Məhkəmə qərarları › İş №2(006)-1847/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1847/2023

26.04.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1847/2023 26.04.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Cəfərov Səməd Fəxrəddin oğlunun sədrliyi, Mikayılova Dilbər Ağaverdi qızının katibliyi, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı «aliment» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «aliment» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2007-ci il təvəllüdlü X1 və xx.xx.2009-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay qazancının 1/3 hissəsi miqdarında alimentin onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, 31 oktyabr 2001-ci il tarixdə Cavabdeh ilə toyları olmuş və həmin gündən ailə münasibətləri qurmuşlar. On dörd il sonra, yəni xx.xx.2015-ci il tarixdə onların münasibətləri pozulub və onlar tamamilə ayrılmışlar. Birgə münasibətlərindən üç övladları var, onlardan xx.xx.2007-ci il təvəllüdlü X3 və xx.xx.2009-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatmamışlar. Cavabdeh 29 yanvar 2008-ci il tarixdən Nəsimi rayon VVADQ şöbəsinə ərizə ilə müraciət edərək, atalığın müəyyən edilməsi haqqında şəhadətnamə almışdır. Cavabdeh onlar ayrılandan bu günədək uşaqlarına maddi köməklik göstərmir. Cavabdeh uzun müddətdir ki, Bakı şəhəri Nəsimi rayonu 59 saylı mənzil kommunal istismar sahəsində təmizlikçi işləyir və birinci Qarabağ savaşının iştirakçısı olduğundan pensiya alır. Uşaqları saxlamaq onun üçün maddi cəhətdən çətindir. İddiaçı məhkəməyə ərizə təqdim edərək, üzürlü səbəbdən məhkəməyə gələ bilmədiyini göstərdi və məhkəmə mülki işə onun iştirakı olmadan baxılaraq, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə qeyd olunan ərizəni nəzərə alaraq, mülki işə iddiaçının iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkamə iclasında iddianı qəbul etdi və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə, cavabdehin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş şəxsiyyət vəsiqələrindən və atalığın müəyyən edilməsinə dair şəhadətnamələrdən görünür ki, tərəflər faktiki ailə münasibətləri qurmaqla uzun müddət bir yerdə yaşamışlar, onların bu münasibətlərdən doğulmuş üç uşaqları var, onlardan xx.xx.2007-ci il təvəllüdlü X3 və xx.xx.2009-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatmamışlar. 07 mart 2023-cü il tarixli MŞB/9/2023-00278 saylı ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, iddiaçı xx.xx.2023-cü il tarixdə saat 15.00da keçirilən ilkin mediasiya sessiyasında iştirak etsə də, cavabdeh bu sessiyada iştirak etməmişdir. İlkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat mediasiyaya dair xərc iddiaçı tərəfindən ödənilmişdir. İddiaçı bundan sonra aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh hazırda iddianı etiraf edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsində göstərilir ki, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 76.1 və 76.1.2-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda 2 uşağa görə məhkəmə tərəfindən onların valideynlərindən hər ay qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarında aliment tutulur. Həmin Məcəllənin 100.2-ci maddəsində göstərilir ki, aliment məhkəməyə müraciət edilən vaxtdan tutulur. Göründüyü kimi, iddiaçının övladlarının saxlanılması üçün cavabdehdən aliment tələb etmək hüququ vardır. Cavabdeh rəsmi şəkildə işləməklə, əmək haqqı alır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, xx.xx.2007-ci il təvəllüdlü X1 və xx.xx.2009-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün xx.xx.2023-cü il tarixdən başlayaraq Cavabdeh İddiaçı xeyrinə hər ay qazancın (başqa gəlirlərin) 1/3 hissəsi miqdarında aliment tutulmalıdır. Qətnamə alimentin tutulmasına dair hissədə dərhal icra edilməlidir. 50 manat mediasiya xərci Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Aliment tələbi üzrə 33,8 manat dövlət rüsumu Cavabdeh tutularaq Dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. xx.xx.2007-ci il təvəllüdlü X1 və xx.xx.2009-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün xx.xx.2023-cü il tarixdən başlayaraq Cavabdeh İddiaçı xeyrinə hər ay qazancın (başqa gəlirlərin) 1/3 hissəsi miqdarında aliment tutulsun. Qətnamə alimentin tutulmasına dair hissədə dərhal icra edilsin. 50 manat mediasiya xərci Cavabdeh tutularaq İddiaçı ödənilsin. Aliment tələbi üzrə 33,8 manat dövlət rüsumu Cavabdeh tutularaq Dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Səməd Cəfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar