Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1786/2021 08.04.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Şahverdiyev Xandəmir Elman oğlunun katibliyi, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı «sığorta məbləğinin ödənilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı «sığorta məbləğinin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1965-ci il tarixdə Biləsuvar rayonunu Ağalıkənd kəndində doğulmuşdur. xx.xx.1994-cü il tarixdə Biləsuvar RHK tərəfindən ehtiyatda olan zabit kimi həqiqi hərbi xidmətə çağrılmış və xx.xx.1995-ci il tarixdə xəstəliyi ilə əlaqədar hərbi xidmətdən ehtiyata təxris olunmuşdur. Azərbaycan Respublikası Biləsuvar RHK tərəfindən xx.xx.2005-ci il tarixdə verilmiş 1264 saylı arayışa əsasən onun xx.xx.1994-cü il tarixdə həqiqi hərbi xidmətə çağrıldığı və xx.xx.1995-ci il tarixdə xəstəliyi ilə əlaqədar hərbi xidmətdən ehtiyata təxris olunması qeyd olunur. Göstərilən məluamtların onun 1172 saylı şəxsi işinə əsasən verildiyi əsas olaraq göstərilmişdir. Azərbaycan Respublikası Biləsuvar rayon Hərbi Həkim Komissiyasının 11378 saylı, xx.xx.1994-cü il tarixli arayışına əsasən o hərbi xidmət dövründə döyüş əməliyyatları zamanı 12 barmaq bağırsağın xroniki xora xəstəliyi tez-tez kəskinləşmə və qanaxmalarla MBS-nin funksiya pozğunluğu, xroniki qastrit xəstəliyi ilə əlaqədar sülh dövründə hərbi xidmətə yararsız, hərbi əməliyyatlar getdiyi dövrdə isə məhdud yararlı hesab edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 30 saylı Tibbi Sosial Ekspert Komissiyasının 77 saylı, xx.xx.2019-cu il tarixli arayışı ilə “12 barmaq bağırsağın xroniki xora xəstəliyi tez-tez kəskinləşmə və qanaxmalarla MBS-nin funksiya pozğunluğu, ümumi qidalanma zəifliyi, ikincili anemiya” diaqnozuna əsasən müddətsiz ikinci dərəcəli əlillik kimi qiymətləndirilmişdir. Tərəfindən sığorta məbləğinin ödənilməsi xahişi ilə Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə müraciət edilmişdir. Lakin müraciəti cavablandırılmamışdır. Hesab edir k, iddia təmin olunmalı və Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən 6600 manat icbari sığorta məbləği tutularaq ona ödənilməlidir. Göstərilənlərə əsasən cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən 11000 (on bir min) manat məbləğində sığorta pulunun 60 faizi miqdarında məbləğin 6600 manat (altı min altı yüz) manatın tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil “Elektron Məhkəmə” sistemi vasitəsi ilə məhkəməyə ərizə ünvanlayaraq işə onların iştirakı olmadan baxılaraq qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, iddiaçı və cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə mülki işin materiallarını araşdıraraq, tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan hərbi biletin surətindən görünür ki, iddiaçı xx.xx.1994-cü il tarixdə Biləsuvar RHK tərəfindən ehtiyatda olan zabit kimi həqiqi hərbi xidmətə çağrılmış və xx.xx.1995-ci il tarixdə xəstəliyi ilə əlaqədar hərbi xidmətdən ehtiyata təxris olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 30 №-li Tibbi Sosial Ekspert Komissiyasının 77 №-li, xx.xx.2019-cu il tarixli arayışının surətindən görünür ki, iddiaçıya qoyulmuş diaqnoz: “12 barmaq bağırsağın xroniki xora xəstəliyi tez-tez kəskinləşmə və qanaxmalarla MBS-nin funksiya pozğunluğu, ümumi qidalanma zəifliyi, ikincili anemiya” dır. Həmin diaqnozuna əsasən ona müddətsiz ikinci dərəcəli əlillik kimi təyin edilmişdir. Əlilliyin səbəbi hərbi xidmət dövrü ilə əlaqədar əlillikdir. İş materiallarında olan 11378 saylı, xx.xx.1994-cü il tarixli Xəstəlik haqqında şəhadətnamənin surətindən görünür ki, iddiaçı hərbi xidmət dövründə döyüş əməliyyatları zamanı 12 barmaq bağırsağın xroniki xora xəstəliyi tez-tez kəskinləşmə və qanaxmalarla MBS-nin funksiya pozğunluğu, xroniki qastrit xəstəliyi ilə əlaqədar sülh dövründə hərbi xidmətə yararsız, hərbi əməliyyatlar getdiyi dövrdə isə məhdud yararlı hesab edilmişdir. İşmateriallarında olan Biləsuvar RHK tərəfindən xx.xx.2005-ci il tarixli, 1264 saylı arayışa əsasən iddiaçının xx.xx.1994-cü il tarixdə həqiqi hərbi xidmətə çağrıldığı və xx.xx.1995-ci il tarixdə xəstəliyi ilə əlaqədar hərbi xidmətdən ehtiyata təxris olunması qeyd olunur. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin Biləsuvar rayon Filialının direktoruna ünvanladığı xx.xx.2019-cu il tarixli, 07-07- 489 №-li məktubun surətindən görünür ki, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin ““ç” bəndinə əsasən xidməti vəzifəsini yerinə yetirməsi ilə əlaqədar olaraq sığorta olunana xidmətdən buraxıldığı gündən 3 il müddətinə əlillik təyin olunduqda, o sığorta məbləğini almaq hüququna malikdir. Sənədlərdən göründüyü kimi İddiaçı xx.xx.1995-ci ildə hərbi xidmətdən təxris olunmuş və bundan 18 ildən artıq müddət keçdikdən sonra, xx.xx.2013-cü ildə TSEK tərəfindən İİ qrup əlillik dərəcəsi almışdır. Buna görə də Ona Qanunda nəzərdə tutulmuş sığorta ödənişinin verilməsi qeyri-mümkündür. Hazırki iddia tələbi ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə əsasən bu Qanuna uyğun olaraq hərbi qulluqçu on bir min manat məbləğində sığorta edilir. Sığorta haqqı sığorta məbləğinin 1 faizi miqdarında müəyyən edilir. Həmin Qanunun 5-ci maddəsinə əsasən aşağıdakılar sığorta hadisələri hesab edilir və onlara görə sığorta ödənişləri bu Qanunun 4-cü maddəsi ilə müəyyən edilmiş sığorta məbləğinin müvafiq faiz nisbətlərində verilir: a) sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman həlak olduqda, öldükdə və ya xəbərsiz itkin düşdüyünə görə məhkəmə qərarı ilə ölmüş elan edildikdə — 100 faiz; b) sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman xəsarət (yaralanma, travma, kontuziya) alması, habelə xəstələnməsi nəticəsində xidmətdən (toplanışdan) buraxıldıqdan sonra üç il müddətində öldükdə — 100 faiz; c) sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman xəbərsiz itkin düşdükdə (məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda) — 100 faiz; ç) hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən və ya həqiqi hərbi xidmət dövründə xəsarət (yaralanma, travma, kontuziya) almasına, habelə həqiqi hərbi xidmət dövründə xəstələnməsinə görə həqiqi hərbi xidmətə yararsız hesab edilərək həqiqi hərbi xidmətdən (toplanışdan) ehtiyata və ya istefaya buraxıldığı gündən, həmçinin ehtiyata və ya istefaya buraxıldığı gündən həqiqi hərbi xidmət dövründə alınmış xəsarət (yaralanma, travma, kontuziya) və ya xəstəliklə əlaqədar üç il müddətində sığorta olunana əlillik təyin olunduqda: - İ qrup əlilliyə görə — 80 faiz; - İİ qrup əlilliyə görə — 60 faiz; - İİİ qrup əlilliyə görə — 40 faiz; d) sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman, bu maddənin a, b və ç bəndlərində nəzərdə tutulmuş hallarla nəticələnməyən: - ağır xəsarət (yaralanma, travma, kontuziya) aldıqda — 25 faiz; - yüngül xəsarət (yaralanma, travma, kontuziya) aldıqda — 5 faiz. Həmin Qanunun 7-ci maddəsinə görə, əlillik halında sığorta ödənişlərinin alınması üçün sığorta olunan dövlət sığorta orqanlarına və ya yaşadığı ərazi üzrə həmin orqanın bölmələrinə müəyyən olunmuş formada ərizəsi və şəxsiyyətini təsdiq edən sənədi ilə birlikdə aşağıdakı sənədləri təqdim edir: - əlilliyin təyin edilməsi haqqında (əlilliyin qrupu, səbəbi və təyin edilməsi tarixini göstərməklə) tibbi-sosial ekspert komissiyasının arayışının surəti; - hərbi bilet (yaxud onu əvəz edən sənəd); - sığorta olunanın həqiqi hərbi xidmətdə olarkən xəstələnməsi və ya xəsarət (yaralanma, travma, kontuziya) alması faktını təsdiq edən hərbi həkim komissiyasının qərarının surəti. İş materiallarından göründüyü kimi, İddiaçı “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsində qeyd olunan sənədləri məhkəməyə təqdim etmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, iddiaçı hərbi xidmət vəzifələrini yerinə yetirərkən xəsarət almış və nəticədə ikinci qrup əlil olmuşdur. Belə olan halda, iddiaçı haqlı olaraq hazırki tələblə bağlı məhkəməyə müraciət etmişdir. Məhkəmə qanunvericiliyin yuxarıda göstərilən müddəlarını əsas götürərək hesab edir ki, 11.000 manat sığorta məbləğinin 60 faizi, yəni 6600 manat iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İİİ hissəsində göstərilmişdir ki, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Məhkəmə hesab edir ki, iddia ərizəsi təmin olunmaqla, İddiaçı 6600 (altı min altı yüz) manat sığorta ödənişinin verilməsinə dair müvafiq öhdəlik cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən 6600 (altı min altı yüz) manat icbari sığorta məbləği tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ramin Xəlilov
Məhkəmə qərarları › İş №2(006)-1786/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1786/2021
08.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver