Məhkəmə qərarları › İş №2(006)-184/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-184/2021

18.05.2021 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-184/2021 18.05.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi, məhkəmə iclasının katibi Namazova Çinarə İmaməddin qızının katibliyi, ilkin iddia üzrə cavabdehin (qarşılıqlı iddia üzrə iddiaçının) nümayəndəsi və vəkili Vəkil1 iştirakları ilə, ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı MMC-nin ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh qarşı “müqavilənin ləğv edilməsi və s.” tələbinə dair iddia ərizəsi və ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı MMC-yə qarşı “müqavilənin etibarsız hesab edilməsi və s.” tələbinə dair qarşılıqlı iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İlkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı MMC ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh qarşı İddiaçı MMC ilə bağlanan 30 mart 2019-cu il tarixli, 38/AB saylı müqavilənin ləğv edilməsi, İddiaçı MMC tərəfindən Cavabdeh üçün görülmüş və dəyəri 5120 manat olan əlavə işlər üçün sərf edilmiş həmin pul vəsaitini, 30 manat ödənilmiş dövlət rüsumunun, vəkillik xidməti üçün ödənilmiş 1000 manat pul vəsaitinin cavabdehdən İddiaçı MMCnin xeyrinə ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İlkin iddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh və İddiaçı MMC arasında 8 m x 3.9 m olan daşma tipli üzmə hovuzunun təmir işlərinin aparılması məqsədi ilə № 38/AB saylı, 30 mart 2019-cu il tarixli müqavilə imzalanmışdır. Müqavilənin ümumi dəyəri 12.200 (on iki min iki yüz) manat müəyyən edilmişdir. Tikinti gedişatında tikinti şirkətinə aid olmayan və şəxsi istəklərinə uyğun olaraq tikinti formalarına və məhsullarına dəyişiklik edilib. Bu da aralarında bağlanmış № 38/AB saylı, 30 mart 2019-cu il tarixli müqavilənin 1.3-cü bəndində qeyd edilmiş 12.200 manat pul məbləğinə uyğunluğunu itirmişdir. Belə ki, şirkət olaraq tərəflərindən cavabdehə aid və sifarişçisi olduğu həyətyanı sahə və hovuzda görülən işlərin ümumi dəyəri 15.200 (on beş min iki yüz) manat təşkil etmişdir. Buna görə də müqavilənin 1.3-cü bəndinə dəyişiklik edilməsi zəruri hala çevrilmişdir. Belə ki, işin gedişatında İddiaçı MMC tərəfindən görülən işlərin həcmi cavabdehin istəyinə uyğun olaraq artırılmış və smetada nəzərdə tutulan iş həcmlərinin dəyərindən artıq işlər görülmüşdür. Cavabdehlə İddiaçı MMC arasında bağlanmış müqavilənin 1.5 bəndinin şərtlərinə uyğun olaraq işin gedişatında mozaika vurulmağa başladıqda 3-cü hissə olaraq ümumi məbləğin 30%-ni sifarişçi tərəf olaraq ödəmək öhdəliyi götürmüşdür. Lakin cavabdeh tərəfindən sözügedən müqavilənin 1.5ci bəndinin 3-cü hissəsi, yəni mozaika vurulmağa başladıqda 3-cü hissə olaraq ümumi məbləğin 30%-ni sifarişçi tərəf olaraq ödəmək öhdəliyi pozulmaqdadır. Bu məsələ ilə bağlı cavabdehə şirkət tərəfindən 12.08.2019-cu il tarixli müraciət ünvanlanmış, pozduqları müqavilə öhdəliyinin bərpa etməyi, əks təqdirdə müqaviləyə birtərəfli qaydada xitam veriləcəyini, şirkət tərəfində cavabdehin həyətyanı sahəsində smetadan kənar görülmüş işlərin dəyərini ödəməyi şirkət tərəfindən (5120 manat) ödənilməsi tələbi cavabdeh tərəfindən reallıqdan kənar cavabla cavablandırılmışdır. Bir sözlə, görülən əlavə işlərin dəyərin ödəməkdən boyun qaçırmışdır. Aralarında bağlanmış № 38/AB saylı müqavilənin 1.4-cü bəndinə uyğun olaraq ödəniş zamanında ödənmədiyi üçün tikinti işləri dayandırılıb, müqaviləyə bir tərəfli qaydada xitam verilməsi qanuna müvafiqdir. Göstərilənlərə əsasən iddianın təmin edilməsini xahiş etmişdir. İkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı MMC-yə qarşı İddiaçı MMC ilə bağlanan 30 mart 2019-cu il tarixli, 38/AB saylı müqavilənin etibarsız hesab edilməsi, müqaviləyə görə ödənilən 10080 manatın, 100000 manat maddi zərərin, 100000 manat mənəvi zərərin və 30 manat ödənilmiş dövlət rüsumunun İddiaçı MMC-dən alınaraq ona ödənilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, ilkin iddia üzrə iddiaçı ilə aralarında 30 may 2019-cu il tarixdə bağlanan müqaviləyə əsasən icraçı tərəfindən daşma tipli üzmə hovuzunun təmir-tikinti işlərinin (qazıntı işi, döşəmənin dəmir beton işi, beton blok hörgü işi, döşəmənin və divarların suvaq işləri, hovuzun izolyasiyası və mozaykanın vurulması hovuzu avadanlıqlar ilə təmin etməyi, yəni filter, nasos, skimmer, lampa, pilləkən, elektrik şiti, nasosxanadakı boru, vinter və fıtinq) birləşmələri yəni hovuzu tam şəkildə təhvil verməyi öz öhdəsinə götürmüşdür. Müqavilə şərtlərinə əsasən, görülən işin xidmət haqqı olan 12.200 manat ümumi məbləğin ilk 30 %-i ilkin başlanğıcda, hovuzun yerinin beton işi bitdikdən sonra ümumi məbləğin 30%-i ikinci hissədə, mozayka vurulduqdan sonra ümumi məbləğin 30%-i üçüncü hissədə və sonda ümumi məbləğin 10% ödənilməsi barədə aralarında razılıq əldə edilmişdir. Lakin qarşılıqlı iddia üzrə cavabdeh sonradan öz fikrindən daşınmış, hovuzun tikintisində nöqsanlara yol verdiyi üçün inşaatın davam etdirilməsindən boyun qaçırmışdır. Bunun üçün cavabdeh guya qarşılıqlı razılıq əsasında smetadan kənara çıxmaları əsas gətirərək 12.08.2019-cu il tarixdə ona müraciət edərək müqavilənin 1.3 bəndində dəyişikliklər etməyi təklif etmişdir. Bu təklif tərəfindən etirazla qarşılandığı üçün cavabdeh dərhal ilkin iddia ilə məhkəməyə müraciət etmiş və bu yolla öz öhdəliklərindən yayınmağa çalışmışdır. Cavabdehin bu yolla öhdəliyindən yayınmaq istədiyini görüb hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək qərarına gəldi. Hazırki iddia ərizəsinə əlavə etdiyi foto şəkillərdən də görünür ki, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı MMC nəinki müqavilədə nəzərdə tutulan hovuzu lazımınca tikməmiş, əksinə, hovuzun tikintisi zamanı həyətə ağır tikinti texnikası salaraq həyətdə olan metlaxları yararsız hala salmış çöl darvazanı isə ağır texnika ilə qırmışdır. Cavabdehin bu hərəkətləri nəticəsində ona təxminən 10000 manat məbləğində maddi zərər dəymişdir. Müqavilə üzrə öhdəliklərin lazımınca yerinə yetirilməməsi onu deməyə əsas verir ki, qarşılıqlı iddia üzrə cavabdeh hazırki müqaviləni rəsmiləşdirən zaman onu aldatmış və bu yolla hazırki müqavilənin bağlanmasına nail olmuşdur. Bu səbəbdən də belə hesab edir ki, hazırki müqavilə aldatma yolu ilə bağlandığından məhkəmə qaydasında etibarsız hesab edilməli və mülki qanunvericiliyin etibarsızlıqla bağlı müddəaları tətbiq edilməlidir. İddia ərizəsinə əlavə etdiyi smetadan (müqaviləyə əlavə № 1 qiymət razılaşdırma protokolu) görünür ki, qarşılıqlı iddia üzrə cavabdeh guya ona 9970 manat endirim təklif etməklə onu aldatmış və bu yolla onu müqavilə bağlamağa təhrik etmişdir. Hazırki mülki iş üzrə iddia tələbində qeyd edilən həmin əlavə 3000 də bu aldatmanın nəticəsində yaranan puldur ki, iddiaçı bu yolla həmin vəsaiti ondan əldə etməyə çalışır. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə cavabdehin (qarşılıqlı iddia üzrə iddiaçının) nümayəndəsi və vəkili Vəkil1 yuxarıda qeyd olunan məzmunda izahat vermiş, qarşılıqlı iddianın təmin edilməsi, ilkin iddianın isə rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İlkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı MMC məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də o, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və məhkəməyə heç bir üzrlü səbəb bildirməmişdir. Məhkəmə ilkin iddia üzrə iddiaçının (qarşılıqlı iddia üzrə cavabdehin) nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Əsaslandırıcı hissə: İlkin iddia rədd, qarşılıqlı iddia qismən təmin edilməlidir. - Sifarişçi Cavabdeh ilə İcraçı İddiaçı MMC arasında bağlanmış 30.03.2019-cu il tarixli, 38/AB saylı müqavilənin surətindən görünür ki, İcraçı müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında Sifarişçinin 8m x 3.90 m olan üzmə hovuzunun tikinti-təmir işlərini etməyi öz öhdəsinə götürür. Tərəflər üzmə hovuzunda görüləcək işlərin qazıntı işi, döşəmə və divarların suvaq işləri, hovuzun izolyasiyası və mozaykanın vurulmasından ibarət olduğu barədə razılaşıblar. Həmçinin icraçı hovuzu avdanlıqlar ilə təmin etməyi, yəni filter, nasos, skimmer, lampa, pilləkan, elektrik şiti, nasosxanadakı boru, vintel və fitinq birləşmələri, yəni hovuzun tam şəkildə təhvil verməyi öz öhdəsinə götürmüşdür. Sifarişçi icraçının yerinə yetirdiyi işlərin dəyərini, yəni 12.200 manat ödəməyi öz öhdəsinə götürmüşdür. Müqavilənin 1.5-ci bəndinə əsasən ödənişlərin zamanında həyata keçirilmədiyi təqdirdə tikinti dayandırılması və müqaviləyə bir tərəfli qaydada xitam verilməsi qeyd edilmişdir. - Cavabdeh ilə İddiaçı MMC arasında bağlanmış 30.03.2019-cu il tarixli, 38/AB nömrəli müqaviləyə 1 nömrəli əlavədən (qiymət razılaşdırma protokolundan) görünür ki, müqavilə üzrə görülən işlər üçün yekun məbləğ 12.200 manat müyyən edilmişdir. - İddiaçı MMC-nin 30 mart 2019-cu il tarixli 39 №li, 11 aprel 2019-cu il tarixli 47 №li, 20 iyun 2019-cu il tarixli 47 №li nağd pulun mədaxili üçün elan adlanan sənədlərin notariat qaydada təsdiq edilmiş surətlərindən görünür ki, Cavabdeh göstərilən tarixlərdə 3360 manat pul ödəmişdir. Ödənişin təyinatı kimi hovuzun tikintisi göstərilmişdir. - İddiaçı MMC-nin Cavabdeh 12.08.2019-cu il tarixli müraciətindən görünür ki, aralarında bağlanmış 8 m x 3.9 m olan daşma tipli üzmə hovuzunun təmir işlərinin aparılması məqsədi ilə № 38/AB saylı, 30 mart 2019-cu il tarixli müqavilənin ümumi dəyəri 12.200 (on iki min iki yüz) manat müəyyən edilmişdir. Məlumat üçün bildirirlər ki, tikinti gedişatında tikinti şirkətinə aid olmayan və onun tərəfindən şəxsi istəklərinə uyğun olaraq tikinti formalarına və məhsullarına dəyişiklik edilmişdir. Bu da aralarında bağlanmış № 38/AB saylı, 30 mart 2019-cu il tarixli müqavilənin 1.3-cü bəndində qeyd edilmiş 12.200 manat pul məbləğinə uyğunluğunu itirmişdir. Belə ki, şirkət olaraq tərəflərindən ona aid və sifarişçisi olduğu həyətyanı sahə və hovuzda görülən işlərin ümumi dəyəri 15.200 (on beş min iki yüz) manat təşkil etdiyindən müqavilənin 1.3-cü bəndinə dəyişiklik edilməsi mütləqdir. Müqavilənin 1.5 bəndinin şərtlərinə uyğun olaraq işin gedişatında mozaika vurulmağa başladıqda 3-cü hissə olaraq ümumi məbləğin 30%-ni sifarişçi tərəf olaraq ödəmək öhdəliyi götürmüş, hazırda tərəfindən şirkətə ümumilikdə 10800 manat pul ödənilmişdir. Lakin cavabdeh tərəfindən sözügedən müqavilənin 1.5-ci bəndinin 3-cü hissəsi, yəni mozaika vurulmağa başladıqda 3-cü hissə olaraq ümumi məbləğin 30%-ni sifarişçi tərəf olaraq ödəmək öhdəliyi pozulmaqdadır. Buna görə də sözügedən və aralarında bağlanmış müqavilə üzrə işlərin tam yekunlaşması üçün şərait yaradılıb, müqavilənin 1.5-ci bəndinin şərtinə uyğun olaraq ümumi məbləğin 3-cü 30%-ni ödəməsini və sözügedən müqavilənin 1.3 bəndinə dəyişiklik edərək məbləğin 12.200 manatdan 15200 manat məbləğinə dəyişdirilməsini təklif edilir. Əks təqdirdə aralarında bağlanmış müqavilənin 1.4 bəndinə uyğun olaraq ödəniş zamanında ödənmədiyi üçün tikinti işləri dayandırılıb, müqaviləyə bir tərəfli qaydada xitam veriləcəkdir. Cavabdeh İddiaçı MMC-yə ünvanladığı 05.09.2019-cu il tarixli müraciətindən görünür ki, aralarında bağlanan müqaviləyə əsasən 3000 manat əlavə ödəniş etməyi barədə müqavilə şərtlərində qeyd olunmadığına görə həmin pul vəsaitini ödəmək niyyətində deyildir. Buna səbəb isə müqavilənin 1.6-cı bəndinə uyğun olaraq mozaika vurmağa başlandıqdan 3-cü hissə olaraq ödəməyi öhdəsinə götürmüşdür. Şirkət hal-hazırda mozaika işlərini başlamamış, əksinə olaraq həyətinin giriş darvazasını, həyətin tamet daşlarının bir hissəsini dağıdaraq ona xeyli miqdarda ziyan vurmuşdur. Bundan əlavə işçiləri layihədən kənar çıxaraq su hovuzunun standartdan 40 sm hündür tikərək həyətin ümumi relyefini pozmuşlar. Relyefin düzəldilməsi üçün əlavə torpaq daşınmasına xərcləri çıxacaqdır. Hazırda onların müştərisi olaraq onunla əlaqə saxlamamalı öhdələrinə götürdükləri işi sonra çatdırmamaqları, onların etibardan sui-istifadə etdiyini bir daha sübut edir. Cavabdeh həmin müraciətində 30.03.2019-cu il tarixli müqaviləni birtərəfli qaydada ləğv edilməsini qanunvericiliyin tələblərinə zidd olması barədə İddiaçı MMC-yə xəbərdarlıq etmişdir. X1 məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, hovuzların tikintisi ilə məşğul olur. Cavabdeh onu çağıraraq kömək istəmiş və o da hovuzun tikintisinə köməklik etmişdir. Onlar ora gəldikdə hovuzun tikintisində əyriliklər olmuş, mozaikalar səhv vurulmuşdur. Həmin əyrilikləri onlar düzəltmişdir. Ölçüsü səhv olan yeri dağıdıb yenidən düzəltmişlər. İzolyasiyanı isə sıfırdan qurmuşlar. İşin məhkəmə tərəfindən araşdırılmış halları ondan ibarətdir ki, tərəflər arasında podrat müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Belə ki, tərəflər arasında 8 m x 3.9 m olan daşma tipli üzmə hovuzunun tikinti-təmir işlərinin aparılması məqsədi ilə № 38/AB saylı, 30 mart 2019-cu il tarixli müqavilə imzalanmış və müqaviləyə, eləcə də, ona edilmiş 1 nömrəli əlavəyə (qiymət razılaşdırma protokoluna) əsasən razılaşma üzrə görülən işlər üçün yekun məbləğ 12.200 manat kimi müyyən edilmişdir. Hovuzun tikintisi işlərinə başlanılmış və ilkin iddia üzrə cavabdeh müqavilənin 1.6-cı bəndinə əsasən İddiaçı MMC-nin 30 mart 2019-cu il tarixli 39 №li, nağd pulun mədaxili üçün elan adlanan sənədə əsasən ümumi məbləğin 30%-ni - 3360 manat, hovuzun yerinin beton işi bitdikdən sonra ikinci hissə olaraq 11 aprel 2019-cu il tarixli 47 №li nağd pulun mədaxili üçün elan adlanın sənədə əsasən ümumi məbləğin 30%-ni - 3360 manat, işin gedişatında, yəni, mozaika vurulmağa başlandıqda üçüncü hissə olaraq ümumi məbləğin 30%-ni – 3360 manatı 20 iyun 2019-cu il tarixli 47 №li nağd pulun mədaxili üçün elan adlanan sənədə əsasən İddiaçı MMC-yə ödəmişdir. İlkin iddia üzrə iddiaçı iddia ərizəsində cavabdeh tərəfindən sözügedən müqavilənin 1.6-cı bəndinin 3-cü hissəsinin, yəni mozaika vurulmağa başlandıqdan sonra üzərinə götürdüyü ümumi məbləğin 30%-ni ödəmək öhdəliyinin pozulmasına, həmçinin smetadan kənar görülmüş işlərin müqabilində əlavə haqqının ödənilməsindən imtina edilməsinə istinad etmiş, tikinti işlərini dayandırdığı səbəbini müqavilənin 1.5-ci bəndinin şərtinə uyğun olaraq cavabdehin əlavə ödənişlərin edilməsinə razılaşmadığına əsaslanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 753.2-ci maddəsinə əsasən əgər müqavilədə nəzərdə tutulan iş həcminin yerinə yetirilməsi üçün muzdun əsasları müqavilə bağlandıqdan sonra sifarişçinin sərəncamları əsasında dəyişmişdirsə, onda dəyərin artması və ya azalması nəzərə alınmaqla yeni qiymət razılaşdırılmalıdır. Həmin Məcəllənin 753.3-cü maddəsinə əsasən əgər sifarişçi müqavilədə nəzərdə tutulmayan əlavə işlərin görülməsini tələb edirsə, podratçının həmin işləri yerinə yetirməyə görə ayrıca muzd almaq hüququ vardır. Əgər sifarişçi əlavə işlərin yalnız ayrıca muzd müqabilində yerinə yetirilə biləcəyini qəbul etmirsə, podratçı ayrıca muzd almaq hüququ barəsində işə başlamazdan əvvəl məlumat verməlidir. Həmin Məcəllənin 753.4-cü maddəsinə əsasən müqavilədə nəzərdə tutulmayan və sifarişçi tərəfindən yerinə yetirilməsi tələb edilməyən işlər ödənilmir. Maddələrin mənasına görə, sifarişçi podratçının gördüyü işlərə görə razılaşdırılmış muzd ödəməyə borcludur. Razılaşdırılmış muzdun artırılması və ya azalması hallarına müqavilə bağlandıqdan sonra iş həcminin yerinə yetirilməsi üçün muzdun əsaslarının sifarişçinin sərəncamları əsasında dəyişməsi aiddir. Bu halda muzdun dəyişməsi müqavilədə nəzərdə tutulmuş işlərin yerinə yetirilməsi və əlavə işlərin görülməsi ilə əlaqələndirilmişdir. İkinci halda podratçı ayrıca muzd almaq hüququ barəsində işə başlamazdan əvvəl məlumatı sifarişçiyə verməlidir. Podratçı əlavə işlərin icrasına və buna görə də ayrıca muzd ödəməyə sifarişçi razılıq verdikdən sonra başlamalıdır. Mülki Məcəllənin 754.1-ci madəsinə əsasən əgər podratçı təqribi smetadan əhəmiyyətli dərəcədə kənara çıxarsa, yalnız razılaşdırılmış muzdun verilməsini tələb edə bilər, amma artıq xərci qabaqcadan nəzərdə tutmağın mümkün olmadığı hallar istisna təşkil edir. Həmin Məcəllənin 754.2-ci maddəsinə əsasən müqavilə bağlanarkən nəzərdə tutulması mümkün olmayan təqribi smetadan bu cür kənaraçıxma barəsində podratçı ləngimədən sifarişçiyə məlumat verməlidir. Əgər sifarişçi smetadan kənaraçıxma nəticəsində müqaviləyə xitam verərsə, icra olunmuş işi təqribi smeta üzrə ödəməyə borcludur. Yuxarıda qeyd edilən maddələrin məzmunundan göründüyü kimi artıq xərci qabaqcadan nəzərdə tutmağın mümkün olmadığı hallarda təqribi smetadan kənara çıxma barədə podratçı sifarişçiyə məlumat verməlidir. Yəni bu halda da sifarişçinin artıq xərclərin ödənilməsinə razılıq verilməsi nəzərdə tutulmuşdur. Əks halda isə podratçı yalnız razılaşdırılmış muzdun verilməsini tələb edə bilər. Göründüyü kimi bütün hallarda podrat müqaviləsində nəzərdə tutulan və ya tutulmayan əlavə işlərin görülməsi üçün sifarişçinin buna razılıq verilməsi tələb olunur ki, belə razılığa podratçı görüləcək işlərin dəyərinin ödənilməsində əmin olsun. İşin hallarından göründüyü kimi podrat müqaviləsi bağlandıqdan sonra işlər tamamlanmayana qədər sifarişçinin müqavilədə müəyyən edilmiş məbləğdən əlavə ödənişlərin aparılmasını zəruri edən əlavə işlərin görülməsinə nə razılıq vermiş, nə də ki əlavə işlərin görülməsinə sifariş vermişdir. İşin materiallarında olan tərəflər arasında yazışmalardan da görünür ki, İddiaçı MMC Cavabdeh əlavə 3000 manat ödənilməsi ilə bağlı müvafiq müraciət etsə də şəxsi sonuncunun istəklərinə uyğun olaraq tikinti formalarına və məhsullarına hansı dəyişiklik edilməsini açıqlamamışdır. İlkin iddia üzrə cavabdeh də bu təkliflə razılaşmayaraq MMC-nin üzərinə götürdüyü tikinti işlərinin başa çatdırılmalı olmasını bildirmişdir. Başqa sözlə, Cavabdeh tikinti işlərinin dayandırılması ilə razılaşmamış, əlavə pul tələbi barədə müraciətə isə etiraz edərək müqavilə tərəfindən haqlı olaraq üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsini tələb etmişdir. Eyni zamanda məhkəmə ilkin iddia ərizəsində göstərilən dəlilləri işdə olan sənədlər ilə müqayisəli şəkildə araşdıraraq müəyyən etmişdir ki, cavabdeh müqavilə şərtlərinə uyğun olaraq 3 dəfə, hər dəfə 3360 manat (ümumi məbləğin 30%-i) olmaqla ilkin iddia üzrə iddiaçıya ödənişlər etmiş, ümumilikdə 10080 manat ödəmiş, aralarında bağlanmış müqavilənin 1.6-cı bəndinə əsasən də işin sonunda ümumi məbləğin 10%-ni ödəməyi öhdəsinə götürdüyü məbləğ ödənilməmiş qalmışdır. Təmir-tikinti işlərinin tamamlanmadığı işin mübahisələndirilməyən halıdır. Mülki Məcəllənin 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərin birinin tələbi ilə müqavilə yalnız digər tərəfin müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə mərhum olur. Bu Məcəllənin 421.3-cü maddəsinə əsasən müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Müqavilənin ləğv edilməsi dedikdə onun hüquqi qüvvəsinə xitam verilməsi başa düşülür. Müqavilənin ləğv edilməsi ilə öhdəliyin məzmununun (tərəflərin hüquq və vəzifələrinin) mövcudluğuna son qoyulur və öhdəliyə xitam verilir. Öhdəliyin elementlərindən birinin mövcudluğuna son qoyulması tərəflər (kreditor və borclu) arasında hüquqi əlaqənin itməsinə və kəsilməsinə səbəb olur. Bunun nəticəsində kreditorun borcluya olan tələb hüququ itir, borclunun isə vəzifə daşıması ləğv edilir. Bu isə o deməkdir ki, tərəflərin - kreditorun və borclunun hüquq və vəzifələrindən ibarət olan öhdəliyin məzmunu ləğv edilir. Öhdəliyə xitam verilməsi dedikdə, öhdəliyin məzmununun ləğv edilməsi başa düşülür. Müqavilə ləğv edilməklə tərəflərin öhdəliklərinə xitam verilir. Bu andan etibarən tərəflər öhdəlik əsasında onlara məxsus olan hüquqdan məhrum olurlar və həvalə olunmuş vəzifəni daşımaqdan azad edilirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 422.1-ci maddəsinə əsasən tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar. Tərəflərin müqavilənin əsasında durmuş təsəvvürlərinin yanlış çıxması şəraitin dəyişməsinə bərabər tutulur. Həmin Məcəllənin 422.2-ci və 422.2.4-cü maddələrinə əsasən əgər tərəflər müqavilənin əhəmiyyətli dərəcədə dəyişmiş şəraitə uyğunlaşdırılması və ya ləğv edilməsi barədə razılığa gəlməsələr, eyni zamanda aşağıdakı şərtlər olduqda müqavilə maraqlı tərəfin tələbi ilə məhkəmə tərəfindən ləğv edilə bilər, 422.4-cü maddədə nəzərdə tutulan əsaslar olduqda isə dəyişdirilə bilər, işgüzar adətlərdən və ya müqavilənin mahiyyətindən şəraitin dəyişməsi riskini maraqlı tərəfin daşıdığı irəli gəlmir. Bu məcəllənin 423.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Beləliklə məhkəmə tərəfindən təklif edilməsinə baxmayaraq ilkin iddia üzrə iddiaçı tikinti gedişatında cavabdehin həyətyanı sahəsində tikinti şirkətinə aid olmayan və onun tərəfindən şəxsi istəyinə uyğun olaraq tikinti formalarına və məhsullarına smetadan kənar hansı işlərin görülməsinə, dəyişiklik edilməsinə heç bir sübut təqdim etməmiş, ümumiyyətlə ilkin iddianı Mülki Məcəllənin 421- 423-cü maddələrinin dispozisiya şərtlərinə uyğun, yəni bu şərtlərin cavabdeh tərəfindən, onun hərəkət və ya hərəkətsizliyi nəticəsində pozulması ilə baş verməsini heç bir mötəbər və ya tutarlı sübut növləri ilə əsaslandıra bilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı MMC-nin Cavabdeh qarşı “Müqavilənin ləğv edilməsi və s.” tələbinə dair iddia əsaslı sayıla bilməz. Məhkəmə qeyd edir ki, irəli sürülmüş pul tələbi və müqavilə ləğvi kimi iddia tələblərinin qanuni əsası tapılmırsa və ya faktiki hallar iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Buna görə də məhkəmə digər iddia tələbləri üzrə əlavə araşdırılmasına lüzum görməyərək özünün bu mövqeyini mülki prosessual hüququn ümumi sistemindən irəli gələn prosessual qənaət prinsipinə uyğun hesab edir və ilk iddianın əsassız olduğundan rədd edilməli olması nəticəsinə gəlir. Məhkəmə ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı MMC-nə qarşı “30 mart 2019-cu il tarixli, 38/AB saylı müqavilənin etibarsız hesab edilməsi və pul tələbinə» dair qarşılıqlı iddiası ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri sayır. İşin yuxarıda şərh olunmuş hallarından göründüyü kimi tərəflər arasında bağlanmış 03.12.2018-ci il tarixli müqaviləyə əsasən İddiaçı MMC Cavabdeh məxsus həyətyanı sahədə 8 m x 3.90 m olan üzmə hövuzunun tikinti-təmir işlərini etməyi öhdəsinə götürüb müəyyən işlər görsə də, üzərinə düşən öhdəlikləri lazımi qaydada icra etməmiş, müqavilədə nəzərdə tutulmuş məbləğdən əlavə 3000 manat tələb edərək, bu əlavənin əsaslarını göstərməmiş, bu səbəbdən tikinti işlərini dayandırmış və bununla da qarşılıqlı iddia üzrə iddiaçıya zərər dəyməsinə zəmin yaratmışdır. Cavabdeh həmçinin İddiaçı MMC-nin gördüyü tikinti işlərinin keyfiyyətindən də narazı qalmışdır. İş üzrə ekspertiza təyin edilməsinə baxmayaraq müvafiq tədqiqat aparmaqla rəyin verilməsi müəyyən obyektiv səbəblərdən baş tutmasa da, məhkəmə baxışı zamanı şahid qismində ifadə vermiş, hovuzların tikintisi ilə məşğul olan usta X3 verdiyi ifadəsi ilə qarşılıqlı iddia ərizəsində istinad olunan halların mövcudluğunu təsdiq etmişdir. Müəyyən edilmişdir ki, İddiaçı MMC-nin inşasını başladığı hovuz tikintisində yol verilmiş səhvlər Cavabdeh tərəfindən yenidən çəkdiyi pul vəsaiti hesabına başqa ustanın köməyi ilə aradan qaldırılmış, hovuzun tikinti-təmir işləri hazırda başa çatmışdır. Mülki Məcəllənin 765-ci maddəsinə əsasən məmulatın qüsuru nəticəsində, əgər müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra həmin qüsur tamamilə aradan qaldırılmazsa, sifarişçi müqavilədən imtina edə bilər. Bu halda podratçı müqavilə ilə bağlı xərclərin əvəzini sifarişçiyə ödəməyə borcludur. Maddənin məzmunundan göründüyü kimi podrat müqaviləsinin predmeti olan məmulat qüsurlu hazırlanarsa, həmin qüsurların aradan qaldırılması üçün podratçıya müəyyən vaxt verilir. Həmin müddət ərzində qüsurlar düzəldilməzsə, sifarişçi qüsuru podratçının hesabına özü qaldıra bilər ya da ki, müqavilədən imtina edə bilər. Bu hallarda podratçı sifarişçinin podrat müqaviləsi ilə bağlı çəkdiyi bütün xərclərin əvəzini ona ödəməlidir. Bunu nəzərə alan məhkəmə hesab edir ki, qarşılıqlı iddida üzrə iddiaçı düşdüyü zərərin əvəzi olaraq müqaviləyə görə ödənilən 10080 manat məbləğində pulu tələb etmək üzrə subyektiv hüquqa malikdir. Belə ki, iş materiallarından göründüyü kimi podrat müqaviəsinin predmeti olan 8 m x 3.90 m olan üzmə hövuzun qüsurlu olduğu üçün sifarişçi sonuncu ödənişləri etməkdən imtina etmiş, podratçı tikinti-təmir işlərini dayandırmışdır. Belə ki, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı MMC 30.03.2019-cu il tarixli, 38/AB saylı müqavilənin bağlamasına və müqavilə üzrə müəyyən işlərin görülməsinə baxmayaraq müqavilədən kənar əlavə pul məbləğinin ödənilməsini tələb etməklə faktiki olaraq Cavabdeh qarşısında üzərinə götürdüyü öhdəliklərdən yayınmış, əsassız olaraq tikinti işlərini yarımçıq qoymuşdur ki, sonuncu da həmin tikintidə olan qüsurları aradan qaldıraraq onu başa çatdırmaq üçün əlavə vəsait xərcləməyə məcbur olmuşdur. Qarşılıqlı iddia üzrə iddiaçı daha çox məbləğdə olan zərərə düşməsini əsaslandıran sübut məhkəməyə təqdim edə bilmədiyi üçün məhkəmə hesab edir ki, qarşılıqlı iddia üzrə cavabdehdən müqavilə üzrə ödənilmiş 10080 manat məbləğində pul tutulub iddiaçıya verilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Bu Məcəllənin 442-ci maddəsinin tələbinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Bu Məcəllənin 443.1-ci maddəsinin tələbinə görə öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.2.1 və 445.2.2-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinin tələbinə görə, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Məhkəmə iddianın “Daşma tipli üzmə hovuzunun tikinti-təmir işlərinin aparılması barədə № 38/AB saylı, 30 mart 2019-cu il tarixli müqavilənin etibarsız hesab edilməsi” hissəsi ilə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri sayır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324-cü maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Mülki Məcəllənin 337.1-ci maddəsinin tələblərinə görə bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Mülki Məcəllənin 337-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Məhkəmə qeyd edir ki, mülki qanunvericilik tərəfindən əqdin etibarlı olması aşağıdakı şərtlər sistemi daxilində müəyyən edilir: 1) məzmunun qanuniliyi; 2) əqdi həyata keçirən hüquqi və fiziki şəxslərin əqddə iştirak etmək qabiliyyətinin olması; 3) iradə və iradə ifadəsinin müvafiqliyi; 4) əqdin formasına riayət edilməsi. Göründüyü kimi əqdlərin etibarlılığı onu təşkil edən elementlərin etibarlılığından asılıdır. Əqdin hansı elementinin qüsurlu olmasından asılı olaraq, etibarsız əqdlər bir neçə qrupa bölünür: subyektiv tərkibinin, iradənin, formanın və məzmunun qüsurlu olduğu etibarsız əqdlər. İradə və iradə ifadəsinin vahidliyi əqdin etibarlılığının zəruri şərtidir. İradənin qüsurlu olduğu əqdlərdə ya tərəfin əqdin bağlanmasına daxili iradəsi olmur, ya da onun daxili iradəsi düzgün formalaşmır. Məhkəmə iş materiallarını müqayisəli şəkildə araşdıraraq hesab edir ki, mübahisələndirilən müqavilənin Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozulmaqla bağlanması qənaətinə gəlmək üçün hər-hansı əsas yoxdur. Məhkəmə qarşılıqlı iddianın cavabdehin hüquqa zidd hərəkətləri nəticəsində həyətə dəymiş 10000 manat məbləğində maddi və 100000 manat məbləğində mənəvi zərərin tutulmasına dair hissələri ilə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri sayır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096 və 1097.1-ci maddələrinin tələblərinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Məhkəmə yuxarıda sadalanan maddələrə əsasən qeyd edir ki, zərərin ödənilməsi ilə bağlı istənilən tələb öncə həmin zərərin onu vuran şəxsə aid edilməsini nəzərdə tutur. Borclu yalnız səbəb olduğu, yaranmasına görə cavabdehlik daşıdığı zərərin əvəzinin ödənilməsinə cəlb edilə bilər. Beləliklə zərərin mövcud olması, bunun cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə zərər arasında səbəbli əlaqənin olması və zərər vuran şəxsin təqsiri məsələləri məhkəmə tərəfindən müəyyən edilməli olan hallardır. İşin materiallarından görünür ki, qarşılıqlı iddiaçı maddi zərərin vurulmasını hovuzun tikintisi zamanı cavabdehin həyətə ağır tikinti texnikası salaraq həyətdə olan metlaxların yararsız hala salınmasını, çöl darvazanın isə ağır texnika ilə qırılması ilə əsaslandırmışdır. Qanunvericiliyə əsasən zərərin yaranmasının əsasında digər şəxsin təqsirli hərəkəti və ya hərəkətsizliyi dayanır . Məhkəmə hesab edir ki, qarşılıqlı iddiaçı ona məxsus həyətdə olan metlaxların yararsız hala salınmasında, çöl darvazasının isə qırılmasında cavabdehin birbaşa təqsiri olmasını sübut edə bilməmişdir. Halbuki, Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Həmçinin məhkəmə qeyd edir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəldiyindən, mənəvi ziyan qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər şəxsin qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri və s.) hüquqlarını pozmaqla ona mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli Qərarında qeyd edilir ki, mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri - əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyriəmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərər vuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Məhkəmə qeyd edir ki, qarşılıqlı iddiaçı məhkəmə iclasında əsəb gərginliyi, psixoloji sarsıntı keçirdiyini bildirsə də, bunun nədə ifadə olunmasını, hansı mənəvi sarsıntı və iztirablar keçirməsini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Bu səbəbdən də, məhkəmə hesab edir ki, qarşılıqlı iddia tələbi mənəvi ziyan hissəsində də rədd edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı MMC-nin ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh qarşı “müqavilənin ləğv edilməsi və s.” tələbinə dair iddiası rədd edilsin. İddiaçı MMC tərəfindən dövlət rüsumu kimi ödənilmiş 10 manat onun özünə aid edilsin. İlkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı MMC-yə qarşı “müqavilənin etibarsız hesab edilməsi və s.” tələbinə dair qarşılıqlı iddiası qismən təmin edilsin. İddiaçı MMC-dən 10.080 manat məbləğində pul tutularaq Cavabdeh verilsin. Qarşılıqlı iddia digər hissədə rədd edilsin. İddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 30 manatın 1 manatı məbləğində pul İddiaçı MMC-dən alınaraq Cavabdeh ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cəmilə Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar