Məhkəmə qərarları › İş №2(006)-1740/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1740/2021

10.03.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1740/2021 10.03.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi, məhkəmə iclasının katibi Əliyeva Salatın Müzəffər qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin azaldılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4239/2014 saylı, xx.xx.2014-cü il tarixli qərarına (məhkəmə əmrinə) əsasən cavabdehin xeyrinə xx xxx 2012-ci il təvəllüdlü X10 və xx xxxxxxxx 2013-cü il təvəllüdlü X3 üçün tutulan alimentin miqdarının azaldılmasını, cavabdehin xeyrinə ondan xx xxx 2012-ci il təvəllüdlü X10 və xx xxxxxxxx 2013-cü il təvəllüdlü X3 üçün hər ay əmək haqqısının 1/3 hissəsi miqadarında alimentin tutulmasını məhkəmədən xahiş edilmişdir. İddia onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4239/2014 saylı xx xxxx 2014-cü il tarixli qərarına (məhkəmə əmrinə) əsasən xx xxxxxxx 2014-cü il tarixindən başlayaraq məndən cavabdehin xeyrinə xx xxx 2012-ci il təvəllüdlü X10 və xx xxxxxxxx 2013-cü il təvəllüdlü X2 üçün bütün növ qazancının hər uşağa görə 63 manat sabit pul və 1/3 hissəsi miqdarında aliment tutulur. Məhkəmə tərəfindən qeyd olunan alimentin miqdarı təyin olunan vaxtı o, əmək haqqı yaxşı olan işdə işləmiş və subay olmuşdur. xx xxxxxx 2016-cı ildə vətəndaş nikahına girmişdir. xx xxx 2017-ci il təvəllüdlü X8 və xx xxxxxx 2019-cu il təvəllüdlü X11 olan 2 azyaşlı uşağı var. 16,03.2020-ci il tarixinə qədər əmək haqqısı yaxşı olduğundan alimenti ödəməkdə heç bir çətinlik çəkməmişdir. Ona görə də vətəndaş nikahına girməyinə və 2 azyaşlı uşağının olmasına baxmayaraq alimentin azaldılması barədə məhkəməyə heç bir iddia ərizəsi verməmişdir. xx.xx.2020-ci il tarixli əmrə əsasən ştat ixtisarına görə əvvəlki iş yerindən azad olunmuşdur. Hazırda o, "xxxx" Qapalı Səhmdar Cəmiyyətində mülki-hüquqi müqavilə əsasında "elektrik" vəzifəsində işləyir və onun vəzifə maaşı 605 (altı yüz beş) manat təşkil edir. Digər gəlir yeri yoxdur. Ondan tutulan alimentin ümumi miqdarı onun qazancının 1/2 hissəsindən çoxdur və qanunda nəzərdə tutulan hissədən artıq olur. Himayəsində anası, həyat yoldaşı və 2 azyaşlı uşağı var. Həyat yoldaşı epilepsiya xəstəsidir. Onun ailə həyatı o qədər dəyişib ki, o, əvvəlki miqdarda təyin olunmuş alimenti ödəyəndə, yeni ailəsinə maddi yardım göstərə bilmir. Hətta həyat yoldaşının dərmanlarını belə almağa maddi imkanı çatmır. Məhkəmə iclasında iştirak edən iddiaçı yuxarıda qeyd edilən məzmunda izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: İddia qismən təmin edilməlidir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(006)-2442/2014 saylı qətnaməsindən görünür ki, xx xxx 2012-ci il təvəllüdlü X5 və xx xxxxxxxx 2013-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün xx xxxxx 2014-cü il tarixdən başlayaraq hər ay qazancının (başqa gəlirlərinin) 1/3 (üçdə bir) hissəsi miqdarında və hər uşaq üçün 63 (altmış üç) manat sabit pul məbləğində aliment, habelə xx xxx 2012-ci il təvəllüdlü X5 yetkinlik yaşma çatana kimi müalicəsi üçün xx xxxxx 2014-cü il tarixdən başlayaraq hər ay əlavə xərc olaraq 50 manat məbləğində pulun cavabdeh İddiaçı tutularaq iddiaçı Cavabdeh verilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(103)-4239/2014 saylı qətnaməsindən görünür ki, cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2442/2014 saylı, xx xxx 2014-cü il tarixli qətnaməsinin X5 yetkinlik yaşına çatanadək müalicəsi üçün cavabdehdən hər ay əlavə xərc olaraq 50 manatın tutulması hissəsində ləğv edilməsi, həmin hissədə yeni qətnamə qəbul edilməsi və iddia tələbinin həmin hissədə təmin edilməməsi, qətnamənin qalan hissədə cavabdeh İddiaçı apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılması qət edilmişdir. “xxxx” QSC tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, İRD 098 saylı arayışdan görünür ki, İddiaçı xx.xx.2020-ci il tarixindən etibarən mülki-hüquqi müqavilə əsasında “xxxx” Qapalı Səhmdar Cəmiyyətinə xidmətlər göstərir. Aylıq xidmət haqqı vergilər və digər ödənişlər daxil olmaqla 605 (altı yüz beş) manat təşkil edir. Səbail rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2016-cı il tarixdə verilmiş AZ-İİ seriyalı, 122910 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, İddiaçı ilə X7 xx.xx.2016-cı il tarixdə nikaha daxil olmuşlar və bu barədə həmin tarixdə nikahın bağlanması haqqında akt qeydləri kitabında 60 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Şamiyev, arvada Şamiyeva soyadı verilmişdir. Səbail rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2017-ci il tarixdə verilmiş AZ-İİİ seriyalı 808545 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.2017-ci il tarixdə Bakı şəhərində anadan olmuş, ata qrafasında İddiaçı, ana qrafasında X6 göstərilmiş və bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2017-ci il tarixdə 100 nömrə ilə qeyd edilmişdir. 3 saylı Bakı “Asan xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş AZ-İV seriyalı 409173 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X11 xx.xx.2019-cu il tarixdə Bakı şəhərində anadan olmuş, ata qrafasında İddiaçı, ana qrafasında X6 göstərilmiş və bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2020-ci il tarixdə 559 nömrə ilə qeyd edilmişdir. Məhkəmə baxışı zamanı toplanmış sübutlar əsasında müəyyən edilmişdir ki, tərəflərin birgə nikahlarından iki uşağı anadan olmuşdur. Hazırda tərəflər arasında nikah pozulmuşdur, uşaqlar cavabdehin himayəsindədir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(006)-2442/2014 saylı qətnaməsinə əsasən xx xxx 2012-ci il təvəllüdlü X5 və xx xxxxxxxx 2013-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün xx xxxxx 2014-cü il tarixdən başlayaraq hər ay qazancının (başqa gəlirlərinin) 1/3 (üçdə bir) hissəsi miqdarında və hər uşaq üçün 63 (altmış üç) manat sabit pul məbləğində aliment, habelə xx xxx 2012-ci il təvəllüdlü X5 yetkinlik yaşma çatana kimi müalicəsi üçün xx xxxxx 2014-cü il tarixdən başlayaraq hər ay əlavə xərc olaraq 50 manat məbləğində pulun cavabdeh İddiaçı tutularaq iddiaçı Cavabdeh verilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(103)-4239/2014 saylı qətnaməsinə əsasən isə cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2442/2014 saylı, xx xxx 2014-cü il tarixli qətnaməsinin X5 yetkinlik yaşına çatanadək müalicəsi üçün cavabdehdən hər ay əlavə xərc olaraq 50 manatın tutulması hissəsində ləğv edilməsi, həmin hissədə yeni qətnamə qəbul edilməsi və iddia tələbinin həmin hissədə təmin edilməməsi, qətnamənin qalan hissədə cavabdeh İddiaçı apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Həmçinin müəyyən edilmişdir ki, iddiaçının hazırda aldığı əmək haqqı 605 (altı yüz beş) manat təşkil edir və onun başqa nikahdan da iki azyaşlı uşağı vardır. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2-ci hissəsinə görə uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Ailə Məcəlləsinin (bundan sonra – AM) 78.1-ci maddəsinə müvafiq olaraq valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də AM-nin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2016cı il tarixli, 8-2/2016 nömrəli qərarında əks olunan hüquqi mövqeyin nəzərə alınmasının zəruri olduğunu qeyd edir. Belə ki, həmin qərarın 8.3-cü və 8.13-cü bəndlərinə əsasən məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Bu zaman məhkəmələr uşağın valideynlərinin birgə yaşadıqları dövrdə ailənin maddi vəziyyəti və yaxud ayrı yaşadıqları dövrdə uşağın saxlanmasına valideynlərdən biri tərəfindən könüllü qaydada vəsait ödənilməsini və uşağın bu ödəmənin dayandırıldığı vaxtadək olan dövrdəki təminat səviyyəsini nəzərə almalıdırlar. Alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair» xx xxxx 2016-cı il tarixli qərarında göstərilir ki, alimentin miqdarı müəyyən olunarkən məhkəmə, ilk növbədə, Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə əsasən tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq digər halları və uşağın əvvəlki təminatının səviyyəsini nəzərə almalıdır. Göstərilən qərarda Məhkəmə qeyd etmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə bu Qərarda formalaşdırılan hüquqi mövqeyi rəhbər tutaraq alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın təminat səviyyəsinə və aliment ödəyənin maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Konstitusiya Məhkəməsinin qeyd edilən qərarı ilə müəyyən edilir ki, alimentin məbləği məhkəmələr tərəfindən müəyyən edilərkən konkret iş üzrə hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verilməli, bu hallara qiymət verərkən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun olması nəzərə alınmalıdır. Konstitusiya Məhkəməsinin yuxarıda qeyd edilən qərarına əsasən məhkəmə hesab edir ki, xeyrinə aliment tutulan uşaqların sayının çox olması, aliment ödənilməsini təmin edən tərəfin başqa nikahdan iki uşağının olması halları qeyd edilməli, hər iki tərəfin qanuni mənafeləri arasında ədalətli balansa nail olunması üçün həmin Qərarda müəyyən edilən prinsiplər ağlabatan həddə nəzərə alınmalıdır. Belə ki, məhkəmə işdə olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(006)-2442/2014 saylı qətnaməsi ilə İddiaçı Cavabdeh xeyrinə tutulan alimentin miqdarı dəyişdirilməli, İddiaçı xx xxx 2012-ci il təvəllüdlü X5 və xx xxxxxxxx 2013-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay hər uşağa görə 130 manat olmaqla, cəmi 260 manat sabit pul məbləğində aliment tutularaq Cavabdeh ödənilməlidir. Nəticə hissəsi: Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 216-220, 358 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(006)-2442/2014 saylı qətnaməsi ilə xx xxx 2012-ci il təvəllüdlü X5 və xx xxxxxxxx 2013-cü il təvəllüdlü X1 üçün İddiaçı Cavabdeh xeyrinə tutulan alimentin miqdarı dəyişdirilsin. İddiaçı xx xxx 2012-ci il təvəllüdlü X5 və xx xxxxxxxx 2013-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanmalarına görə hər ay hər uşağa görə 130 manat olmaqla, cəmi 260 manat sabit pul məbləğində aliment tutularaq Cavabdeh ödənilsin. İddia digər hissədə rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cəmilə Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar