Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1761/2021 03.05.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, məhkəmə iclasının katibi Fərəcova Təranə Aydın qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı "sığorta ödənişinin ödənilməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən 4400 manat sığorta məbləğinin onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, sabiq hərbi qulluqçu İddiaçı Fərhad oğlu 12 aprel 2004-cü ildən 02 oktyabr 2005-ci ilə qədər Azərbaycan Respublikası Silahlı Qüvvələri sıralarında həqiqi hərbi xidmətdə, 10 iyul 2009-cu ildən 12 oktyabr 2015-ci ilə qədər müddətdən artıq həqiqi hərbi xidmətdə olmuşdur. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının 13 iyun 2018-ci il tarixli 1079 nömrəli qərarından göründüyü kimi, Qazax RHK tərəfindən 2004-cü ildən hərbi xidmətə çağrılmış İddiaçı hərbi xidmət dövründə hərbi xidmət keçərkən aldığı və 07.06.2004-cü ildən 08.07.2004-cü ilə kimi N nömrəli hərbi hissədə müayinə və müalicə olunduğu travmadiaqnoz: “Sol diz oynağının postravmatik osteoxondritinin sinovit ilə fəsadlaşması,oynağın yad cismi” diaqnozu qoyulmuşdur. Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin, həmin şirkətin Qazax rayon filialına ünvanladığı 14 aprel 2020-ci il tarixli 07-07- 139 saylı və təkrar müraciətlə bağlı 19 saylı vəkil bürosuna ünvanladığı 16 oktyabr 2020-ci il tarixli 07-02-69 saylı cavab məktublarında bildirilir ki, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının 20 may 1997-ci il tarixli Qanunun 5-ci maddəsinin “ç” bəndinə əsasən xidmət vəzifəsini yerinə yetirməsi ilə əlaqədar olaraq sığorta olunana xidmətdən buraxıldığı gündən 3 il müddətində əlillik təyin olunduqda, o sığorta məbləğinin almaq hüququna malikdir. İddiaçı 12 dekabr 2015-ci il tarixdə hərbi xidmətdən təxris olunmuş və bu hadisədən 5 ildən artıq müddət keçdikdən sonra, yəni 21 fevral 2020-ci il tarixdə İİİ qrup əlillik dərəcəsi almışdır. Buna görə də ona Qanunda nəzərdə tutulmuş sığorta ödənişinin verilməsinin qeyri mümkün olduğu bildirilmişdir. Həmin imtina məktubu ilə razılaşmırlar. Belə ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının 13 iyun 2018-ci il tarixli 1079 nömrəli qərarından göründüyü kimi sığortaçı İddiaçı xidmətdən buraxıldığı gündən 3 il keçməmiş, yəni 2018ci ilin may ayında Mərkəzi Hərbi Həkim Komissiyasında müayinədən keçmiş, onda müəyyən edilmiş travmanı hərbi xidmət dövründə almasına dair qərar qəbul edilmişdir. Bundan sonra İddiaçı əlilliyin təyin edilməsi, onun təqsiri olmayan səbəblərdən uzadılmış, yəni 21 fevral 2020-ci il tarixdə ona 3-cü qrup əlillik dərəcəsi təyin edilmişdir. İmtina məktubunda göstərilən 5 ildən artıq müddət İddiaçı təqsiri olmayan səbəbdən yaranmışdır. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, iddiaçı 2005-ci il tarixdə hərbi xidmətə çağırılmışdır. 2015ci ilə kimi hərbi xidmətdə olmuşdur. Qanunun tələblərinə görə sığorta ödənişinin verilməsi üçün tərxis olunandan 3 il ərzində əlillik almalıdır. İddiaçı isə 2020-ci ildə əlillik dərəcəsi almışdır. Ona görə də sığorta ödənişinin ödənilməsindən imtina olunmuşdur. Göstərilənlərə əsasən iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə, proses iştirakçılarının izahatını dinləyib və mülki işin materiallarını araşdıraraq, tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, İş materiallarında olan AO seriyalı ******* saylı hərbi biletin surətindən görünür ki, İddiaçı 30.01.1993-cü il tarixindən 10.07.2009-12.12.2015-ci il tarixlərdə N saylı hərbi hissədə müddətdən artıq hərbi xidmətdə olmuşdur. İş materiallarında Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının 13.06.2018-ci il tarixli 1079 saylı qərarının qərarın surətindən görünür ki, İddiaçı “Sol diz oynağının postravmatik osteoxondritinin sinovit ilə fəsadlaşması, oynağın yad cismi” diaqnozu qoyulmuş, xəsarət Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi zamanı alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında müayinəyə dair məlumatın verilməsi barədə elektron çıxarışdan görünür ki, İddiaçı üçüncü qrup əlilidir. Əlillik hərbi xidmət dövrü ilə əlaqədar alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin İddiaçı ünvanladığı 14.04.2020-ci il tarixli, 07-07-139 saylı məktubunun surətindən görünür ki, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının 20 may 1997-ci il tarixli Qanununun 5-ci maddəsinin “ç” bəndinə əsasən xidməti vəzifəsini yerinə yetirməsi ilə əlaqədar olaraq sığorta olunana xidmətdən buraxıldığı gündən 3 il müddətində əlillik təyin olunduqda, o sığorta məbləğini almaq hüququna malikdir. Sənədlərdən göründüyü kimi, İddiaçı 12 dekabr 2015-ci il tarixdə hərbi xidmətdən tərxis olunmus və bu hadisədən 5 ildən artıq müddət keçdikdən sonra, yəni 21 fevral 2020-ci il tarixdə İİİ qrup əlillik dərəcəsi almışdır. Ona görə də ona Qanunda nəzərdə tutulmuş sığorta ödənişinin verilməsi qeyri-mümkündür. Hazırki iddia tələbi ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, “Hərbi qulluqçuların statusu haqqında” 25 dekabr 1991-ci il tarixli Azərbaycan Respublikası Qanununun sonradan edilmiş dəyişiklərlə 27-ci maddəsinə əsasən hərbi qulluqçuların hərbi xidmət (toplanışlar) dövründə həlak olması (ölməsi), xəsarət (yaralanma, travma, kontuziya) alması, səhhətinin (sağlamlığının) pozulması (xəstəliklə əlaqədar sağlamlığına ziyan dəydikdə), habelə hərbi xidmət vəzifələrini yerinə yetirməsi ilə bağlı bədbəxt hadisələrin nəticələrinin ehtimalına qarşı hərbi qulluqçu statusunu əldə etdikləri gündən onlar dövlət tərəfindən icbari şəxsi sığorta edilirlər. “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında”Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə əsasən bu Qanuna uyğun olaraq hərbi qulluqçu on bir min manat məbləğində sığorta edilir. Sığorta haqqı sığorta məbləğinin 1 faizi miqdarında müəyyən edilir. Həmin Qanunun 5-ci maddəsinə əsasən aşağıdakılar sığorta hadisələri hesab edilir və onlara görə sığorta ödənişləri bu Qanunun 4-cü maddəsi ilə müəyyən edilmiş sığorta məbləğinin müvafiq faiz nisbətlərində verilir: a) sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman həlak olduqda, öldükdə və ya xəbərsiz itkin düşdüyünə görə məhkəmə qərarı ilə ölmüş elan edildikdə — 100 faiz; b) sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman xəsarət (yaralanma, travma, kontuziya) alması, habelə xəstələnməsi nəticəsində xidmətdən (toplanışdan) buraxıldıqdan sonra üç il müddətində öldükdə — 100 faiz; c) sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman xəbərsiz itkin düşdükdə (məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda) — 100 faiz; ç) hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən və ya həqiqi hərbi xidmət dövründə xəsarət (yaralanma, travma, kontuziya) almasına, habelə həqiqi hərbi xidmət dövründə xəstələnməsinə görə həqiqi hərbi xidmətə yararsız hesab edilərək həqiqi hərbi xidmətdən (toplanışdan) ehtiyata və ya istefaya buraxıldığı gündən, həmçinin ehtiyata və ya istefaya buraxıldığı gündən həqiqi hərbi xidmət dövründə alınmış xəsarət (yaralanma, travma, kontuziya) və ya xəstəliklə əlaqədar üç il müddətində sığorta olunana əlillik təyin olunduqda: - İ qrup əlilliyə görə — 80 faiz; - İİ qrup əlilliyə görə — 60 faiz; - İİİ qrup əlilliyə görə — 40 faiz; d) sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman, bu maddənin a, b və ç bəndlərində nəzərdə tutulmuş hallarla nəticələnməyən: - ağır xəsarət (yaralanma, travma, kontuziya) aldıqda — 25 faiz; - yüngül xəsarət (yaralanma, travma, kontuziya) aldıqda — 5 faiz. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, iddiaçı həqiqi hərbi xidmət dövründə xəsarət almış və nəticədə ikinci qrup əlil olmuşdur. “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi” barədə Azərbaycan Respublikası Prezidentinin 25.07.1997-ci il tarixli Fərmanının 2-ci maddəsinə əsasən həmin dövlət sığorta orqanının səlahiyyətlərini Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti həyata keçirir. İşin faktiki hallarına əsasən müəyyən olunur ki, İddiaçı oğlu hərbi qulluqçu kimi hərbi xidmətə daxil olduğu andan qanunvericilik əsasında dövlət tərəfindən məcburi şəxsi sığortalanmış, o hərbi xidmətdə olduğu dövrdə sığorta hadisəsi baş vermiş, ona 3-cü qrup əlillik dərəcəsi təyin olunmuşdur. İddiaçının xəstəliyinin hərbi xidmət dövrü ilə əlaqədar alındığı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi- Sosial Ekspert Komissiyası tərəfindən verilmiş arayışla təsdiqlənmişdir. Beləliklə də, Dövlət Sığorta Kommersiya Şirkətinin iddiaçıya müvafiq sığorta ödənişini ödəmək öhdəliyi yaranmışdır. Belə olan halda, iddiaçı haqlı olaraq hazırki tələblə bağlı məhkəməyə müraciət etmişdir. Məhkəmə qanunvericiliyin yuxarıda göstərilən müddəlarını əsas götürərək hesab edir ki, 11.000 manat sığorta məbləğinin 60 faizi, yəni 6600 manat iddiaçıya ödənilməlidir. Məhkəmə eyni zamanda qeyd edir ki, hərbi xidmətdən tərxis olunduqdan 3 ildən artıq müddət keçdikdən sonra sığorta olunana əlillik təyin olunmaması, yəni iddiaçının əlillik dərəcəsini vaxtında almaması onun şəxsi iradəsi ilə bağlı olmamışdır. Belə ki, iddiaçı 2015-ci il tarixdə hərbi xidmətdən tərxis olunmuş, 2018-ci ilin may ayında Mərkəzi Hərbi Həkim Komissiyasında müayinədən keçmiş, onda müəyyən edilmiş travmanı hərbi xidmət dövründə almasına dair qərar qəbul edilmişdir. Bundan sonra iddiaçı əlillik təyin olunması ilə bağlı müxtəlif orqanlara müraciət etmiş, müraciətindən bir neçə il sonra zəruri sənədləri əldə edə bilmiş və 2020-ci ildə ona əlillik dərəcəsi təyin edilmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, əlilliyin tərxis olunduğu gündən 3 il müddətində alınmaması halı iddiaçının şəxsi iradəsi ilə bağlı olmadığından bu hal onun müəyyən qanuni və əsaslı iddiasının təmin olunmamasına əsas ola bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İİİ hissəsində göstərilmişdir ki, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Beləliklə məhkəmə hesab edir ki, iddia ərizəsi təmin olunmaqla, cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən 4400 manat məbləğində sığorta ödənişi alınaraq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən 4400 (dörd min dörd yüz) manat məbləğində sığorta ödənişi alınaraq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Solmaz Mustafayeva
Məhkəmə qərarları › İş №2(006)-1761/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1761/2021
03.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver