Məhkəmə qərarları › İş №2(006)-1770/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1770/2021

21.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1770/2021 21.04.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Mirzəyeva Sevinc Ərəstun qızının katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı "sığorta ödənişinin verilməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı "sığorta ödənişinin verilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 1992-ci ildən 1994-cü ilə kimi N saylı hərbi hissədə xidmət etmişdir. Yaralandığı üçün ehtiyyata buraxılmışdır. Döyüşdə olarkən döyüş bölgələrində torpaqlarını qorumuş və döyüşdə iştirak etmişdir. İddiaçı döyüşə gedərkən komissiyadan keçmiş və sağlam olmuş, lakin torpaqların müdafiəsi zamanı yaralanmışdır, hazırda 2-ci qrup müharibə əlili kimi təqaüd alır. Hərbi xidmətdə olarkən heç vaxt xidmətdə qüsurlara yol verməmişdir. Həmişə tapşırıqları yerinə yetirmişdir. Hərbi Həkim Komissiyasının qərarında qeyd olunur ki, xəstəlik hərbi xidmət dövründə alınmışdır. Sülh dövründə hərbi xidmətə yararsız olması qeyd olunur. Hazırda həmin xəstəlikdən əziyyət çəkir. Yəni iddiaçının sağlamlığı pozulub və sağlamlığının bir qismini itirmişdir. Bununla bağlı iddiaçı Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə rəsmi müraciət etmək qərarına gəlmişdir. Belə ki,«Hərbi Qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında» Azərbaycan Respublikasının Qanunun 3-cü maddəsinə əsasən Hərbi Qulluqçuların sığortaçısı dövlət sığorta orqanıdır. Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti iddiaçının sağlamlığına ziyan dəymişdir. İddiaçı bu gün də bundan əziyyət çəkir, çünki sağlamlığına ziyan dəymişdir. İddiaçının əlilliyi hərbi xidmətlə bağlı olduğundan ona 6600 manat məbləğində sığorta pulu verilməlidir. 11.000 manat sığorta məbləğinin 60 faizi, yəni 6600 manat iddiaçıya cavabdeh tərəfindən ödənilməlidir. Göstərilənlərə əsasən hərbi qulluqçu kimi 6600 manat icbari sığorta pulunun cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Şirkətindən iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iddiaçı məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə ünvanlanmış ərizədə işə onun iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 izahat verərək iddia tələbini qəbul etmədiyini bildirdi və onun rədd olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə, cavabdehin nümayəndəsinin izahatını dinləyib və mülki işin materiallarını araşdıraraq, tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin 31.05.2016-cı il tarixli arayışının surətindən görünür ki, İddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar üçüncü qrup müharibə əlilidir. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının 09.03.2016-cı il tarixli, 200 saylı qərarının surətindən görünür ki, Ağcabədi RHK tərəfindən 1992-ci ildə hərbi xidmətə çağırılmış, Qarabağ hərbi prokurorluğunun 28.09.2015-ci il tarixli məktubunda barəsində təqsirləndirici materialın və ya cinayət işinin olmadığı qeyd edilmiş, vətəndaş İddiaçı döyüş zonasında hərbt xidmət keçərkən 1992-ci ildə aldığı və 07.07.1992-ci ildən 18.09.1992-ci ilə kimi Mingəçevir şəhər mərkəzi xəstəxanasında müayinə və müalicə olunduğu xəstəlik – diaqnoz: Sağ diz oynağının irinli artrit, septiemiya» (Azərbaycan Respublikası SHXÇDX-nin Ağcabədi rayon şöbəsinin 13.01.2016-cı il tarixli 35 nömrəli göndərişi, 13.01.2016-cı il tarixli 35 nömrəli arayışı, Mingəçevir şəhər mərkəzi xəstəxanasından verilmiş, 18.09.1992-ci il tarixli çıxarış epikrizi, MN MHHK-nın həkim mütəxəssisi-cərrahın rəyi ilə təsdiq edilib), «Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır» və 15.10.1994-cü ildə aldığı, 15.10.1994-cü ildən 30.10.1994-cü ilə kimi Laçın rayonu Qarakeçid kənd xəstəxanasında müayinə və müalicə olunduğu yaralanma – diaqnoz: «Sağ baldır nahiyyəsinin güllə yaralanmasından sonrakı vəziyyət» (Laçın rayonu Qarakeçid kənd xəstəxanasından verilmiş 30.10.1994-cü il tarixli çıxarış epikrizi, xəstəlik tarixindən çıxarışlar, Laçın rayon mərkəzi xəstəxanasının baş həkiminin 18.02.2016-cı il tarixli 23 nömrəli məktubu, MHHKnın həkim mütəxəssis-cərrahın rəyi ilə təsdiq edilir)» Hərbi travmadır, Hərbi xidmət vəzifələrin (xidməti vəzifələri) yerinə yetirərkən alınmışdır» və 15.10.1994-cü ildən 30.10.1994-cü ilə kimi Qarakeçid kənd xəstəxanasında müayinə və müalicə olunduğu xəstəlik – diaqnoz: «Hər iki aşağı ətraf vena damarlarının varikoz genişlənməsi» (Laçın rayonu Qarakeçid kənd xəstəxanasından verilmiş 30.10.1994-cü il tarixli çıxarış epikrizi ilə təsdiq edilir)» xəstəlikdir, Hərbi xidmət dövründə alınmışdır». İş materiallarında olan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağcabədi rayon şöbəsi tərəfindən verilmiş 15.08.2019-cu il tarixli 454 və 455 saylı arayışlardan görünür ki, 1968-ci il təvəllüdlü İddiaçı döyüş bölgəsində xidmət keçən zaman 07.07.1992-ci il tarixdən 18.09.1992-ci il tarixə kimi Mingəçevir şəhər xəstəxanasında, 15.10.1994-cü il tarixə kimi güllə yarası diaqnozu ilə Laçın rayon Qarakeçid kənd xəstəxanasında müalicə olunmuşdur. 05.07.1988-ci il tarixdən SHXÇDX-nin Ağcabədi rayon şöbəsində hərbi qeydiyyatdadır. İş materillarında olan Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin İddiaçı ünvanladığı 30.11.2020-ci il tarixli, 07-07-625 saylı məktubdan görünür ki, sığorta ödənişinin verilməsi qeyri-mümkün hesab edilmişdir. Hazırki iddia tələbi ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə əsasən bu Qanuna uyğun olaraq hərbi qulluqçu on bir min manat məbləğində sığorta edilir. Sığorta haqqı sığorta məbləğinin 1 faizi miqdarında müəyyən edilir. Həmin Qanunun 5-ci maddəsinə əsasən aşağıdakılar sığorta hadisələri hesab edilir və onlara görə sığorta ödənişləri bu Qanunun 4-cü maddəsi ilə müəyyən edilmiş sığorta məbləğinin müvafiq faiz nisbətlərində verilir: a) sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman həlak olduqda, öldükdə və ya xəbərsiz itkin düşdüyünə görə məhkəmə qərarı ilə ölmüş elan edildikdə — 100 faiz; b) sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman xəsarət (yaralanma, travma, kontuziya) alması, habelə xəstələnməsi nəticəsində xidmətdən (toplanışdan) buraxıldıqdan sonra üç il müddətində öldükdə — 100 faiz; c) sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman xəbərsiz itkin düşdükdə (məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda) — 100 faiz; ç) hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən və ya həqiqi hərbi xidmət dövründə xəsarət (yaralanma, travma, kontuziya) almasına, habelə həqiqi hərbi xidmət dövründə xəstələnməsinə görə həqiqi hərbi xidmətə yararsız hesab edilərək həqiqi hərbi xidmətdən (toplanışdan) ehtiyata və ya istefaya buraxıldığı gündən, həmçinin ehtiyata və ya istefaya buraxıldığı gündən həqiqi hərbi xidmət dövründə alınmış xəsarət (yaralanma, travma, kontuziya) və ya xəstəliklə əlaqədar üç il müddətində sığorta olunana əlillik təyin olunduqda: - İ qrup əlilliyə görə — 80 faiz; - İİ qrup əlilliyə görə — 60 faiz; - İİİ qrup əlilliyə görə — 40 faiz; d) sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman, bu maddənin a, b və ç bəndlərində nəzərdə tutulmuş hallarla nəticələnməyən: - ağır xəsarət (yaralanma, travma, kontuziya) aldıqda — 25 faiz; - yüngül xəsarət (yaralanma, travma, kontuziya) aldıqda — 5 faiz. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, o, 2-ci qrup müharibə əlilidir və bu səbəbdən iddiaçı məhkəmədən hərbi qulluqçu kimi cavabdehdən 6600 manat icbari sığorta pulunun tutulmasını xahiş etmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, iddiaçı hərbi xidmət vəzifələrini yerinə yetirərkən xəsarət almış və nəticədə üçüncü qrup əlil olmuşdur. Belə olan halda, iddiaçı haqlı olaraq hazırki tələblə bağlı məhkəməyə müraciət etmişdir. Məhkəmə qanunvericiliyin yuxarıda göstərilən müddəlarını əsas götürərək hesab edir ki, iddia tələbi qismən təmin edilərək, 11.000 manat sığorta məbləğinin 40 faizi, yəni 4400 manat iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İİİ hissəsində göstərilmişdir ki, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin olunmaqla, cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən 4400 (dörd min dörd yüz) manat məbləğində sığorta ödənişi alınaraq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən 4400 (dörd min dörd yüz) manat məbləğində sığorta ödənişi alınaraq İddiaçı ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ramin Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar