Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-191/2022 04.08.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim - İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi - Tağıyev Adil Elçin oğlunun katibliyi, İddiaçı - İddiaçı, Cavabdeh "xxxx" ASC etibarnamə üzrə nümayəndəsi - X2 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı «sığorta haqqının ödənilməsi» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı «sığorta haqqının» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" ASC ilə 08 yanvar 2020-ci il tarixdə bağlanmış daşınmaz əmlakın icbari sığortası haqqında RAA ********** saylı şəhadətnamə verilmiş sığorta obyektinə – Bakı şəhəri Xətai rayonu Əhmədli qəsəbəsi Ş.Səmədov küçəsi 1-ci döngə ev 2 Q-yə sığorta müqaviləsinin qüvvədə olduğu dövrdə təbii fəlakət nəticəsində dəymiş ziyanın aradan qaldırılması üçün 15.000 manat məbləğində sığorta haqqının və ödənilmiş 31 manat dövlət rüsumunun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, yaşadığı Bakı şəhəri Xətai rayonu Əhmədli qəsəbəsi Ş.Səmədov küçəsi 1-ci döngə ev 2 Q üzərində onun mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmış və onun adına xx.xx.2019-cu il tarixli çıxarış verilmişdir. Qeyd edilən daşınmaz əmlakını o, cavabdeh "xxxx" ASC-də xx.xx.2020-ci il tarixdə bağlanmış sığorta müqaviləsinə əsasən sığorta etdirmiş və ona daşınmaz əmlakın icbari sığortası haqqında RAA ********** saylı şəhadətnamə verilmiş, onun tərəfindən sığorta haqqı ödənilmişdir. Lakin xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il tarixlərdə baş vermiş güclü yağıntı və leysan yağışları nəticəsində onun mülkiyyətində olan 4 otaqlı, 2 mərtəbədən ibarət, ümumi sahəsi 170,2 m2 olan bu ev yaşayış üçün yararsız hala düşmüş və nəticədə ona ziyan dəymişdir. Bu barədə fotoşəkilləri iddia ərizəsinə əlavə etmişdir. Qeyd edilən hadisə sığorta müqaviləsinin qüvvədə olduğu vaxtda baş vermiş, lakin dəymiş ziyanın fəsadlarının aradan qaldırılması və daşınmaz əmlakın bərpa-təmir işləri məqsədi ilə sığorta haqqının ödənilməsi ilə bağlı cavabdeh təşkilata müraciət etsə də, cavabdeh həmin pulu ödəməkdən imtina etmişdir. Bu evdə təmir-bərpa işlərinin aparılması üçün təxminən 15.000 manat vəsait tələb olunur. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi X3 məhkəmə iclasında iddianı qəbul etmədi və məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə, iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin müvafiq Ərazi İdarəsi tərəfindən verilmiş 20 may 2019-cu il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət kimi tam pay üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İddiaçının adına mülkiyyətində olan fərdi yaşayış evinə dair texniki pasport tərtib edilmişdir. Daşınmaz əmlakın icbari sığortası barədə RAA********** saylı 08 yanvar 2020-ci il tarixli şəhadətnamədən görünür ki, İddiaçı xüsusi mülkiyyətində olan fərdi yaşayış evini "xxxx" ASC-də xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixə saat 23:59:00-adək sığorta etdirmişdir. Sığorta məbləği 25.000 manat, sığorta haqqı 50 manat, azadolma məbləği 250 manat təşkil etmişdir. İş materiallarında olan sənədlərdən görünür ki, Bakı şəhəri Xətai rayonunun ərazisində leysan yağışları yağmış və sığorta edilmiş fərdi yaşayış evi yararsız hala düşmüşdür. Belə ki, xx.xx.2020-ci il tarixdə axşam və gündüz saatlarında; xx.xx.2020-ci il tarixdə gecə saatlarında; xx.xx.2020-ci il tarixdə gecə, səhər və gündüz saatlarında; xx.xx.2020-ci il tarixdə gecə saatlarında; xx.xx.2020-ci il tarixdə axşam saatlarında; xx.xx.2020-ci il tarixdə səhər saatlarında LEYSAN xarakterli yağış yağmış, yağıntıların miqdarı yuxarıda qeyd olunan günlər üzrə 6,6 mm, 5,3 mm, 2,6 mm, 0,4 mm, 0,4 mm, 0,2 mm olmuşdur. İddiaçı qeyd olunan sığorta hadisəsi ilə bağlı "xxxx" ASC-yə müraciət edərək, hadisə ilə bağlı ona dəymiş zərərin ödənilməsini xahiş etmişdir. "xxxx" ASC-nin 15 dekabr 2020-ci il tarixdə iddiaçıya ünvanladığı AS-20/1496 saylı məktubda iddiaçının ərizəsinə baxıldığı bildirilərək qeyd olunmuşdur ki, "xxxx" ASC-nin mütəxəssisləri tərəfindən zərər dəymiş evə baxış keçirilmiş və hesablama aktı tərtib olunmaqla ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinə dəymiş zərər məbləği 1.022 manat məbləğində müəyyən edilmişdir. Yekun sığorta ödənişi sığorta şəhadətnaməsində qeyd olunan 250 manat azadolma məbləği çıxılmaqla 772 manat təşkil edir. Fərdi yaşayış evinin təmiri üçün müəyyən edilmiş 772 manat məbləğində sığorta ödənişi məbləğinin pul şəklində ödənilə biləcəyi barədə iddiaçı məlumatlandırılmışdır. Hazırkı iş üzrə mübahisə doğuran məqam fərdi evə dəymiş real zərərin həcmi (məbləği) ilə bağlıdır. İddiaçının bildirdiyinə görə, fərdi yaşayış evinə 15.000 manat civarında, cavabdeh tərəfin bildirdiyinə görə, evə 1.022 manat civarında zərər dəymişdir. Məhkəmə mübahisəyə tam, hərtərəfli və obyektiv baxılması üçün müvafiq ekspertiza təyin etmiş və ekspert qarşısında cavablandırılması zəruri olan suallar qoymuşdur. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 10/1272 saylı ekspert rəyindən görünür ki, hazırki iş üzrə məhkəmə tərəfindən cəlb edilmiş Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin müvafiq mütəxəssisləri tərəfindən tədqiq olunan yaşayış evinə dəymiş ziyanın səbəbinin müəyyən edilməsi üzrə müayinə tədqiqat işləri aparılaraq müvafiq mütəxəssis rəyi tərtib edilmədiyindən, İddiaçı məxsus ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə xx.xx.2020; xx.xx.2020; xx.xx.2020; xx.xx.2020; xx.xx.2020-ci il tarixlərdə baş vermiş təbii fəlakət (güclü yağış və leysan yağışları) hadisəsi nəticəsində zərər dəyib-dəymədiyini dəqiqliklə müəyyən etmək mümkün olmadı. Lakin rəyin tədqiqat hissəsində göstərilən əlamətlər nəzərə alınmaqla, tədqiq olunan yaşayış evinin ayrı-ayrı konstruktiv elementləri üzrə zədələrin, o cümlədən divarlarda yaranan çatların, evin qarşısındakı giriş hissənin kənarlarına vurulmuş alğay balyasinaların və üzlük plitələrinin divardan aralanmasının, həyətyanı sahəyə döşənmiş tamet plitələrin çatlamasının və bir-birindən aralanmasının, döşəmənin bəzi yerlərinin aşağı doğru çökməsinin və s. əmələ gəlməsi, hər hansı təsir zamanı yaranan silkələnmələrdən, yəni torpaq sürüşməsi, zəlzələ, leysan yağışları və eləcə də söküntü, qazıntı, tikinti-quraşdırma işləri və s. nəticəsində yaranan silkələnmələrdən, torpaq qatının boşalmasından, sürüşməsindən əmələ gələ bilər. ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi üzrə yaranmış qüsurların aradan qaldırılması ilə əlaqədar yerinə yetiriləcək təmir işlərinin bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 5.990 (beş min doqquz yüz doxsan) manat məbləğində müəyyən olunmuşdur. Aparılmış tədqiqatın dəyəri 100 manat təşkil edir. Göründüyü kimi, cavabdeh tərəf sığorta hadisəsinin baş verməsini etiraf edir. Mübahisə doğuran məsələ isə dəymiş zərərin həcmi ilə bağlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Həmin Məcəllənin 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Həmin Məcəllənin 898.2-ci maddəsinə əsasən azadolma məbləği sığorta hadisəsi nəticəsində yaranan itkilərin və ya dəyən zərərin sığorta təminatı ilə əhatə olunmayan və sığortalının üzərində qalan hissəsidir. Azadolma məbləği sığorta müqaviləsinə uyğun olaraq müəyyən edilən zərər məbləğindən, qismən sığorta halında isə sığortaçının zərər məbləğindəki payından çıxılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 922.1-ci maddəsinə əsasən sığorta hadisəsi qanunvericiliyə və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. Həmin Məcəllənin 922.2-ci maddəsinə əsasən sığorta hadisəsi hesab edilən hadisələr və hallar icbari sığorta üzrə icbari sığorta qanunvericiliyində, könüllü sığorta üzrə isə tərəflərin razılaşması əsasında sığorta müqaviləsində müəyyən edilir. Həmin Məcəllənin 922.3-cü maddəsinə əsasən sığorta hadisəsi baş vermə ehtimalına və (və ya) təsadüfilik əlamətlərinə malik olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 933.1-ci maddəsinə əsasən sığorta hadisəsi baş verdikdə, sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin sığorta müqaviləsində nəzərdə tutulmuş müddətdə sığortaçıya ünvanladığı sığorta tələbi olduqda, sığorta hadisəsi hesab edilə bilən hadisə ilə bağlı qanunvericiliyə uyğun olaraq, hər hansı dövlət orqanına məlumat verilməlidirsə, həmin orqanın hadisə barədə təqdim etdiyi müvafiq sənəd olduqda və qanunvericilikdə və müvafiq sığorta qaydalarında nəzərdə tutulan, sığorta ödənişinin verilməsi üçün tələb olunan digər sənədlər olduqda sığorta ödənişi həyata keçirilir. Həmin Məcəllənin 935.1.8-ci maddəsinə əsasən «İcbari sığortalar haqqında» Azərbaycan Respublikasının Qanununda başqa cür nəzərdə tutulmamışdırsa, baş vermiş hadisənin icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta hadisəsi hesab edilməməsi sığortaçının sığorta ödənişinin verilməsindən imtina etməsi üçün əsasdır. «İcbari sığortalar haqqında» Azərbaycan Respublikasının Qanununun 6.7-ci maddəsinə əsasən əmlak sığortası üzrə sığorta hadisəsi nəticəsində zərər dəymiş əmlakla bağlı sığorta marağı olan istənilən şəxs həmin əmlakın mülkiyyətçisi olub-olmamasından asılı olmayaraq zərərçəkən hesab edilir. Həmin Qanunun 35.1-ci maddəsinə əsasən daşınmaz əmlakın icbari sığortası daşınmaz əmlakın yanğın və ya digər hadisələr nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı formada itkisi ilə bağlı dəyən zərərin əvəzinin ödənilməsi məqsədi ilə tətbiq edilir. Həmin Qanunun 38-ci maddəsinə əsasən sahibi olduğu daşınmaz əmlakın icbari sığortası müqaviləsini bağlayan və müvafiq icbari sığorta şəhadətnaməsinin adına verildiyi şəxs sığortalı hesab edilir. «İcbari sığortalar haqqında» Azərbaycan Respublikasının Qanununun 36.1-ci maddəsinə əsasən daşınmaz əmlakın aşağıdakı hallar nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı digər formada itkisi sığorta hadisəsi hesab olunur: 36.1.1. yanğın, ildırım düşməsi; 36.1.2. məişətdə və istehsalatda istifadə olunan qazın partlayışı; 36.1.3. elektrik naqillərində baş verən qısa qapanma; 36.1.4. buxar qazanlarının, qaz anbarlarının, qaz kəmərlərinin, maşınların, aparatların və digər oxşar qurğuların və ya cihazların partlayışı; 36.1.5. su, istilik, kanalizasiya kəmərlərinin və yanğınsöndürmə sistemlərinin qəzası, habelə qonşu tikililərdən, yaşayış və qeyri-yaşayış sahələrindən, yaşayış evlərindən və binalarından, mənzillərdən, otaqlardan daxil olan su nəticəsində subasma; 36.1.6. hər hansı predmetin və ya onun hissələrinin düşməsi, atılması, dəyməsi, dağılması, axıdılması və digər bu kimi formalarda təsiri; 36.1.7. yerüstü nəqliyyat vasitəsinin dəyməsi; 36.1.8. təbii fəlakətlər - zəlzələ, vulkan, fırtına, qasırğa, tufan, dolu, sel, daşqın, leysan, yer sürüşməsi; 36.1.9. üçüncü şəxslərin hərəkətləri. Həmin Qanunun 39.3-cü maddəsinə əsasən yaşayış evləri və mənzillərin icbari sığortası üzrə sığorta məbləğləri və şərtsiz azadolma məbləğləri Bakı, Gəncə, Sumqayıt və Naxçıvan şəhərləri istisna olmaqla digər yaşayış məntəqələrində yerləşən daşınmaz əmlak üzrə sığorta məbləği 15.000 manat, azadolma məbləği 150 manat müəyyən edilir. Həmin Qanunun 41.1-ci maddəsinə əsasən daşınmaz əmlakın icbari sığortası üzrə sığortalanmış əmlaka dəyən zərərə görə sığorta ödənişinin verilməsi bu Qanunun 39-cu maddəsində nəzərdə tutulmuş müvafiq sığorta məbləğləri həddində bu Qanunun Ümumi bölməsində müəyyən edilmiş ümumi əsaslarla həyata keçirilir. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, iddiaçıya məxsus fərdi yaşayış evinə iddiaçının iddia etdiyi kimi 15.000 manat deyil, cəmi 5.990 manat ziyan dəymişdir. Belə ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin yuxarıda qeyd edilən rəyinə əsasən ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi üzrə yaranmış qüsurların aradan qaldırılması ilə əlaqədar yerinə yetiriləcək təmir işlərinin bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 5.990 (beş min doqquz yüz doxsan) manat məbləğində müəyyən olunmuşdur. Məhkəmə hesab edir ki, 5.990 manat sığorta məbləğindən 250 manat azad olma məbləği çıxılmalı (5.990 manat - 250 manat = 5.740 manat), qalan 5.740 manat məbləğində sığorta ödənişi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci- maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməsli, 5.740 manat məbləğində pul vəsaiti və ödənilmiş 31 manat dövlət rüsumu cavabdeh "xxxx" ASC-dən İddiaçı xeyrinə tutulmalı, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 (bir yüz) manat məbləğində vəsait cavabdeh "xxxx" ASC-dən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməli (X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE********************), iddia tələbi qalan hissədə rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. 5.740 manat məbləğində pul vəsaiti və ödənilmiş 31 manat dövlət rüsumu cavabdeh "xxxx" ASC-dən İddiaçı xeyrinə tutulsun. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 (bir yüz) manat məbləğində vəsait cavabdeh "xxxx" ASC-dən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. (X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE********************) İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Anar İbadzadə
Məhkəmə qərarları › İş №2(006)-191/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-191/2022
04.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver