Məhkəmə qərarları › İş №2(006)-186/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-186/2021

09.02.2021 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-186/2021 09.02.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə İddiaçı Cavabdeh ASC-yə qarşı «ipoteka müqaviləsinə xitam verilməsi» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı «X1 Mərkəzi» MMC-ni və Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətini maraqlı şəxs qismində qeyd etməklə, Cavabdeh ASC-yə qarşı «ipoteka müqaviləsinə xitam verilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh ASC arasında bağlanan ipoteka müqaviləsinə xitam verilməsi, Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi Şuşa küçəsində yerləşən 1 saylı evin ipoteka yüklülüyündən azad edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2014-cü il tarixli 2(103)-3984/2014 saylı icra vərəqəsi üzrə 30.000 ABŞ dolları əsas borc, 5.492 ABŞ dolları 42 sent faiz olmaqla, ümumilikdə 35.492 ABŞ dolları 42 sent borcun və 61 manat dövlət rüsumunun borclulardan tutulması və tələbin ona məxsus olan Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi Şuşa küçəsində yerləşən 1 saylı evə yönəldilməsi nəzərdə tutulmuşdur. Göstərilən icra vərəqəsi icra edilməsi üçün Xəzər rayon İcra şöbəsinə göndərilmişdir. İcra şöbəsi ilkin olaraq əmlakın qiymətləndirilməsi üçün «xxxx» MMC-yə sifariş göndərilmiş və həmin təşkilat tərəfindən əmlak 180.000 manat dəyərində qiymətləndirilmişdir. Daha sonra Xəzər rayon İcra şöbəsinin xx.xx.2015-ci il tarixli 33/8YQ saylı məktubu əsasında Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi Şuşa küçəsində yerləşən 1 saylı evin hərracda satılması üçün icra sənədi «X1 Mərkəzi» MMC-yə göndərilmişdir. «X1 Mərkəzi» MMC öz növbəsində qanunvericiliyin tələbləri əsasında hərrac prosesini təşkil edərək, əmlakın ilkin satış qiyməti 180.000 manat olmaqla, xx.xx.2016-cı il tarixə ilkin hərracı təyin etmişdir. Bununla bağlı olaraq xx.xx.2015-ci il tarixli hərrac bildirişi tərəflərə göndərilmişdir. İlkin hərrac barədə ikinci bildiriş xx.xx.2016-cı il tarixdə tərəflərə göndərilmişdir. Hərrac təşkilatı tərəfindən xx.xx.2016-cı il tarixə təyin edilən hərracda alıcı olmadığı üçün «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun tələbinə uyğun olaraq ilkin qiymətdən 15 faiz aşağı olmaqla ikinci hərrac təyin edilmişdir. xx.xx.2016-cı il tarixə təyin edilən hərrac barədə bildirişlər xx.xx.2016-cı il tarixdə və xx.xx.2016-cı il tarixdə tərəflərə göndərilmişdir. Lakin həmin hərracda da əmlak satılmamış və hərrac şirkəti tərəfindən əmlak tələbkar banka təklif olunmuşdur. Lakin Cavabdeh ASC tərəfindən əmlak «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun tələbinə əsasən 30 təqvim günü ərzində əldə etməmişdir. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 43.8-ci maddəsinə əsasən ipoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir. Hərrac təşkilatının təklifinin qəbul edilməməsi Cavabdeh ASC-nin xx.xx.2016-cı il tarixli 04/02-455 saylı məktubu ilə də təsdiq edilir. Belə ki, həmin məktubda İdarə Heyəti sədrinin müavini Afiq Xudiyev «X1 Mərkəzi» MMC-yə müraciət edərək, Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi Şuşa küçəsində yerləşən 1 saylı evin 114.750 manata alınması üçün təklif edildiyini, lakin əmlakın qiymətləndirilməsinə dair «xxxx» MMC-nin qiymətlənmə rəyinin ləğv edilməsi barədə iddia qaldırdıqlarını bildirərək hərracın dayandırılmasını xahiş etmişdir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 17 və 18-ci maddələrində nəzərdə tutulmuş hallardan heç biri olmadığı üçün icra prosesi İcra şöbəsi tərəfindən dayandırılmamışdır. Tələbkarın hərrac təşkilatına hərracın keçirilməsinin dayandırılması barədə ünvanladığı məktub isə xx.xx.2016-cı il tarixlidir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 18-ci maddəsində icraatın dayandırılmasının mümkün olduğu hallar sırasında tələbkarın müvafiq xahişinin olması göstərilsə də, iş materiallarında bu barədə heç bir sənəd mövcud deyildir. Xəzər rayon İcra şöbəsi tərəfindən hərracın və ya icra prosesinin dayandırılması barədə heç bir qərar qəbul edilməmişdir. «X1 Mərkəzi» MMC tərəfindən tələbkar tərəfindən əmlakın müvafiq müddətdə qəbul edilməməsi səbəbindən xx xxx 2016-cı il tarixdə icra sənədi İcra şöbəsinə geri qaytarılmışdır. Artıq keçirilən hərracdan 3 ildən çox müddət keçməsinə baxmayaraq tələbkar əmlakı qəbul etməkdən imtina etmiş və geri qaytarılan icra sənədi üzrə İpoteka haqqında qanunvericiliyin tələbi tətbiq edilməmişdir. Buna baxmayaraq, hansısa səbəbdən icra şöbəsi tərəfindən həmin icra sənədi ikinci dəfə əmlakın hərracdan satılması üçün hərrac təşkilatına hərrac sifarişi göndərmişdir. Bununla bağlı olaraq hərrac təşkilatının xx.xx.2019-cu il tarixli hərrac bildirişi tərəflərə göndərilmişdir. İpoteka kreditləri üzrə hüquq münasibətləri Azərbaycan Respublikasının Mülki Məcəlləsi və İpoteka haqqında qanunla tənzimlənir. Qanunvericiliyin müxtəlif normalarına istinad edən iddiaçı, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi X4 məhkəmə iclasında iddianı qəbul etmədi və izahatında bildirdi ki, Hərrac Mərkəzi tərəfindən həmin evə ilkin olaraq 180.000 manat qiymət qoyulmuşdur və biz mübahisəli daşınmaz əmlakın qiyməti ilə razı olmayaraq birinci hərracdan sonra bunu Səbail Rayon Məhkəməsində mübahisələndirmişik. Həmin həyət evi Buzovna qəsəbəsində yerləşir. Evin həyəti 2 sot olmaqla Dövlət mülkiyyətindədir. Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli 2(009)-231/2017 saylı qətnaməsi ilə iddia tələbimiz qismən təmin edilmiş, «xxxx» MMC-nin Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi Şuşa küçəsində yerləşən 1 saylı evin qiymətləndirilməsinin nəticələri haqqında xx xxxxxx 2015-ci il tarixli 273 saylı hesabatı ləğv edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli 2(103)-2435/2020 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, həmin qətnamə dəyişiklik edilmədən saxlanılmışdır. Bununla bağlı Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli 2(009)-231/2017 saylı qətnaməsi və icra vərəqəsi xx xxxxxxxx 2020-ci il tarixdə icra edilməsi üçün Səbail rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. Bu səbəbdən, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxslər «X1 Mərkəzi» MMC-yə və Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, onların nümayəndələri məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə maraqlı şəxslərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli 2(009)-231/2017 saylı qətnaməsi ilə Cavabdeh ASC-nin «xxxx» MMC-yə və İddiaçı qarşı «əmlakın qiymətləndirilməsinin nəticələri haqqında hesabatların etibarsız sayılması» tələbinə dair iddiası qismən təmin edilmiş, «xxxx» MMC-nin Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi Şuşa küçəsində yerləşən 1 saylı evin qiymətləndirilməsinin nəticələri haqqında xx xxxxxx 2015-ci il tarixli 273 saylı hesabatı ləğv edilmiş, ödənilmiş 20 manat məbləğində dövlət rüsumu «xxxx» MMC-dən tutularaq Cavabdeh ASC-yə ödənilməsi, 150 manat ekspertiza tədqiqatının dəyəri «xxxx» MMC-dən tutularaq «X5» MMC-nin hesabına keçirilməsi qət edilmiş, iddia qalan hissədə rədd edilmişdir. Həmin qətnamə ilə müəyyən edilmişdir ki, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin xx xxxxxx 2014-cü il tarixli qətnaməsinə əsasən Natiq Abbas oğlundan və X2 Cavabdeh ASC-nin xeyrinə ümumilikdə 35.492 manat 42 qəpik borcun tutulması, tutmanın İddiaçı məxsus Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi Şuşa küçəsində yerləşən 1 saylı fərdi yaşayış evi ilə birlikdə torpaq sahəsinə yönəldilməsi və s. qət edilmiş, sözügedən qətnamə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2014-cü il tarixli qətnaməsi əsasında qismən ləğv edilərək, yeni qətnamə qəbul edilmiş və həmin qətnamə ilə 35.492 manat 42 qəpik borcun tutulması, tutmanın Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi Şuşa küçəsində yerləşən İddiaçı məxsus 1 saylı fərdi yaşayış evinə yönəldilməsi və s. qət edilmişdir. Qətnamə qanuni qüvvəyə minmiş və icraya yönəldilmişdir. İddiaçı Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli 2(009)- 231/2017 saylı qətnaməsindən apellyasiya şikayəti vermiş, mülki iş xx xxxxxx 2020-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasına göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli 2(103)- 2435/2020 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli 2(009)-231/2017 saylı qətnaməsi dəyişiklik edilmədən saxlanılmışdır. Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli 2(009)-231/2017 saylı qətnaməsi və icra vərəqəsi xx xxxxxxxx 2020-ci il tarixdə icra edilməsi üçün Səbail rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. İşin faktiki hallarından göründüyü kimi Bakı şəhəri Xəzər rayon Məhkəməsinin xx xxxxxx 2014-cü il tarixli qətnaməsi ilə ipoteka predmetinin ilkin satış qiyməti təyin edilməmişdir. İcra vərəqəsi icraya yönəldildikdən sonra, icra məmurunun sifarişi əsasında əmlak qiymətləndirilmiş və həmin qiymətlə hərraca çıxarılmışdır. Hərrac barədə Cavabdeh ASC-yə rəsmi məlumat verilməmişdir. Bu səbəbdən, Cavabdeh ASC nümayəndəsi vasitəsi ilə hərracda iştirak edə bilməmişdir (icra vərəqəsi, icra sənədinin icraata qəbulu və icrası ilə bağlı sənədlər, həmçinin hərracın təşkili və keçirilməsi ilə bağlı rəsmi məktublar iş materiallarına əlavə olunmuşdur). Sonradan, hərrac və ipoteka predmetinin satış qiyməti ilə bağlı məlumat alan Cavabdeh ASC ipoteka predmetinə təyin edilmiş qiyməti mübahisələndirmiş, buna əsas kimi ipoteka predmetinə təyin edilən dəyərin ipoteka predmetinin real dəyərindən həddən artıq çox olmasını qeyd etmişdir. Yuxarıda vurğulandığı kimi, Cavabdeh ASC-nin ipoteka predmetinin ilkin satış dəyərini mübahisələndirməsi üzrə mülki işə məhkəmədə baxılaraq müvafiq hüquqi qiymət verilmişdir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. İş materiallarından göründüyü kimi, iddiaçı cavabdehə qarşı iddia tələbinin əsası kimi istinad etdiyi hallara (hüquqlarının cavabdeh tərəfindən pozulmasına) dair mötəbər sübutlar təqdim etməmişdir. Ödəniş qəbzindən görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 20 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh ASC-yə qarşı «ipoteka müqaviləsinə xitam verilməsi» tələbinə dair iddiası rədd edilməlidir. Ödənilmiş 20 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh ASC-yə qarşı «ipoteka müqaviləsinə xitam verilməsi» tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar