Məhkəmə qərarları › İş №2(006)-1861/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1861/2023

01.06.2023 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1861/2023 01.06.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X10 oğlunun katibliyi, Cavabdeh ləğv prosesində olan "xxxx" ASC-nin nümayəndəsi X2 iştirakı ilə İddiaçı cavabdehlər Əmanətlərin Sığortalanması Fonduna və ləğv prosesində olan "xxxx" ASC-yə qarşı “öhdəliyə xitam verilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Əmanətlərin Sığortalanması Fonduna və ləğv prosesində olan "xxxx" ASC-yə qarşı “öhdəliyə xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ləğv prosesində olan "xxxx" ASC-nin Ağdaş filialından 08 yanvar 2009-cu il tarixli müqavilə üzrə öhdəliyə xitam verilməsi və ödənilmiş 100 manat dövlət rüsumunun İddiaçı geri qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə "xxxx" ASC arasında bağlanmış 08 yanvar 2009-cu il tarixli, MB-420/AG saylı kredit müqaviləsinə əsasən, iddiaçıya illik 26 % olmaqla, 12 ay müddətinə, 4000 manat məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinin icrasının təmin edilməsi üçün "xxxx" ASC ilə X6 arasında bağlanılmış 16 yanvar 2009-cu il tarixli zaminlik müqaviləsinə görə zamin X6 iddiaçının öhdəliyinin icrası üçün məsuliyyəti öz üzərinə götürmüşdür. Verilmiş kreditin qaytarılmasının təminatı kimi X6 zamin qismində sözügedən kredit müqaviləsinin tərəfi olmuşdur. "xxxx" ASC ilə qeyd edilən kredit müqaviləsini iddiaçı bağlasa da, o, heç bir sənədə imza atmamış, pulu götürməmişdir. Onun tərəfindən həmin kredit müqaviləsi üzrə banka heç bir ödəniş olmamışdır. "xxxx" ASC-nin təqdim etdiyi 11 fevral 2010-cu il tarixli, 29 mart 2010-cu il tarixli, 29 aprel 2010-cu il tarixli, 30 yanvar 2012-ci il tarixli mədaxil üzrə kassa orderində ödəyici iddiaçı olmamış, həmin mədaxil kassa orderindəki imzalar iddiaçıya məxsus deyil, yəni iddiaçı tərəfindən banka heç bir ödəniş olmamış, bank iddia müddətini buraxmış və qanunla nəzərdə tutulmuş müddətdə məhkəməyə müraciət etməmiş, qanunla müəyyən edilmiş iddia müddətini buraxmışdır. Ağdaş Rayon Məhkəməsinin 21 oktyabr 2015-ci il tarixli qətnaməsi ilə iddia müddəti tətbiq edilmiş, "xxxx" ASC-nin İddiaçı və X5 qarşı borc tələbi barədə iddiası rədd edilmiş, ödənilmiş 30 manat dövlət rüsumu "xxxx" ASC-nin özünə aid edilmişdir. İş üzrə iddiaçı "xxxx" ASC-nin Ağdaş Rayon Məhkəməsinin 21 oktyabr 2015-ci il tarixli qətnaməsindən verdiyi apellyasiya şikayəti üzrə mülki iş Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şəki Apellyasiya Məhkəməsinin 07 mart 2016-cı il tarixli, 2(107)-312/2015 nömrəli qətnaməsi ilə "xxxx" ASC-nin apellyasiya şikayəti təmin edilməmiş, Ağdaş Rayon Məhkəməsinin 21 oktyabr 2015-ci il tarixli 2(014)-167/2015 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. "xxxx" ASC və vəkili N.Ə.Kərimli kassasiya şikayəti verib qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsinə dair yeni qərarın qəbul edilməsini xahiş etmişlər. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 17 oktyabr 2016-cı il tarixli 2(102)-3680/2016 saylı qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, Şəki Apellyasiya Məhkəməsinin 07 mart 2016-cı il tarixli, 2(107)-312/2015 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qanunvericiliyin tələbinə görə məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi gündən icra olunmalıdır və heç bir şəxs tərəfindən mübahisələndirilə bilməz. Məhkəmənin həmin qətnaməsi ilə "xxxx" ASC-nin İddiaçı və X5 qarşı borc tələbi barədə iddiası rədd edildiyindən, qətnamə apellyasiya və kassasiya qaydasında qüvvədə saxlanıldığından, həmin mübahisə üzrə qanuni qüvvəyə minmiş qətnamələr və qərar olduğuna görə İddiaçı və X3 "xxxx" ASC qarşısında heç bir məsuliyyətləri yoxdur. Lakin "xxxx" ASC qarşısında İddiaçı və X3 heç bir məsuliyyətləri olmamasına baxmayaraq, onların adları elektron informasiya sistemindən qəsdən və ya bilməyərəkdən silinməyərək qeyd edilən Ağdaş Rayon Məhkəməsinin və Şəki Apellyasiya Məhkəməsinin qətnamələrinə, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının qərarına hörmətsizliklə yanaşmışdır. "xxxx" ASC-nin hərəkətləri qanunaziddir və iddiaçının Konstitusiya və digər qanunvericilik aktları ilə qorunan hüquqlarının pozulmasına yönəldilmiş hərəkətlərdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, İddiaçı məhkəmə iclasına gəlməmiş, ərizə təqdim edərək, yolunun uzaq olması və işi ilə əlaqədar məhkəmə baxış iclasının onun iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh Əmanətlərin Sığortalanması Fondu tərəfindən nümayəndəsinin məhkəmə iclasında iştirakı təmin edilməmiş, səbəbləri barədə məlumat verilməmişdir. Məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında cavabdeh ləğv prosesində olan "xxxx" ASC-nin nümayəndəsi X7 iddianı qəbul etməyib əsassız olduğunu bildirdi. Əlavə olaraq qeyd etdi ki, vətəndaş borcludur və borcunu ödəməlidir, müddətin keçməsi onun öhdəliyinə xitam verilməsinə əsas deyil, sadəcə iddiaçının məhkəmə qaydasında tələb etmək hüququnu aradan qaldırır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin mövqeyini nəzərə alaraq, iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iş materiallarını araşdırıb, cavabdeh ləğv prosesində olan "xxxx" ASC-nin nümayəndəsinin izahatını dinləyib, iddiaçının ərizəsini nəzərdən keçirib, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, mülki işin materiallarında olan 08 yanvar 2009-cu il tarixli, MB-420/AG saylı kredit müqaviləsindən görünür ki, "xxxx" ASC tərəfindən təmir-tikinti işləri məqsədilə İddiaçı illik 26 % ödəmək şərtilə 4000 manat məbləğində kredit verilmişdir. Borcalan aldığı krediti bu Müqavilənin 1 saylı Əlavəsində göstərilmiş cədvələ uyğun ödəməyə borcludur. Birinci ödəniş 08 fevral 2009-cu il, sonuncu ödəniş isə 08 yanvar 2010-cu il tarixdən gec olmayaraq həyata keçirilməlidir. Mülki işin materiallarında olan Ağdaş Rayon Məhkəməsinin 21 oktyabr 2015-ci il tarixli 2(014)-167/2015 saylı qətnaməsindən görünür ki, iddia müddətinin tətbiq edilməsi, "xxxx" ASC-nin İddiaçı və X5 qarşı kredit müqaviləsi üzrə borcun və faizlərin tutulması haqqında iddiasının rədd edilməsi, ödənilmiş dövlət rüsumunun iddiaçının özünə aid edilməsi qət edilmişdir. Mülki işin materiallarında olan Şəki Apellyasiya Məhkəməsinin 07 mart 2016-cı il tarixli, 2(107)-312/2015 nömrəli qətnaməsindən görünür ki, iddiaçı "xxxx" ASC-nin apellyasiya şikayətinin təmin edilməməsi, iş üzrə Ağdaş Rayon Məhkəməsinin 21 oktyabr 2015-ci il tarixli 2(014)-167/2015 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Qətnamə ilə müəyyən edilmişdir ki, bankın iddia tələbi əsaslı olmuşdur. Mülki işin materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin 17 oktyabr 2016cı il tarixli 2(102)-3680/16 saylı qərarından görünür ki, kassasiya şikayətinin təmin edilməməsi, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının bu iş üzrə olan 07 mart 2016-cı il tarixli, 2(107)- 312/15 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Mülki işin materiallarında olan İddiaçı tərəfindən ləğv prosesində olan "xxxx" ASC-yə ünvanlanmış pretenziyadan görünür ki, aralarında bağlanmış 08 yanvar 2009-cu il tarixli müqavilə üzrə ödənişlər haqqında tələblər 5 (beş) il müddət keçdiyindən müqaviləyə və öhdəliyə xitam verilməsi üçün köməklik göstərilməsini xahiş etmişdir. Mülki işin materiallarında olan ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən İddiaçı ünvanlanmış 03 oktyabr 2022-ci il tarixli **********072 nömrəli cavab məktubundan görünür ki, ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən müraciətin icrası mümkün olmamışdır. Mülki işin materiallarında olan xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, ərizənin verilməsinə görə İddiaçı tərəfindən 100 manat rüsum ödənilmişdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən edilmiş mübahisəsiz hallar ondan ibarət olmuşdur ki, İddiaçı ilə hazırda ləğv prosesində olan "xxxx" ASC arasında bağlanmış 08 yanvar 2009-cu il tarixli, MB-420/AG saylı kredit müqaviləsinə əsasən, iddiaçıya illik 12 ay müddətinə 26 % ödəmək şərtilə 4000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin icrasının təmin edilməsi üçün "xxxx" ASC ilə X6 arasında 16 yanvar 2009-cu il tarixdə zaminlik müqaviləsi bağlanılmışdır. Müqavilə üzrə öhdəliklər tam icra edilmədiyindən, "xxxx" ASC İddiaçı və X5 qarşı borc tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Ağdaş Rayon Məhkəməsinin 21 oktyabr 2015ci il tarixli qətnaməsi ilə iddia müddəti tətbiq olunması və "xxxx" ASC-nin İddiaçı və X5 qarşı borc tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. Apellyasiya və kassasiya instansiyası məhkəmələri müvafiq qərarları ilə birinci instansiya məhkəməsinin mövqeyini düzgün hesab etmişlər. Apellyasiya Məhkəməsinin qərarı ilə müəyyən edilmişdir ki, bankın iddia tələbi əsaslı olmuş, lakin iddia müddətinin tətbiq edilməsinə dair ərizə təqdim edildiyindən və iddia müddətinin ötürülməsi müəyyən edildiyindən, iddia tələbinin rədd edilməsi qanunamüvafiq olmuşdur. Hazırda iddiaçı müvafiq iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflərin arasında yaranmış mübahisə üzrə çıxarılmış məhkəmə qətnamələrinə istinad edərək, həmin kredit müqaviləsi üzrə öhdəliyə xitam verilməsini xahiş edir. Cavabdeh tərəf isə iddiaçının tələbinə Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli Qərarını tətbiq etməklə iddianın rədd edilməsini xahiş edir. Məhkəmə qeyd edir ki, İddiaçı ilə cavabdeh ləğv prosesində olan "xxxx" ASC arasında kredit müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, ləğv prosesində olan "xxxx" ASC müqavilə üzrə öhdəliklərini yerinə yetirsə də, İddiaçı öz öhdəliyini lazımınca yerinə yetirməmiş, nəticədə onun ləğv prosesində olan "xxxx" ASC-yə borcu yaranmış, ləğv prosesində olan "xxxx" ASC isə kredit müqaviləsi üzrə yaranmış borcu məhkəmə qaydasında tələb etmişdir. Həmin tələblər məhkəmə tərəfindən əsaslı hesab edilmiş, lakin iddia ərizəsi iddia müddəti ötürülməklə məhkəməyə verildiyindən iddia təmin edilməmişdir. Beləliklə, İddiaçı ləğv prosesində olan "xxxx" ASC qarşısında kredit müqaviləsi üzrə öhdəliyinin olması, lakin ləğv prosesində olan "xxxx" ASC-nin borcu məhkəmə qaydasında tələb etmə müddətini ötürməsi məhkəmə qətnaməsi ilə təsdiq edilmişdir və işin mübahisəsiz halını təşkil edir. İddiaçı həmin müqavilə üzrə pulu götürmədiyini, müqavilə üzrə heç bir ödəniş etmədiyini, sənədlərdəki imzaların özünün olmasını mübahisələndirsə də, bu məsələ əvvəlki məhkəmə mübahisəsi zamanı da mübahisələndirilmiş və yuxarıda da qeyd edildiyi kimi, apellyasiya instansiyası məhkəməsi tərəfindən bankın hazırki iş üzrə iddiaçıya qarşı olan tələbi əsaslı hesab edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddiaçının mübahisələndirdiyi məsələlər üzrə qanuni qüvvəsini almış yekun məhkəmə aktı olduğundan, həmin məsələlər hazırki məhkəmə araşdırmasının predmetini təşkil edə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllənin) 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 739.1-739.2-ci maddələrində qeyd edilmişdir ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin mənasına görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazların predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir. Preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 23 fevral 2016-cı il tarixli Qərarı). Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə əsasən, preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir (Konstitusiya Məhkəməsi Plenumunun Q.Məmmədova və digərlərinin şikayəti üzrə 15 iyul 2015-ci il tarixli Qərarı). İddia tələbi ilə əlaqədar, həmçinin, qeyd edilməlidir ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri və qərarı ilə iddia tələbinin müddətin keçməsinə görə təmin edilməməsi öhdəliyə xitam verilməsi üçün əsas ola bilməz. Belə ki, öhdəliyə xitam verilməsi üçün qanunla nəzərdə tutulmuş halların siyahısında iddia müddətinin ötürülməsi səbəbindən iddianın təmin edilməməsini qət edən qanuni qüvvəyə minmiş məhkəmə qətnamə və qərarlarının mövcudluğu halı yoxdur. Məhkəmə təcrübəsində iddia müddətinin tətbiq edilərək iddianın təmin edilməməsi iddia əsaslı olduğu halda mümkündür. Bu da onu qeyd etməyə əsas verir ki, hazırda iddiaçının silinməsini tələb etdiyi borc öhdəliyi mövcuddur, belə ki, məhkəmə qətnaməsi ilə bu öz təsdiqini tapmışdır. Yəni iddiaçının cavabdeh banka borcunun olması və öhdəliyini icra etməməsi, lakin cavabdeh bankın həmin borcu məhkəmə qaydasında tələb etmə müddətinin ötürülməsi işin mübahisəsiz halını təşkil edir. Belə olan halda, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən göstərilən dəlillərə istinadən müqavilə üzrə öhdəliklərə xitam verilməsi tələbi əsassız olduğundan, İddiaçı cavabdehlər Əmanətlərin Sığortalanması Fonduna və ləğv prosesində olan "xxxx" ASC-yə qarşı “öhdəliyə xitam verilməsi” tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 372, 373.3, 375-ci maddələrinə görə, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 8 may 2008-ci il tarixli qərarından görünür ki, iddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulubpozulmadığını araşdırmalıdır. İddia müddəti pozulmuş hüququn müdafiəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulması ilə ayrılmaz surətdə bağlıdır. Buna görə, məhkəmə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələlərini araşdırmadan iddia müddətinin keçməsinə görə iddianı rədd etməkdə haqlı deyil. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassızdır, çünki iddia müddətinin keçməsinə görə məhkəmənin gəldiyi nəticə lazımi əsasa söykənmir. Həmin Qərarda qeyd edilmişdir ki, məhkəmə müdafiə hüququ mütləq hüquq olmadığına görə müəyyən şərtlərin mövcudluğunda konkret məhdudiyyətlərə məruz qala bilər. Lakin yalnız qanunvericilik səviyyəsində müəyyən oluna biləcək belə məhdudiyyətlər Azərbaycan Respublikası Konstitusiyasında təsbit olunmuş hüquq və azadlıqları ləğv edə bilməz. Bu məhdudiyyətlər məhkəmələr tərəfindən özbaşına deyil, hüququn təbiətinə uyğunlaşa bilən, müvafiq hüquqa mütənasib şəkildə və eyni zamanda bu hüququn hüdudları kimi düzgün tətbiq edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1, 373.1, 373.3, 551.1, 551.2.1 və 553.1.1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından şərh olunmasına dair” xx.xx.2023-cü il tarixli Qərarından görünür ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – Avropa Məhkəməsi) hüquqi mövqeyinə əsasən, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində təsbit edilmiş “məhkəmə hüququ” məhkəmənin əlçatan olmasını, o cümlədən məhkəmədə mülki işlər üzrə iddia qaldırmaq imkanını ehtiva edir. Bununla belə, bu hüquq mütləq deyil və məhdudiyyətlərə məruz qala bilər (X1rşı iş üzrə 1985-ci il 28 may tarixli, Bellet Fransaya qarşı iş üzrə 1995-ci il 4 dekabr tarixli Qərarlar). Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, məhkəmə müdafiəsi hüququ ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş məhdudiyyətlərdən biri də iddia müddətidir. İddia müddəti ilə bağlı məhdudiyyətlər bir neçə vacib məqsədə xidmət edir. Yəni hüquqi müəyyənliyi və qətiliyi təmin edir, cavabdehi “köhnəlmiş” tələblərdən müdafiə edir və məhkəmənin uzaq keçmişdə baş verən hadisələr ilə bağlı, zaman keçdiyindən natamam və etibar doğurmayan sübutlar əsasında qərar qəbul edəcəyi təqdirdə yarana bilən ədalətsizliyin qarşısını alır (Avropa Məhkəməsinin Stubbings və başqaları Birləşmiş Krallığa qarşı iş üzrə 1996-cı il 22 oktyabr tarixli Qərarı). Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 2001-ci il 27 dekabr tarixli Qərarında qeyd edilmişdir ki, iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qeyd edilməlidir ki, iddia müddəti öhdəliklərin icrası ilə bağlı tələblərə şamil olunmaqla, kreditorun öz tələbini məhkəmə qaydasında məcburi icra etdirmək imkanına qoyulmuş bir məhdudiyyətdir. Belə ki, Mülki Məcəllənin 372.1-ci maddəsinə uyğun olaraq, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2ci və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 48.1.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2022-ci il 11 fevral tarixli Qərarında da göstərilmişdir ki, iddia müddəti öhdəliyin aradan qalxması üçün hüquqi əsas deyildir, iddia müddətinin keçməsi özözlüyündə kreditorun tələb hüququnu aradan qaldırmır. Odur ki, iddia müddəti keçmiş olsa da, tələb məhkəmədə baxılmağa qəbul edilir və məhkəmənin öz təşəbbüsü ilə deyil, yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır (Mülki Məcəllənin 375.1 və 375.2-ci maddələri). Mülki Məcəllənin 551.2-ci maddəsinə görə, aşağıdakı tələblər beş il keçdikdən sonra qüvvəsini itirir: 551.2.1. kirayə haqqı, icarə haqqı, kapital üçün faizlər və digər vaxtaşırı ödənişlər haqqında tələblər; 551.2.2. ərzaq məhsulları, qida və içki satışı və ya gələnlərə yaşayış yeri verilməsi üzrə tələblər; 551.2.3. zavod tikintisi, mallar satışı, daşımalar üzrə tələblər, sərbəst peşə adamlarının (məsələn, həkimlərin, vəkillərin və ya məsləhətçilərin) tələbləri, habelə işçilərin əmək münasibətləri üzrə tələbləri; 551.2.4. məhkəmə qərarına əsasən əmələ gələn tələb otuz il keçdikdən sonra qüvvəsini itirir. Bu qayda tələbin daha qısa müddətlə bağlı olduğu halda da tətbiq edilir. Burada qeyd edilməlidir ki, 551-ci maddəsi ilə nəzərdə tutulan “bütün tələblər on il (adi müddət) keçdikdən sonra qüvvəsini itirir” və “aşağıdakı tələblər beş il keçdikdən sonra qüvvəsini itirir” ifadələrində tələb dedikdə, məhz cavabdeh üçün tanınan prosessual müdafiə vasitəsi olaraq öhdəliklərin məhkəmə qaydasında məcburi icrası ilə bağlı tələblər nəzərdə tutulur. Odur ki, bu müddətlər (551.2.4-cü maddə ilə nəzərdə tutulmuş müddət istisna olmaqla) iddia müddətləri olaraq qəbul edilməlidir. Ümumiyyətlə isə Mülki Məcəllənin 551.2.4-cü maddəsi xaricində, Məcəllənin 27-ci fəslinin 5-ci paraqrafı ilə nəzərdə tutulan müddətlər iddia müddətləridir. Vurğulanmalıdır ki, Mülki Məcəllənin 527.1-ci maddəsində öhdəliklərin xitamı əsasları sırasında “müddətin keçməsi” halı sırf hüquqi xarakterinə və ya tərəflərin razılaşmasına əsasən müddətə bağlı öhdəliklərə münasibətdə yaranır. Yəni, bir öhdəlik məhz müəyyən bir müddət üçün əmələ gətirilibsə (məsələn, konkret bir müddətə bağlı xidmətin göstərilməsinə dair öhdəliklər), həmin müddətin keçməsi öhdəliyin xitam olunması nəticəsini yarada bilər. Qeyd olunanlara əsasən Konstitusiya Məhkəməsinin Plenumu o nəticəyə gəlmişdir ki, Mülki Məcəllənin 27-ci fəslinin 5-ci paraqrafı ilə müəyyən edilmiş müddətlər hüquqi təbiəti baxımından iddia müddətləridir; Mülki Məcəllənin 27-ci fəslinin 5-ci paraqrafı qanunverici orqan tərəfindən təkmilləşdirilənədək, öhdəliklərdən, o cümlədən vaxtaşırı ödəmələrdən irəli gələn tələblərə münasibətdə həmin Məcəllənin 18-ci fəsli ilə nəzərdə tutulmuş iddia müddətləri tətbiq edilməlidir. Yuxarıda istinad edilmiş normaların hazırki mülki işə tətbiqi nəticəsində məhkəmə belə qənaətə gəlir ki, iddia tələbinin qanuni əsası tapılmadığından, iddia təmin edilməməlidir. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa, hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, “məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir”. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunu özünün «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır». «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikasının Qanununun 100-cü maddəsinin 3-cü hissəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda qiymət verərək belə qənaətə gəlir ki, İddiaçı cavabdehlər Əmanətlərin Sığortalanması Fonduna və ləğv prosesində olan "xxxx" ASC-yə qarşı “öhdəliyə xitam verilməsi” tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin (bundan sonra - Mülki Prosessual Məcəllənin) 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə uyğun olaraq, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə bağlı məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilmədiyindən, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilməlidir. Mülki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Əmanətlərin Sığortalanması Fonduna və ləğv prosesində olan "xxxx" ASC-yə qarşı “öhdəliyə xitam verilməsi” tələbinə dair iddia ərizəsi təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Günay Abidova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar