Məhkəmə qərarları › İş №2(006)-1843/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1843/2021

15.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1843/2021 15.04.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi ilə, Şahverdiyev Xandəmir Elman oğlunun katibliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin nümayəndəsi X2 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı «sığorta pulunun ödənilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı «sığorta pulunun ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1991-ci il tarixindən xx.xx.N-cü il tarixinədək N saylı hərbi hissədə xidmət etmiş və yaralandığı üçün ehtiyata buraxılmışdır. Döyüşlərə gedərkən iddiaçı komissiyalardan keçmişdir və müəyyən edilmişdir ki, sağlamdır lakin torpaqların müdafiəsi zamanı yaralanmışdır və hazırda 2-ci qrup əlil kimi təqaüd alır. Həmçinin iddiaçı onu da bildirmişdir ki, hərbi xidmət dövründə qüsurlara yol verməmiş və verilən tapşırıqları yerinə yetirmişdir. Hərbi Həkim Komissiyasının Qərarında qeyd olunur ki, iddiaçı hərbi xidmət dövründə xəstəlik alımışdır və sülh dövründə hərbi xidmətə yararsızdır. Hazırda həmin xəstəlikdən əziyyət çəkir və sağlamlığının bir qismini itirib. Bu səbəbdən iddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə əlilliyinin hərbi xidmətlə bağlı olduğundan ona 6600 manat məbləğində icbari sığorta pulunun verilməsi tələbi ilə müraciət edib lakin cavabdeh x xxxxxx 2020-ci il tarixli cavab məktubu ilə iddiaçının tələbini təmin etməkdən imtina edib. Göstərilənlərə əsasən iddiaçı hərbi qulluqçu kimi 6600 manat icbari sığorta pulunun cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Şirkətindən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək, ərizənin məzmununa uyğun izahat verdi, tələbin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin nümayəndəsi iddianın rədd olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə, iddiaçı və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib və mülki işin materiallarını araşdıraraq, tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2005-ci il tarixli, 183 №-li Qərarından görünür ki, İddiaçı Ucar RHK tərəfindən xx.xx.N-cü ildə hərbi xidmətə çağırılmış, xx.xx.N-cü ildə itkin düşmüş, döyüş zonasında hərbi xidmət keçərkən xx.xx.N--cü ildə aldığı, xx.xx.2005-ci ildə məhkəmə-tibbi ekspertizası tərəfindən tibbi şəhadətləndirilərkən və xx.xx.2005-ci ildə MN MHHK-nın həkim mütəxəssisi tərəfindən müayinə edilərkən təyin edilmiş yaralanmanın nəticələri - diaqnoz: «Sağ diz oynağının dəlib-keçən güllə yaralanması nəticəsində oynağın residivləşən sinoviti. Sağ baldırın orta, sol saidin yuxarı, sağ bazunun yuxarı 1/3nin güllə yaralarından sonraki dəri şapıqları» (məhkəmə tibbi ekspertizanın xx.xx.2005-ci il tarixli 53 saylı aktı, MN MHHK həkim mütəxəssisinin xx.xx.2005-ci il tarixli rəyi, Ucar RHKnın xx.xx.2005-ci il tarixli 3 saylı arayışı, MN Arxivinin xx.xx.2005-ci il tarixli 26/2-2095 saylı arayışı ilə təsdiq edilir), «HƏRBİ TRAVMADİR. AZƏRBAYCAN RESPUBLİKASİNİN MÜDAFİƏSİ ZAMANİ ALİNMİŞDİR». İş materiallarında olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ucar rayon şöbəsinin xx.xx.2020-ci il tarixli, 503 nömrəli arayışından görünür ki, Ucar rayon Lək kənd sakini İddiaçı həqiqətən xx.xx.1991-ci il tarixindən xx.xx.N-cü il tarixinədək keçmiş SSRİ Silahlı Qüvvələrində, xx.xx.N-cü il tarixindən xx.xx.N-cü il tarixinədək Azərbaycan Respublikasının Silahlı Qüvvələrində hərbi xidmət keçmişdir və xx.xx.1996-cı ildən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ucar rayon şöbəsində hərbi qeydiyyatdadır. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 15 saylı Zona Tibbi-Sosial Ekspert Komissiyasının xx.xx.2010-cu il tarixli, 1331 nömrəli təkrar müayinəyə dair arayışından görünür ki, İddiaçı müddətsiz 2-ci qrup əlildir, əlilliyin səbəbi Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillikdir. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Arxivinin xx.xx.2018-ci il tarixli, 92-656 nömrəli arxiv arayışından görünür ki, iddiaçı Azərbaycan Respublikası Hərbi Komissarlığından göndərilmiş, hərbi mükəlləfiyyətli İddiaçı N №-li hərbi hissə komandirinin xx.xx.N-cü il tarixli 91 №-li əmrilə 4-cü motoatıcı taburun şəxsi heyətinin siyahısına daxil edilərək bütün növ təchizatla təmin olunmuşdur. 4-cü taburda xidmət edərkən İddiaçı xx.xx.N-cü il tarixində Şelli kəndinin müdafiəsi uğrunda gedən döyüşlərdə itkin düşdüyünə görə N №-li hərbi hissə komandirinin xx.xx.N-cü il tarixli 209 №-li əmrilə şəxsi heyətin siyahısından silinmişdir. N №-li hərbi hissə komandirinin avqust N-cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı əsirlikdən azad edilməsi və sentyabr N-cü il tarixli nizami hissə üzrə əmrlərində xidməti barədə məlumat aşkar olunmamışdır. İşin materiallarında olan Azərbaycan respublikası Əsir və İtkin Düşmüş, X1 Əlaqədar Dövlət Komissiyasının x xxxxxx 2002-ci il tarixli cavab məktubundan görünür ki, vətəndaş İddiaçı xx xxxxxx N-cü il tarixində Dövlət Komissiyası tərəfindən erməni əsirliyindən azad edilmişdir. İşin materiallarında olan Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin İddiaçı ünvanladığı x xxxxxx 2020-ci il tarixli, 07-07-620 nömrəli məktubundan bildirilir ki, İddiaçı təqdim etdiyi sənədlərdən görünür ki, o N-cü ildə hərbi xidmət zamanı xəsarət almışdır və bu hadisədən 17 ildən artıq müddət keçdikdən sonra, yəni 2010-cu ildə əlillik dərəcəsi almışdır. Buna görə də ona Qanunda nəzərdə tutulmuş sığorta ödənişinin verilməsi qeyri-münkündür. Hazırki iddia tələbi ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə əsasən bu Qanuna uyğun olaraq hərbi qulluqçu on bir min manat məbləğində sığorta edilir. Sığorta haqqı sığorta məbləğinin 1 faizi miqdarında müəyyən edilir. Həmin Qanunun 5-ci maddəsinə əsasən aşağıdakılar sığorta hadisələri hesab edilir və onlara görə sığorta ödənişləri bu Qanunun 4-cü maddəsi ilə müəyyən edilmiş sığorta məbləğinin müvafiq faiz nisbətlərində verilir: a) sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman həlak olduqda, öldükdə və ya xəbərsiz itkin düşdüyünə görə məhkəmə qərarı ilə ölmüş elan edildikdə — 100 faiz; b) sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman xəsarət (yaralanma, travma, kontuziya) alması, habelə xəstələnməsi nəticəsində xidmətdən (toplanışdan) buraxıldıqdan sonra üç il müddətində öldükdə — 100 faiz; c) sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman xəbərsiz itkin düşdükdə (məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda) — 100 faiz; ç) hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən və ya həqiqi hərbi xidmət dövründə xəsarət (yaralanma, travma, kontuziya) almasına, habelə həqiqi hərbi xidmət dövründə xəstələnməsinə görə həqiqi hərbi xidmətə yararsız hesab edilərək həqiqi hərbi xidmətdən (toplanışdan) ehtiyata və ya istefaya buraxıldığı gündən, həmçinin ehtiyata və ya istefaya buraxıldığı gündən həqiqi hərbi xidmət dövründə alınmış xəsarət (yaralanma, travma, kontuziya) və ya xəstəliklə əlaqədar üç il müddətində sığorta olunana əlillik təyin olunduqda: - İ qrup əlilliyə görə — 80 faiz; - İİ qrup əlilliyə görə — 60 faiz; - İİİ qrup əlilliyə görə — 40 faiz; d) sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman, bu maddənin a, b və ç bəndlərində nəzərdə tutulmuş hallarla nəticələnməyən: - ağır xəsarət (yaralanma, travma, kontuziya) aldıqda — 25 faiz; - yüngül xəsarət (yaralanma, travma, kontuziya) aldıqda — 5 faiz. Həmin Qanunun 7-ci maddəsinə görə, əlillik halında sığorta ödənişlərinin alınması üçün sığorta olunan dövlət sığorta orqanlarına və ya yaşadığı ərazi üzrə həmin orqanın bölmələrinə müəyyən olunmuş formada ərizəsi və şəxsiyyətini təsdiq edən sənədi ilə birlikdə aşağıdakı sənədləri təqdim edir: - əlilliyin təyin edilməsi haqqında (əlilliyin qrupu, səbəbi və təyin edilməsi tarixini göstərməklə) tibbi-sosial ekspert komissiyasının arayışının surəti; - hərbi bilet (yaxud onu əvəz edən sənəd); - sığorta olunanın həqiqi hərbi xidmətdə olarkən xəstələnməsi və ya xəsarət (yaralanma, travma, kontuziya) alması faktını təsdiq edən hərbi həkim komissiyasının qərarının surəti. İş materiallarından göründüyü kimi, İddiaçı “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsində qeyd olunan sənədləri məhkəməyə təqdim etmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, İddiaçı hərbi xidmət vəzifələrini yerinə yetirərkən xəsarət almış və nəticədə ikinci qrup əlil olmuşdur. Belə olan halda, iddiaçı haqlı olaraq hazırki tələblə bağlı məhkəməyə müraciət etmişdir. Məhkəmə qanunvericiliyin yuxarıda göstərilən müddəlarını əsas götürərək hesab edir ki, 11.000 manat sığorta məbləğinin 60 faizi, yəni 6600 manat iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İİİ hissəsində göstərilmişdir ki, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Məhkəmə hesab edir ki, iddia ərizəsi təmin olunmaqla, İddiaçı 6600 (altı min altı yüz) manat sığorta ödənişinin verilməsinə dair müvafiq öhdəlik cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən 6600 (altı min altı yüz) manat şəxsi icbari sığorta pulu tutularaq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ramin Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar