Məhkəmə qərarları › İş №2(006)-190/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-190/2021

01.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-190/2021 01.12.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, İddiaçının nümayəndəsi X2, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı «sığorta ödənişinin ödənilməsi» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı «sığorta ödənişinin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, faktiki sahibliyində olan Balakən rayonu, Talalar kəndində yerləşən fərdi yaşayış evinə dəymiş ziyanın əvəzi olaraq 15.000 manat sığorta haqqının Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Sonradan, iddiaçının nümayəndəsi X3 Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, Balakən rayonu, Talalar kəndində yerləşən fərdi yaşayış evinə dəymiş ziyanın əvəzi olaraq 6.000 manat sığorta haqqının Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, faktiki sahibliyində Balakən rayonu, Talalar kəndində fərdi yaşayış evi vardır. Həmin fərdi yaşayış evi 2015-ci ildən 2018-ci ilədək hər dəfə iş üzrə cavabdeh Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən sığortalanmışdır. 2018-ci ilin iyun ayında Balakən rayonunda baş vermiş zəlzələ nəticəsində sığortalanmış fərdi yaşayış evinin çardağı (damı) çökmüş, divarları çatlamış və 2018-ci ilin avqust ayında baş vermiş - yağışla müşaiyət olunan güclü tufan nəticəsində isə ev tamamilə yaşayış üçün yararsız vəziyyətə düşmüdür. Nəticədə, ümumilikdə 15.000 manatdan yuxarı əmlaka ziyan dəymişdir. Qeyd olunan sığorta hadisələrindən dərhal sonra sığortaçı Dövlət Sığorta Kommersiya Şirkəti ilə əlaqə saxlanılmasına baxmayaraq, bu günədək sığorta ödənişi həyata keçirilməmişdir. 04 iyun 2019-cu il tarixdə Dövlət Sığorta Kommersiya Şirkətinin Balakən rayon filialı və 13 sentyabr 2019-cu il tarixdə isə Dövlət Sığorta Kommersiya Şirkəti hadisənin sığorta hadisəsi olmadığını iddia edərək, sığorta ödənişinin ödənilməsindən imtina etmişdir. İddia ərizəsinə əlavə olunmuş həmin məktublardan da göründüyü kimi, sığortaçı tərəfindən fərdi yaşayış evinin yararsız vəziyyətdə olduğu və fiziki köhnəlmə nəticəsində evin çardağının (damının) çökdüyü qeyd olunmuşdur. Məhkəmənin diqqətinə çatdırmaq istəyir ki, Dövlət Sığorta Kommersiya Şirkətinin yuxarıda sadaladıqları arqumentləri qanunsuz və əsassız olmuşdur. Belə ki, 2018-ci ilin iyun ayınadək evdə yaşayış olmuş və ev yararlı vəziyyətdə olmuşdur. İddia ərizəsində əlavə edilmiş 09 yanvar 2018-ci il tarixli sığorta şəhadətnaməsi bu halı bir daha təsdiq edir. İddiaçının nümayəndəsi X3 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən 6.000 manat məbləğində sığorta ödənişinin onlara ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddiaçının nümayəndəsi X1 təsdiq edərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi X6 məhkəmə iclasında iddianı etiraf edərək, bu barədə məhkəməyə ərizə təqdim etdi və məhkəmədən iddianın təmin edilərək, 6.000 manat məbləğində sığorta ödənişinin iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə, iddiaçının nümayəndəsinin, iddiaçının nümayəndəsi və vəkilinin və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş: - 10.01.2015-ci il tarixli, BA seriyalı, 443683 saylı, şəhadətnamə nömrəsi RDS********** olan; - 02.02.2016-cı il tarixli, BA seriyalı, 500512 saylı, şəhadətnamə nömrəsi RDS********** olan; - 01.02.2017-ci il tarixli, BA seriyalı, 120003 saylı, şəhadətnamə nömrəsi RDS********** olan; - 16.01.2018-ci il tarixli, BA seriyalı, 827154 saylı, şəhadətnamə nömrəsi RDS********** olan Daşınmaz Əmlakın İcbari Sığortası Şəhadətnamələrindən görünür ki, İddiaçı məxsus Balakən rayonu, Talalar kəndində yerləşən yaşayış evi Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən sığortalanmış, sığorta məbləği (sığorta həddi) 15.000 manat, sığorta haqqı isə 30 manat məbləğində müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidmətinin məhkəmənin sorğusuna cavab olaraq ünvanladığı 17.11.2020-ci il tarixli, 20/B-278 saylı məktubundan görünür ki, Balakən rayonu ərazisində 04.08.2018-ci il tarixində gecə saatlarında göy quruldamış, ildırım çaxmış, leysan xarakterli yağış yağmışdır. Yağıntının miqdarı 20,8 mm olmuşdur. İş materiallarında olan Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin məhkəmənin sorğusuna cavab olaraq ünvanladığı 19.02.2021-ci il tarixli, 89/58 saylı məktubundan görünür ki, 05.06.2018-ci il tarixində, yerli vaxtla saat 22:40:27-də, Zaqatala rayonu ərazisində zəlzələ qeydə alınmış, zəlzələnin episentrdə intensivliyi 12 ballıq MSK-64 seysmik cədvəli üzrə 6, Balakən rayonu ərazisində isə 5-4 bal olmuşdur. Beləliklə yuxarıda qeyd olunan iş materiallarından görünür ki, iddiaçı ona məxsus Balakən rayonu, Talalar kəndində yerləşən yaşayış evini sığortalamaq məqsədilə Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə müraciət etmiş və müxtəlif tarixlərdə (2016-2018-ci illər ərzində) ona daşınmaz əmlakın icbari sığortalanması haqqında şəhadətnamələr verilmişdir. Şəhadətnamələrə əsasən sığorta həddi 15.000 manat, sığorta haqqı isə 30 manat məbləğində müəyyən edilmişdir. Daha sonra, 2018-ci ilin iyun və avqust aylarında baş vermiş təbii fəlakət (zəlzələ və leysan) hadisələri nəticəsində iddiaçıya məxsus yaşayış evi zədələnmiş, dam örtüyü çökmüş, divarları isə çatlamış, qeyd edilən ev istifadə və yaşayış üçün yararsız vəziyyətə düşmüşdür. Hazırda iddiaçı ona məxsus evə dəymiş ziyanın əvəzi olaraq cavabdeh tərəfindən 6.000 manat məbləğində sığorta ödənişinin ödənilməsini tələb edir. Cavabdeh isə öz növbəsində iddianı etiraf edərək, dəymiş ziyanın əvəzi olaraq 6.000 manat məbləğində sığorta ödənişinin iddiaçıya ödənilməsinə razı olduğunu bildirir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.2-ci maddəsinə əsasən, cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.5-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.1-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.4-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə iddianı etirafın qanunun tələblərinə zidd olmamasını, etirafın üçüncü şəxslərin mənafeyinə toxunmamasını nəzərə alaraq hesab edir ki, cavabdehin iddianı etirafı məhkəmə tərəfindən qəbul edilməli və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, 6.000 manat məbləğində sığorta ödənişi cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən tutularaq İddiaçı ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 6.000 manat məbləğində sığorta ödənişi cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar