) buraxıldıqdan sonra üç il müddətində öldükdə — 100 faiz; c) sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman xəbərsiz itkin düşdükdə (məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda) — 100 faiz; ç) hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən və ya həqiqi hərbi xidmət dövründə xəsarət (yaralanma, travma, kontuziya) almasına, habelə həqiqi hərbi xidmət dövründə xəstələnməsinə görə həqiqi hərbi xidmətə yararsız hesab edilərək həqiqi hərbi xidmətdən (toplanışdan) ehtiyata və ya istefaya buraxıldığı gündən, həmçinin ehtiyata və ya istefaya buraxıldığı gündən həqiqi hərbi xidmət dövründə alınmış xəsarət (yaralanma, travma, kontuziya) və ya xəstəliklə əlaqədar üç il müddətində sığorta olunana əlillik təyin olunduqda: - İ qrup əlilliyə görə — 80 faiz; - İİ qrup əlilliyə görə — 60 faiz; - İİİ qrup əlilliyə görə — 40 faiz; d) sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman, bu maddənin a, b və ç bəndlərində nəzərdə tutulmuş hallarla nəticələnməyən: - ağır xəsarət (yaralanma, travma, kontuziya) aldıqda — 25 faiz; - yüngül xəsarət (yaralanma, travma, kontuziya) aldıqda — 5 faiz. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, iddiaçıya hərbi xidmət dövrü ilə əlaqədar İİİ-cü dərəcəli əlillik verilmişdir. O, sığorta ödənişinin verilməsi ilə əlaqədar Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə müraciət etmiş, lakin sığorta ödənişi verilməmişdir. Belə olan halda, iddiaçı haqlı olaraq hazırki tələblə bağlı məhkəməyə müraciət etmişdir. Məhkəmə qanunvericiliyin yuxarıda göstərilən müddəlarını əsas götürərək hesab edir ki, 11.000 manat sığorta məbləğinin 40 faizi, yəni 4.400 manat məbləğində sığorta ödənişi iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, istinad olunan hüquq normalarına əsasən Azərbaycan Respublikası Dövlət Sığorta Şirkəti tərəfindən xx xxxxxxxx 2020-ci il tarixdə iddiaçıya verilmiş cavab qanunun tələblərinə uyğun deyil, həmin cavab əsassızdır və iddiaçının tələbi əsaslı olduğuna görə iddiaçıya cavabdeh tərəfindən sığorta ödənişi ödənilməlidir. Ona görə də, məhkəmə hesab edir ki, cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən İddiaçı xeyrinə 4400 (dörd min dörd yüz) manat məbləğində sığorta pulu tutulmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən iddiaçı İddiaçı xeyrinə 4400 (dörd min dörd yüz) manat məbləğində sığorta pulu tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Natavan Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar