Məhkəmə qərarları › İş №2(006)-1727/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1727/2024

19.03.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1727/2024 19.03.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, Bədəlov Nurəddin Natiq oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı «aliment» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavbdeh Cavabdeh xx.xx.2015-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün sabit pul məbləğində uşağa hər ay 235 manat alimentin İddiaçı xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh ilə xx.xx.2015-ci il tarixdə nikah bağlayaraq ailə qurmuşlar və bu nikahlarından xx.xx.2015-ci il təvəllüdlü X2 adlı övladları doğulmuşdur. Cavabheh uşağa qayğı göstərmir, maddi təminatı üçün heç bir xərc ödəmir. Uşağın maddi cəhətdən bütün xərcləri iddiaçının üzərindədir. Uşağın qayğısına qalmaq, o cümlədən maddi cəhətdən təmin etmək cavabdehin vəzifəsi olmasına baxmayaraq, könüllü olaraq bu vəzifəni yerinə yetirmədiyindən məhkəmə qaydasında alimentin tutulması zərurəti yaranmışdır. Göstərilənlərə əsasən, Cavabdeh xx.xx.2015-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün sabit pul məbləğində uşağa hər ay 235 manat alimentin İddiaçı xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edib, iddia ərizəsinin mətninə uyğun izahat verərək, təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etdiyini və iddia tələbinin təmin edilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçının və cavabdehin izahatlarını dinləyib, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Mülki işin materiallarında olan AZ-İİ seriyalı 058042 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə İddiaçı xx.xx.2015-ci il tarixdə 1484 №-li akt qeydi ilə 1 saylı Asan Xidmət Mərkəzinin Qeydiyyat şöbəsində nikaha daxil olmuşlar. Mülki işin materiallarında olan 1 saylı Asan Xidmət Mərkəzinin Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2015-ci il tarixdə verilmiş AZ-İİİ seriyalı 669959 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, X2 xx.xx.2015-ci il tarixdə, Bakı şəhərində anadan olmuş, atası qrafasında Cavabdeh, anası qrafasında İddiaçı qeyd edilmişdir. Mülki işin materiallarında olan Bakı 6 saylı Mediasiya təşkilatının xx.xx.2023-cü il tarixli MŞB/6-0989 nömrəli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışından görünür ki, Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən görünür ki, Cavabdeh Maraqlı şəxsndə (VÖEN: **********) “Agent, satış” vəzifəsində işləyir, aylıq əmək haqqı 556.0 manat təşkil edir. Beləliklə, məhkəmə tərəfindən müəyyən olundu ki, İddiaçı ilə Cavabdeh xx.xx.2015-ci il tarixdə rəsmi nikaha daxil olmuş, birgə nikahlarından xx.xx.2015-ci il təvəllüdlü X2 anadan olmuşdur. . Hazırda birgə yaşamırlar, uşaqlar analarının himayəsindədir. Hazırda iddiaçı müvafiq iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən birgə nikahlarından olan övladlarının yetkinlik yaşına çatanadək saxlanılması üçün sabit pul məbləğində hər ay 235 manat alimentin onun xeyrinə tutulmasını tələb edir. Cavabdeh isə iddianı qəbul edir və 235 manat aliment ödəməyə etiraz etmədiyini bildirir. Məhkəmə araşdırmaları nəticəsində müəyyən olunmuşdur ki, cavabdehin aylıq əmək haqqı 556 manat təşkil edir. Buna görə də məhkəmə hesab edir ki, cavabdehin 235 manat məbləğində alimenti ödəməyə imkanı vardır. Məhkəmə cavabdehin iddianı etiraf etməsində və 235 manat məbləğində aliment ödəməyə razılıq verməsində yetkinlik yaşına çatmayan uşağının və ya başqa şəxslərin mənafeyinə toxunan və ailə qanunvericiliyi və uşaq hüquqları haqqında qanunvericiliyin müddəalarına zidd hər hansı əlamət aşkar etmədiyindən, cavabdehin etirafını qəbul edir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən, ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanununun 8, 13, 19-cu maddələrinə görə, hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial-hüquqi və digər tədbirlər görməyi, sağlam və təhlükəsizlik mühit yaratmağı öz öhdəsinə götürür. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Ailə Məcəlləsinin 75.1-ci maddəsinə görə, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişkən olarsa, ya qazancının (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alarsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, qanunvericiliyin sadalanan normalarının mənasına görə, aliment institutunun təyinatı, ilk növbədə, uşaqların mənafelərinin təmin edilməsindən, uşaqların saxlanmasında könüllü iştirak etməyən valideynlərin onların saxlanmasına məcburi cəlb olunmasından ibarətdir. Ailə qanunvericiliyi alimentin tutulması zamanı tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq olan digər halları nəzərə alır, lakin bu zaman həlledici amil kimi uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyənləşdirir. Bununla yanaşı, hər il ölkə üzrə bir uşağın saxlanması üçün tələb olunan yaşayış minimumu müəyyən edilir və həmin məbləğ qanunla tənzimlənir. Məhkəmə, həmçinin, qeyd edir ki, qanunvericiliyə görə aliment 2 formada tutula bilər: qazancın və başqa gəlirlərin müəyyən hissəsi kimi və sabit pul məbləğində. Alimentin məbləği ilə bağlı olaraq isə ilk növbədə nəzərə alınmalıdır ki, Ailə Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Məhkəmə qeyd edir ki, ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu özlüyündə müəyyən meyar kimi çıxış etməklə minimum təminat səviyyəsini nəzərdə tutur. Həmin minimum təminat səviyyəsindən daha yüksək məbləğdə alimentin təyin olunması isə aliment tutulan şəxsin qazancları barədə sübutların olmasından asılıdır. Ailə Məcəlləsinin 100.2-ci maddəsinə müvafiq olaraq, aliment məhkəməyə müraciət edilən vaxtdan tutulur. «Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra - Mülki Prosessual Məcəllənin) 52.2, 52.5-ci maddələrinə görə, cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 106.3-cü maddəsində göstərilmişdir ki, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Mülki Prosessual Məcəllənin 191.3.-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Mülki Prosessual Məcəllənin 220.4-cü maddəsində göstərilmişdir ki, cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, əsas diqqət yetkinlik yaşına çatmamış uşağın mənafeyinə, onun maddi cəhətdən təmin olunmasına yönəlməli, iddiaçının tələb etdiyi məbləğdə aliment yaşayış minimumu haqqında qanunvericiliyin müəyyən etdiyi məbləğdən az olmadığından uşağın mənafeyinə uyğun hesab edilməli, cavabdehin həmin məbləğdə alimenti ödəmək iqtidarında olması məhkəmə tərəfindən müəyyən edildiyindən onun iddianı etiraf etməsi məhkəmə tərəfindən qəbul edilməlidir. Göstərilənlərə əsasən, iddia təmin edilməli, tərəflərin birgə nikahından anadan olmuş xx.xx.2015-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün xx.xx.2024-cü il tarixdən başlayaraq hər ay 235 manat sabit pul məbləğində aliment Cavabdeh alınaraq İddiaçı verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən, qətnamə dərhal icra edilməlidir. Mülki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. xx.xx.2015-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün xx.xx.2024-cü il tarixdən başlayaraq hər ay 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində aliment Cavabdeh alınaraq İddiaçı verilsin. Qətnamə dərhal icra olunsun. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Günay Abidova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar