Məhkəmə qərarları › İş №2(006)-1956/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1956/2023

06.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1956/2023 06.11.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Cəfərova Gülhanə Coşqun qızının katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh iştirakları ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının Cavabdeh qarşı «borcun qaytarılması, tələbin ipoteka predmetinə yönəldilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatı Cavabdeh qarşı «borcun qaytarılması, tələbin ipoteka predmetinə yönəldilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. 2.Tələb onunla əsaslandırılır ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında» Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı Fərmanına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 194-cü maddəsinə uyğun olaraq "xxxx" ASC ilə İddiaçı QSC arasında bağlanmış, Tələbi hüququnun güzəşt edilməsinə dair xx.xx.2015-ci il tarixli Müqaviləyə görə "xxxx" ASC-nin problemli aktivlərinin tələb hüququ İddiaçı QSC-yə keçmişdir. Belə ki, "xxxx" ASC-nin «Nəsimi» filialı ilə Cavabdeh arasında xx.xx.2012-ci il tarixli 81 saylı kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən cavabdehə illik 17% tətbiq edilməklə, 36 ay müddətinə 13.600 ABŞ dolları məbləğində kredit verilmişdir. xx.xx.2012-ci il tarixli kassa məxaric orderindən də göründüyü kimi, cavabdehə ayrılmış kredit hesabından istifadə etmişdir. Kredit müqaviləsinin təminatı olaraq Cavabdeh mülkiyyətində olan «Seat İbiza» markalı **-NL-*** dövlət qeydiyyat nişanlı avtomobili (buraxılış ili 2011, ban-BTS181533, mühərrik VSSZZZ6JZCR092152, rəngi – qara) avtomobil ipoteka müqaviləsi ilə yüklü edilmişdir. Həmin ipoteka müqaviləsi Azərbaycan Respublikası DİN BDYPİ QİŞ tərəfindən qeydiyyata alınaraq, cavabdehə məxsus nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsində müvafiq qeydiyyat aparılmış və xx.xx.2012-ci il tarixli, AA seriyalı, 037842 №-li «İpoteka müqaviləsinin qeydiyyatı haqqında» şəhadətnamə verilmişdir. Kredit müqaviləsinin 2.2-ci bəndinə əsasən borc verən avtomaşın alınması məqsədi ilə istifadə etmək üçün borcalana 13600 manat məbləğində kreditin verilməsini öhdəsinə götürmüşdür (bənd 2.3). Borcalan bu müqaviləyə əsasən krediti qəbul etməyi, bu Müqavilədə göstərilən müddətdə və qaydada krediti və kredit üzrə hesablanacaq faizləri borcverənə qaytarmağı bhdəsinə götürür. Həmin müqavilənin 5.1-ci bəndinə əsasən kredit vəsaitinin hərəkəti borcverən tərəfindən borcalan üçün açılan ssuda hesabı ilə təmin edir (bənd 5.4). Borcalana verilən kredit vəsaitindən istifadə müddəti 36 aydır. Qeyd olunan kredit müqaviləsinin 6.1-ci bəndinə əsasən kredit üzrə faizlər şərti olaraq 360 gün götürülən illik faiz dövrünün kreditdən istifadə edilmiş günlərinin faktiki sayına görə hər gün illik 17-lə hesablanır. Cavabdeh bank qarşısındakı öhdəliklərini bu günə kimi lazımınca yerinə yetirməmişdir. Belə ki, cavabdehin banka hazırda olan kredit müqaviləsi üzrə əsas borcu 9695 manat, faiz üzrə 4765,30 manat məbləğində təşkil edir. Bank tərəfindən öz növbəsində pul məbləğinin ödənilməsi tələbi ilə dəfələrlə cavabdehə şifahi formada, o cümlədən yazılı bildirişlərin göndərilməsi yolu ilə xəbərdarlıqlar edilmiş və qeyd olunan kredit müqaviləsi üzrə əsas, kreditdən istifadəyə və öhdəliyin icrasının gecikdirilməsinə görə hesablanmış faiz borcu haqqında məlumat verilmiş və onların tez bir zamanda banka ödənilməsi qarşı tərəfdən tələb olunmuşdur. Lakin qeyd olunan öhdəlik bu günədək yerinə yetirilməmişdir. xx.xx.2019-cu il tarixdə İddiaçı QSC tərəfindən Cavabdeh qarşı «əsas və faiz borcunun qaytarılması və tələbin ipoteka predmetinə yönəldilməsi» tələbinə dair iddia ərizəsi ilə Nəsimi rayon Məhkəməsinə müraciət etmişdir. Nəsimi rayon Məhkəməsinin 2(006)-1775/2019 saylı mülki iş üzrə borclunun kredit borcu Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Azərbaycan Respublikasında «fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında» Fərmanın təsir dairəsinə düşdüyündən, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli Fərmanında göstərilən məsələlər öz həllini tapanadək Nəsimi rayon Məhkəməsinin 2(006)-1775/2019 saylı, xx.xx.2019-cu il tarixli qərardadı ilə mülki iş baxılmamış saxlanılmışdır. Borclunun kredit borcu Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli, Azərbaycan Respublikasında “fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanın təsir dairəsinə düşmüşdür. Qeyd olunan Fərmanın 6-cı bəndində banklara tövsiyyə edilir ki: 6.1. Bu Fərmanın 7.1-ci bəndində nəzərdə tutulan siyahı üzrə vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərə yeni güzəştli kredit müqaviləsi bağlanmasını təklif etsinlər; 6.2. Fəziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiya olunacağını nəzərə alaraq, banklar 1 ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan işlərin geri çağırılmasını təmin edən tədbirlər görsünlər; 6.3.Borcları restrukturizasiya olunmuş fiziki şəxslərin borc yükünün yüngülləşdirilməsini təmin edən digər tədbirlər görsünlər. Fərmanda göstərilən məsələlər öz həllini tapanadək Fərmanın müəyyən etdiyi qaydalara riayət etdikdən sonra borcun ödənilməsi ilə bağlı həll edilməmiş mübahisə qaldıqda, bu yenidən iddia tələbi ilə məhkəməyə müraciət etməyə mane olmur. xx.xx.2020-ci il tarixdə iddiaçı tərəfindən borclu Cavabdeh restrukturizasiya müqaviləsi bağlanılması üçün təklif məktubu göndərilmiş, lakin borclu tərəfindən restrukturizasiya müqaviləsi bağlanması üçün cəmiyyətə rəsmi heç bir münasibət bildirilməmişdir. İddiaçı QSC-nin törəmə müəssisəsi olan «X4 Edilməsi Agentliyi» MMC tərəfindən xx.xx.2021-ci il tarixli 5539 saylı məktubla Nəsimi rayon Məhkəməsinə müraciət edərək 2(006)-1775/2019 saylı mülki işi üzrə iddiaçı tərəfindən təqdim edilmiş sənədlərin əsillərini İddiaçı QSC-yə qaytarılmasını xahiş etdikdən sonra qeyd edilən sənədlərin əsilləri iddiaçıya təqdim edilmişdir. Bundan sonra bank tərəfindən ümumi qaydada yenidən hazırki iddia ərizəsi ilə Nəsimi rayon Məhkəməsinə müraciət edilmişdir. Göstərilənlərə əsasən Cavabdeh Arfi oğlundan xx.xx.2012-ci il tarixli, 81 saylı kredit müqaviləsinə əsasən əsas borcu 9695 manat, faiz üzrə 4765,30 manat məbləğində, ümumilikdə 14460,30 manat məbləğində kredit borcunun və həmçinin ödənilmiş 183,38 manat məbləğində dövlət rüsumunun tutulub İddiaçı QSC-nin xeyrinə ödənilməsi, kredit borcunu Cavabdeh mülkiyyətində olan «Seat İbiza» markalı, **-NL-*** dövlət qeydiyyat nişanlı avtomobili (buraxılış ili 2011, ban- BTS181533, mühərrik VSSZZZ6JZCR092152, rəngi - qara) avtomobilə yönəldərək açıq hərracda satılması və satışdan əldə edilən vəsaiti İddiaçı QSC-nin hesabına ödənilməsi, satışdan əldə olunan vəsait borc məbləğindən artıq qalan hissəsinin Cavabdeh qaytarılması, satışdan əldə olunan məbləğ borcun ödənilməsinə yetərli olmadığı halda Cavabdeh məxsus və üçüncü şəxslərin istifadəsində olan digər əmlaklarına tutmanı yönəldərək açıq hərracda satılması və satışdan əldə edilən vəsaiti iddiaçının hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.

a) Məhkəmə icraatı iştirakçılarının izahatları: 3.Məhkəmə iclasında iddiaçının nümayəndəsi X3 iddianı müdafiə edərək izahatında göstərmişdir ki, Azərbaycan Respublikası Prezidentinin müvafiq fərmanına əsasən "xxxx" ASC ilə İddiaçı QSC arasında bağlanmış tələb hüququnun güzəşt edilməsinə dair xx.xx.2015-ci il tarixli müqaviləyə əsasən "xxxx" ASC-nin problemli aktivlərinin tələb hüququ onlara keçmişdir. "xxxx" ASC-nin «Nəsimi» filialı ilə cavabdeh arasında xx.xx.2012-ci il tarixli kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən cavabdehə illik 17% tətbiq edilməklə, 36 ay müddətinə, 13.600 manat ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh də bundan istifadə etmişdir. Müqavilənin təminatı olaraq cavabdehin mülkiyyətində olan «Seat İbiza» markalı, **-NL-*** dövlət qeydiyyat nişanlı avtomobil ipoteka ilə yüklü edilmişdir. Lakin cavabdeh müqavilə üzrə öhdəsinə götürmüş olduğu öhdəliyi icra etməmiş və borcunu ödəməmişdir. Nəticədə kredit müqaviləsinin tələbləri kobud surətdə pozulmuşdur. İddiaçının nümayəndəsi iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qismən qəbul edərək izahatında göstərmişdir ki, iddiaçı tərəfindən verilmiş avtomobil onun adına rəsmiləşdirilsə də, faktiki olaraq onun istifadəsində olmamışdır. Hazırda həmin avtomobilin harada olması ona məlum deyildir. Xahiş edir ki, avtomobil tapılaraq borc avtomobilə yönəldilsin.

5. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir.

Əsaslandırıcı hissə: a) Mülki işin materialları:

6. Belə ki, iş materiallarında olan «Borcverən» qismində "xxxx" ASC-nin Nəsimi filialı ilə digər tərəfdən «Borcalan» qismində Cavabdeh arasında bağlanmış 16 aprel 2012ci il tarixli 81 №-li kredit müqaviləsinə əsasən N.Nəcəfova avtomobil alınması üçün 36 ay müddətinə, illik 17%-lə 13600 manat məbləğində kredit verilmişdir.

7. İş üzrə «İpoteka saxlayan» qismində "xxxx" ASC-nin Nəsimi filialı ilə «İpoteka qoyan» Cavabdeh arasında bağlanmış xx.xx.2012-ci il tarixli ipoteka müqaviləsinə əsasən ipoteka qoyan ipoteka saxlayanla bağlanılmış xx.xx.2012-ci il tarixli 81 №-li kredit müqaviləsi üzrə öhdəliyin icrasını təmin edilməsi məqsədilə «Seat İbiza» markalı, ban- BTS181533, mühərrik VSSZZZ6JZCR092152, rəngi – qara, 2011-ci il buraxılışlı, **-NL-*** dövlət qeydiyyat nişanlı avtomaşını bank qarşısında yüklü etmişdir.

8. İş üzrə AR DİN BDYPİ QİŞ tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətinə əsasən «Seat İbiza» minik markalı, **- NL-*** dövlət nömrə nişanlı avtomaşın Cavabdeh adına qeydiyyata alınmışdır.

9. İş üzrə Azərbaycan Respublikası DİN BDYPİ tərəfindən verilmiş ipoteka müqaviləsinin qeydiyyata alınması ilə əlaqədar daşınar əmlakın müvafiq rəsmi reyestrindən AA №037842 seriyalı xx.xx.2012-ci il tarixli çıxarışa əsasən Cavabdeh adına olan «Seat İbiza» markalı, **-NL-*** dövlət qeydiyyat nişanlı avtomaşına dair 16 aprel 2012-ci il tarixdə "xxxx" ASC-nin Nəsimi filialı ilə bağlanmış ipoteka haqqında müqaviləyə əsasən girovun qeydiyyatı aparılmışdır.

10. "xxxx" ASC-nin dövlətə məxsus səhmlərinin özəlləşdirməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015ci il 15 iyul tarixli, 570 saylı Fərmanına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 194-cü maddəsinə uyğun olaraq "xxxx" ASC ilə İddiaçı QSC arasında bağlanmış, Tələb hüququnun güzəşt edilməsinə dair xx.xx.2015-ci il tarixli müqaviləyə görə "xxxx" ASC-nin problemli aktivlərinin tələb hüququ İddiaçı QSC-yə keçmişdir. İddiaçı QSC-nin Nizamnaməsinə edilmiş xx.xx.2015-ci il tarixli ********** saylı dəyişiklikdəki 2.5-ci maddəyə əsasən Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı Fərmanında nəzərdə tutulmuş aktivlərin idarə edilməsi Kredit Təşkiltanın tabeliyində yaradılmış hüquqi şəxs statuslu qurum (“X4 Edilməsi Agentliyi” MMC) vasitəsilə həyata keçirilir. Qeyd edilmiş dəyişikliyə əsasən “X2” ASC-nin problemli aktivləri üzrə tələb hüququnun idarə edilməsini “X4 Edilməsi Agentliyi” MMC həyata keçirir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2017-ci il tarixli, 101S Sərəncamının icrası ilə əlaqədar İddiaçı QSC tərəfindən "xxxx" ASC-dən problemli aktivlərin satın alınması ilə bağlı borclu şəxs Cavabdeh dair sənədlər S-AVK-1686 saylı xx.xx.2017-ci il tarixli təhviltəslim aktına əsasən İddiaçı QSC-yə verilmişdir.

11. İş üzrə «X4 Edilməsi Agentliyi» MMC tərəfindən Cavabdeh Akif oğluna ünvanlanmış xx.xx.2018-ci il tarixli 3141 saylı bildirişin surətindən görünür ki, Cavabdeh "xxxx" ASC-nin «Nəsimi» filialı ilə xx.xx.2012-ci il tarixdə, 81 saylı kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən Cavabdeh illik 17 % tətbiq edilməklə, 36 ay müddətinə 13.600 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı olaraq «Seat İbiza» markalı minik avtomobil (buraxılış ili 211, qara) xx.xx.2012-ci il tarixdə, 81 saylı ipoteka müqaviləsi ilə yüklü edilmişdir. xx.xx.2012-ci il kassa məxaric orderindən də göründüyü kimi Cavabdeh ayrılmış kredit vəsaitini məxaric edərək ssuda hesabından istifadə etmişdir. Hal-hazırda Cavabdeh əsas borc 9695 manat, faiz borc 4765,30 manat, cəmi borc 14.460,30 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 194cü maddəsinə uyğun olaraq "xxxx" ASC ilə İddiaçı QSC arasında bağlanmış, tələb hüququnun güzəşt edilməsinə dair xx.xx.2015-ci il tarixli Müqaviləyə görə "xxxx" ASC-nin problemli aktivlərinin tələb hüququ İddiaçı QSC-yə keçmişdir. İddiaçı QSC ilə «X4 Edilməsi Agentliyi» MMC arasında xx.xx.2016-cı il tarixdə bağlanmış Xidməti müqaviləyə əsasən İddiaçı QSC-yə keçmiş, "xxxx" ASC-nin problemli aktivləri üzrə tələb hüququnun idarə edilməsini «X4 Edilməsi Agentliyi» MMC həyata keçirir. Qeyd edilənləri və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 195-ci maddəsini nəzərə alaraq bildirirlər ki, Cavabdehla "xxxx" ASC-nin «Nəsimi» filialı arasında bağlanmış, yuxarıda qeyd edilən kredit müqaviləsi üzrə tələb hüquqları «X4 Edilməsi Agentliyi» MMC tərəfindən idarə ediləcək.

12. İş üzrə «X4 Edilməsi Agentliyi» MMC tərəfindən Azərbaycan Respublikası DİNnin Baş Dövlət Yol Polisi İdarəsinə ünvanlanmış xx.xx.2018-ci il tarixli məktubdan görünür ki, "xxxx" ASC-nin Nəsimi filialı ilə Cavabdeh arasında xx.xx.2012-ci il tarixli, 81 saylı kredit müqaviləsi bağlanmışdır. Həmin müqavilədən irəli gələn öhdəliyin icrasının təminat üsulu kimi "xxxx" ASC-nin Nəsimi filialı ilə Cavabdeh arasında xx.xx.2012-ci il tarixli, 81 saylı «İpoteka müqaviləsi» bağlanmış və «Seat İbiza» markalı, 90NL106 dövlət qeydiyyat nişanlı minik avtomobili (buraxılış ili 2011, mühərrik – BTS181533, ban- VSSZZZ6JZCR092152, rəngi-qara) "xxxx" ASC-nin Nəsimi filialı qarşısında ipoteka ilə yüklü edilmişdir. Hal-hazırda Cavabdeh Bank qarşısında bağlanmış xx.xx.2012-ci il tarixli, 81 saylı kredit müqaviləsindən irəli gələn öhdəliyi yaranmışdır. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən xx.xx.2018-ci il tarixdə bildiriş ipotekaqoyana təqdim edilmişdir. «X4 Edilməsi Agentliyi» MMC tərəfindən «Seat İbiza» markalı, 90NL106 dövlət qeydiyyat nişanlı olan avtomaşına tutmanın yönəldilməsinə dair bildirişi dövlət qeydiyyatına alınması xahiş olunmuş və həmin bildiriş xx.xx.2018-ci il tarixdə qeydə alınmışdır.

13. İş üzrə «X4 Edilməsi Agentliyi» MMC tərəfindən Cavabdeh Akif oğluna ünvanlanmış xx.xx.2020-ci il tarixli 3652 saylı bildirişin surətindən görünür ki, "xxxx" ASCnin dövlətə məxsus səhmlərin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında» Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı Fərmanına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 194-cü maddəsinə uyğun olaraq "xxxx" ASC ilə İddiaçı QSC arasında bağlanmış, tələb hüququnun güzəşt edilməsinə dair xx.xx.2015-ci il tarixli Müqaviləyə görə "xxxx" ASC-nin problemli aktivlərinin tələb hüququ İddiaçı QSC-yə keçmişdir. İddiaçı QSC-nin Nizamnaməsinə edilmiş xx.xx.2015-ci il tarixli ********** saylı dəyişiklikdəki 2.5-ci maddəsinə əsasən Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı Fərmanında nəzərdə tutulmuş aktivlərin idarə edilməsi Kredit Təşkilatının tabeliyində yaradılmış hüquqi şəxs statuslu qurum («X4 Edilməsi Agentliyi» MMC) vasitəsilə həyata keçirilir. Qeyd edilmiş dəyişikliyə əsasən "xxxx" ASC-nin problemli aktivləri üzrə tələb hüququnun idarə edilməsini «X4 Edilməsi Agentliyi» MMC həyata keçirir. Cavabdeh kredit müqaviləsiə əsasən gecikmədə olan borcunuz, əsas borc üzrə 9695 manat, faiz üzrə 4765,30 manat olmaqla cəmi 14.460,30 manat təşkil edir. Yuxarıda qeyd olunan borcla bağlı ödənişin tam şəkildə icra edilməsini xahiş etmişlər. Qeyd olunan qalıq borc məbləğini bir dəfəyə ödəmək imkanına malik deyilsə, həmin borc qalığının hissəvi şəkildə ödənilməsinə dair Cavabdehla yeni restrukturizasiya müqaviləsinin bağlanılmasını təklif etmişlər. Restrukturizasiya müqaviləsinin şərtləri ilə tanış olmaq üçün «X4 Edilməsi Agentliyi» MMC-yə müraciət edə bilər.

14. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/6676 saylı, 09 dekabr 2022-ci il tarixli məhkəmə-mühasibatlıq ekspertizasının rəyinin (2(006)-1759/2022 saylı mülki iş üzrə) surətindən görünür ki, Cavabdeh banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları, xx.xx.2012ci il tarixli, 81 saylı kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla, Cavabdeh xx.xx.2015-ci il tarixə (kredit müqaviləsinin son tarixi) və xx.xx.2022-ci il tarixə (qərardadın tarixi) banka olan əsas borc üzrə 10.194,68 manat, faiz borcu üzrə 1.523,29 manat, cəmi 11.717,97 manat məbləğində müəyyən edilmişdir.

15. İş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli məlumatından görünür ki, 2(006)-1956/2023 nömrəli mülki iş üzrə xx.xx.2023-cü il tarixdə təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının aparılması və rəy verilməsi mümkün olmamışdır. Məhkəmə-əmtəəşünaslıq eksperti qarşısında qoyulmuş sualın həll edilməsi üçün məhkəməyə xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli vəsatətlər göndərilmiş, qərarda göstərilən avtomobilin ekspert baxışına təqdim edilməsi imtina edilmişdir. Lakin həmin vəsatətlər hal-hazıradək təmin edilməmişdir. Göstərilənləri nəzərə alaraq «Məhkəmə ekspertizası fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə və «Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzində ekspertizaların aparılmasının təşkili haqqında Təlimat»ın 3.2-ci bəndinə əsasən hazırki ekspertizasından aparılmasından imtina edilələk iş üzrə materiallar icrasız geri qaytarılmışdır.

b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

16. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Cavabdeh ilə "xxxx" ASC arasında bağlanılmış xx.xx.2012-ci il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh avtomobil alınması məqsədilə illik 17% hesablanmaqla, 36 ay müddətinə 13.600 manat məbləğində kredit verilmiş və kredit müqavilənin təminatı kimi cavabdeh alınmış və mülkiyyətinə keçmiş «Seat İbiza» markalı, ** NL *** dövlət nömrə nişanlı avtomaşını bank qarşısında ipoteka ilə yüklü edilmişdir. "xxxx" ASC-nin dövlətə məxsus səhmlərinin özəlləşdirməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı Fərmanına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 194-cü maddəsinə uyğun olaraq "xxxx" ASC ilə İddiaçı QSC arasında bağlanmış, Tələb hüququnun güzəşt edilməsinə dair xx.xx.2015ci il tarixli müqaviləyə görə "xxxx" ASC-nin problemli aktivlərinin tələb hüququ İddiaçı QSCyə keçmişdir. İddiaçı QSC-nin Nizamnaməsinə edilmiş xx.xx.2015-ci il tarixli ********** saylı dəyişiklikdəki 2.5-ci maddəyə əsasən Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı Fərmanında nəzərdə tutulmuş aktivlərin idarə edilməsi Kredit Təşkiltanın tabeliyində yaradılmış hüquqi şəxs statuslu qurum (“X4 Edilməsi Agentliyi” MMC) vasitəsilə həyata keçirilir. Qeyd edilmiş dəyişikliyə əsasən “X2” ASC-nin problemli aktivləri üzrə tələb hüququnun idarə edilməsini “X4 Edilməsi Agentliyi” MMC həyata keçirir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2017-ci il tarixli, 101S Sərəncamının icrası ilə əlaqədar İddiaçı QSC tərəfindən "xxxx" ASC-dən problemli aktivlərin satın alınması ilə bağlı borclu şəxs Cavabdeh dair sənədlər S-AVK-1686 saylı xx.xx.2017-ci il tarixli təhvil-təslim aktına əsasən İddiaçı QSC-yə verilmişdir. Cavabdeh kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmiş və bununla da müqavilənin şərtlərinin pozulması ilə əlaqədar kredit müqaviləsi üzrə ödənilməmiş əsas və faiz borcu yaranmışdır. Hazırda bank cavabdehdən borcun tutulması və tutmanın girov predmetinə yönəldilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:

17. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

18. Göstərilən Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

19. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə (əvvəlki redaksiyada) əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.

20. Məhkəmə iclasında müəyyən edilmişdir ki, cavabdeh kredit müqaviləsi üzərinə irəli sürülmüş tələbdən görünür ki, o, cavabdehdən 9695 manat əsas və 4765,30 manat faiz borcunun tutulmasını tələb edir.

21. Məhkəmə hesab edir ki, cavabdeh borc müqaviləsi üzrə öhdəliklərini tamamilə yerinə yetirmədiyindən, iddiaçı həmin öhdəliklərin yerinə yetirilməsini məhkəmə qaydasında tələb etməkdə haqlıdır.

22. Lakin məhkəmə kredit müqaviləsinin müddətinin xx.xx.2015-ci il tarixdə bitməsini və həmin müqavilə üzrə yaranmış borcun tutulması ilə bağlı iddianın xx.xx.2023cü il tarixdə məhkəməyə verilməsini nəzərə alaraq qeyd edir ki, iddiaçı qanunda nəzərdə tutulmuş 3 illik müddət keçdikdən sonra məhkəməyə müraciət etmişdir.

23. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2013-cü il tarixli «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair» Qərarında göstərilmişdir ki, kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 384.0.4cü maddəsində nəzərdə tutulan əşya hüququqlarının müdafiəsi ilə əlaqədar tələblərə iddia müddətinin şamil edilməməsi kredit müqavilələrindən yaranan münasibətlərə aid edilə bilməz.

24. Azərbaycan Respublikası Mülki Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir.

25. Lakin məhkəmə qeyd edir ki, bundan əvvəl də iddiaçı Cavabdeh qarşı «borcun qaytarılması, tələbin ipoteka predmetinə yönəldilməsi» tələbinə dair iddia ərizəsi ilə 10 fevral 2022-ci il tarixdə məhkəməyə müraciət etmiş, 27 fevral 2023-cü il tarixdə iddia tələbi baxılmamış saxlanılmışdır. Cavabdeh həmin məhkəmə iclaslarında da iştirak etmiş və mülki müdafiə vasitələri ona izah olunmuşdur.

26. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçı eyni predmet ilə bağlı barəsində əvvəl mülki iş olmuş və həmin mülki iş üzrə tərəf kimi məhkəmədə iştirak etmiş və ona bütün hüquqları izah edilməklə müvafiq şərait yaradılmışdır.

27. Məhkəmə iclasında müəyyən edilmişdir ki, 2(006)-1759/2022 saylı mülki iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və ekspertiza rəyi ilə müəyyən edilmişdir ki, Cavabdeh xx.xx.2015-ci il tarixə (kredit müqaviləsinin son tarixi) və xx.xx.2022-ci il tarixə (qərardadın tarixi) banka olan əsas borc üzrə 10.194,68 manat, faiz borcu üzrə 1.523,29 manat, cəmi 11.717,97 manat məbləğində təşkil etmişdir.

28. Məhkəmə qeyd edir ki, həmin ekspert rəyi tərəflər mübahisələndirilməmişdir (yenidən keçirilməsinə zərurət qalmamışdır) və əsas sübut növü kimi qiymətləndirilməlidir.

29. Məhkəmə həmçinin qeyd edir ki, həmin ekspertiza rəyi ilə cavabdehin kredit müqaviləsi üzrə əsas borcu irəli sürülmüş tələbdən artıq olsa da, həmin hal iddia tələbindən kənara çıxması üçün əsas ola bilməz.

30. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi əsas borcun tutulması hissəsində əsaslı hesab edilməli və təmin edilməlidir.

31. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

32. Məhkəmə həmçinin qeyd edir ki, ekspertiza rəyi ilə cavabdehin kredit müqaviləsi üzrə faiz borcunun 1.523,29 manat olması müəyyən edildiyindən, ekspert rəyi sübut növü kimi qəbul edilməlidir.

33. Məhkəmə qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir.

34. Digər tərəfdən məhkəmə qeyd edir ki, araşdırma zamanı həmin ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyindən, həmin rəy hazırkı iş üzrə mötəbər sübut növü kimi qəbul edilməlidir.

35. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

36. Göstərilən Məcəllənin 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir.

37. Həmin Məcəllənin 103.1-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.

38. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi borcun tutulması hissəsində qismən təmin ediməli və cavabdehdən iddiaçının xeyrinə 9695 manat əsas borcu, 1.523,29 manat manat faiz borcu tutulmalıdır.

39. Məhkəmə iddia tələbinin tutulacaq borcun ipotekaya qoyulmuş avtomaşına yönəldilməsi hissəsi üzrə qeyd edir ki, həmin hissədə iddia tələbi qismən təmin edilməlidir.

40. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər.

41. Həmin Məcəllənin 296.1-ci maddəsinə əsasən girov saxlayanını tələbinin məhkəməyə müraciət edilmədən, girov qoyulmuş əşya hesabına ödənilməsinə girov saxlayanla girov qoyanın notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında yol verilir. Belə razılaşma ilə hüquqları pozulmuş şəxsin iddiası üzrə məhkəmə həmin razılaşmanı etibarsız saya bilər.Bu cür razılaşma olmadıqda girov saxlayanın (kreditorun) tələbinin girov qoyulmuş əşyanın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilir.

42. Həmin Məcəllənin 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər.

43. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir.

44. Həmin Məcəllənin 319.6-cı maddəsinə əsasən ipoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. Əgər satışdan götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ ipoteka verənə qaytarılmalıdır.

45. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3-cü maddəsinə əsasən məhkəmə ipotekapredmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda aşağıdakıları göstərməlidir: 39.3.1. ipoteka predmetinin mühafizəsi və satışı xərcləri istisna olmaqla, həmin əşyanın dəyərindən ipoteka saxlayana ödənilməli məbləğlər. Mühafizə və satış xərcləri ipoteka predmetinin satılması başa çatdıqdan sonra müəyyən edilir. 39.3.2. ipoteka predmetinin təsviri; 39.3.3. ipoteka predmetinin ilkin satış qiyməti. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir; 39.3.4. zəruri hallarda ipoteka predmetinin satılmasına qədər onun mühafizəsinin təmin edilməsi tədbirləri.

46. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən, borclu əsas öhdəliyi icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər.

47. Məhkəmə iclasında müəyyən edilmişdir ki, cavabdeh tərəfindən kredit müqaviləsi üzrə öhdəliklər pozulduğundan, iddiaçının tələbin ipoteka predmetinə tutma yönəldilməsi hüququ yaranmışdır və bu barədə müvafiq bildiriş Baş Dövlət Yol Polis İdarəsində qeydə alınmışdır.

48. «İpoteka haqqında» AR Qanunun 36.1-ci maddəsinə əsasən, ipoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyana, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayanlara, o cümlədən birgə ipoteka saxlayanlara verilməsini təsdiq etmə üsulu ilə göndərməklə ipoteka predmetinə tutmanı yönəltməyə başlaya bilər.

49. Məhkəmə yuxarıda göstərilən qanunvericilik aktlarına və iş materiallarına məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, cavabdehdən tutulmalı olan borc məbləği girov qoyulmuş avtomaşına yönəldilməli, həmin əmlak ixtisaslaşdırılmış müəssisəsi vasitəsi ilə satılmalı, bankın kredit tələbi realizə edilmiş əmlakın dəyərindən ödənilməli və borc ödənildikdən sonra artıq qalan məbləğ müvafiq olaraq girov qoyana qaytarılmalıdır.

50. Lakin məhkəmə qeyd edir ki, məhkəmə tərəfindən keçirilmiş müvafiq (əmtəəşünaslıq) ekspertiza ilə müəyyən edilmişdir ki, mübahisəli əmlak (avtomobil) faktiki cəhətdən tapılmamış, ekspertizaya gətirilməsi mümkün olmamış nəticədə avtomobilin bazar qiymətinin müəyyən edilməsi mümkün olmamışdır. Bu halda məhkəmə hesab edir ki, bu mərhələ artıq icra mərhələsində mübahisəli avtomobilə axtarış verilərək tapıldığı təqdirdə sırf icra qurumunun vasitəsilə əmlakın qiymətləndirilməsi mümkün olmaqla daha ağlabatan və səmərəli olacaqdır. Odur ki, əmlakın bazar qiymətinin müəyyən edilməsi hissəsi hazırki mərhələdə həll edilməsi mümkün olmamışdır.

51. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, avtomobilin real olaraq mövcud olmaması, tapılmaması və s. kimi hallarda iddiaçının pul tələbi üzrə bu məhkəmə qətnaməsi üzrə tutulan pulun icrasının yekunda mümkün olmaması kimi qiymətləndirilməməli, hərracın keçirilməsinin (obyektiv səbələrdən) mümkün olmaması isə iddiaçının cavabdehə münasibətdə icra hərəkətlərinin ümumi qaydada davam etdirilməsini tələbini istisna etmir (icra məmuru bununla kifayətlənməməli və icra hərəkətləri ümumi qaydada həyata keçirməlidir) .

52. Məhkəmə iddia tələbinin satışdan əldə olunan məbləğ borcun ödənilməsinə yetərli olmadığı halda Cavabdeh məxsus və üçüncü şəxslərin istifadəsində olan digər əmlaklarına tutmanı yönəldərək açıq hərracda satılması və satışdan əldə edilən vəsaiti iddiaçının hesabına ödənilməsi hissəsi üzrə qeyd edir ki, həmin hissədə tələb təmin edilməməlidir.

53. Belə ki, «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2005-ci il tarixli 4№-li qərarının 6.8-ci maddəsin əsasən qətnamənin nəticə hissəsi imperativ formada yazılmalı, baxılan iş üzrə tərəflərin hüquq və vəzifələrini dəqiq müəyyən etməlidir.

54. Həmin Qərarın 9.3-cü bəndinə əsasən pul vəsaitlərinin tutulması haqqında iddia təmin edilərkən, qətnamədə əsas borc, ziyan, dəbbə pulu (cərimə, peniya) ayrı-ayrılıqda müəyyən edilməli, həm də alınmalı olan ümumi məbləğ hesablanmalıdır.

55. Məhkəmə qeyd edir ki, məhkəmə qətnaməsində tutulmalı olan pul məbləği konkret göstərilməli olduğundan, ipoteka ilə yüklü edilmiş əmlakın satışından isə əldə edilən pulun borcun ödənilməsinə yetərli olmaması və yerdə qalan borcun hansı məbləğ təşkil etməsi məhkəmə tərəfindən müəyyən edilə bilmədiyindən, həmçinin yaranmış ümumi borc qətnamə ilə tutulduğundan və ipoteka ilə yüklü edilmiş əmlakın satışından əldə edilmiş pul vəsaitinin borcun ödənilməsi üçün kifayət etmədiyi halda yerdə qalan borcun yenidən tutulması cavabdehdən tutulacaq borcun təkrar tutulması ilə nəticələndiyindən və bu hal qanunvericiliyin tələblərinə zidd olduğundan, məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə əsassızdır və təmin edilməməlidir.

56. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

57. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi qismən təmin olunduğu üçün, məhkəmə xərcləri - ödənilmiş dövlət rüsumu təmin olunmuş tələbə mütənasib olaraq (123,65 manat) cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

58. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının Cavabdeh qarşı «borcun qaytarılması, tələbin ipoteka predmetinə yönəldilməsi» tələbinə dair iddiası qismən təmin edilməli, Cavabdeh İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının xeyrinə 16 aprel 2012-ci il tarixli, 81 saylı kredit müqaviləsi üzrə əsas borc üzrə 9.695 (doqquz min altı yüz doxsan beş) manat, faiz borcu üzrə 1.523,29 (bir min beş yüz iyirmi üç manat, iyirmi doqquz qəpik) manat və ödənilmiş 123,65 (yüz iyirmi üç manat, altmış beş qəpik) manat dövlət rüsumunun əvəzi olmaqla, cəmi 11341,94 (on bir min üç yüz qırx bir manat, doxsan dörd qəpik) manat məbləğində pul tutulmalı, həmin tutma Cavabdeh tərəfindən girov qoyulmuş «Seat İbiza» minik markalı, buraxılış ili 2011-ci il olan, ban-BTS181533, mühərrik VSSZZZ6JZCR092152, rəngi – qara, 2011-ci il buraxılışlı, **-NL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə yönəldilməli, həmin avtomaşın açıq hərracdan ixtisaslaşdırılmış müəssisə vasitəsi ilə satılmalı və iddiaçının kredit tələbi realizə edilmiş əmlakın dəyərindən ödənilməli, borc ödənildikdən sonra qalan məbləğ müvafiq olaraq girov qoyan Cavabdeh qaytarılmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir.

59. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

60. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

61. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

62. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

63. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

64. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

65. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının Cavabdeh qarşı «borcun qaytarılması, tələbin ipoteka predmetinə yönəldilməsi» tələbinə dair iddiası qismən təmin edilsin. Cavabdeh İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının xeyrinə 16 aprel 2012-ci il tarixli, 81 saylı kredit müqaviləsi üzrə əsas borc üzrə 9.695 (doqquz min altı yüz doxsan beş) manat, faiz borcu üzrə 1.523,29 (bir min beş yüz iyirmi üç manat, iyirmi doqquz qəpik) manat və ödənilmiş 123,65 (yüz iyirmi üç manat, altmış beş qəpik) manat dövlət rüsumunun əvəzi olmaqla, cəmi 11341,94 (on bir min üç yüz qırx bir manat, doxsan dörd qəpik) manat məbləğində pul tutulsun. Ödənilmiş dövlət rüsumu qalan hissədə iddiaçının özünə aid edilsin. Həmin tutma Cavabdeh tərəfindən girov qoyulmuş «Seat İbiza» minik markalı, buraxılış ili 2011-ci il olan, ban-BTS181533, mühərrik VSSZZZ6JZCR092152, rəngi – qara, 2011-ci il buraxılışlı, **-NL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə yönəldilsin, həmin avtomaşın açıq hərracdan ixtisaslaşdırılmış müəssisə vasitəsi ilə satılsın və iddiaçının kredit tələbi realizə edilmiş əmlakın dəyərindən ödənilsin, borc ödənildikdən sonra qalan məbləğ müvafiq olaraq girov qoyan Cavabdeh qaytarılsın. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim: Ramin Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar