Məhkəmə qərarları › İş №2(006)-1868/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1868/2021

11.02.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1868/2021 11.02.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, məhkəmə iclas katibi Fərəcova Təranə Aydın qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı "alimentin təyin edilməsi" tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi və sonra da iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2020-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay qazancının və digər gəlirlərinin ¼ hissəsi miqdarında alimentin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, cavabdeh ilə xx.xx.2019-cu il tarixdə ailə həyatı qurmuşdur. Nikahlarından 1 uşaqları var - xx.xx.2020-cü il təvəllüdlü X2. Ailədə əvvəllər problemləri olmamışdır. Həyat yoldaşına qarşı çox yaxşı münasibət saxlamış, qayğısını çəkmişdir. Hər zaman ailəni qorumağa çalışmış, ancaq cavabdehin məsuliyyətsizliyi ucbatından çox çətinliklər çəkmişdir. Kənardan müdaxilələr nəticəsində artıq uşaq anadan olandan bir həftə sonra faktiki ayrılmışlar. Onların maddi ehtiyacı olmamış, uşağın qeydinə özü qalmışdır. İndi isə cavabdehə xəbərdarlıq etsə də, yenə də heç bir köməklik göstərmir, uşağın saxlanmasında iştirak etmir, maraqlanmır. O, çətinliklərlə üzləşmiş, ona görə də qanunvericilikdə nəzərdə tutulan hüquqlarından istifadə etmək məcburiyyətində qalmışdır. «Silkway» şirkətində çalışır. Cavabdeh valideyn kimi uşağına baxmağa borcludur, bu qanunla onun üzərinə qoyulmuş vəzifədir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı yuxarıda göstərilən məzmunda izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul edərək, xx.xx.2020-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün ondan hər ay qazancının və digər gəlirlərinin ¼ hissəsi miqdarında alimentin tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasına etiraz etmədiyini bildirdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan 1 saylı “Bakı ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfındən xx xxxxxx 2021-ci il tarixdə verilmiş AZ-T seriyalı 035740 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh və İddiaçı xx xxxxxx 2019-cu il tarixdə nikaha daxil olmuşlar və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında xx xxxxxx 2019-cu il tarixdə 2846 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra kişiyə İsmayılov, qadına Süleymanova soyadı verilmişdir. İş materiallarında olan 4 saylı “Bakı ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən xx xxxxxxxx 2020-ci il tarixdə verilmiş AZ-İV seriyalı 509361 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, X2 xx xxxxxxxx 2020-ci il tarixdə Bakı şəhərində anadan olmuş, ata qrafasında Cavabdeh, ana qrafasında İddiaçı göstərilmiş və bu barədə doğum haqqında akt qeydləri kitabında xx xxxxxxxx 2020-ci il tarixdə 4694 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan “AZEMİS” Elektron Məhkəmə Sistemi və Vahid Məhkəmə Portalı vasitəsilə əldə edilmiş əmək müqaviləsi məlumatından görünür ki, Cavabdeh “ASG Business Aviation” Məhdud Məsuliyyətli Cəmiyyətində qeydiyyatçı vəzifəsində çalışmaqla əmək haqqı 914 manat təşkil edir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2-ci hissəsinə görə uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 76.1.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 1 (bir) uşağa görə qazancın və (və ya) başqa gəlirlərinin dördə bir hissəsi miqdarında aliment tutulur. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər. Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, tərəflər xx xxxxxx 2019-cu il tarixdə rəsmi nikaha daxil olmuşlar. Birgə nikahlarından xx xxxxxxxx 2020-ci il təvəllüdlü X2 adlı övladları anadan olmuşdur. Tərəflər birgə nikahda olsalar da, hazırda faktiki olaraq ayrı yaşayırlar və uşaq iddiaçının himayəsindədir. İddiaçı hazırki iddia tələbi ilə məhkəməyə xx xxxxxx 2021-ci ildə müraciət etmişdir. Məhkəmə tərəflərin birgə nikahından olan uşağın ananın himayəsində olmasını, uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasının zəruriliyini, cavabdehin sabit aylıq qazanca malik olmasını, eləcə də tərəflərin qarşılıqlı razılığını nəzərə alaraq hesab edir ki, xx xxxxxxxx 2020-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Cavabdeh xx xxxxxx 2021-ci il tarixdən başlayaraq hər ay aylıq qazancının və (və ya) başqa gəlirlərinin ¼ hissəsi miqdarında aliment tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən edilmiş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Həmin Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda – bir il ərzində ödəmənin məcmusu ilə iddianın qiyməti müəyyən edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 500 manatdan çox olduqda 30 manat dövlət rüsumu ödənilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsi hesabına ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. xx xxxxxxxx 2020-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Cavabdeh xx xxxxxx 2021-ci il tarixdən başlayaraq hər ay aylıq qazancının və (və ya) başqa gəlirlərinin ¼ hissəsi miqdarında aliment tutularaq İddiaçı ödənilsin. Qətnamə alimentin tutulması hissəsində dərhal icra edilsin. Cavabdeh 30 (otuz) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Solmaz Mustafayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar