Məhkəmə qərarları › İş №2(006)-1771/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1771/2021

28.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1771/2021 28.04.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, məhkəmə iclas katibi Fərəcova Təranə Aydın qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı "sığorta ödənişinin ödənilməsi" tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, hərbi xidmət dövründə xəsarət alması ilə bağlı qanunla nəzərdə tutulmuş 6600 manat icbari sığorta pulunun cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1966-cı ildə Şamaxı rayonunun Ərçivan kəndində anadan olmuşdur. 1992-1993-cü illərdə N saylı hərbi hissədə xidmət etmişdir. Yaralandığı üçün ehtiyata buraxılmışdır. Döyüşdə olarkən döyüş bölgələrində torpaqlarımızı qorumuş və döyüşdə iştirak etmişdir. O döyüşə gedərkən komissiyalardan keçmiş və sağlam olmuşdur, lakin torpaqların müdafiəsi zamanı yaralanmış və hazırda 2-ci qrup müharibə əlili kimi təqaüd alır. Hərbi xidmətdə olarkən heç vaxt hərbi qüsurlara yol verməmişdir. Həmişə tapşırıqları yerinə yetirmişdir. Hərbi Həkim Komissiyasının qərarında qeyd olunur ki, xəstəlik hərbi xidmət dövründə alınmışdır. Sülh dövründə hərbi xidmətə yararsız olmağı qeyd olunmuşdur. Hazırda həmin xəstəlikdən əziyyət çəkir. Yəni sağlamlığı pozulub və sağlamlığının bir qismini itirmişdir. Bununla bağlı o Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə rəsmi müraciət etmək qərarına gəlmişdir. Lakin, cavabdeh sığorta ödənişinin ödənilməsindən imtina etmişdir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək yuxarıdakı məzmunda izahat vermiş, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə mülki işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib və mülki işin materiallarını araşdıraraq, tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan 01350 saylı hərbi bilet əvəzi arayışın surətindən görünür ki, 1966-cı il təvəllüdlü İddiaçı 19.04.1994-cü ildə Şamaxı rayon hərbi komissarlığı tərəfindən səfərbərliklə əlaqədar hərbi xidmətə çağrılaraq hərbi qeydiyyatdan çıxarılmış və N saylı hərbi hissə komandirinin 27.04.1994-cü il tarixli 116 №-li əmrilə şəxsi heyətin siyahısına daxil edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Şamaxı rayon şöbəsinin 10.11.2020-ci il tarixli, 692 saylı arayışın surətindən görünür ki, 1966-cı il təvəllüdlü İddiaçı noyabr 1984-cü il tarixdən 25.10.1986-cı il tarixədək keçmiş SSRİ Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmətdə olmuşdur. İddiaçı 27.04.1994-cü ildə keçmiş Şamaxı rayon hərbi komissarlığı tərəfindən Səfərbərliklə əlaqədar Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə göndərilmişdir və 27.04.1994-cü ildən may 1994-cü ilədək Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmət keçmişdir. İİ qrup Qarabağ əlilidir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında müayinə aktından çıxarışın surətindən görünür ki, xx.xx.1966-ci il təvəllüdlü İddiaçı “Kəllədaxili travmanın davamlı qalıq əlaməti. Postkontuzion sindrom. Postkontuzion şəxsiyyət dəyişikliyi. Sol tərəfli dərin hemiporez dayaq hərəkət funksiyasının kəskin pozulması, qabarıq asteno nevrotik sindrom pozttravmatik ensefolopatiya. Saö dirsək oynağının və sol diz oynağının kontrakturası ilə müşayət olunan dayaq və hərəkət funksiyasının kəskin pozulması. Generalizə olunmuş idiopatik epilepsiya və epileptik sindromlar, tez-tez təkrarlanan epileptik tutmalar.” diaqnozu qoyulmaqla ikinci qrup əlillik müəyyən edilmişdir. Əlillik Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi zamanı alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Mərkəzi Hərbi Həkim Komissiyasının 02.04.2018-ci il tarixli, 627 saylı qərarının notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı “Odlu silah mərmi partlayışından sonrakı başın alın nahiyyəsinin sol yarısında bir ədəd, başın alın nahiyyəsinin sağ yarısında bir ədəd, burun belində bir ədəd köhnə çapıq toxumaları” diaqnozu qoyulmuş, xəsarət Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi zamanı alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin İddiaçı ünvanladığı 30.11.2020-ci il tarixli, 07-07-635 saylı məktubunun surətindən görünür ki, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının həmin dövr üçün qüvvədə olan qanunvericiliyinə istinadən bildiririk ki, sığorta olunanın və ya onun vərəsələrinin sığorta ödənişinin alınması üçün sığorta hadisəsi günündən 3 il keçənədək sığorta orqanlarına müraciət etmək hüququ vardır. Ərizənizdən göründüyü kimi, siz 1994-cü ildə hərbi zamanı xəstarət alaraq tərxis olunmusunuz və bununla əlaqədar İİ qrup əlillik dərəcəsi almısınız. Buna görə də müraciət etmək hüququndan uzun müddət keçdiyi üçün sizə Qanunda nəzərdə tutulmuş sığorta ödənişinin verilməsi qeyri mümkündür. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İİİ hissəsində göstərilmişdir ki, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə əsasən bu Qanuna uyğun olaraq hərbi qulluqçu on bir min manat məbləğində sığorta edilir. Sığorta haqqı sığorta məbləğinin 1 faizi miqdarında müəyyən edilir. Həmin Qanunun 5-ci maddəsinə əsasən aşağıdakılar sığorta hadisələri hesab edilir və onlara görə sığorta ödənişləri bu Qanunun 4-cü maddəsi ilə müəyyən edilmiş sığorta məbləğinin müvafiq faiz nisbətlərində verilir: a) sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman həlak olduqda, öldükdə və ya xəbərsiz itkin düşdüyünə görə məhkəmə qərarı ilə ölmüş elan edildikdə — 100 faiz; b) sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman xəsarət (yaralanma, travma, kontuziya) alması, habelə xəstələnməsi nəticəsində xidmətdən (toplanışdan) buraxıldıqdan sonra üç il müddətində öldükdə — 100 faiz; c) sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman xəbərsiz itkin düşdükdə (məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda) — 100 faiz; ç) hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən və ya həqiqi hərbi xidmət dövründə xəsarət (yaralanma, travma, kontuziya) almasına, habelə həqiqi hərbi xidmət dövründə xəstələnməsinə görə həqiqi hərbi xidmətə yararsız hesab edilərək həqiqi hərbi xidmətdən (toplanışdan) ehtiyata və ya istefaya buraxıldığı gündən, həmçinin ehtiyata və ya istefaya buraxıldığı gündən həqiqi hərbi xidmət dövründə alınmış xəsarət (yaralanma, travma, kontuziya) və ya xəstəliklə əlaqədar üç il müddətində sığorta olunana əlillik təyin olunduqda: - İ qrup əlilliyə görə — 80 faiz; - İİ qrup əlilliyə görə — 60 faiz; - İİİ qrup əlilliyə görə — 40 faiz; d) sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman, bu maddənin a, b və ç bəndlərində nəzərdə tutulmuş hallarla nəticələnməyən: - ağır xəsarət (yaralanma, travma, kontuziya) aldıqda — 25 faiz; - yüngül xəsarət (yaralanma, travma, kontuziya) aldıqda — 5 faiz. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, İddiaçı hərbi xidmət vəzifələrini yerinə yetirərkən xəsarət almış və nəticədə ikinci qrup əlil olmuşdur. “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi” barədə Azərbaycan Respublikası Prezidentinin 25.07.1997-ci il tarixli Fərmanının 2-ci maddəsinə əsasən həmin dövlət sığorta orqanının səlahiyyətlərini Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti həyata keçirir. İşin faktiki hallarına əsasən müəyyən olunur ki, İddiaçı hərbi qulluqçu kimi hərbi xidmətə daxil olduğu andan qanunvericilik əsasında dövlət tərəfindən məcburi şəxsi sığortalanmış, o, hərbi xidmətdə olduğu dövrdə sığorta hadisəsi baş vermiş, ona 2-ci qrup əlillik dərəcəsi təyin olunmuş, beləliklə də Dövlət Sığorta Kommersiya Şirkətinin müvafiq sığorta ödənişini ödəmək öhdəliyi yaranmışdır. Belə olan halda, iddiaçı haqlı olaraq hazırki tələblə bağlı məhkəməyə müraciət etmişdir. Məhkəmə qanunvericiliyin yuxarıda göstərilən müddəlarını əsas götürərək hesab edir ki, 11.000 manat sığorta məbləğinin 60 faizi, yəni 6600 manat iddiaçıya ödənilməlidir. Məhkəmə eyni zamanda qeyd edir ki, hərbi xidmətdən təxris olunduqdan 3 il müddətində sığorta olunana əlillik təyin olunmaması, yəni iddiaçının əlillik dərəcəsini vaxtında almaması onun şəxsi iradəsi ilə bağlı olmamışdır. Belə ki, iddiaçı əlillik təyin olunması ilə bağlı müxtəlif orqanlara müraciət etdikdən sonra zəruri sənədləri əldə edə bilmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, əlilliyin tərxis olunduğu gündən 3 il müddətində alınmaması halı iddiaçının şəxsi iradəsi ilə bağlı olmadığından bu hal onun müəyyən qanuni və əsaslı iddiasının təmin olunmamasına əsas ola bilməz. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, iddia ərizəsi təmin olunmaqla, cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən 6600 manat məbləğində sığorta ödənişi alınaraq İddiaçı ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən 6600 (altı min altı yüz) manat məbləğində sığorta ödənişi alınaraq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Solmaz Mustafayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar