Məhkəmə qərarları › İş №2(006)-1868/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-1868/2023

17.03.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması - Ailə münasibətləri üzrə mübahisələr - Valideynin, yaxud övladlığa götürən şəxsin, yaxud himayəçinin və ya qəyyumun razılığı olmadan uşağın ölkədən çıxmasına icazənin verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-1868/2023 17.03.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi ilə İddiaçı Cavabdeh qarşı «alimentin artırılması və atanın icazəsi olmadan uşağın ölkə hüdudlarından kənara çıxarılması» tələbinə dair ərizəyə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «alimentin artırılması və atanın icazəsi olmadan uşağın ölkə hüdudlarından kənara çıxarılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Ailə Məcəlləsinin 22.2-ci maddəsinə əsasən bu Məcəllənin 22.1-ci maddəsində göstərilən məsələlər üzrə ər-arvad arasında saziş olmadıqda, eləcə də bu saziş uşaqların və ya tərəflərdən birinin marağını pozduqda, məhkəmə: 22.2.1. boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qaldığını müəyyən etməli; 22.2.2. uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən etməli; 22.2.3. ər-arvadın (onlardan birinin) tələbi ilə onların birgə mülkiyyətində olan əmlakın bölgüsünü aparmalı; 22.2.4. ərindən (arvadından) saxlanması üçün vəsait almaq hüququna malik olan arvadın (ərin) tələbi ilə ərdən (arvaddan) tutulmalı olan vəsaitin miqdarını müəyyən etməlidir. İddia ərizəsindən və ona əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçı tərəfindən verilmiş iddia ərizəsində bir-biri ilə əlaqədar olmayan tələblər bir iddia ərizəsində birləşdirilmişdir. Belə ki, iddianın bir hissəsini təşkil edən aliment tələbi digər hissəsini təşkil edən isə uşağı atanın razılığı olmadan ölkə hüdudlarından kənara çıxarılmasına razılığın verilməsi tələbi bir icraatda baxıla bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəlləsinin 152.1.7-ci maddəsinə əsasən iddia ərizəsi bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri iddiaçıya geri qaytarır. Göründüyü kimi, qanunvericilik cavabdehə qarşı bir-biri ilə əlaqəli olmayan tələblərin irəli sürülməsini iddia ərizəsinin geri qaytarılmasının əsaslarından biri kimi müəyyən etmişdir. Məhkəmə qeyd edir ki, iddia tələblərinin bir-biri ilə əlaqəlilik meyarını müəyyən edərkən ilk növbədə iddia tələblərinin xarakteri əsas götürülməlidir. Belə olan halda məhkəmə hesab edir ki, yuxarıda göstərilən nöqsanlar (hər bir tələblə bağlı ayrı-ayrılıqda məhkəməyə müraciət etməli) aradan qaldırıldıqdan sonra yenidən, ümumi qaydada məhkəməyə müraciət etmək hüququ izah olunmaqla, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.7 və 263-264-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı «alimentin artırılması və atanın icazəsi olmadan uşağın ölkə hüdudlarından kənara çıxarılması» tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçıya izah edilsin ki, göstərilən nöqsan aradan qaldırıldıqdan sonra yenidən, ümumi qaydada hər bir tələblə bağlı məhkəməyə ayrı-ayrılıqda müraciət etmək hüququ vardır. Qərardaddan rəsmi qaydada verildikdən sonra iddiaçılar 10 (on) gün müddətində işə baxan Nəsimi Rayon Məhkəməsinə şikayət verə bilərlər. Hakim: Ramin Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar