Məhkəmə qərarları › İş №2(006)-1772/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1772/2023

04.05.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1772/2023 04.05.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasov Nail İbad oğlunun sədrliyi, Tağıyev Emil Ağaveys oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı alimentin tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən hər ay onun xeyrinə 220 manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslındırmışdır ki, Cavabdeh ilə rəsmi nikaha girərək evlənib ailə qurmuşlar. Birgə nikahdan bir uşaqları-xx.xx.2011-ci il tarixdə X3 doğulmuşdur. Nikahları xx.xx.2019-cu il tarixdə pozulmuşdur. Nikah pozulduqdan sonra xx.xx.2011-ci il təvəllüdlü X3 onun yanında qalmışdır. Cavabdeh uşağın saxlanması üçün heç bir maddi yardım göstərmir, uşaqla maraqlanmır, uşağın sağlamlığının qayğısına qalmır. Uşağın maddi tələbatlarının ödənilməsi, sağlamlığının qayğısına qalınması və normal inkişafı üçün xeyli vəsait tələb olunur. Cavabdeh öz valideynlik borcunu yerinə yetirməkdən yayınır, halbuki uşağın sağlam və normal böyüməsi üçün maddi yardım göstərmək onun da borcudur və ilk növbədə uşağın hüquqları nəzərə alınmalıdır, alimentin ödənilməsi uşağın maddi tələbatlarının ödənilməsi üçün vacibdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasında iştirak etməmiş, ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələbini qismən etiraf etdiyini və uşağın saxlanılması üçün 100 manat məbləğində aliment ödəyə biləcəyini bildirmişdir. Ərizəsini onunla əsaslandırmışdır ki, o, İddiaçı ilə ailə qurmuşdur. Birgə yaşayış dövründə oğlu xx.xx.2011-ci il təvəllüdlü X3 doğulmuşdur. Sonradan xasiyyətləri uyğun gəlmədiyindən ayrılmışlar və oğlu Orxan İddiaçı yanında qalmışdır. xx.xx.2021-ci il tarixdə X1 ilə nikah bağlayaraq ailə qurmuşdur. Birgə nikahlarından 1 uşaqları -xx.xx.2022-ci il təvəllüdlü X5 doğulmuşdur. Heç bir yerdə işləmir və fərdi əməklə məşğul olur. İddiaçı Maarif qızının tələb etdiyi həddə alimenti ödəməyə gücü çatmır. Məhkəmə, iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan tərcüməsi notarial qaydada təsdiq edilmiş Tatarstan Respublikası Provoljsk rayonu Kazan şəhəri Bələdiyyə İcraiyyə Komitəsinin VVAQ idarəsi şöbəsi tərəfindən xx.xx.2015-ci il tarixdə verilmiş İİİ-КБ seriyalı 809400 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2011-ci il tarixdə Rusiya, Tatarıstan Respublikası Kazan şəhərində doğulmuş X2 atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarında olan tərcüməsi notarial qaydada təsdiq edilmişTatarıstan Respublikası Volqa VVAQ idarəsi Kazan şəhəri VVAQ şöbəsi tərəfindən xx.xx.2015-ci il tarixdə verilmiş İ-КБ N 607240 saylı atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1987-ci il tarixdə Azərbaycan-Bərdə şəhərində doğulmuş, Azərbaycan vətəndaşı Cavabdeh, xx.xx.2011-ci il tarixdə Rusiya Tatarıstan Respublikası, Kazan şəhərində xx.xx.1987-ci il tarixdə Azərbaycan-Gədəbəy şəhərində doğulmuş Rusiya vətəndaşı İddiaçı doğulmuş X2 atası hesab edilmişdir. Uşağa soyad-Tağıyev, ad- Orxan, ata adı-Vüsal verilmişdir. İş materiallarında olan tərcüməsi notarial qaydada təsdiq edilmiş Tatarstan Respublikası Provoljsk rayonu Kazan şəhəri Bələdiyyə İcraiyyə Komitəsinin VVAQ idarəsi şöbəsi tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş İİ-КБ seriyalı 627749 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh və Rusiya Federasiyası vətəndaşı xx.xx.1987-ci il tarixdə Azərbaycan, Gədəbəy şəhərində doğulmuş İddiaçı arasında bağlanan nikah pozulmuş, nikah pozulduqdan sonra arvada “Tağıyeva” soyadı verilmişdir. İş materiallarından görünür ki, Cavabdeh ilə X1 xx.xx.2021-ci il tarixdə nikahlarını bağlamışlar. Həmin nikahdan xx.xx.2022-ci il təvəllüdlü X5 doğulmuşdur. İş materiallarında Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsilə əldə edilmiş elektron sorğulanma məlumatlarından görünür ki, Cavabdeh qohumluq məlumatlarının uşaq qrafasında xx.xx.2011-ci il təvəllüdlü X3 və xx.xx.2012-ci il təvəllüdlü X5 qeyd edilmişdir. İşin araşdırılmış hallarından müəyyən edilir ki, tərəflərin birgə nikahlarından doğulmuş xx.xx.2011-ci il təvəllüdlü X3 hazırda iddiaçının yanındadır və tərəflər arasında uşağın saxlanılması ilə bağlı razılıq mövcüd deyildir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Konstitusiyanın 34-cü maddəsinin 4-cü hissəsinə görə, uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. «Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununa əsasən, 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən isə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Beləliklə, qanunvericiliyin sadalanan müddəaları alimentin məbləğinin müəyyənləşdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir. Lakin bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar da nəzərə alınmalıdır. Ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu isə özlüyündə müəyyən meyar kimi çıxış etsə də, minimum təminat səviyyəsini nəzərdə tutur. Cavabdehin fərdi əməklə məşğul olmaqla qazancının az olması səbəbindən tələb olunan məbləğdə alimenti ödəyə bilməməsi dəlilinə münasibətdə nəzərə almaq lazımdır ki, bu hal onu övladının saxlanılmasında və getdikcə artan tələbatlarının qarşılanmasında iştirak vəzifəsindən azad etmir. Eyni zamanda cavabdeh yenidən ailə qurduğunu və bu nikahdan övladının olmasını qeyd etsə də, bu hal da cavabdehin uşağın saxlanılmasında iştirak vəzifəsinə təsir etmir. Məhkəmə həmçinin qeyd edir ki, uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu həddində tutulan aliment heç də uşağın getdikcə artan bütün tələbatlarının qarşılanmasının real əvəzi kimi qəbul edilməməlidir. Məhkəmə, uşağın valideynlərdən birinin himayəsində olması, ona qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsi uşağın himayəsində olduğu valideynin üzərinə düşməsini, uşağın müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüquqlarının olmasını, uşağın artan tələbatlarını nəzərə alaraq hesab edir ki, cavabdehdən hər ay 220 manat sabit pul məbləğində alimentin tutulması onun mənafeyinə uyğundur. Odur ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İş materiallarından görünür ki, iddiaçı aliment tələbi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət etmişdir. Buna görə də, alimentin tutulma müddəti Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən iddia tələbi ilə məhkəməyə müraciət edildiyi vaxtdan, yəni xx.xx.2023-cü il tarixdən başlanmalıdır. Azərbaycan Respublikası Mülki Proessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən, şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, xx.xx.2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh İddiaçı xeyrinə hər ay 220 manat sabit pul məbləğində aliment tutulmalıdır. Alimentin tuutlma müddəti xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinin tələbinə görə iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında dövlət rüsumu ödənilməlidir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi alimentin alınması ilə bağlı olduğundan, iddianın qiyməti bu cür iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edildiyindən, həmçinin bir il ərzində ödəmənin məcmusu 2640 (220x12=2640) manat təşkil etdiyindən, iddiaçı isə müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən qanunla azad edildiyindən, 46.4 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 234.2.1və360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. xx.xx.2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün xx.xx.2023cü il tarixdən hesablanmaqla Cavabdeh hər ay 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin. Cavabdeh 46.4 (qırx altı manat qırx qəpik) manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. Qətnamə dərhal icra olunsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Nail Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar