Məhkəmə qərarları › İş №2(006)-1852/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1852/2021

12.02.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1852/2021 12.02.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Şahverdiyev Xandəmir Elman oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı "alimentin təyin edilməsi" tələbinə dair dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı "alimentin təyin edilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Nəsimi Rayon Məhkəməsinin xx.xx.2010cu il tarixli 2(006)-1302/2010 nömrəli qətnaməsi (hakim E.Kərimov) əsasında həmin iş üzrə iddiaçı Cavabdeh ilə cavabdeh İddiaçı arasında xx.xx.2007-ci il tarixli 680 saylı akt qeydli nikah pozulmuş və onların birgə nikahından olan xx.xx.2007-ci il təvəllüdlü X1 anasının yanında qalması müəyyən edilmişdir. Həmin qətnamənin qəbul edilməsi zamanı, Nəsmi Rayon Məhkəməsinin hakimi Elmar Kərimov uşağın kimin yanında qalmasını müəyyən etsə də, bu uşağın yetkinlik yaşına çatana qədər hansı vəsait hesabına saxlanılması məsələsini həll etməmişdir. İddiaçı zob və təzyiq xəstəsi olduğunu və daha əvvəl də məsələnin onun qeydiyyatda olduğu ünvan 1 ünvanı üzrə aidiyyata görə Nəsimi Rayon Məhkəməsində baxıldığını nəzərə alaraq, verilmiş iddiaya bu Məhkəmədə baxılması zərurəti yaranmışdır. Göstərilənlərə əsasən iddianın təmin olunması, Cavabdeh xx xxxxxx 2007-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün ayda 170 (bir yüz yetmiş) manat sabit pul məbləğində aliment tutularaq iddiaçıya verilməsi və alimentin tutulması əvvəlki dövr üçün üç illik müddət həddində hesablanması barədə qətnamə çıxarılması məhkəmədən xahiş olunmuşdur. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etmiş və həmçinin iddianın cavabdehin əvəllər aliment verməkdən boyun qaçırdığına görə əvvəlki 3 illlik müddət həddində verilməsi hissəsində hər hansı bir mötəbər sübutun olmadığını, cavabdehə bununla bağlı rəsmi müraciətin olmadığını qeyd etmiş və bunları nəzərə alaraq iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahat verərək, iddianı qismən qəbul etdiyini, iş yeri olmadığını və maddi imkanı kifayət etmədiyini əsas gətirərək, iddianın aylıq 170 manat məbləğində alimentin təyin edilməsi hissəsində təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Nəsimi rayon qeydiyyat şöbəsi tərəfindən xx xxxx 2019-cu il tarixdə verilmiş AZ-T № 097051 seriya nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X2 xx xxxxxx 2007-ci il tarixdə Bakı şəhərində anadan olmuş, atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1302/2010 saylı, xx xxxx 2010-cu il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi, iddiaçı Cavabdeh İddiaçı arasında xx xxxxxx 2007-ci il tarixdə Bakı şəhəri Nəsimi rayon qeydiyyat şöbəsində nikahın bağlanması haqqında qeydləri kitabında 680 № ilə qeyd edilmiş nikahın pozulması və xx xxxxxx 2007-ci il təvəllüdlü X1 anasının yanında qalması müəyyən edilməsi qət edilmişdir. Həmçinin, işin materiallarında olan Nəsimi rayon qeydiyyat şöbəsi tərəfindən xx xxxxx 2020-ci il tarixdə verilmiş AZ-İ № 352017 saylı nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasındakı nikah qeydi ləğv edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, tərəflərin birgə nikahlarından xx xxxxxx 2007-ci il tarixdə Həcərxanım adlı uşaqları anadan olmuş, məhkəmə qətnaməsi ilə tərəflər arasındakı nikah pozulmuş, uşaq anası ilə birlikdə yaşayır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci və 78.2-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyrimüntəzəm, dəyişən olarsa, ya qazancının (gəlirinin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancının (gəlirinin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Məhkəmə Ailə Məcəlləsinin 75-ci maddəsinə əsasən, eyni zamanda uşağın mənafeyini, iddiaçının tələb etdiyi alimentin miqdarını nəzərə alaraq belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli və Cavabdeh övladı X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində 170 (bir yüz yetmiş) manat aliment tutularaq iddiaçıya ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Belə ki, «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi və BMT-nin «Uşaq hüquqları haqqında» Konvensiyasının 27-ci maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş yaşayış minimumun səviyyəsindən aşağı olmayaraq maddi təminatına hüququ vardır. Uşağın ailədə saxlanılması onun valideynləri tərəfindən həyata keçirilir. Onlar öz gəlirlərinin bir hissəsini uşağın qidasına, paltarına, müalicəsinə, təhsilinə və digər ehtiyaclarına xərcləyirlər və beləliklə də öz valideynlik borcunu yerinə yetirirlər. Eyni zamanda, valideynlər uşağın əsas və konstitusion əhəmiyyətli (Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsi) hüquqlarından biri olan maddi təminat almaq hüququnu həyata keçirirlər. Bundan əlavə, «Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununun müddəalarına görə 2021-ci il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. Lakin bu hissədə məhkəmə iddia tələbindən kənara çıxmaq kimi səlahiyyəti olmadığından 175 manat məbləğ deyil, 170 manat məbləğ tutulmasını məqsədə müvafiq hesab edir. Məhkəmə alimentin tutulmasının əvvəlki dövr üçün üç illik müddət həddində hesablanması barədə iddia tələbinin hissəsinə də qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur (Ailə Məcəllənin 100.2-ci maddəsi). Bu normanı müəyyənləşdirərkən qanunvericilik belə bir müddəanı əsas götürür ki, aliment almaq hüququ olan şəxs bu hüququ öz iradəsi ilə həyata keçirməyibsə, bunun mənfi nəticələri onun üzərinə düşür. Ailə Məcəlləsinin 100.3-cü maddədə müəyyən edilmiş hallarda keçmiş müddət üçün aliment tutula bilər. Aliment almaq üçün məhkəməyə müraciət edənədək iddiaçının tədbirlər görməsini, lakin alimenti ödəməli olan şəxsin onu verməkdən boyun qaçırmasını məhkəmə müəyyən etdikdə, əvvəlki dövr üçün də aliment tutula bilər. Qanunda bu müddət 3 illik müddətlə məhdudlaşdırılıb. Səbəbindən asılı olmayaraq, keçmiş müddət üçün 3 ildən artıq ödənişə yol verilmir. Aliment almaq üçün iddiaçının tədbirlər görməsi dedikdə, aliment ödəməli şəxsə dəfələrlə müraciət edilməsi, saziş əldə etmək, onun yaşayış, iş və təhsil yerini aşkar etmək üçün cəhdlər göstərilməsi, onun axtarışı və s. nəzərdə tutulur. İşə baxılarkən iddiaçının aliment almaq üçün məhkəməyə müraciət edənədək cavabdehə bununla əlaqədar dəfələrlə müraciət edilməsi, onun yaşayış və ya iş yerinin aşkar olunması üçün tədbirlər görməsini, bununla bağlı ona müraciət etməsini və cavabdehin bu hallardan qəsdən yayınmasını təsdiq edən hallar müəyyən edilməmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddia alimentin əvvəlki dövrə görə hesablanması hissəsində təmin edilməməlidir. Məhkəməyə təqdim edilmiş iddia ərizəsindən görünür ki, iddia ərizəsi məhkəməyə xx xxxxxx 2021-ci il tarixdə daxil olmuşdur. Ona görə də məhkəmə belə hesab edir ki, aliment həmin tarixdən başlayaraq tutulmalıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh xx xxxxxx 2021-ci il tarixdən başlayaraq, xx xxxxxx 2007-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 170 manat aliment tutularaq İddiaçı ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh xx xxxxxx 2021-ci il tarixdən başlayaraq, xx xxxxxx 2007-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 170 (bir yüz yetmiş) manat aliment tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə dərhal icra olunsun. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ramin Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar