Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(094)-111/2024 02.04.2024 PİRALLAHI RAYON MƏHKƏMƏSİ X11 Adil oğlunun sədrliyi, Cabbarova Jalə Surxay qızının katibliyi, Cavabdeh X4 iştirakı ilə, İddiaçı cavabdeh X6 qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsi barədə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İddiaçı cavabdeh X6 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Pirallahı rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(094)-302/2018 saylı qətnaməsi ilə iddiaçı və cavabdeh X7 arasındakı nikah pozulmuşdur. Buna görə də aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri, Pirallahı rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, iş 2(094)-172/2022 saylı qətnaməsi ilə tərəflərin birgə nikahdan doğulmuş X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün ayda 193,0 manat aliment məbləğinin tutularaq iddiaçıya verilməsi qət edilmişdir. Hal-hazırda X5 10 yaşı var. Uşaq orta məktəbdə təhsil alır və ona görə də məsrəfləri yetərincə artmışdır. Çıxarılmış qətnamədə qeyd olunmuş aliment məbləği uşağın heç bir tələbatının ödənilməsinə yetmir. Cavabdeh övladı ilə ümumiyyətlə maraqlanmır. Hətta məhkəmə qətnaməsi ilə müəyyən edilən alimenti belə vaxtlı-vaxtında ödəməməsi səbəbindən 396,0 manat borcu da yaranmışdır. Uşağın bütün qayğısını, ehtiyacını tamamilə o çəkir. Böyüdükcə uşaqda atasına qarşı ehtiyac və tələbat artsa da cavabdeh ona qarşı heç bir diqqət və qayğı göstərmir. Uşağın təlim-tərbiyəsi ilə məşğul olmaqla yanaşı, həm də maddi tələbatlarını ödəmək tək qadın olaraq onun üçün çox çətirdir. Bununla yanaşı uşağın dünya görüşünün artırılması və hərtərəfli fərd kimi yetişdirilməsi ilə məşğul olmağına mane olur. Yəni 2022-ci ilin yanvar ayında uşağın müalicəsi və səyahət məqsədilə Rusiyanın Moskva şəhərinə getmək zərurəti yaranmışdır. Lakin qununvericiliyə əsasən övladı yetkinlik yaşına çatmadığı üçün onu atanın razılığı olmadan xarici dövlətə aparmaq mümkün deyildir. Cavabdehdən belə bir razılığı almaq onun üçün mümkün deyil. Cavabdeh uşağın doğum haqqında şəhadətnaməsində atadır, əslində uşaq onun himayəsindədir və onun maddi, mənəvi təminatı ilə özü məşğul olur, cavabdehin kağız üzərində bir ata kimi mövcudluğu isə uşağının özü ilə xaricə aparmaq üçün qeyd etdiyim kimi problem yaradır. Bununla bağlı o, cavabdehə müraciət edərək, uşağın onunla həmin ölkəyə getməsinə razılıq verməsini xahiş etdi. Lakin keçmiş həyat yoldaşı uşağın onunla başqa ölkəyə getməsinə qəti etiraz etdiyini və buna heç bir vaxt razılıq verməyəcəyini bildirdi. Uşağı sağlamlığı, mədəni və mənəvi inkişafı üçün onun xarici ölkəyə səyahət etmək ehtiyacı yaranmışdır. Göstərilənlərə əsasən, bu iddia ərizəsi məhkəməyə təqdim edildiyi gündən yetkinlik yaşına çatmayan xx.xx.2014-cü il təvəllüdlü- X1 üçün o, yetkinlik yaşına çatana qədər cavabdehdən tutulan alimentin məbləği artırılaraq hər ay 250,0 manat sabit pul məbləğinin cavabdeh-X3 tutularaq ona ödənilməsi, eləcə də-X5 ölkədən çıxarılmasına icazə verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmdən xahiş etmişdir. İddiaçı sonradan tələbinin azaldılması barədə ərizə ilə müraciət edərək, bu iddia ərizəsi məhkəməyə təqdim edildiyi gündən yetkinlik yaşına çatmayan xx.xx.2014-cü il təvəllüdlü- X1 üçün o, yetkinlik yaşına çatana qədər cavabdehdən tutulan alimentin məbləği artırılaraq hər ay 250,0 manat sabit pul məbləğinin cavabdeh-X3 tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmdən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh X7 izahatında bildirdi ki, Bakı şəhəri Pirallahı rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(094)-302/2018 saylı qətnaməsi ilə iddiaçı ilə arasındakı nikah pozulmuşdur. Uşaqları iddiaçının himayəsindədir. İddianın təmin edilməsi məsələsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş İddiaçı məhkəməyə gəlməmiş, ərizə ilə müraciət edərək işə iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə, Mülki Prosessual Məcəllənin 185-ci maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, cavabdehin izahatını dinləyib, iş materiallarını və işin faktiki hallarını hərtərəfli araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1. və 75.4. maddələrinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. İşin məhkəmə iclasında araşdırılan hallarına əsasən, İddiaçı ilə cavabdeh X4 birgə nikahından bir uşaqları – xx.xx.2014-cü il təvəllüdlü X8 doğulmuşdur. İş materiallarında olan Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin 2(094)-172/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən, xx.xx.2014-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün X3 hər ay 193,0 manat sabit pul məbləğinin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, cavabdeh X4 Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin 2(094)-172/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən iddiaçıya ödəməli olduğu vəsait yetkinlik yaşına çatmayan uşağın, xx.xx.2014-cü il təvəllüdlü X2 üçün onun minimum xərclərini ödəmir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.1. maddəsinin tələbində göstərilir ki, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa və ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2. maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Eyni zamanda, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1. maddəsinin tələbində göstərilir ki, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya alimenti ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. İddia tələbindən görünür ki, Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin 2(094)-172/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarının artırılaraq cavabdehdən uşağın saxlanması üçün ayda 250,0 manat sabit pul məbləğində alimentin tutulması məhkəmədən xahiş olunmuş, lakin iş üzrə halların məhkəmədə tədqiq olunması zamanı iddiaçı Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1. maddəsinə müvafiq qaydada öz iddia tələbini əsaslandıran, yəni cavabdehin tələb edilən məbləğdə alimenti ödəmək imkanının olmasına dair əsaslı və mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin qeyd olunan maddəsinin tələbinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2. maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Beləliklə, məhkəmə, qanunun qeyd edilən tələbini rəhbər tutub məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək, həmçinin, tərəflərin birgə nikahından olan yetkinlik yaşına çatmayan uşağın mənafeyini, o cümlədən, tərəflərin diqqətəlayiq maraqlarını, maddi vəziyyətlərini nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməli, xx.xx.2014-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin 2(094)-172/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı artırılaraq cavabdeh X3 İddiaçı xeyrinə hər ay 235,0 manat sabit pul məbləğində aliment tutulmalıdır. Eyni zamanda, məhkəmə hesab edir ki, artırılmış məbləğdə aliment hazırkı qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq tutulmalıdır. Belə ki, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideyndən hansının yanında qalması və uşaqlar üçün valideyndən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli 8- 2/2016 №-li qərarının 8.14-cü bəndinə əsasən məhkəmənin müəyyən etdiyi alimentin məbləği dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3. maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4. maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3. maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qətetdi: İddia tələbi qismən təmin edilsin. Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin 2(094)-172/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılsın və qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla cavabdeh X3 İddiaçı xeyrinə xx.xx.2014-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 235,0 (iki yüz otuz beş) manat sabit pul məbləğində aliment tutulsun. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Pirallahı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət vermək olar. Sədrlik edən: Faiq Qasımov
Məhkəmə qərarları › İş №2(094)-111/2024
Pirallahı Rayon Məhkəməsi Qətnamə — İş №2(094)-111/2024
02.04.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması - Ailə münasibətləri üzrə mübahisələr - Valideynin, yaxud övladlığa götürən şəxsin, yaxud himayəçinin və ya qəyyumun razılığı olmadan uşağın ölkədən çıxmasına icazənin verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver