Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-172/2022 19.04.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, İsmayılova Səbinə İmran qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X2 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı «sığorta ödənişinin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı «sığorta ödənişinin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, 17.01.2021-ci il tarixdə, saat 16.00 radələrində iddiaçı etibarnamə ilə idarə etdiyi «Toyota Prado» markalı, **-PE-*** dövlət qeydiyyat nişanlı avtomobillə Nizami rayonunda üzü «Xalqlar Dostluğu» istiqamətində piyada keçidində dayanıb piyadaya yol verərkən, həmin istiqamətdə hərəkətdə olan Müşfiq adlı şəxsin idarə etdiyi "xxxx" markalı, ** VA *** dövlət qeydiyyat nişanlı avtomobili ilə yüksük surətlə gələrək onun avtomobilini arxadan vurmuş, hadisə nəticəsində yüngül xəsarət almış, avtomobilinə isə maddi zərər dəymişdir. Hadisə ilə bağlı 102 Xidmət Mərkəzinə zəng vuraraq məlumat vermişdir. Yol polis əməkdaşı biraz keçdikdən sonra gəlib hadisəni qeydə aldı, sonra da "xxxx" markalı avtomobilin icbari sığortası olan Dövlət Sığorta Şirkətinin əməkdaşıv yaxınlaşaraq hadisəni qeydə aldı. Hadisə zamanı avtomobilinə dəyən zərəri Dövlət Sığorta Şirkətinin əməkdaşları hesablamağa başlamışlar, lakin sığorta şirkəti avtomobilinə dəymişə real zərəri gizlətməyə, cüzi zərər qeyd edib 680 manat sığorta məbləği ödəməklə kifayətlənməyə çalışmışlar. Belə ki, cavabdeh Dövlət Sığorta Şirkəti cüzi zərər dəyməsini bildirsələr də, iddiaçı Toyota Servisdə qiymətləndirmə aktı çıxardırıb, avtomobilinə 3200 manat zərər hesablanmışdır. Dövlət Sığorta Şirkətinə qiymətləndirmə aktını təqdim etməyinə və şikayətinə baxmayaraq 680 manat sığorta məbləğindən artıq məbləğ ödəyə bilməyəcəklərini bildirmişlər. İddiaçı həmin sığorta məbləği ilə razı deyil. Çünki avtomobil Toyota Servisdə müayinədən keçirilmiş və müəyyən edilmişdir ki, avtomobilinə 3200 manat məbləğində maddi zərər dəymişdir. Avtomobil bu hadisəyədək zərbə görməmişdir, onun heç bir hissəsində rənginə belə əl dəyməmişdir., hadisə zamanı zərbə nəticəsində avtomobilin üz hissələri ilə yanaşı hərəkət hissələrinə də böyük zərbə dəymişdir, avtomobil hələ təmir olunmamış, gələcəkdə təmir olunsa da əvvəlki saz vəziyyəti tam bərpa edilməyəcək, vurulmuş avtomobil kimi həmişə dəyərindən aşağı qiymətləndiriləcək. Sığorta Şirkəti isə öz öhdəliyini yerinə yetirmir, vurulmuş zərəri tam həcmdə ödəməli olduğu halda öhdəliyinin icrasından yayınır. Sığorta şirkəti avtomobilə dəymiş zərəri tam ödəmədiyi üçün, sığorta hadisəsi üzrə ödəməli olduğu real zərəri ödəmədiyi üçün avtomobil təmirsiz vəziyyətdə qalıb. Bu da onun dəyərinin günbəgün düşməsinə səbəb olur. Bu hərəkətləri ilə sığorta təşkilatı iddiaçıya mənəvi zərər vurur, iddiaçı onların real zərəri ödəməməsinə görə avtomobilini təmir etdirə bilmir, stres və əsəb gerginliyi keçirir, cavabdeh sığorta təşkilatı ona zərər vurur. Cavabdehin iddiaçıya vurduğu mənəvi zərəri 1000 manat dəyərində qiymətləndirir. Beləliklə, avtomobilinə dəymiş 3200 manat maddi zərər, 1000 manat mənəvi zərər və 30 manat dövlət rüsumu,cəmi 4230 manat cavabdeh Dövlət Sığorta Şirkətindən tutulmalıdır. Göstərilənlərə əsasən cavabdeh Dövlət Sığorta Şirkətindən 3230 manat, mənəvi zərərin əvəzi olaraq 1000 manat pulun tutularaq iddiaçıya ödənilməsinə dair qətnamə qəbul edilməsi xahiş edilmişdir.
a) Məhkəmə icraatı iştirakçılarının izahatları:
3. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etmiş, iddia ərizəsində göstərilənləri təsdiq edərək tələbin təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
4. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X4 iddia tələbini qəbul etməyərək iddianın rədd edilməsi məhkəmədən xahiş etmişdir. Cavabdehin nümayəndəsi həmçinin göstərmişdir ki, hazırki iddiaçının maddi ziyan tələb etməsində subyektiv hüququ mövcud deyildir. Bu hüquq yalnız mülkiyyətçiyə aiddir ki, bununlada bağlı iddia yoxdur.
5. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir.
Əsaslandırıcı hissə: a) Mülki işin materialları:
6. Belə ki, iş materiallarında olan AR DİN BDYPİ Qİİ tərəfindən verilmiş 17.12.2019cu il tarixli AD seriyalı 677084 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, ** PE *** qeydiyyat nişanlı «Toyota Land-Cruiser-Prado» minik markalı nəqliyyat vasitəsi "xxxx" MMC-nin adına qeydiyyata alınmışdır.
7. İş üzrə 18.12.2020-ci il tarixli etibarnamənin surətinə əsasən "xxxx" MMC-yə məxsus «X7 Prado» markalı, qara metalik rəngli, dövlət nömrə nişanı **-PE-***, mühərrik № 8493288, ban № JTEBX3FJ40K117067 olan minik avtomobilini idarə etmək hüququ İddiaçı 18.01.2021-ci il tarixədək etibar edilmişdir.
8. X5 tərəfindən tərtib olunmuş 21.01.2021-ci il tarixli qüsur aktın surətindən görünür ki, «Toyota Prado» markalı, **-PE-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinə baxış keçirilmiş, avtomobilin təmiri və ehtiyyat hissələrinin dəyişdirilməsi üçün cəmi 680 manat vəsait hesablanmışdır.
9. "xxxx" MMC tərəfindən tərtib olunmuş 22.01.2021-ci il tarixli qiymətləndirmə aktından görünür ki, «Toyota Prado» markalı, **-PE-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinə baxış keçirilmiş, avtomobilin təmiri və ehtiyyat hissələrinin dəyişdirilməsi üçün 2711,86 manat, ƏDV 488,14 manat, cəmi 3200 manat vəsait hesablanmışdır.
10. İş üzrə Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən İddiaçı ünvanlanmış 29.01.2021-ci il tarixli məktubundan görünür ki, «Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası» müqaviləsi üzrə sığortalanmış «Mercedes-Benz C180» markalı, **-VA-*** dövlət qeydiyyat nişanlı avtomobili lə 17.01.2021-ci il tarixində Nizami rayonu ərazisində baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində İddiaçı idarə etdiyi «toyota Land-Cruiser Prado» markalı, **-PE-*** dövlət qeydiyyat nişanlı avtomobilə maddi ziyan dəyməsi ilə bağlı bildirirlər ki, avtomobilə dəymiş zərər hesablanaraq 680 manat məbləğində müəyyən edilmişdir. Qiymətləndirmənin nəticə ilə razı olmadığı təqdirdə, avtomobilini şirkətinin əməkdaşlıq etdiyi servis-təmir müəssisələrinin birinə təqdim etməsini xahiş etmişlər.
11. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/2882 saylı, 26 iyul 2021-ci il tarixli məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, nəzəri hesablama yolu ilə iş materiallarında "xxxx" MMC-nin 22.01.2021-ci il tarixli qüsur aktındankı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2013-cü il buraxılışlı «Toyota Prado» markalı, ** PE *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 2711,0 manat müəyyən edilmişdir. Aparılmış ekspert tədqiqatının dəyəri 100 (yüz) manat məbləğində müəyyən edilmişdir.
12. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/6425 saylı, 22 oktyabr 2021-ci il tarixli təkrar məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, - Nəzəri hesablama yolu ilə iş materiallarında "xxxx" MMC-nin 22.01.2021-ci il tarixli qüsur aktındankı məlumatlara əsasən 17.01.2021-ci il tarixdə baş vermiş hadisə nəticəsində 2013-cü il buraxılışlı «Toyota Prado» markalı, ** PE *** dövlət qeydiyyat nişanlı, mühərrikin iş həcmi 2700 kub.sm. avtomobilin təmir-bərpa xərci təxminən 2711,0 manat, o cümlədən dəyişilməli hissələrin qiyməti - 1864,00 manat, təmir-bərpa işlərinin qiyməti - 847,00 manat, müəyyən edilmişdir. - Nəzəri hesablama yolu ilə iş materiallarında «X5» tərəfindən tərtib edilmiş 21.01.2021-ci il tarixli qüsur aktı məlumatlarına əsasən 17.01.2021-ci il tarixdə baş vermiş hadisə nəticəsində 2013-cü il buraxılışlı «Toyota Prado» markalı, ** PE *** dövlət qeydiyyat nişanlı, mühərrikin iş həcmi 2700 kub.sm. avtomobilin təmir-bərpa xərci təxminən 910,00 manat, o cümlədən dəyişilməli hissələrin qiyməti - 480,00 manat, təmirbərpa işlərinin qiyməti - 430,00 manat, müəyyən edilmişdir. Aparılmış ekspert tədqiqatının dəyəri 75 (yetmiş beş) manat məbləğində müəyyən edilmişdir. 13.Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/24 saylı, 16 fevral 2022-ci il tarixli təkrar məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, - Nəzəri hesablama yolu ilə iş materiallarında «X5»nin 21.01.2021-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2013-cü il buraxılışlı «Toyota Prado» markalı, ** PE *** dövlət qeydiyyat nişanlı avtomobilin təmirbərpa xərci hadisə baş verən tarixə təxminən 1357,00 manat müəyyən edilmişdir. - Nəzəri hesablama yolu ilə iş materiallarında "xxxx" MMC-nin 22.01.2021-ci il tarixli qüsur aktındankı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2013-cü il buraxılışlı «Toyota Prado» markalı, ** PE *** dövlət qeydiyyat nişanlı avtomobilin təmirbərpa xərci hadisə baş verən tarixə təxminən 2711,0 manat müəyyən edilmişdir. Aparılmış ekspert tədqiqatının dəyəri 100 (yüz) manat məbləğində müəyyən edilmişdir.
b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
14. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, "xxxx" Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətində icbari sığorta üzrə sığortalanmış «Mercedes Benz» markalı ** VA *** dövlət nömrə nişanlı avtomaşın 17.01.2021-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində iddiaçı tərəfindən etibarnamə əsasında idarə olunan «Toyota Prado» markalı, ** PE *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Yol-nəqliyyat hadisəsi nəticəsində «Toyota Prado» markalı, ** PE *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə ziyan dəymişdir. İddiaçının avtomobilinə dəymiş zərər X5 tərəfindən 680 manat məbləğində qiymətləndirilmişdir. "xxxx" MMC tərəfindən avtomobilə dəymiş zərər 3200 manat məbləğində qiymətləndirilmişdir. İş üzrə keçirilmiş 16.02.2022-ci il tarixli təkrar məhkəməəmtəəşünaslıq ekspertizasının rəyi ilə müəyyən edilmişdir ki, X3 21.01.2021-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla «Toyota Prado» markalı, ** PE *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci 1357,00 manat, "xxxx" MMC-nin 22.01.2021-ci il tarixli qüsur aktındankı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla avtomobilin təmir-bərpa xərci 2711,0 manat təşkil etmişdir. Hazırda iddiaçı ona dəymiş zərərin əvəzinin ödənilməsini tələb edir. İddiaçı sığorta şirkəti tərəfindən hesablanan ziyan məbləği ilə razi deyil. Bu səbəbdən iddiaçı cavabdehdən vurulmuş ziyanın əvəzi kimi 3230 manat məbləğində sığorta ödənişinin, mənəvi zərərin əvəzi olaraq 1000 manat pulun tutulmasını xahiş etmişdir.
c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:
15. Məhkəmə iddianın hüquqi əsaslılığı ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 922.1-ci maddəsinə əsasən sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır.
16. Həmin Məcəllənin 923.1-ci maddəsinin tələbinə görə sığorta hadisəsinin baş verməsi barədə sığortalı və ya sığorta olunan şəxs, yaxud faydalanan şəxs hadisədən xəbər tutduqdan dərhal sonra və ya mümkün olan ən qısa müddət ərzində sığortaçıya və ya onun nümayəndəsinə, eyni zamanda, həmin hadisə barədə məlumatlandırılmalı olan səlahiyyətli dövlət orqanlarına hər hansı vasitə ilə xəbər verməlidir.
17. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
18. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
19. Eyni Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
20. Həmçinin, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
21. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
22. Yuxarıda qeyd olunan qanunun normalarına əsaslanaraq məhkəmə hesab edir ki, Sığorta Şirkəti müqavilə ilə öz üzərinə götürdüyü öhdəliyi yerinə yetirməli və sığorta hadisəsi nəticəsində vurulmuş maddi ziyanın əvəzini iddiaçıya ödəməlidir.
23. Məhkəmə ekspert rəyinlərini əsas götürərək hesab edir ki, ümumi ağlabatan məbləğ müəyyən edilməli, sığortalı avtomobilin 2013-cü il buraxılışlı olmasını nəzərə alaraq vurulmuş zərərin məbləği 2034 (2711 (bir akt) -1357 (ikinci akt) = 1354 (aradakı fərq) :2= 677+1357 (minimum hesablanan akt üzrə ziyan) =2034) manat məbləği sığorta şirkətindən alınaraq iddiaçıya ödənilməlidir.
24. Məhkəmə vurulmuş mənəvi ziyana görə 1000 manat məbləğində pulun tutulması hissəsi üzrə qeyd edir ki, həmin hissədə də tələb əsaslı hesab edilə bilməz.
25. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03.11.2008-ci il tarixli 7№-li qərarınına əsasən Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri – əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər.
26. Məhkəmə qeyd edir ki, iddiaçı cavabdehin hərəkətləri nəticəsində mənəvi ziyan çəkməsini göstərsə də, bu halları təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, 1000 manat mənəvi ziyanın tutulması hissəsində də tələb təmin edilməməlidir.
27. Məhkəmə həmçinin cavabdehin nümayəndəsinin subyektiv hüquqla bağlı etirazına münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 dekabr 2017-ci il tarixli N.Qədirovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 10 mart 2017-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair qərarındaki hüquqi mövqeyə görə, lizinq zamanı tərəflər arasında yaranan mülkiyyət münasibətləri Mülki Məcəllənin 748-2-ci maddəsi ilə tənzimlənir. Həmin maddəyə uyğun olaraq, lizinq alana müvəqqəti sahibliyə və ya istifadəyə verilmiş lizinq obyekti lizinq verənin mülkiyyətidir. Lizinq müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinə sahiblik və ondan istifadə hüququ lizinq alana tam həcmdə keçir. Lizinq obyekti kreditorun hüquqlarının təminatı kimi lizinq verənin mülkiyyətində qalsa da, ona dair sahiblik və istifadə hüquqları lizinq alana keçir. Bu baxımdan lizinq alanın göstərilən hüquqlarının müdafiəsi, eləcə də onun lizinq obyektinə dəymiş zərərin əvəzini tələb etmək hüququ ilə bağlı bəzi məsələlərə aydınlıq gətirilməlidir. Mülkiyyət hüququ mülkiyyətçinin ona məxsus əmlak üzərində mümkün davranış həddi olmaqla sahiblik, istifadə və sərəncam hüquqlarının məcmusundan ibarətdir. Sahiblik hüququ əşyanı öz təsərrüfatında saxlamaqla ona faktiki sahiblik edilməsini, istifadə hüququ əşyadan təyinatına uyğun istifadə olunmaqla onun faydalı xassələrinin hasil edilməsini, sərəncam hüququ isə əşyanın hüquqi müqəddəratının müəyyən edilməsini nəzərdə tutur. Sərəncam hüququ yalnız mülkiyyətçiyə məxsus ola bildiyi halda, sahiblik və istifadə hüquqları mülkiyyətçi olmayan digər şəxslərə də məxsus ola bilər. Belə ki, Mülki Məcəllənin 157.8-ci maddəsinə əsasən, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Həmin Məcəllənin 158.4-cü maddəsinə görə, mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Hüquq mənasında sahiblik mülkiyyət hüququnun, məhdud əşya hüququnun və öhdəlik hüququnun (məsələn, kirayəçinin, icarəçinin və s. hüquqlarının) tərkibində müdafiə olunur. Bu halda iddia tələbinin əsasını titul (hüquqi əsas) təşkil edir. Fakt mənasında sahiblik hər hansı hüquqi əsas olmasından asılı olmayaraq, müstəqil surətdə müdafiə edilir. Sahiblik hüququ pozulan zaman zərərçəkən pozuntudan müdafiə olunmaq üçün pozuntunun törədilməsini sübut etməlidir. Beləliklə, əşya ilə əlaqədar yaranan əmlak hüquqlarının təkcə mülkiyyətçiyə deyil, həm də əmlaka qanuni əsaslarla sahiblik edən şəxsə də mənsub ola bilməsi, qanunvericilikdə bu hüquqların istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilməsinin nəzərdə tutulması qanuni sahiblərin də əmlak hüquqları ilə bağlı mənafelərinə dəyən zərərə görə tələb hüququnun olmasını göstərir. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, sahiblik və istifadə hüquqlarını həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanının mövcud olması əmlak sahibinin hüquqlarının da mülkiyyətçinin hüquqları ilə bərabər həddə müdafiə olunması zərurətini doğurur. Əks yanaşma mülkiyyət hüquqlarının müdafiəsi ilə bağlı konstitusiya prinsiplərinin, mülki qanunvericiliyin bir sıra prinsip və müddəalarının pozulmasına gətirib çıxara bilər (V.Q.Teryoxinin şikayəti üzrə 15 yanvar 2010-cu il tarixli Qərar). Qeyd olunduğu kimi, lizinq müqaviləsi üzrə lizinq verən lizinq obyektinin mülkiyyətçisi olaraq qalsa da, sahiblik və istifadə hüquqlarının lizinq alana verilməsi sonuncunu əmlakın qanuni sahibinə çevirir. Eləcə də mülkiyyətçi müqavilə əsasında özünə mənsub olan əmlaka dair sahiblik və istifadə hüququnu qarşı tərəfə vermişsə, münasibətlərin tənzimlənməsi zamanı tərəflərin qarşılıqlı hüquq və vəzifələrini müəyyən edən müqavilə şərtləri nəzərə alınmalıdır. Belə ki, müqavilə əsasında əmlakda sahiblik və istifadə hüququnu əldə edən tərəf əmlaka dair hansı həcmdə öhdəlik götürərək məsuliyyət daşıyırsa, o həcmdə də üçüncü şəxslər qarşısında tələb etmək hüququna malik olmaqla öz sahiblik hüquqlarını müdafiə edə bilməlidir.
28. Yuxarıda qeyd olunan Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyi nəzərə alaraq cavabdehin nümayəndəsinin etirazı əsaslı hesab edilə bilməz.
29. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, 17.01.2021-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar «X7 Prado» markalı ** PE *** dövlət nömrə nişanlı avtomaşına vurulmuş ziyanla bağlı Azərbaycan Respublikası Dövlət Kommersiya Şirkətindən İddiaçı xeyrinə sığorta ödənişi kimi 2034 (iki min otuz dörd) manat, ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 (otuz) manat, cəmi 2064 (iki min altmış dörd) manat məbləğində pul tutulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir.
30. Həmçinin məhkəmə hesab edir ki, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 275 (iki yüz yetmiş beş) manat Azərbaycan Respublikası Dövlət Kommersiya Şirkətindən tutulub Az.MEM, VÖEN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 AZ34CTRE******************** hesabına köçürülməlidir.
31. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
32. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
33. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
34. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
35. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
36. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
37. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia tələbi qismən təmin edilsin. 17.01.2021-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar «X7 Prado» markalı ** PE *** dövlət nömrə nişanlı avtomaşına vurulmuş ziyanla bağlı Azərbaycan Respublikası Dövlət Kommersiya Şirkətindən İddiaçı xeyrinə sığorta ödənişi kimi 2034 (iki min otuz dörd) manat, ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 (otuz) manat, cəmi 2064 (iki min altmış dörd) manat məbləğində pul tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 275 (iki yüz yetmiş beş) manat Azərbaycan Respublikası Dövlət Kommersiya Şirkətindən tutulub Az.MEM, VÖEN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ramin Xəlilov