Məhkəmə qərarları › İş №2(006)-1961/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1961/2021

18.02.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1961/2021 18.02.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, məhkəmə iclas katibi Fərəcova Təranə Aydın qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı "alimentin təyin edilməsi" tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx xxxxxx 2019-cu ildə anadan olmuş qızı X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 200 manat sabit pul məbləğində aliment və üç yaşına çatanadək hər ay əlavə xərclərə cəlb olunaraq 100 manat pulun tutulub ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, Cavabdeh ilə iddiaçı 2018-ci ilin noyabr ayında faktiki ailə qurub ər-arvad kimi birgə yaşamışlar. Ər-arvad birgə yaşayışlarından xx xxxxxx 2019cu ildə anadan olmuş Zəhra adlı uşaqları vardır. Sentyabr 2020-ci ildən münasibətləri tamam pozulmuş və iddiaçı azyaşlı qızı ilə atasının evində yaşayır. İddiaçı dəfələrlə müraciət etsə də, cavabdeh könüllü olaraq aliment ödəməkdən imtina edir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Atalıq müəyyən edilmiş və iddiaçı atalığın müəyyən edilməsi haqqında şəhadətnamə almışdır. Həmin sənədə və uşağın doğum haqqında şəhadətnaməsinə əsasən Zəhranın atası Cavabdehdur. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qismən qəbul edərək uşağın saxlanması üçün hər ay 200 manat məbləğində alimentin ondan tutularaq iddiaçıya ödənilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan 1 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən xx xxxxxx 2019-cu il tarixdə verilmiş AZ-İ seriyalı 382812 nömrəli atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh xx xxxxxx 2019-cu ildə İddiaçı doğulmuş X1 atası hesab olunmuşdur. Bu barədə atalığın müəyyən edilməsi haqqında akt qeydləri kitabında xx xxxxxx 2019-cu il tarixdə 359 № ilə qeyd edilmişdir. İş materiallarında olan 1 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən xx xxxxxx 2019-cu il tarixdə verilmiş AZ-İV seriyalı 390291 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X2 xx xxxxxx 2019-cu il tarixdə Bakı şəhərində anadan olmuş, ata qrafasında Cavabdeh, ana qrafasında İddiaçı göstərilmiş və bu barədə doğum haqqında akt qeydləri kitabında xx xxxxxx 2019-cu il tarixdə 7407 nömrə ilə qeyd edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2-ci hissəsinə görə uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun: 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır; 19-cu maddəsinə əsasən valideynlərin uşağın təbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar; 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur; 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər; 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, 2020-ci il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə iclasında toplanmış sübutlar əsasında müəyyən edilmişdir ki, tərəflərin faktiki nikah münasibətlərindən xx xxxxxx 2019-cu il təvəllüdlü X2 adlı övladları anadan olmuşdur. Tərəflər arasındakı münasibətlər pozulmuşdur və uşaq iddiaçının himayəsindədir. İddiaçı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 200 manat sabit pul məbləğində alimentin və üç yaşına çatanadək hər əlavə xərclər üçün 100 manat alimentin cavabdehdən onun xeyrinə tutulmasını xahiş etmiş, məhkəmə iclasında iştirak edən cavabdeh isə 200 manat aliment ödəməyə maddi imkanı olduğunu bildirmişdir. İddiaçı hazırki iddia tələbi ilə məhkəməyə xx xxxxxx 2021-ci ildə müraciət etmişdir. Məhkəmə qeyd edir ki, iddiaçının himayəsində olan yetkinlik yaşına çatmayan uşağın maddi yardıma ehtiyacı olduğundan onun üçün alimentin tutulması zəruridir. Ona görə də məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək, uşaq üçün alimentin tutulmasının zəruriliyini, qanunla müəyyən edilmiş uşaqlar üçün nəzərdə tutulmuş yaşayış minimumunu və cavabdehin uşağın saxlanması üçün hər ay 200 manat alimenti ödəməyə razılığını nəzərə alaraq hesab edir ki, xx xxxxxx 2019-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün üçün xx xxxxxx 2021-ci il tarixdən başlayaraq hər ay 200 manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı verilməlidir. Məhkəmə iddia tələbinin uşağın əlavə xərcləri üçün 100 manat alimentin cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsi ilə əlaqədar aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 81.1-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər; 81.2-ci maddəsinə əsasən valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də, tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur; 84-cü maddəsinə əsasən, ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər; 84.2 və 84.2.2-ci maddələrinə əsasən bu köməyin göstərilməsindən imtina edildikdə və ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda, hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad buna zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdirlər. Məhkəmə uşağın hansı əlavə xərclərə ehtiyacının olması ilə bağlı sübutların, eləcə də cavabdehin 200 manat alimentdən əlavə alimenti ödəmək üçün zəruri maddi vəsaitə malik olmasını təsdiq edən hər hansı sübutun məhkəməyə təqdim olunmadığını nəzərə alaraq hesab edir ki, iddia tələbi tələbi əlavə xərclərin tutulması hissəsində əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən edilmiş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Həmin Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda – bir il ərzində ödəmənin məcmusu ilə iddianın qiyməti müəyyən edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 500 manatdan çox olduqda 30 manat dövlət rüsumu ödənilməlidir. Məhkəmə hesab edir ki, 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, xx xxxxxx 2019-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün üçün xx xxxxxx 2021-ci il tarixdən başlayaraq hər ay 200 manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı verilməli, iddia digər hissədə təmin edilməməli, Cavabdeh ödənilməli olan dövlət rüsumu kimi 30 manat məbləğində pul vəsaiti alınaraq dövlət büdcəsinə keçirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. xx xxxxxx 2019-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün üçün xx xxxxxx 2021-ci il tarixdən başlayaraq hər ay 200 (iki yüz) manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı verilsin. İddia digər hissədə təmin edilməsin. Cavabdeh ödənilməli olan dövlət rüsumu kimi 30 (otuz) manat məbləğində pul vəsaiti alınaraq dövlət büdcəsinə keçirilsin. Qətnamə alimentin tutulması hissəsində dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Solmaz Mustafayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar