Məhkəmə qərarları › İş №2(006)-1877/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-1877/2022

19.04.2022 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-1877/2022 19.04.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Cəfərov Səməd Fəxrəddin oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əhmədova Məstanə Mətləb qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi Nümayəndə1, cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 iştirakı ilə, İddiaçı cavabdeh "X1" MMC-ə qarşı “əmək haqqının və ödənişin gecikdirilməsinə görə kompensasiyanın tutulması və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "X1" MMC-ə qarşı “əmək haqqının və ödənişin gecikdirilməsinə görə kompensasiyanın tutulması və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-də çalışdığı 2013-2019-cu illər üçün, yəni 7 il üçün istifadə edilməmiş ödənişli əmək məzuniyyətinə görə Cavabdeh MMC tərəfindən ona kompensasiya ödənilməsi və 2020-ci il noyabr ayı üçün 1110 (bir min yüz on manat) əmək haqqı verilməsi ilə bağlı qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 məhkəməyə vəsatətlə mürciət edərək işin baxılmamış saxlanılmalı olduğunu bildirmişdir. Belə ki, hazırki mülki iş üzrə ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə Arayış mediator səlahiyyətləri dayandırılmış şəxs tərəfindən imzalandığından, tərəf qanunvericilikdə nəzərdə tutulmuş tələblərə uyğun arayış təqdim etməmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 259.0.13-cü maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 21.9-cu maddəsində göstərilən hallarda məhkəmə ərizəni baxılmamış saxlayır. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 21.9.1-ci maddəsinə əsasən bu Qanunun 28-ci və 29-cu maddələrində nəzərdə tutulmuş hallarda tərəf bu Qanunun 29.7-ci maddəsində nəzərdə tutulmuş müvafiq arayışı və ya protokolu məhkəməyə etdiyi müraciətinə əlavə etmədikdə müraciət məhkəmə tərəfindən baxılmamış saxlanılır Həmin Qanunun 21.9.4-cü maddəsinə əsasən bu Qanunun 21.8-ci maddəsində nəzərdə tutulmuş hallarda tərəf həmin maddədə nəzərdə tutulmuş arayışı məhkəməyə etdiyi müraciətə əlavə etmədikdə. Həmin Qanunun 28.1-ci maddəsinə əsasən kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl tərəflər ilkin mediasiya sessiyasında iştirak etməlidirlər. Həmin Qanunun 28.2-ci maddəsinə əsasən Bu Qanunun 28.1-ci maddəsində qeyd edilən mübahisələr üzrə ilkin mediasiya sessiyasını tərəflərin qarşılıqlı razılaşdırdığı mediator və ya mediator təşkilatı aparır. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, hazırki mülki iş üzrə ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə Arayış mediator səlahiyyətləri dayandırılmış şəxs tərəfindən imzalandığından, tərəf qanunvericilikdə nəzərdə tutulmuş tələblərə uyğun arayış təqdim etməmişdir. Məhkəmə qeyd edir ki, hazırkı mülki iş əmək mübahisəsi olduğundan və əhkəməyə müraciət edən tərəf öz müraciətinə mediasiya prosesi ilə bağlı müvafiq arayışı əlavə etmədiyindən onun ərizəsi baxılmamış saxlanılmalıdır. Belə olan halda məhkəmə hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.13, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh "X1" MMC-ə qarşı “əmək haqqının və ödənişin gecikdirilməsinə görə kompensasiyanın tutulması və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan 10 (on) gün müddətində Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Səməd Cəfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar